Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik
dövləti idi
Azərbaycan Demokratik Cümhuriyyəti oktyabr
çevrilişindən sonra bölgədə hökm sürən
mürəkkəb siyasi şəraitdə
yaranmışdı. Həmin yeni siyasi şəraitdə, eləcə
də tarixi irəliləyişin baş verdiyi vaxtda əsas məsələ
Azərbaycan millətinin milli azadlıq mübarizəsinə
kimlərin başçılıq edəcəyindən və
onların xalqa necə yol göstərəcəyindən
asılı idi. O vaxtlar Bakıda əsas qüvvə təşkil
edən bolşevik rəhbərləri milli məsələni
nəzərə almayaraq hadisələri düzgün qiymətləndirmədilər,
xalqımızın nəyə qadir olduğunu bilmədilər.
1917-ci
il noyabr ayının 26-28-də Ümumrusiya Müəssilər
Məclisinə seçkilər keçirildi. Bolşeviklərin
Zaqafqaziyadan olan nümayəndələri Zaqafqaziya Seymini təşkil
etmək istədilər. Zaqafqaziya Seymi ali hakimiyyət
orqanı kimi fəaliyyət göstərməli idi. 1918-ci il
fevralın 23-də seymə daxil olan Azərbaycan, gürcü
və erməni fraksiyaları arasında daxili və xarici siyasətin
bütün sahələrində narazılıqların,
ziddiyyətlərin yarandığı üzə çıxdı.
1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqil federativ respublika elan edilməsi qərara alındı. Lakin bu da ziddiyyətlərin qarşısını kəsə bilmədi və narazılıqları daha da artırdı. Belə bir şəraitdən istifadə edən gürcülər federasiyanın tərkibindən çıxaraq Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də Zaqafqaziya Seyminin Azərbaycan Milli Şurası təşkil olundu. Milli Şuranın sədri M.Ə.Rəsulzadə seçildi. Şuranın 9 nəfərdən ibarət idarə heyəti yaradıldı. F.Xoyski icra orqanının sədri seçildi. İcra orqanının tərkibinə Müsavat partiyasından M.Hacınski, N.Usubbəyov, X.Xasməmmədov, N.Y.Cəfərov, "Hümmət" təşkilatından Ə.Şeyxülislamov, "İttihad"dan X.Sultanov, Müsəlman Sosialist Blokundan isə X.Məlikaslanov və C.Hacınski daxil oldular.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. X.Xasməmmədov Azərbaycanın müstəqilliyinin elan olunmasını təklif etdi. Bununla da, Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etdi. Bəyannəmədə aşağıdakılar qeyd olunurdu:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan müstəqil dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xalq cümhuriyyəti olaraq təsdiq edilir.
3. AXC bütün millətlər, qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq şəraiti yaratmağa çalışır.
4. AXC öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial şəraitindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
Milli Şura ilk iclasında ADR hökumətini təşkil etməyi yekdilliklə Fətəli xan Xoyskiyə tapşırdı. Həmin vaxtlar Bakı şəhərində daxili siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Bakı Xalq Sovetinin sərəncamında olan erməni daşnak ordu bölmələri özlərinin erməni daşnak komandirləri ilə birlikdə sovet hakimiyyətinə qarşı xainlik etmişdilər. Bu vaxtlar daşnaklar, eserlər və menşeviklər Bakı ətrafını türklərdən müdafiə adı altında ingilis qoşunlarını Bakı şəhərinə çağırmaq üçün fəaliyyətlərini davam etdirirdilər. Bakı Xalq Komissarları Soveti 1918-ci il iyul ayının 31-də istefa verdi. Sentrokaspi diktaturasının, həmçinin eser, daşnak və menşeviklərin çağırışına cavab olaraq 1918-ci il avqustun 4-də ingilis generalı Stoksun başçılığı altında qoşun İranın Ənzəli limanından Bakıya hərəkət etdi. Onlar ilk vaxtlar şəhəri Azərbaycan dövlətindən ayırmaq, həmçinin Türkiyə-Azərbaycan ordularının Bakını ələ keçirmələrinə maneçilik törətmək üçün səy göstərirdilər. Lakin onların bu niyyət baş tutmadı.
Sentrokaspi diktaturasının hakimiyyəti heç bir nüfuzu və əsası olmayan bir qurum idi. İngilislər 1500 nəfər döyüşçü ilə Bakıya daxil oldular. Lakin ingilis qoşunu Türkiyə-Azərbaycan bölmələri Bakıya daxil olandan bir gün əvvəl qorxu içərisində Ənzəliyə qaçdı. 1918-ci il sentyabrın 15-də Türkiyə-Azərbaycan hərbi qüvvələri Bakı şəhərini işğalçılardan azad etdilər.
