"Baburun
kitabı" Azərbaycan dilində
Görkəmli türkoloq alim və tərcüməçi
Ramiz Əskər TürkSOY kitabxanası seriyasından 12-ci
klassik türk ədəbiyyatı nümunəsini Azərbaycan
oxucusuna təqdim etmişdir. Oxucularımıza
bir daha xatırlatmaq istəyirik ki, türk xalqları ədəbiyyatlarının
ən dəyərli nümunələrini əhatə edən
bu seriya türk dünyasının YUNESKO-su sayılan
TürkSOY təşkilatının 31 mart - 4 aprel 2009-cu il
tarixdə İstanbulda keçirilmiş Beynəlxalq
simpoziumunun yekun bəyannaməsinə uyğun olaraq nəşr
edilir. Türk xalqlarının ədəbiyyat incilərini
bir-birinə tanıtmaq məqsədi güdən bu layihə
belə bir seriyanın türk dövlətlərinin hər
birində nəşr edilməsini nəzərdə tuturdu. Azərbaycanda
bu işin həyata keçirilməsi "türklüyün
şah kitabı" adlandırılan Mahmud Kaşğarinin
"Divani Lüğat-it-Türk" əsərini ana dilimizə
çevirmiş filologiya elmləri doktoru Ramiz Əskərə
həvalə edilmişdi.
Qürur
və təəssüf qarışıq bir duyğu ilə
vurğulamaq istəyirik ki, ötən müddət ərzində
qardaş türk ölkələrinin heç birində bu
seriyadan bir kitab belə nəşr edilməyib. Ramiz Əskər
isə fədakarlıqla çalışaraq cəmi iki il
müddətinə on iki kitabı tərcümə edərək
çapa hazırlamışdır. Onu da xüsusi qeyd etmək
lazımdır ki, o, yaradıcılıq və fiziki zəhmət
baxımından son dərəcə ağır olan bu işi
heç bir təşkilat və şəxsdən real maliyyə
dəstəyi görmədən, qonorar almadan yerinə yetirir.
Oxuculara
təqdim olunan "Baburnamə" kitabının müəllifi
türk tarixinin görkəmli simalarından biri, şanlı
sərkərdə, hökmdar və dövlət xadimi, baburilər
sülaləsinin və Böyük Moğollar
imperiyasının qurucusu, şair, nasir, tarixçi,
coğrafiyaçı, etnoqraf, hər şeydən əvvəl
isə müdrik insan Qazi Zəhirəddin Məhəmməd
Babur şah əzəmətli tarixi şəxsiyyət olmaqla
bərabər həm də türk xalqları ədəbiyyatının
böyük nümayəndələrindən biri
sayılır.
Babur 1483-cü ildə Əndicanda anadan olmuşdur. Onun atası,
Fərqanə hakimi Ömər Şeyx Mirzə Əmir Teymurun
nəticəsi, anası Qutluğ Nigar xanım isə
Monqolustan hökmdarı Yunis xanın qızı idi. Oğlunun dövlət işlərini erkən
yaşlarından öyrənməsini istəyən Ömər
Mirzə Babur hələ on yaşında ikən onu Əndican
valisi təyin edir. İki ildən sonra -
1494-cü ildə isə Babur döyüşdə həlak
olmuş atasının yerinə Fərqanə taxtına
çıxır. Şahlıq taxtına
oturanda Baburun cəmi 12 yaşı vardı.
Beləliklə, Mərkəzi Asiya regionunun son dərəcə
gərgin və mürəkkəb bir dövründə tarix səhnəsinə
çıxan Baburun hakimiyyət uğrunda açıq
mübarizə və gizli çəkişmələrlə zəngin
olan bənzərsiz həyat yolu başlayır. O, tarix səhnəsində
dövrünün əsas rollarından birini şərəf
və dəyanətlə oynayaraq türk tarixinə
adını yalnız çoxsaylı sərkərdə və
hökmdarlardan biri kimi deyil, həm də az
sayda imperiya qurucularından biri olaraq yazdırır. Əvvəlcə
Mərkəzi Asiyanın böyük bir hissəsini və Əfqanıstanı
öz hakimiyyətinə tabe edən Babur 1514-1626-cı illərdə
keçirdiyi beş yürüş nəticəsində
Hindistanı fəth edir və əzəmətli türk
dövlətlərindən birinin - Böyük Moğollar
imperiyasının təməlini qoyur.
