Azərbaycan üçün
"Eurovision - 2011" bitdi, "Eurovision - 2012"
başlandı
Avropa Yayımları İttifaqının Avropa teleməkanında
1956-cı ildən keçirdiyi "Eurovision" televiziya
mahnı yarışması illər keçdikcə
populyarlaşıb, nüfuzlu beynəlxalq musiqi müsabiqəsinə
çevrilmişdir. Artıq bu yarışma musiqiçilərin
və musiqisevərlərin çevrəsini aşıb
xalqların və ölkələrin mədəni həyatında
önəm daşıyan hadisəyə çevrilmişdir.
Ciddi məzmunu və populyar formanı çağdaş
musiqisevərlərin modern zövqü, ultra tələbatı
səviyyəsinə qaldıran, dünya teleməkanı ilə
yüz milyonlarla tamaşaçını canlı
iştirakçıya çevirən bu mahnı müsabiqəsi
hələlik mövzu və janrına görə
alternativsizdir.
Bu yarışmada uğurlu
çıxış öz ölkəsini məşhurlaşdırmaq,
beynəlxalq mədəni arenada iri planda görüşmək,
müasirlik, öncüllük imici qazanmaq şansı
sayılır. Təsadüfi deyil ki, bu
müsabiqədə ölksinin uğurlu
çıxışını adi musiqisevərlərdən
tutmuş dövlət başçılarınadək
hamı eyni istək və coşğu ilə arzulayır.
Bu yarışmada qələbəyə görə
dövlət başçıları bir-birini təbrik edirlər.
Müstəqilliyinin 20-ci ildönümünü qeyd etməyə
hazırlaşan gənc Azərbaycan dövlətinin adı
"Eurovision" yarışmasında cəmi
dördüncü ildir ki, çəkilir. Ölkəmizin bu
yarışmaya inamla qoşulması, ilk ildən uğurlu
iştirakı hər il finala
çıxaraq "fəxri onluq"da yer tutması
"Eurovision" tarixinin diqqətçəkən
faktlarından biri kimi mənalandırılır. 2008-ci ildəki səkkizinci, 2009-cu ildəki
üçüncü, 2010-cu ildəki beşinci və nəhayət,
builki birinci yer bu yarışmaya verdiyi önəmin,
apardığı ciddi hazırlığın və əzmkar
çıxışların parlaq göstəriciləridir.
Mayın
14-də Almaniyanın Düsseldorf şəhərində
keçirilən, 43 ölkənin iştirak etdiyi 56-cı
yarışmada Azərbaycan təmsilçiləri Eldar
Qasımovun və Nigar Camalın yüz milyonlarla seyrçini
heyran qoyan çıxışının ən yüksək
- 221 bal qazanması beynəlxalq auditoriya üçün
gözlənilməz, xalqımız üçün misilsiz
bir hadisə oldu. Son illər bir sıra qərb-şərq
layihələrində mərkəzi fiqura çevrilən
iqtisadi, sosial uğurları ilə önə çıxan Azərbaycanın
"Eurovision" qələbəsi ölkəmizi qədərincə
tanımayanları təəccübləndirsə də,
ölkəmizin iqtisadi potensialından, sosial-mədəni səviyyəsindən
xəbərdar olanlar bu qələbəni təbii qəbul
etdilər. Necə deyərlər, Azərbaycan
böyük, güclü dövlətlərin əlinin yetmədiyi
zirvəyə parlaq istedadları, ciddi hazırlığı,
qarşısıalınmaz cəhdi ilə yüksələ
bildi.
Bu qələbə 50 milyonluq xalqımıza sonsuz bir
sevinc yaşatdı. Xalqımızın dostları, ilk
növbədə türkdilli ölkələr türk
övladlarının bu çətin yarışmada inamla
zirvəyə yüksəlməsindən öyünc duydu, qələbə
sevicinə şərik çıxdı. Ölkəmizin
və xalqımızın mədəni həyatında bu
böyük hadisə dövlət səviyyəsində də
ciddi uğur kimi qarşılandı.
Azərbaycan Prezidenti İlham Əliyev və
"Eurovision" yarışmasına hamilik edən Heydər
Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın
müsabiqə qaliblərini dərhal təbrik etmələri
və Vətənə dönən gün - mayın 16-da qəbul
edib xoş sözlər söyləmələri bu uğurun
dövlətimiz üçün də əhəmiyyətli
olduğunun təsdiqidir.