Azərbaycan Demokratik Respublikasının ilk görəcəyi işlərdən biri dövlətin sərhədlərinin dəqiqləşdirilməsi oldu. 1918-ci il iyunun 20-də Azərbaycan hökuməti Gürcüstan və Ermənistanla sərhəd məsələlərinə dair danışıq ideyasını irəli sürdü. 1919-cu ilin iyununda Gürcüstan Respublikası ilə bu barədə müqavilə imzalandı.
Demokratik cümhuriyyət erməni quldur bandalarının Zəngəzurda və keçmiş İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə öz etirazlarını bildirdi. Lakin 1919-cu il noyabrın 23-də Ermənistanla saziş bağlansa da həmin sənəd kağız üzərində qaldı. Erməni millətçiləri Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədilər. Belə ki, Ermənistan əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar olan Naxçıvanı özününkü sayırdı. Naxçıvan bölgəsi 1918-ci ilin noyabrında Araz Respublikası adı altında öz müstəqilliyini elan etdi.
Erməni millətçiləri indiki kimi, o zaman da Naxçıvan ərazisinə soxulmaq, oranı dağıtmaq istəsələr də, yerli əhali qurban verməsinə baxmayaraq, təslim olmadı. Azərbaycanın ən ağrılı problemi indiki kimi, yenə də Dağlıq Qarabağ məsələsi oldu. Xatırladaq ki, bu ərazi Zaqafqaziya respublikaları yaranana qədər Yelizavetpol (Gəncə) quberniyasının ərazisinə daxil idi. Xanlıqlar dövründə isə Dağlıq Qarabağ mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığının (1747-1822) tərkibində idi. Yeri gəlmişkən, Dağlıq Qarabağ bircə gün də İrəvan xanlığının, eləcə də erməni vilayətinin və İrəvan quberniyasının tərkibində olmayıb, heç vaxt İrəvandan idarə edilməyib, eləcə də iqtisadi cəhətdən Ermənistanla heç bir bağlılığı olmayıb.
Azərbaycan Demokratik Cümhuriyyəti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb paytaxtı Şuşa olmaqla həmin qəzalardan ibarət Qarabağ general qubernatorluğu yaratdı. Həmin ərazinin general-qubernatoru Xosrovbəy Sultanov təyin olundu.
Erməni daşnak hökumətinin bu ərazini siyasi və diplomatik yollarla Azərbaycandan ayırmaq və özünə birləşdirmək səyləri bir nəticə vermirdi. Bundan sonra erməni millətçiləri hərbi yola əl atdılar. Daşnak quldur Andronik Ozanyanın dəstələri Qarabağ ərazisinə soxulub yol boyu qarşısına çıxan kəndləri dağıdır, yandırır və məhv edirdi. Erməni quldur dəstələri özlərinin işğalçılıq fəaliyyətlərini 1920-ci ilin yanvarında Zəngəzurda davam etdirdilər. Bunu görən Azərbaycan hökuməti öz ordu hisslərini Dağlıq Qarabağa topladı. 1920-ci ilin mart ayında - Novruz bayramı günü Ermənistanın daşnak rəhbərlərinin başçılığı altında erməni quldur dəstələri gözlənilmədən Şuşada, Xankəndidə, Əsgəranda, Tərtərdə yerləşən Azərbaycan ordu hissələrinə basqın etdilər. Lakin qiyamçı qüvvələr məhv edildi, buranı daşnak dövlətinə birləşdirmək üçün başlanan birinci cəhd ermənilər üçün ağır sonluqla bitdi.
1918-ci il mayın 30-da Fətəli xan Xoyskinin imzası ilə bütün dünya dövlətlərinin xarici işlər nazirlərinə ADR-in müstəqiliyi haqqında teleqram göndərildi. İyunun 4-də isə ADR ilə Osmanlı imperiyası arasında dostluq müqaviləsi imzalandı. Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti 1918-ci il iyunun əvvəllərində ciddi xarici amillərlə qarşılaşdı. Bu dövrdə Nuru Paşanın türk hərbi mütəxəssislərindən ibarət 300 nəfərlik dəstəsi Gəncədə idi. Fətəli xan Xoyskinin rəhbərliyi altında yeni hökumət kabineti təşkil olundu. İyun hadisələrinə nəzər salsaq görərik ki, Milli Şuranın fəaliyyəti dayandırılsa da, xalqın içindən çıxmış demokratik insanlar Azərbaycan xalqının azadlığını qoruya bildilər.
