Heydər Əliyev ideallarına sədaqətlə

 

Azərbaycan xalqı, bütövlükdə mütərəqqi bəşəriyyət bu günlər növbəti dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gününü çox böyük hörmət və ehtiramla qeyd etdi. Ulu öndərin xatirəsini əziz tutan on minlərlə insan əllərində gül dəstələri Fəxri Xiyabana gələrək onun abidəsini bir daha ziyarət etdi. Ulu öndərin doğum günü ölkəmizin şimal qapısı sayılan füsunkar təbiəti ilə çox haqlı olaraq Azərbaycanın İsveçrəsi imici qazanan gözəl Qubada da qədirbilən insanlar tərəfindən hörmət və ehtiramla yad olundu. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı idarə heyətinin sədri Ədalət Nəbiyev də söhbətə elə ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə son günlər rayonda keçirilən tədbirlərdən başladı:

 

- Qubada xalqımızın ümummilli lideri Heydər Əliyevə xüsusi bir sevgi var. Adamlar ulu öndərin Vətənimiz üçün, xalqımız üçün, məxsusi olaraq Quba və qubalılar üçün etdiklərini hər zaman sonsuz minnətdarlıq duyğuları ilə xatırlayır və onu yüksək qiymətləndirirlər. Təsadüfi deyildir ki, 1992-ci ilin noyabrında YAP-ın Naxçıvanda keçirilən təsis yığıncağından az sonra Qubada da ulu öndərə sadiq insanlar bir araya toplaşaraq rayon özəyini yaratdılar. O vaxtdan etibarən Quba rayon təşkilatı YAP-ın ən iri, ən fəal və ən mütəşəkkil təşkilatlarından biri kimi fəaliyyət göstərməkdədir. Ötən illər ərzində təşkilatımızın sıraları dinamik olaraq artmaqda davam etmişdir. Təkcə son beş ildə rayonumuzda 2000 nəfərdən çox insan YAP-a üzv olmuşdur. Hazırda rayon təşkilatı öz sıralarında 5183 nəfəri birləşdirir.

Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı çox mühüm tarixi xidmətlərindən biri ölkəmizi daha uğurlu gələcəyə apara biləcək siyasi varisini yetişdirməsi oldu. Ulu öndər canından da çox sevdiyi doğma Azərbaycanı, onun gələcəyini əminliklə İlham Əliyevə etibar etdi: "O yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ölkəmizin son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə etdiyi çox böyük uğurlar ulu öndərin uzaqgörənliyindən xəbər verir. Bəli, dövlət başçımızın istər daxili, istərsə də xarici siyasət sahəsində fəth etdiyi zirvələr ulu öndərin də, onun vəsiyyətlərinə dönmədən əməl edən Azərbaycan xalqının da öz seçimində yanılmadığını bir daha təsdiq etdi. Prezident seçki öncəsi və andiçmə mərasimində verdiyi bütün vədlərə layiqincə əməl etdi və bu gün də əməl edir. Belə bir cəhəti xüsusi olaraq qeyd edim ki, möhtərəm cənab Prezidentimiz YAP-ın sədri seçiləndən sonra gənclərin bu partiyaya, onun gələcəyinə olan inamı daha da artmışdır. İndi rayon təşkilatında birləşən insanların dörddə-birindən çoxunu gənclər təşkil edir. Əlavə məlumat üçün onu da bildirim ki, YAP Quba rayon təşkilatı üzvlərinin 30 faizə qədəri qadınlar, 32 faizdən çoxu isə ali təhsilli mütəxəssislərdir.

