Azərbaycanın mədəniyyəti və turizm imkanları beynəlxalq aləmdə təbliğ olunur

 

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin cari ilin 17-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən 11-ci qlobal səyahət və turizm sammitində iştirakı başa çatmışdır.

 

Sammit çərçivəsində, nazir Ə.Qarayev 19 may tarixində Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Turner Enterprises şirkətinin prezidenti və CNN kanalının sahibi cənab Ted Törner və turizmin inkişafı ilə məşğul olan dünyanın aparıcı mütəxəssisləri ilə görüşlər keçirmişdir.

Həmçinin, sammit zamanı Ümumdünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousil ilə görüş keçirən nazir ÜSTŞ ilə əməkdaşlıq və analoji tədbirlərin Azərbaycanda keçirilməsinin perspektivlərini qarşı tərəflə müzakirə etmişdir.

Xatırladırıq ki, Ə.Qarayev 18 may tarixində Yaponiya Milli Turizm Təşkilatının prezidenti Tadatoşi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının vitse-prezidenti Cu Şanconq, Sudanın turizm naziri cənab Əhməd Babkier Nihar ilə də görüşlər keçirmişdir.

Səfər çərçivəsində Ə.Qarayevi beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov müşayiət edirdi.

Qeyd etmək istərdik ki, Ə.Qarayev 11-ci qlobal səyahət və turizm sammitində iştirakını bitirmiş və mayın 23-də Çin Xalq Respublikasında keçirilən Azərbaycan Respublikasının mədəniyyət günlərində iştirak etmək məqsədilə bu ölkəyə gəlmişdir. Çindəki tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə həmçinin, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, eləcə də parlament və icra hakimiyyəti nümayəndələri də daxildir.

Mədəniyyət günləri çərçivəsində təşkil olunacaq tədbirlərdə rəsmi və işçi qrupla yanaşı məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri və media nümayəndələri iştirak edirlər.Tədbirlər mayın 27-dək davam edəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 25 may.- S. 7.