"Eurovision -
2012" mahnı müsabiqəsinə maraq daha böyük
olacaq
Bu il Azərbaycan mədəniyyəti
üçün ən böyük qələbə,
sözsüz ki, respublikamızın təmsilçilərinin
təkcə Avropanın deyil, dünyanın maraqla izlədiyi
"Eurovision - 2011" mahnı müsabiqəsində birincilik
qazanmaları oldu. Ölkəmizin bu nüfuzlu yarışmada
4-cü ildir ki, təmsil olunmasına baxmayaraq, daim ilk onluqda
yer tutması və nəhayət, qələbə
qazanması, əslində, zəngin mədəni irsə və
musiqiyə malik Azərbaycanın beynəlxalq səviyyədə
mədəniyyət sahəsində növbəti uğurudur.
Bu uğuru qazanmaq və Avropa tamaşaçısına müasir musiqi mədəniyyətini tanıtmaq üçün isə Azərbaycan tərəfi yarışmaya qoşulduğu elə birinci ildən etibarən hər dəfə fərqli və rəngarəng kompozisiya ilə, istedadlı iştirakçılarla təmsil olundu. Gərgin seçim turu, peşəkar musiqiçilərin məsləhətləşmələri, fərqli mahnı və istedad axtarışları öz bəhrəsini verdi. Hər dəfə də ölkə təmsilçiləri Avropa tamaşaçısını heyran edə bildilər. 2008-ci ildə ilk "Eurovision" təmsilçilərimiz Elnur və Samirin bəşəri mövzu olan Xeyir və Şərin mübarizəsini əks etdirən maraqlı və fəlsəfi "Day after Day"kompozisiyası, muğam çalarlarından istifadə artıq modern dünya musiqi üslubuna öyrəşmiş əcnəbi auditoriya üçün özəllik idi. 2009-ci ildə yarışmaya qatılan Aysel Teymurzadə və Araşın oxuduqları ritmik "Always" ("Həmişə") mahnısı isə daha yüksək pillə-3-cü yeri tutdu. Bununla da musiqisevərlərin sevgisini qazanmaqla yanaşı, yarışmaya yeni qatılmış ölkədə istedadlı və dünya səhnəsinə çıxa bilən musiqiçilərin yetişdiyini göstərdi. "Eurovision-2010"dakı təmsilçimiz Səfurə Əlizadənin həzin "Drip-Drop" mahnısının da maraqla qarşılanması və hətta yarışmadan sonra yaradıcılıq təklifləri alması bütövlükdə Azərbaycan mədəniyyətinin digər sahələrdə olduğu kimi, bəşər mədəniyyətinə uğurla inteqrasiya etməsinə dəstək olan faktorlardır.
Bütün bu illər ərzində əldə edilən təcrübə və nailiyyətlər Azərbaycanın bu populyar musiqi yarışmasında Eldar Qasımov və Nigar Camal duetinin "Runnig scared"mahnısı ilə birinci olmasına müsbət təsirini göstərdi. İndi musiqisevərlərin nəzərləri 2012-ci ilin mayında Bakıda keçiriləcək yarışmaya yönəlib. Builki yarışma bitsə də, Azərbaycanın qalibiyyəti ilə bağlı istər ölkəmizdə, istərsə də beynəlxalq mətbuatda fikirlər səsləndirilir, Eldarla Nigar duetinin qələbəyə layiq olduğu vurğulanır. "Eurovision- 2011" televiziyasının saytında yerləşdirilmiş və yarışma qalibləri ilə hazırlanan videomüsabibələrə, xəbərlərə dünyanın müxtəlif ölkələrindən fikirlər yazılır, bir çoxları təmsilçilərimizin ifalarını bəyəndiklərini bildirir, Azərbaycanın qalib olması sevincinə şərik çıxırlar. Düsseldorfda mətbuat konfransında Eldar və Nigarın söylədikləri "Biz Avropanı bir yerə gətirmək istəyirik"-fikri gələn il Bakıda reallığa çevriləcək.
Hətta Bakıda "Eurovision-2012" həyəcanını yaşamaq arzusunda olanlar artıq indidən hazırlıq görür, ölkəmizin mədəniyyəti, adət-ənənələri, müasir vəziyyəti ilə daha yaxından tanış olmaq üçün məlumat toplayırlar. Həqiqətən də "Eurovision- 2012" kimi dünyaca məşhur yarışmaya ev sahibliyi etmək Azərbaycan üçün məsuliyyətli olmaqla yanaşı, həm də ona göstərilən böyük etimaddır. Bakıda yarışmanın hansı səviyyədə təşkil ediləcəyi, əlbəttə ki, musiqisevərləri çox maraqlandırır. Artıq müsabiqənin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Qeyd edilməlidir ki, Cənubi Qafqazda öz inkişaf göstəricilərinə, əlverişli coğrafi mövqeyinə, iqtisadi, turizm potensialına görə seçilən Azərbaycan indiyədək bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, simpoziumlara, dünyanın bir çox siyasilərinin qatıldığı mötəbər toplantılara, idman yarışlarına, musiqi festivallarına, forumlara yüksək səviyyədə ev sahibliyi edib. Demək olar ki, hər gün Bakı tanınmış əcnəbi dövlət xadimlərini, sənətçiləri və digər qonaqları qəbul edir. Onlarla görüşlərdə aydın olur ki, ölkəmizdə, xüsusilə də Bakıda aparılan sürətli quruculuq və tikinti işləri, çoxmərtəbəli binalar, otellər və yolların tikintisi Bakını digər Avropa şəhərlərinə daha da yaxınlaşdırır. Tarixi memarlıq abidələri isə Bakını müasirliklə qədimliyin sintezini özündə yaşadan şəhər kimi xatırladır. Bu yarışmaya turist kimi gələn və eyni zamanda, tarixi abidələrlə maraqlanan qonaqlar üçün yəqin ki, maraqlı olacaq. Adətən bir ölkəyə səfər etmək istəyəndə ilk olaraq təhlükəsizlik məsələsi gündəmə gəlir. Azərbaycanın suveren və hüquqi dövlət kimi demokratik ənənələrə sadiqliyi, BMT-nin Avropa Şurasının, İTK-nin və digər beynəlxalq təşkilatların üzvü kimi beynəlxalq arenada fəallığı, bir sıra regional və beynəlxalq layihələrin həyata keçirilməsi onun imicinin müsbət formalaşmasında mühüm rol oynayır. Dünyanın müxtəlif yerlərindən istirahət üçün ölkəmizə gələn turistlərin sayının artması turizm potensialı ilə yanaşı, həm də cəmiyyətdə təhlükəsiz mühitin mövcudluğu ilə bağlıdır.
Bu yaxınlarda Bakıda səfərdə olan Berlin Jurnalistika Məktəbinin koordinatoru, publisist Gerxard Şol paytaxtımızın yarışmaya ev sahibliyi etməsi ilə bağlı təəssüratlarını bölüşüb: " "Eurovision" Avropada böyük mədəni hadisədir. Bakıda yarışmaya maraq çox böyük və canlı olacaq. Deyə bilərəm ki, Bakı "Eurovision" kimi yarışın keçirilməsinə hazırdır".
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2011- 25 may.- S. 6.