Haşiyə: Gənclərin YAP-a məhəbbəti təbiidir ki, ölkə Prezidenti və partiya sədri kimi İlham Əliyevin onlara çox güvənməsi, etibar etməsi və nəhayət, etimad göstərməsi ilə bağlıdır. Bəli, cənab Prezident istedadlı və Vətənə sədaqətli gənclərin təhsili və karyera qurması ilə bağlı məsələlərə çox böyük həssaslıqla yanaşır. Bunun nəticəsidir ki, ölkəmizdə bir çox mühüm və məsul vəzifələr gənclərə etibar olunub və onlar da bu etimadı doğruldurlar. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev də məhz bu cür sadiq və istedadlı gənclərdəndir. O, 1974-cü ildə Qubada ziyalı ailəsində doğulub. Babası Mövlud Nəbiyev bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı olub. Əmisi Azad Nəbiyev görkəmli ədəbiyyatşünas alimdir. Qardaşı Anar da elm adamıdır, hazırda Türkiyədə çalışır. Ədalət orta məktəbi və İqtisad Universitetini əla qiymətlərlə bitirib aspiranturaya daxil olub. Əmək fəaliyyətinə rayon maliyyə idarəsində büdcə operatorluğundan başlayıb. Sonra şöbə müdiri olub. 2005-ci ildən Quba Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışır. Nümunəvi fəaliyyətini və siyasi fəallığını nəzərə alaraq ona həm də YAP rayon təşkilatının sədri kimi etimad göstəriblər.

Ədalət Nəbiyev maliyyə idarəsinə rəhbərlik etməklə yanaşı, partiya işinin də sahmanda olması üçün əlindən gələni əsirgəmir. İş vaxtından sonra, xüsusən də şənbə və bazar günlərində onu daha çox partiya qərargahının kabinetində tapmaq olar. Növbəti görüşümüz zamanı o rayon təşkilatının gördüyü işlərə dair hesabat hazırlayırdı. Görülən işlərlə maraqlandığımızı nəzərə alaraq qısaca bunları bildirdi:

- Təşkilatımız rayonun bütün yaşayış məntəqələrini, ayrı-ayrı müəssisə, təşkilat və müxtəlif təsərrüfat sahələrində çalışan insanları əhatə edir. Rayonumuzda yaşayan, işləyən və təhsil alan bütün millət və xalqların nümayəndələri YAP sıralarında təmsil olunur. Müsbət haldır ki, son vaxtlar cəmiyyət içərisində sayılıb - seçilən, nüfuz sahibi olan insanların partiyamıza axını daha da güclənib. Məsələn, uzun illərdir rayonun müxtəlif idarə və müəssisələrində çalışan ali təhsilli mühəndis Fəxrəddin Abdullayev xeyli vaxt idi ki, partiya sıralarına qəbulla bağlı müraciət etmişdi. Biz yeni iş yerində özünü göstərmək, bir daha etimadı doğrultmaq üçün ona vaxt verdik. O da Qaz İstismarı İdarəsinin rəisi kimi qısa vaxt ərzində işdə dönüş yaratmaqla, sözün həqiqi mənasında, öz bacarıq və imkanlarını bir daha göstərə bildi. Arayış üçün bildirim ki, son vaxtlaradək rayonumuzda qaz təchizatı ilə bağlı əhali arasında çox ciddi narazılıq vardı. Lakin F.Abdullayev sahəyə rəhbər təyin olunduqdan sonra tədricən işlər qaydaya düşməyə başladı. Təbiidir ki, özünün əməli fəaliyyəti ilə rayon rəhbərliyinin və əhalinin ümidlərini doğruldan bu cür işgüzar insanların partiyamızın sıralarında olmasından biz də çox məmnunuq. Ona görə də F.Abdullayevin müraciətini nəzərə alaraq bu yaxınlarda onu da YAP sıralarına qəbul etdik.

Quba Müalicə Diaqnostika Mərkəzində çalışan həkim və tibb işçiləri kollektiv şəkildə YAP sıralarına daxil olmaqla bağlı bizə müraciət etmişdi. Biz onların müraciətlərini nəzərə alaraq 83 nəfəri üzvlüyə qəbul etdik və orada partiya özəyi yaratdıq. Bu günlərdə isə Quba Olimpiya Kompleksində çalışan və ya orada məşq edən 80 nəfərin partiya sıralarına qəbulla bağlı müraciətinə baxacağıq. Xatırladım ki, onların əksəriyyəti gənclər, bir hissəsi isə idmançılardır.

