ARDNŞ
Sumqayıtda yeni obyektlər açmışdır
Dövlət şirkəti rəhbərliyinin
nümayəndələri Bakı və Sumqayıt şəhərlərində
"SOKAR" brendi altında fəaliyyət göstərəcək
bir neçə yanacaqdoldurma məntəqəsinin, eləcə
də "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen
zavodunun qarşısında yeni poliklinika binasının
açılışında iştirak etmişlər.
Şirkət
rəsmiləri əvvəlcə Bakı-Salyan şossesinin
14-cü kilometrində və Bakı-Sumqayıt yolunun 28-ci
kilometrində tikilmiş üç yanacaqdoldurma məntəqəsinin
açılışını gerçəkləşdirmişlər.
Ölkədə "SOKAR" brendi altında fəaliyyət
göstərən yanacaqdoldurma stansiyaları şəbəkəsi
haqqında məlumat verilmişdir. Bu şəbəkə
üzrə YDM-lərin sayının 30-a
çatdırılacağı bildirilmişdir.
Daha
sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət
rəhbərliyinin nümayəndələri Sumqayıtda
"Azərikimya" İstehsalat Birliyinin yeni
yaradılmış poliklinika binasının əsaslı təmirdən
sonra açılış mərasiminə
qatılmışlar.
Obyektlə tanışlıq zamanı qonaqlara məlumat verildi ki, binanın 2-ci mərtəbəsi bütövlükdə, 1-ci mərtəbəsinin isə yarısı poliklinikaya ayrılmışdır. Binanın qalan hissəsində təcili tibbi yardım stansiyası yerləşir. Növbəli iş sistemi əsasında 30 həkim və 26 tibb bacısının çalışacağı poliklinikada Almaniya, Yaponiya və Rusiya istehsalı olan müasir tibb avadanlığı ilə təchiz olunmuş əməliyyat və kardiologiya otaqları, skopiya və qrafiya rejimi üzrə işləyən rentgen kabineti, bütün növ analizləri aparmaq imkanı olan laboratoriya fəaliyyət göstərəcək. Kardiologiya otağında ürək ritmini və arterial təzyiqi 24 saat ərzində müşahidə etmək üçün ən müasir "Xolter" markalı cihaz quraşdırılmışdır ki, bu da indiyədək Sumqayıtda olmayıb. Kabinetdə işemik xəstəlikləri aşkarlamaq imkanına malik strestest aparatı və "Vivid-S5" exokardioqram cihazı da var. Bundan əlavə, poliklinikada "Halim" aparatı, rentgen qurğusu və vizioaparatla təmin olunmuş stomatoloji kabinet də yaradılmışdır. Buradakı sterilizə otağında gündəlik istifadə edilən avadanlığın daimi quru sterilizəsi üçün xüsusi avtoklav quraşdırılıb. Bütün kabinələr ilkin yardım üçün zəruri dərman preparatları ilə təchiz olunmuşdur. Dərman təchizatı mərkəzləşdirilmiş qaydada ARDNŞ-in Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən həyata keçiriləcək.
Açılış mərasimindən sonra mətbuat nümayəndələrinə müsahibə verən ARDNŞ prezidenti Rövnəq Abdullayev dedi ki, poliklinikanın xidmətlərindən "Azərikimya" və "Azəriqaz" istehsalat birliklərinin Sumqayıtda yaşayan işçiləri istifadə edə biləcəklər. Burada təcili surətdə cərrahiyyə əməliyyatları aparmaq üçün də hər cür imkan var. Ümumiyyətlə, neft-kimya sənayesi əməkçilərinin sosial məsələlərinin həllinə bundan sonra da diqqət və qayğı ilə yanaşılacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 25 may.- S. 7.