Prezident
İlham Əliyev "Eurovision" müsabiqəsində Azərbaycan
təmsilçilərini qəbul edərkən qalib
ifaçılar Eldar Qasımova və Nigar Camala üz tutaraq
dedi:
- Mən
sizi ürəkdən təbrik edirəm. Siz
"Eurovision" mahnı müsabiqəsində ölkəmizi
çox məharətlə təmsil etmisiniz, böyük qələbə
qazanmısınız. Bu qələbə
ölkəmizin qələbəsidir, sizin qələbənizdir.
Bu qələbə ilə siz bütün Azərbaycan
xalqını sevindirmisiniz. Yəqin,
bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə
insan küçələrə çıxıb sizin qələbənizi
qeyd etdi. Azərbaycan bayrağı
dalğalanırdı. Biz çox gözəl
anlar yaşadıq. Siz doğrudan da,
ölkəmizi ləyaqətlə təmsil etdiniz.
Biz "Eurovision" müsabiqəsində
dördüncü dəfədir ki, iştirak edirik. Bütün
bu illərdə yaxşı nəticələr göstərmişik.
Ancaq bu nəticə, əlbəttə ki, ən
gözəl nəticədir və zirvədir".
Qalib Eldar Qasımov beynəlxalq musiqi
yarışmasında ölkəmizə qələbə
qazandırdığına görə Prezident İlham Əliyevin
sərəncamı ilə "Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu" ilə təltif edildi. Qardaş Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan, Gürcüstan
Prezidenti Mixeil Saakaşvili dövlətimizin
başçısı İlham Əliyevi "Eurovision" qələbəsinə
görə təbrik etdilər, ölkəmizin bu uğuruna
sevindiklərini bildirdilər. Müsabiqədən
sonrakı günlərdə dünyanın aparıcı
kütləvi informasiya vasitələri gənc Azərbaycan
dövlətinin nüfuzlu beynəlxalq musiqi
yarışmasındakı çətin və şərəfli
qələbəsini ölkəmizin dünya birliyinə
inteqrasiyası yönündə əhəmiyyətli hadisə
kimi dəyərləndirdilər. Həmin
günlərdə Azərbaycan adı musiqisevərlərin
dillərində dolaşdı. İllərdən
bəri düşmənlərimizin, bədxahlarımızın
böhtan və qarayaxmalarla gözdən salmağa
çalışdıqları Azərbaycan son dərəcə
sivil bir ölkə kimi diqqət və rəğbətlər
zirvəsində dolaşdı.
"Eurovision"
yarışmasının başqa bir önəmli uğuru
ölkəmizin növbəti, 2012-ci il
müsabiqəsinə ev sahibliyi etmək hüququnu
qazanması oldu. Azərbaycan üçün "Eurovision
2011" qələbə ilə bitdi, məsul "Eurovision -
2012" ili başlandı. Bu
şərəfli missiyanı uğurla başa
çatdırmaq ölkəmizi dünyada yüksək
inkişaf etmiş mədəniyyət diyarı kimi
tanıdacaq. Şübhəsiz, önəmli Qərb-Şərq
dialoqunda yüksək təşəbbüslər göstərən,
bir sıra xoşməramlı beynəlxalq məclisləri
yüksək səviyyədə təşkil edib keçirən
Azərbaycan bu populyar beynəlxalq yarışmanın ev sahibliyi missiyasının da öhdəsindən
layiqincə gələcək.
Prezident
İlham Əliyev mayın 19-da "Eurovision 2012" mahnı
müsabiqəsinin Bakı şəhərində keçirilməsi
haqqında sərəncam imzaladı və təşkilati
işlərə start verdi. YUNESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın sədrliyi ilə yaranan
nüfuzlu təşkilat komitəsi müsabiqənin
keçirilməsi ilə bağlı zəruri tədbirləri
həyata keçirəcək.
Yarışma bitsə də, üstündən bir həftə
keçsə də xalqımızın sevinci səngimir,
xoş həyəcanlar haqlı öyünc duyğuları,
ciddi və dəyərli mülahizələrlə
tamamlanır.