Rayonun ziyalılar ordusunun əksəriyyəti müəllim, həkim və tibb işçilərindən ibarətdir. Bu baxımdan həkim və müəllimlərin YAP sıralarında üstünlük təşkil etməsi başadüşüləndir. Təqdirəlayiq haldır ki, həm təhsil, həm də səhiyyə işçiləri ilk partiya təşkilatlarının sıraları əmək fəaliyyətinə yeni başlayan gənc mütəxəssislər hesabına davamlı sürətlə artmaqdadır. Diqqət çəkən məqamlardan biri də son vaxtlar uşaq tərbiyə müəssisələrində çalışan insanların YAP sıralarına qəbulla bağlı artan fəallığıdır. Bu da, əlbəttə, gələcəyimiz olan uşaq və yeniyetmələrin böyüdüyü, tərbiyə aldığı müəssisələrdə olan sağlam mənəvi-psixoloji atmosferdən xəbər verir. Bütün bunlar sübut edir ki, cəmiyyətin ayrı-ayrı sosial təbəqə və qrupları içərisində YAP-ın nüfuzu durmadan artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin ölkədə həyata keçirdiyi böyük quruculuq işləri, insanların sosial təminatının daha da yaxşılaşması istiqamətində görülən tədbirlər, korrupsiya, rüşvətxorluq, bürokratiya və süründürməçilik hallarına qarşı mübarizə, hər yerdə olduğu kimi, Quba ictimaiyyəti tərəfindən də çox böyük dəstək qazanmışdır. Adamlar əmindirlər ki, davamlı daxili siyasi sabitlik şəraitində həyata keçirilən bu kimi tədbirlər Azərbaycanı daha uğurlu sabahlara aparır. YAP sıralarına qəbulla bağlı son vaxtlar fəallığın daha da artması, hər şeydən öncə, məhz bu amillərlə bağlıdır.

YAP rəsmisinin dediklərinə əlavə olaraq onu da bildirim ki, həqiqətən son vaxtlar respublikamızın əksər şəhər və rayonlarında olduğu kimi, Qubada da insanlar arasında ictimai-siyasi həmrəyliyin artdığı müşahidə olunmaqdadır. Yəni, bir neçə il öncə ayrı-ayrı partiyaların ideya daşıyıcıları olan xeyli insan bu gün artıq YAP sıralarındadır. Bu isə o deməkdir ki, neçə illər sıralarında olduqları Müsavat, AXCP və digər siyasi partiyalar onların ümidlərini doğrultmadı. İnsanlar üzdəniraq müxalifət "liderlərinin" öz cılız maraqları naminə cəmiyyəti vətəndaş qarşıdurmasına sürükləyən əsassız və fitnəkar çağırışlarından cana doyublar və bu səbəbdən də həmin partiyalardan imtina etdilər. Bu qeydləri hazırlayarkən biz də siyasi müstəvidə nə baş verdiyini elə həmin insanların özlərindən eşitməyi qərara aldıq:

İsnovqışlaq kənd orta məktəbinin direktoru Səlim Kərimov:

- Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam. Xalq hərəkatının fəallarından biri kimi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün əlimdən gələni etmişəm. 1990-cı ildən bu hərəkata qoşulan müəllim kimi həmişə istəmişəm ki, dövlətimiz müstəqil olsun. Şükürlər olsun ki, istəyimizə nail olmuşuq. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində, görün, nə qədər müvəffəqiyyətlər qazanmışıq. Azərbaycan iqtisadiyyatı görünməmiş dərəcədə inkişaf edib. Adambaşına düşən gəlirlər artıb. Bu gün dövlətimiz dünyanın ən inkişaf etmiş ölkələri ilə ticari-iqtisadi əlaqələr saxlayır. Bütün bunları radikal müxalifət görmürmü? Təbiidir ki, bir müəllim, valideyn, vətəndaş, ziyalı kimi mən də Vətənimizin və xalqımızın taleyinə biganə qala bilmirdim. Odur ki, qanunsuz aksiyalar keçirilməsini birmənalı şəkildə pisləyirəm və bu səbəbdən də Xalq Cəbhəsi Partiyasının sıralarını tərk etdim.

