"Turizm
ili" Zaqatalada böyük inkişafa səbəb
olacaqdır
Dövlət
başçısının bu sahəyə
qayğısı ölkənin bütün regionlarını
əhatə edir
Qax və Zaqatala rayonlarının turizm potensialını əks etdirən stendlər də diqqəti çəkdi. Burada əks olunan məlumatlardan da görünürdü ki, bölgənin turizm imkanları kifayət qədər inkişaf etmişdir. Hazırda Qaxda yeddi, Zaqatalada isə altı turizm obyekti fəaliyyət göstərir.
Bakıda keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri barədə verilən rəsmi informasiyadan.
"Xalq qəzeti",
30 aprel, 2011-ci il
Bu gün Azərbaycanda elə bir sahə ola
bilməz ki, orada inkişaf, tərəqqi ötən illərə
və hətta, ötən ilə nisbətən daha
genişmiqyaslı olmasın. Turizm sektoru da ölkənin
ümumi inkişafı fonunda özünəməxsus bir tərəqqi
yolu keçmişdir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş 12 aprel tarixli iclasında səsləndirilən
fikirlər də bir daha sübut etdi ki, dövlət və
dövlət başçısı bu sahədə əldə
edilən nailiyyətlərlə kifayətlənmir, yeni-yeni
uğurların qazanılması üçün çox
ciddi tədbirlər həyata keçirilir.
Aprelin 30-da Bakıda keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgilərində ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya verilən məlumatlardan da görünürdü ki, gənc müstəqil Azərbaycan bu sahədə kifayət qədər uğurlara imza atmışdır. Xüsusilə diqqət çəkən məqamlardan biri də odur ki, bu gün Azərbaycanın hansısa bölgəsi deyil, respublikanın bütün ərazisi öz turizm potensialını zənginləşdirir.
Daxili turizm mövzusunda keçirilən ümumrespublika sərgilərinin hər ikisində Zaqatalanın turizm imkanları yüksək səviyyədə təqdim olunmuş və böyük maraqla qarşılanmışdır. Məhz elə bu səbəbdən də Zaqatalanın təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü barədə bir çox məqamları yada salmaq istədik. Çünki Zaqatala beynəlxalq hava limanının istifadəyə verilməsindən sonra bu zonaya üz tutan əcnəbi turistlərin sayı ildən-ilə artır. Üstəlik, bu gün-sabah artıq turizm mövsümü başlanır. İlin bütün aylarında füsunkar olan Zaqatala təbiəti indi sanki hər addımda qonaq dəvət edir.
Zaqatala rayon mədəniyyət və turizm şöbəsində öyrəndik ki, "Turizm ili"nin yekunları rayon üçün böyük iqtisadi səmərə, sosial inkişaf və bu qədim diyarın tarix-mədəniyyət abidələrinin təbliği baxımından əhəmiyyətli olacaqdır. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Səfər Ramazanov Zaqatalanın turizm imkanları barədə kifayət qədər ətraflı məlumat verdi:
- Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət proqramları nəticəsində bu rayon da
sözün əsl mənasında intibah dövrünü
yaşayır. Zaqatala tarixi və təbii gözəlliyini
saxlamaqla müasir və gözəl bir şəhərə
çevrilir. Bildiyimiz
kimi, 2011-ci ili cənab Prezidentimiz "Turizm ili" elan
eitmişdir.
Əvvəla,
onu qeyd etmək istərdim ki, rayonumuz flora və fauna cəhətdən
zəngin olduğuna görə burada turizmin inkişafına
böyük imkanlar vardır. Belə ki, rayon ərazisində
kifayət qədər turizm obyekti fəaliyyət göstərir.
Bu obyektlər sırasında "İsoil",
"Qafqaz", "Zaqatala", "Turqut", SMU-2, Olimpiya
kompleksi, "Ləzzət" istirahət guşəsi əsas
yeri tutur. Adı çəkilən turizm obyektləri bir
gündə 375-400 nəfər turisti qəbul etmək
imkanına malikdir. Obyektlərdə çalışan xidmət
heyətinin hamısı gənclərdir.
Rayonumuzda
son 4-5 ildə turizm sahəsinə böyük diqqət
yetirilir. Bundan əlavə, son illər 5 mədəniyyət
müəssisəsi tikilib, 50 mədəniyyət müəssisəsi
təmir olunub. Turizm ilində hotellərin, yeni turizm mərkəzlərinin
təşkili nəzərdə tutulub. Rayonun mərkəzində
yerləşən qədim Qala düzü pilləkənləri
öz qədim üslubunu saxlanmaqla təmir olunub istifadəyə
verilmişdir. Şəhərin mərkəzində yerləşən
tarix-mədəniyyət qoruğunun və Alban məbədinin
əsaslı təmiri ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi qarşısında məsələ
qaldırılıb. Yeni parklar, turizm obyektləri, rayon mədəniyyət
evi məhz son illərdə istifadəyə verildi.
Son illər
rayonumuza gələn turistlərin sayı artmışdır.
2010-cu ildə bu göstərici 4000 nəfərə
çatmışdır. Bu, bizim hotellərdən
aldığımız məlumatdır. Kəndlərdə
qalanların sayı isə daha çoxdur. Turistlər əsasən
Yuxarı Çardaxlar kəndində yerləşən Pəri
Qalasına, Car kəndindəki Çingöz qalaya, Zaqatala
qalasına, Alban məbədinə, bəzi məscidlərə,
təbiət möcüzəsi olan "Çinar"
ağaclarına, parklarımıza, "Şəlalə"yə
daha çox maraq göstərirlər. Onu da deyim ki, rayonumuzda
dövlət qeydiyyatlarına düşən 108
daşınmaz tarix və mədəniyyət abidəsi
mövcuddur. Yeri gəlmişkən, əlavə edim ki,
artıq Zaqatala Qoruğunun ərazisində turizm istirahət mərkəzinin
yaradılması gündəmdədir.