Bu günlərdə Almaniyanın Hannover şəhərində
müalicə olunan xalq şairi Zəlimxan Yaqub telefonla təbriklərini
xalqımıza çatdırmağı xahiş edərək
bildirdi:
-
Başı çox müsibətlər çəkmiş, 23
ildən bəri dözülməz Qarabağ dərdi çəkən,
20 Yanvarda gülləbarana tuş olan, sinəsi Xocalı
yarası ilə dağlanan Azərbaycan xalqının
hamılıqla sevinməyə, hansısa qələbə
sevinci yaşamağa böyük ehtiyacı var idi. Xalqımızın gözü aydın olsun. Bu qələbəni hamı arzulayırdı. Deməli, hamının istədiyi qələbə
qarşısıalınmazdır. Mən
xalqımıza Qarabağ savaşında qalib gəlməyin
sevincini arzulayıram.
Qarşıdakı
bir il növbəti müsabiqəyə
hazırlıq dövrüdür. Dövlətimiz
bu işin ağırlığını öz üzərinə
götürdü. Mən arzu edirəm ki, Azərbaycanı
dünyaya tanıtmaq işində bu müsabiqənin ev sahibi olmaq imkanından da bacarıqla istifadə
edək. Ulu öndər Heydər Əliyev
ölkəmizi, xalqımızı dünyada tanıtmaq
üçün misilsiz işlər görmüş, möhkəm
əsaslar yaratmışdır. Bu qələbə
o böyük insanın arzularına uyğun bu hadisədir.
Bu qələbəyə Heydər Əliyevin həmişə
xalqımızın başı üstündə dolaşan
ruhu hamıdan çox sevindi.
Mən bu qələbəni yarışın
keçirildiyi Almaniyada izlədim. Qələbə
sevinci ağrı-acılarımı ovutdu, güclü bir dərman
kimi ruhuma sakitlik gətirdi. Arzu edirəm
ki, hər bir qələbənin qazanılmasında belə həmrəy
olaq, irili-xırdalı hər bir qələbəmizə belə
sevinək.
Bu günlər dünyanın müxtəlif guşələrində
yaşayan soydaşlarımız da eyni arzu və diləklə
yaşayır.
Hər yandan ölkəmizə təbriklər
axır. Dünya boyda sevinci hamı ürəkdolusu
yaşayır, səxavətlə paylaşır.
Diasporla İş üzrə Dövlət Komitəsi
56-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın
qələbə qazanması münasibətilə xaricdə fəaliyyət
göstərən diaspor təşkilatlarını təbrik
edib. Təbrikdə
vurğulanır ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq
müsabiqədə təmsil edən Eldar Qasımov və
Nigar Camal duetinin 25 ölkənin təmsilçisi içərisində
birinci yerə layiq görülməsi bütün
xalqımızın, o cümlədən xaricdə yaşayan
azərbaycanlıların uğurudur.
Məktubda səsvermə prosesində fəal iştirak
etdiklərinə və müsabiqədə Azərbaycanın
qələbə qazanması üçün göstərdikləri
təşəbbüslərə görə
soydaşlarımıza təşəkkür ifadə edilib. Bildirilib ki, hələ
yarışmadan əvvəl diaspor nümayəndələri
müxtəlif sosial şəbəkələrdə, kütləvi
informasiya vasitələrində, ictimaiyyət arasında Azərbaycan
təmsilçilərini təbliğ etməyə
çalışırdılar.
Soydaşlarımıza
müraciət bu sözlərlə bitir: "Bu nəticə,
ilk növbədə, Azərbaycan dövlətinin mədəniyyətə
və incəsənətə verdiyi yüksək önəmin
təzahürüdür. Eyni zamanda, bu həm də
xalqımızın nə qədər böyük potensiala
malik olduğunu, ölkəmizdə dünya miqyaslı
istedadlı gənclərin yetişdiyini təsdiq edir. Bu qələbə həm də milli birliyimizin, həmrəyliyimizin
nəticəsidir. "Eurovision"
mahnı müsabiqəsində Azərbaycanın qələbə
qazanması bir daha göstərdi ki, biz həmrəy olanda, ən
yüksək nailiyyətləri qazanmağa qadirik. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qeyd etdiyi kimi, "Bizim gücümüz
bizim birliyimizdədir".
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 24 may.- S. 6.