Vəlvələ kənd sakini, sahibkar Rasim Lətifov:

- Hakimiyyət uğrunda mübarizə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Allaha şükür ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdı. Ölkədə torpaq islahatı həyata keçirildi, nizami ordu yaradıldı, neft kontraktları imzalandı və s. Mən kənd adamıyam. İxtisasca aqronomam. Həyatım boyu torpaqla təmasda olmuşam. Ancaq ölkədə gedən ictimai-siyasi proseslərdən də geri qalmıram. Bəli, 90-cı illərin əvvəllərində mən də xalq hərəkatının fəal üzvlərindən olmuşam. O vaxt ağır dövrlər idi. Hamımızın əsas məqsədi, məramı dövlət müstəqilliyini əldə etmək, erməni qəsbkarları tərəfindən Vətən torpağının işğalına son qoymaq idi. Ölkə daxilində vəziyyət çox pis idi. Kənd mağazalarında un tapılmadığı üçün səhər tezdən şəhərə çörək almağa gedirdik. Növbələrdə çox adam olduğundan bəzən əliboş qayıdırdıq. Ümid edirdik ki, Xalq Cəbhəsi və Müsavat partiyaları ölkə iqtisadiyyatını da dirçəldəcək. Ancaq sonradan gördük ki, onları ölkənin taleyi deyil, özlərinin şəxsi mənafeləri və hakimiyyətə gəlmək daha çox maraqlandırır.

Qubada bağçılıq məhv olmaq üzrə idi. Torpaq islahatından sonra meyvəçilik çox inkişaf edib, əhalinin məşğulluğu artıb, dolanışığımız yaxşılaşıb. Təkcə mənim yaşadığım kənddə, xüsusi minik maşınlarını demirəm, 50-dən çox yük avtomobili və traktor var. Halbuki 20 il əvvəl 5-6 kəndi birləşdirən sovxozumuzda bu qədər texnika yox idi. Müxalifətin gözü kordurmu? "İctimai Palata"nın başbilənləri bunları görmürmü? Onların belə bədnam hərəkətlərinə, başsızlığa etiraz əlaməti olaraq mən də Müsavat Partiyasının sıralarını tərk etdim.

İkinci Nügədi kəndi 3 saylı orta məktəbin müəllimi Firudin Babayev:

-Demokratiya pərdəsi altında gizlənən radikal müxalifətin əməlləri onu göstərir ki, bu insanlar özgə dəyirmanına su tökür, ölkədə anarxiyaya, hərc-mərcliyə yol açmaq istəyirlər. İnsanlar yaxşı başa düşürlər ki, belə hərəkətlər onlara yaxşı bir şey vəd etmir. Bizim bir problemimiz var. O da ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır.

Seçkilər bütün dövrlərdə siyasi partiyaların nüfuzunu müəyyən edən barometrdir. İstər prezident seçkilərində, istərsə də parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası rayon təşkilatının əldə etdiyi uğurlu nəticələr bir daha göstərdi ki, Quba seçiciləri hakim partiyaya inanır və onun namizədini yekdilliklə müdafiə edirlər. Parlament seçkilərində YAP -ın namizədi Yevda Abramovun ikinci dəfə böyük səs çoxluğu ilə rəqiblərini üstələyərək millət vəkili seçilməsi buna sübut deyilmi?! Yaxud 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 38 bələdiyyəyə üzv olmaq iddiasında olan 509 nəfər YAP namizədindən 341 nəfəri seçkilərdə qalib gəldi, onlardan da 37 nəfəri bələdiyyə sədri seçildi.