Daxili ixtişaşlara qarşı hökumət nümayəndələrinin mübarizə apardıqları bir vaxtda 1918-ci il iyunun 12-də S.Şaumyanın başçılığı altında Bakı Sovetinin hərbi qüvvələri Gəncəyə göndərildi. Bununla da, yenicə qurulmuş Azərbaycan dövlətinin başının üstünü qara buludlar aldı. Azərbaycan-Türk birləşmələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək apardıqları 4 günlük döyüşlərdə Bakı Soveti qoşun hissələrini məğlub edərək onların bu hücumunu yatırda bildilər.
Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti 1918-ci il avqustun 11-də ümumi hərbi səfərbərlik elan etdi. 1894-1899-cu illərdə anadan olmuş gənclər hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də isə hərbi nazirlyin yaradılması ilə bağlı qərar verildi. F.Xoyski həm də müdafiə naziri, general S.Mehmandarov isə onun müavini təyin edildi. ADR hökumətinin 1918-ci il 24 iyun tarixli qərarına əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabr ayının 9-da isə həmin bayraq yaşıl, qırmızı və mavi rənglərdən ibarət bayraqla əvəz olundu. Dövlətin bayrağında əks olunan üç rəng türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvolu idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis yığıncağı oldu. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsənbəy Ağayev onun birinci müavini seçildi. F.Xoyski hökumətin fəaliyyətinin dayandırıldığını və hakimiyyətin parlamentə verildiyini bildirdi. Yenə də uzun danışıqlardan sonra hökumət kabinetinin təşkili F.Xoyskiyə tapşırıldı. Lakin 1919-cu ilin martında bu hökumət istefa verdi. Aprelin 14-də N.Usubəyovun başçılığı altında yeni hökumət kabinetinin tərkibi parlament tərəfindən təsdiq edildi.
ADR hökuməti 1919-cu ilin noyabrında Bakı Dövlət Universitetinin açılmasını bildirdi. Orta məktəblər milliləşdirildi. Parlamentin qəbul etdiyi qərara görə, xarici dövlətlərə 1919-1920-ci tədris ilində 100 nəfər tələbə ezam olundu. Hökumət Azərbaycan dilinə dövlət dili statusu verilməsi, kargüzarlıq işlərində Azərbaycan dilinin işlədilməsi haqqında qərar verdi. Lakin kadr çatışmazlığı bu məsələnin tam həll olunmasına imkan vermirdi. Azərbaycan parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qərar qəbul etdi.
1914-1918-ci illərdə davam edən I Dünya
müharibəsi Almaniya-Türkiyə blokunun məğlub
olması ilə başa çatdı. 1918-ci ilin noyabrında
türk orduları Azərbaycandan çıxdılar. Bir qədər sonra ingilislər
general Tomson başda olmaqla Bakıya daxil oldular. Onlar AXC-nin
müstəqilliyini və azadlığını
tanımadılar. Özlərini işğalçı,
müstəmləkəçi kimi aparmağa
başladılar. Onlar Bakıya daxil olan kimi Azərbaycan
bayrağının yığışdırılması əmrini
verdilər. İngilis işğalçıları 1919-cu ilin
avqustuna qədər Bakı şəhərindən ən
azı 113,5 milyon manatlıq (30 milyon puda qədər) neft
apardılar. İngilis işğalçı orduları
1919-cu ilin avqustunda Bakını tərk etdilər. I Dünya
müharibəsində Üçlər İttifaqının
qələbəsi nəticəsində bu dövlətlər
Azərbaycanın suverenliyinin tanınması üçün
fəaliyyətlərini gücləndirməyə
başladılar. Buna görə də Ə.M.Topçubaşovun
başçılığı altında Azərbaycan
dövlətinin nümayəndələri Paris sülh
konfransına göndərildilər. Konfransda
çıxış edən nümayəndə rəhbəri
bildirdi ki, Naxçıvanı, Şərur-Dərələyəz
və Sürməli qəzalarını öz ərazisinə
qatmaq istəyən Ermənistanın iddiaları yersizdir.
Bildirildi ki, bu torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir,
burada yaşayanların çoxunu azərbaycanlılar təşkil
edir.