XX əsrin
görkəmli dövlət xadimi Cəvahirləl Nehru Hindistan
tarixində Baburun rolunu yüksək qiymətləndirərək
yazırdı: "Baburun Hindistana gəlməsi ilə
böyük tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə
və memarlığa nəfəs verdi, mədəniyyətin
digər sahələri isə qarşılıqlı təmasa
keçdi. Babur valehedici şəxsiyyət idi,
İntibah dövrünün tipik hökmdarı, cəsur,
bacarıqlı insan idi, o, incəsənəti, ədəbiyyatı
sevirdi, həyatdan zövq almağı
xoşlayırdı".
Təəssüf ki, dünya
tarixşünaslığında çox zaman Böyük
Moğollar imperiyası hind dövlətçiliyinin, burada
yaranmış böyük türk mədəniyyəti isə
hind mədəniyyətinin nümunəsi kimi qələmə
verilir. Misal
olaraq Baburun nəvəsi Əkbər şahın Böyük
Moğollar imperiyasının "qızıl
dövrü" sayılan 50 illik hakimiyyətini və Baburun
kötükcəsi Cahan şahın Təbriz və Səmərqənd
ustalarına tikdirdiyi Tac Mahal məqbərəsini göstərə
bilərik.
Babur
şah özü 1530-cu ildə - 48 yaşında dünyadan
köçsə də, onun qurduğu Böyük Moğollar
imperiyası 1858-ci ildə Hindistan ingilislərin əlinə
keçənə qədər 332 il
ömür sürmüşdür.
Dr.Ramiz Əskər
kitaba yazdığı geniş ön sözdə Baburun şəxsiyyətinə
və tarixi xidmətlərinə yüksək qiymət verərək
yazmışdır: "Hərb sənətində görkəmli
sərkərdə, mahir faktik və strateq, qılınc
oynatmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər,
memarlıq və peyzaj memarlığı sahəsində
gözəl mütəxəssis, botanika, zoologiya, coğrafiya,
astronomiya üzrə heyrətli dərəcədə dərin
bilik sahibi, eyni zamanda, gözəl şair, nasir, ədəbiyyatşünas,
əruz nəzəriyyəçisi, tərcüməçi,
musiqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi
şöhrət qazanmaq tarixdə çox az adama nəsib
olmuşdur".
Baburun çoxşaxəli fəaliyyət sahələri
sırasında bədii yaradıcılıq xüsusi yer
tutur. Qazi
Burhanəddin, Mirzə Cahan şah Həqiqi, Hüseyn Bayqara,
Şeybani xan, Şah İsmayıl Xətai, Sultan Səlim
Yavuz, Sultan Süleyman Qanuni kimi türk hökmdarları ilə
bir sırada Zəhirəddin Məhəmməd Babur da görkəmli
şair, istedadlı nasir, mahir tərcüməçi, incəsənətin
müxtəlif sahələrinə aid əsərlər
yazmış peşəkar sənətşünasdır. Eyni
zamanda, Şərq poetikasına, musiqiyə, islam
hüququna və hərb sənətinə dair elmi risalələrin
müəllifidir.
Cağatay ədəbiyyatında böyük Əlişir
Nəvaidən sonra Baburun yaradıcılığı ən
uca poeziya zirvəsi sayılır. Baburun poetik
yaradıcılığı məzmunca son dərəcə rəngarəng
olan 122 qəzəli, 18 məsnəvini, 216 rübaini, 19 qitəni,
15 tuyuğu və s. şeirləri əhatə edən iki
divandan ("Kabil divanı" - 1519, "Hind divani" - 1529)
ibarətdir.
Baburun bədii yaradıcılığında
"Baburnamə" kitabı çox mühüm yer tutur. Hərfi mənası
"Baburun kitabı" olan bu nadir əsər öz
adını hər iki anlamda (həm "Babur haqqında
yazılmış kitab", həm də "Baburun
yazdığı kitab" kimi) tamamilə doğruldur.