Ədalət Nəbiyev söhbət əsnasında YAP rayon təşkilatının əldə etdiyi uğurlarda rayon icra hakimiyyəti aparatının və şəxsən icra başçısı Rauf Həbibovun xüsusi diqqət və qayğısı olduğunu dönə-dönə qeyd etdi.

- Rauf müəllim idarə heyətinin üzvü kimi partiyanın bütün tədbirlərində olduqca fəal iştirak edir. İcra başçısı özünün fəallığı və rayon təşkilatı qarşısında duran vəzifələrin həyata keçirilməsində yaxından iştirakı ilə idarə heyəti üzvlərinə də nümunə göstərir. Bütün bunların nəticəsidir ki, Quba rayonu hər il yeni-yeni uğurlara imza atır. Sevindirici haldır ki, qubalılar 2011-ci ilin ilk aylarında da uğurlu nəticələr qazanıblar. Məsələn, rayonda sənaye və kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 243 min manatlıq artaraq 11 milyon 158 min manat təşkil etmişdir. Bu ilin birinci rübündə yerli gəlirlər hesabına rayon büdcəsinə 2 milyon 285 min 679 manat vəsait daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövründə olduğundan 308 min manat və ya 14,9 faiz çoxdur. Payız-qış mövsümündə daha 48 hektar sahədə yeni meyvə bağı salınmış, beləliklə də Qubada meyvə bağlarının ümumi sahəsi 14 min 484 hektara çatdırılmışdır. 16 min 485 hektar sahədə əkilmiş payızlıq taxıl sahələrinə yüksək səviyyədə aqrotexniki xidmət göstərilmişdir. Xatırladaq ki, 2011-ci ilin taxıl əkinlərinə aqrotexniki qulluq məqsədi ilə rayon fermerlərinə 532 min 327 manat məbləğində yardım olunmuşdur. Meyvə-tərəvəz saxlanılan soyuducu anbarların şəbəkəsi daha da genişlənmiş, rayonun Dəlləkli kəndində 7000 tonluq, II Nügədi kəndində isə 6000 tonluq yeni soyuducu anbarların tikintisi başa çatdırılmışdır.

Rayon əhalisinə göstərilən elektrik enerjisi, təbii qaz və su, kanalizasiya xidmətlərinin səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşmış, istifadə olunan enerji, qaz və su pullarının toplanması istiqamətində müəyyən dönüş yaranmışdır. Rayonda aparılmaqda olan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri bu il də uğurla davam etdirilmişdir. Heydər Əliyev prospektinin əsaslı şəkildə yenidən qurulması, işıqlandırılması, ətrafının abadlaşdırılması bütövlükdə Quba şəhərinin görkəmini daha da gözəlləşdirmişdir. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulması və orada ulu öndərin adını daşıyan mərkəzin tikintisinin başa çatdırılması məqsədilə işlərin sürəti daha da artırılmışdır.

Quba son illərədək ölkənin əsas kənd təsərrüfatı rayonlarından biri kimi tanınırdı. Rayonda meyvə bağlarının sahəsinin daha da genişləndirilməsi, yeni-yeni emal müəssisələri və soyuducu anbarların tikilərək istifadəyə verilməsi ondan xəbər verir ki, Quba elə gələcəkdə də ölkəmizin əsas meyvəçilik bazası olaraq qalacaqdır. Bununla belə, son illər idmanın və turizmin sürətli inkişafı sayəsində Quba öz simasını və köhnə imicini xeyli dərəcədə dəyişmişdir. Olimpiya İdman Kompleksi, sağlamlıq müəssisələri, bir-birinin ardınca işə düşən yeni-yeni turizm obyektləri Qubanın həyat ritmini daha da canlandırmışdır. Bütün bu uğurların qazanılmasında təbiidir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən fəaliyyəti istiqamətləndirilən Yeni Azərbaycan Partiyası və onun Qubadan olan fəallarının da mühüm rolu və xidməti olduğu danılmazdır.

 

 

Q.CƏFƏROĞLU

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 4.