Rusiya ərazisində
Denikin orduları darmadağın edildikdən sonra Antanta
dövətlərinin Baş Şurası 1920-ci il yanvarın
11-də Azərbaycan Xalq Cümhuriyyətini "defakto"
tanıdı. Yaranmış şəraitdə Bakı
proletariatının silahlı
çıxışının qarşısını almaq
mümkün olmadı. Belə bir şəraitdə Azərbaycan
parlamenti hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə
verilməsi haqqında qərar qəbul etdi. 1920-ci il aprelin
28-də XI Qızıl Ordu Bakıya daxil olanda şəhər
təslim edildi. XI Qırmızı Ordu aprelin 29-da
özünün Xüsusi Şöbəsini, sonra isə
"ÇK" yaratdı. Təkcə Bakıda 1937-1938-ci
illərdə təxminən 70 minə qədər adam
güllələndi. Bütövlükdə isə həmin
illərdə Azərbaycanda 250 min adam güllələnmişdir.
Bolşevik hökumətinə qarşı etirazların əsas
səbəbləri isə yadelli rus kommunist
qoşunlarının müstəqil Azərbaycan dövlətini
işğal etməsi idi.
Cümhuriyyətin
süqutuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti Azərbaycan
xalqının tarixi taleyində çox mühüm hadisə
idi. Belə ki, Şərqdə ilk müstəqil respublika olan
ADR az bir vaxt ərzində öz parlamenti, hökuməti,
ordusu və pul vahidi olan demokratik dövlətə
çevrilmişdi.
...Bu
gün əminliklə demək olar ki, Azərbaycan Xalq
Cümhuriyyəti yaradıcılarının ideallarında
yaşatdıqları müstəqil hüquqi, demokratik,
dünyəvi dövlətin təşkili məhz ulu öndər
Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya
qayıdışından sonra mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan
Ali Sovetinin Sədri seçilməsi isə ölkədə
qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə
möhkəmlənməsini təmin etməklə
yanaşı, qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdır.
Ali Sovetin
Sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev
ona göstərilən etimadı doğruldacağını və
gələcək fəaliyyətinin əsas istiqamətlərini
açıqladı: "Azərbaycan Respublikasının
dövlət müstəqilliyi 1918-ci ildə yaranmış
ilk Azərbaycan Demokratik Respublikasının ənənələri
əsasında müasir tələblərlə, dünyada gedən
proseslərlə bağlı olaraq təmin olunmalıdır.
Bu sahədə mən daim çalışacağam və
heç kəsin şübhəsi olmasın ki,
ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun,
yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm.
Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək, yenidən heç
bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir
başqa dövlətin əsarəti altına düşməyəcəkdir".
Ulu
öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi
ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş,
sabit dövlətçilik ənənələri
yaratmış, respublikamızı davamlı inkişaf yoluna
çıxarmış lider kimi xalqının qəlbində
yaşayır və rəğbətlə anılır. Bu
gün istər Azərbaycan Xalq Cümhuriyyəti
yaradıcılarının, istərsə də ulu öndər
Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri
ilə bağlı arzuları Prezident İlham Əliyev tərəfindən
uğurla gerçəkləşdirilir. Ölkə
iqtidarının xalqın dəstəyinə arxalanması, hər
bir məsələdə milli maraqları önə çəkməsi
sayəsində Azərbaycanın daxili və xarici siyasəti
dövlətin maraq və təhlükəsizliyinə
qarşı yönələn istənilən təhdidə
çevik müqaviməti təmin edir.
Uzun illər
regionda siyasi arbitr rolunda çıxış etməyə
iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu
tərəfdaş kimi yanaşmaq məcburiyyətində
qalması, rəsmi Bakı ilə təzyiq və təhdid
dilində danışmağın mənasızlığını
dərk etməsi bu gün Azərbaycanın müstəqil
siyasət yeritməsinin ən mühüm göstəricisi
kimi vurğulana bilər. "Müstəqillik o deməkdir ki,
ölkə tam şəkildə müstəqil siyasət apara
bilsin. Ölkələr var ki, müəyyən səbəblərə
görə müstəqil siyasət aparmaq iqtidarında
deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər
görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə
çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz,
borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir
ki, bu müsbət meyilləri daha da möhkəmləndirək"
- deyə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı
keçirilən təntənəli mərasimdə
vurğulamışdır.
Bu gün
dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə
baxmayaraq, ölkə vətəndaşları əmindirlər
ki, cənab İlham Əliyevin yeritdiyi siyasət
respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini
daha da möhkəmləndirəcək, onun inkişaf etmiş
ölkələr sırasına yüksəlməsini təmin
edəcəkdir.
Firudin
CÜMŞÜDLÜ,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Azərbaycan tarixi
kafedrasının dosenti, tarix üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 24 may.- S. 3.