Turistlərin
əsas maraqlandığı yerlərdən biri də
Tarix-Diyarşünaslıq Muzeyidir. Muzeyin çox zəngin
fondu vardır ki, burada 16 min eksponat qorunur və nümayiş
etdirilir. Muzeyin gələcəkdə Qoruq ərazisinə
köçürülməsi nəzərdə tutulmuşdur.
Zəngin
tariximizin, folklorumuzun olması turistlərdə maraq oyadır.
Onlar rayonumuzun gözəlliyinə heyran olurlar. Hər il yay
mövsümündə həm qonaqların, həm də əhalinin
istirahətinin təşkili üçün əvvəlcədən
qrafik əsasında Heydər Əliyev adına parkda həftədə
bir dəfə bədii özfəaliyyət kollektivlərinin
çıxışı təşkil olunur. Rayonumuzda
artıq bir neçə ildir ki, Turizm informasiya mərkəzi
də fəaliyyət göstərir. Mərkəzin əsas
işi rayonumuzun turizm potensialını daha əhatəli
şəkildə təbliğ etməkdən ibarətdir.
Səfər
müəllim Zaqataladakı "Heydər parkı", Zərifə
Əliyeva adına park, Dədə Qorqud meydanı, Tarix-mədəniyyət
qoruğu, Car kəndindəki Cingöz qalası barədə,
eləcə də respublikanın ən bol sulu şəlaləsi
olan Qəbizdərə kəndi, bizim eranın
dördüncü - beşinci əsrlərinə aid alban abidələri
olan Yuxarı Tala kəndi, 16-17 əsr əvvəllərə
aid "Pəri qalası" və "Qız qalası"
abidələri olan Yuxarı Çardaxlar kəndinin turizm
imkanları barədə əhatəli söhbət
açdı. Bütün bu tarixi və təbii turizm
imkanlarını müasir Olimpiya İdman Kompleksi, beynəlxalq
hava limanı və rahat avtomobil yolları daha da zənginləşdirir.
Ən başlıcası isə Zaqatalaya gələn istənilən
qonağı gülərüzlü, mehriban rəftarlı
xidməti personal qarşılayır. Mütəxəssislərin
fikrincə, müasir turizmdə bu, əsas amillərdən
biridir.
Zaqatalanın
turizm imkanlarına aid olan, tarixi faktlarla maraqlanan əcnəbi
turistlərin diqqətini daha çox cəlb edən Zaqatala
qalası haqqında xeyli məlumat əldə etdik.
Əlverişli
hərbi-strateji mövqeyə malik olan Zaqatala hələ qədim
zamanlarda xarici qəsbkarların diqqətini cəlb
etmişdir. Car-Balakən qəzası Rusiya tərkibinə
daxil olduqdan sonra (1804) onun hərbi-strateji əhəmiyyətini
nəzərə alan Çar hökuməti Zaqatala şəhərinin
günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdir.Qala
1804 - 1830-cu illər ərzində tikilmişdir. Zaqatala
qalasının tikintisində çay daşından və əhəngdən
istifadə edilmişdir. Tikintidə ətraf kəndlərin əhalisi
qum, gil daşımış, fəhləlik etmişlər.
Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı, general-feldmarşal Paskeviçin əmri ilə tikilmişdir. Qala yerli əhalinin üsyanlarının yatırılmasında dayaq mərkəzi rolunu oynamışdır.
Üçbucaq şəklində olan qalanın iki tərəfi - şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədi ilə hasarın sol tərəfindən eni 10 metr, dərinliyi 5 metr olan xəndək qazılmışdır. Qala divarlarının hündürlüyü bəzi yerlərdə 3-5 metrdir. Divarın eni 2 metrdir. Qala divarlarının uzunluğu 3000 metrdir. Qalanın 3 böyük qapısı vardır. Zabit qapısından Rus ordusunun komandir heyəti istifadə edirdi. Qapı Zaqatala şəhərinə açılır. İkinci qapı Əsgər qapısıdır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah, hərbi sursat bu qapıdan daşınırmış.
Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsə də, köhnə sistemli qaladır. Qalanın şimal-qərb bürcü müşahidə bürcü olmuşdur. Bürc iki mərtəbəli olub üstünə çıxmaq üçün yol salınmışdır. Onun altında silah-sursat ambarı yerləşir. Divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir.
Bu qurğu XIX əsr tikilişi olmasına baxmayaraq, orta əsr qalalarında olduğu kimi, mühasirədən çıxmaq üçün qalanın altından yeraltı yol çəkilmişdir. Yeraltı yollar qalanın altı ilə iki istiqamətdə uzanır. Bütün bunlar əcnəbi turistlər üçün çox maraqlıdır.
Beləliklə, Azərbaycanın hər yerində olduğu kimi, Zaqatalada da "Turizm ili"nin böyük əks-sədasının şahidi olduq. Rayon rəhbərliyinin daimi diqqət mərkəzində olan bu məsələ öz müsbət həllini tapır. Bu gün Zaqatalaya üz tutan turistlərin böyük əksəriyyətinin əcnəbilər olduğunu nəzərə alsaq, buranın turizm potensialının nə qədər geniş olduğu barədə təsəvvür yaranar.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.-25 may.- S. 7.