Türk və islam ədəbiyyatı tarixində memuar
janrında yazılmış ilk əsər olan "Baburnamə"
1494-1529-cu illər ərzində Mərkəzi Asiya, Əfqanıstan
və Hindistanda baş vermiş bütün mühüm hadisələri,
müəllifin özünün, eləcə də
dövrün ən ünlü siyasi xadimlərinin, elm və sənət
adamlarının həyat və fəaliyyəti, əsil-nəsəbi,
xarakteri, hətta zahiri görkəmi haqqında dəqiq və
ətraflı məlumat verməklə region ölkələrinin
tarixi, coğrafiyası, təbiəti, xalqları,
etnoqrafiyası barədə ən zəruri bilikləri əhatə
edir. Bu baxımdan "Baburnamə" təkcə
ədəbi yox, həm də haqlı olaraq nüfuzlu
elmi-tarixi mənbə kimi qiymətləndirilir.
Baburnamə,
müəllifin həyat və fəaliyyətinin mərhələlərinə
müvafiq olaraq, üç hissədən ibarətdir, "Fərqanə"
adlanan birinci hissə 10 iyun 1494-cü ildən 14 iyun 1504-cu ilə
qədər; "Kabil" adlanan ikinci hissə 14 iyun
1504-cü ildən 12 dekabr 1520-ci ilə qədər;
"Hindistan" adlanan üçüncü hissə isə
8 oktyabr 1526-cı ildən 5 sentyabr 1529-cu ilə qədər
olan dövrləri əhatə edir. Baburun bu
xatirələri necə və nə zaman yazdığı barədə
dəqiq məlumat yoxdur. Məlum olan budur
ki, memuarlar müəllifin illər uzunu müntəzəm
olaraq yazdığı xüsusi gündəlik əsasında
qələmə alınmışdır.
Ramiz Əskərin TürkSOY kitabxanası seriyasından
tərcümə və nəşr etdirdiyi əvvəlki
kitablar əsasən poeziya nümunələri idi. Bu dəfə
isə oxuculara tərcüməsi və nəşrə
hazırlanması xüsusi səriştə tələb edən
klassik nəsr nümunəsi təqdim olunur. Qeyd etmək lazımdır ki, tərcüməçi
bu çətin və məsuliyyətli işin öhdəsindən
layiqincə gəlmiş, Türkiyə türkcəsinə və
rus dilinə tərcümələrdən bəhrələnməklə
əsərin orijinaldan (Cağatay türkcəsindən) səlis
və rəvan üsluba malik mükəmməl tərcüməsini
ərsəyə gətirmişdir. Bu
seriyadan olan bütün kitablarda olduğu kimi, Ramiz Əskər
bu kitaba da onun tarixi və ədəbi məziyyətlərini
dəyərləndirən yüksək elmi səviyyəli
ön söz yazmış, sonda isə əsərin
anlaşılması və mənimsənilməsi
üçün zəruri olan qeyd və izahlar vermişdir.
Kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı
ilə çap edilmişdir. Elmi redaktoru filologiya
elmləri doktoru, professor Hüseyn İsmayılovdur.
Böyük
türk ədəbiyyatının dəyərli nümunələrindən
olan "Baburnamə" kitabının ana dilimizdə nəşri
haqqında qeydlərimizi Ramiz Əskərin sözləri ilə
yekunlaşdırmaq istəyirik: "Dünya tarixinə
türk adını öz kəskin qılıncı və zərif
qələmi ilə qızıl hərflərlə
yazmış Zəhirəddin Məhəmməd Baburun bu
günə qədər ölkəmizdə yalnız bir
kitabı nəşr edilmişdir. Mütəxəssislər
xaricində onun sənəti ilə çox az
adam tanışdır. Bu acı gerçəkliklə
üzləşmək mümkündür, ancaq onunla
barışmaq olmaz. Ona görə də
biz Baburun "Seçilmiş əsərləri"ndən
sonra onun məşhur "Baburnamə"sini də ana dilimizə
çevirərək nəşr etməyi qərara aldıq.
Ürəkdən inanırıq ki, Azərbaycan
oxucuları və ədəbi ictimaiyyət Baburun bu
kitabını da böyük rəğbətlə
qarşılayacaq, bu zaman şair-hökmdarla bağlı ədəbiyyat,
ədəbiyyatşünaslıq və tədris sahəsində
uzun müddətdən bəri mövcud olan boşluq, gec də
olsa, doldurulacaqdır".
İlham ABBASOV
Xalq qəzeti.- 2011.- 22 may.- S. 7.