Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilmişdir

 

Azərbaycan XX əsr tarixində üç dəfə dövlət yarada bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. Ancaq 1918-1920-ci illərdəki müstəqilliyi qoruyub saxlamaq mümkün olmamışdır.

 

Azərbaycan Demokratik Cümhuriyyəti elə bir tarixi dövrdə meydana gəlmişdi ki, o zaman Qafqazda ictimai-siyasi vəziyyət son dərəcə gərgin, qeyri-sabit idi.Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamaq, xalqı düçar edildiyi ağır vəziyyətdən çıxarmaq üçün təcili tədbirlər görülməli idi. Bunun üçün ilk növbədə, milli dövlət qurumları yaradılmalı idi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi toplandı və Zaqafqaziya Federasiyasının fəaliyyətinin dayandırılması haqqında qərar verildi. Gürcüstan federasiyadan çıxdığını və özünün istiqlaliyyətini elan etdiyini bildirdi. Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurası şəklində yenidən quruldu və şuranın sədrliyinə M.Ə.Rəsulzadə seçildi. Mayın 28-də Milli Şura Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması haqqında rəsmən qərar qəbul etdi və istiqlal bəyannaməsi oxundu. Beləliklə, Azərbaycanın müstəqil və suveren dövlət olduğu bütün dünyaya elan edildi. Azərbaycan hökuməti tərəfindən 1918-ci il iyunun 19-da hərbi vəziyyət elan edildi. Müsəlman korpusu "əlahiddə Azərbaycan korpusu" adlandırıldı, burada zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı.

Azərbaycan hökuməti Azərbaycan dilinə dövlət dili statusu verilməsi, kargüzarlıqda Azərbaycan dilinin tətbiq edilməsi məsələsi haqqında 1918-ci il iyunun 27-də xüsusi qərar verdi. Həmin qərarda deyilirdi: "Dövləti lisan türk dili qəbul edilərək irəlidə bütün məhkəmə, idareyi-daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalına da müsaidə edilsin".

Azərbaycan hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edildi. Azərbaycanda milli-demokratik hərəkatın tarixini təbliğ etmək məqsədilə Azərbaycan parlametində "İstiqlal" muzeyi təşkil olundu.

Azərbaycan Kommunist Partiyasının və Sovet Rusiyasında yaşayan Azərbaycan bolşeviklərinin mövqeyini az sonra S.M.Kirov və Stalin müdafiə etmiş, Azərbaycan Respublikasını tanımamaq haqqında qəti qərar qəbul olunmuşdu. Həmin ərəfədə Sovet Rusiyasının iqtisadi vəziyyəti çox ağır idi. Bakı nefti olmadan o öz iqtisadiyyatını qaldıra bilməyəcəkdi. 1920-ci il martın 17-də V.İ.Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurası üzvləri N.Q.Smilqa və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda göstərilirdi ki, "Bakını tutmaq bizə son dərəcə vacib və zəruridir. Bütün səyinizi buna verin".

Azərbaycanda milli toqquşmaların qəsdən törədilməsi və kimlər tərəfindən dəstəklənməsi barədə çoxlu tarixi faktlar mövcuddur. Bakıda "darğalıq" edən Şaumyan bu sözləri təsadüfən deməmişdi: "Azərbaycanın müstəqil dövlət olmasını istəyən milliyyətçilər sonunda xarabalar tapacaqlar". Bu söz günümüzlə nə qədər səsləşir: Belə ki, XX əsrin sonlarında Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlayan erməni cəlladları "Bakını Beyruta, Azərbaycanı isə Livana çevirəcəyik" kimi sərsəm fikirlər irəli sürmüşdülər. Əsrin əvvəlində erməni daşnakları Qarabağda, Şamaxıda, Kürdəmirdə, Lənkəranda, Salyanda, Qubada, Gəncədə və s. yerlərdə kütləvi qırğınlar törətmiş, qısa dövr ərzində 211 yaşayış məntəqəsini xarabalığa çevirmişdilər.

Həmin dövrdə Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası ilə ticarət sahəsində danışıqlar aparırdı. 1920-ci il martın 30-da Sovet Rusiyası - Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı. Belə bir şəraitdə F.Xoyski aprelin 15-də sonuncu nota ilə G.V.Çiçerinə müraciət etdi. Lakin başqa notalar kimi bu nota da cavabsız qalmışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Qızıl ordunun hərbi hissələri Azərbaycan Respublikasının sərhədlərini keçib sürətlə cənuba doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət Azərbaycan Ordu hissələri ciddi müqavimət göstərə bilmədilər. Aprelin 27-də Azərbaycan KP MK, Qafqaz Diyar Komitəsinin Bakı bürosu fəhlə konfransı adından Azərbaycan parlamentinə hakimiyyətin təhvil verilməsi haqqında ultimatum verildi. Parlamentin son iclasında iştirak etmiş Məmməd Əmin Rəsulzadənin yazdığına görə, hakimiyyəti ələ alacaq bolşeviklər aşağıdakı şərtlərə riayət edəcəklərini bildirdilər:

- Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycanın tam müstəqilliyi qorunub saxlanılacaqdır;

- Hər hansı kənar təzyiqdən asılı olmayan Azərbaycanın əsl idarə formasına fəhlə, kəndli və əsgər deputatların timsalında Azərbaycanın yüksək qanunvericilik təşkilatı təyin ediləcək;

- Yeni yaradılmış kommunist hökuməti Azərbaycan hökuməti və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığını təmin edəcək;

- Qızıl ordunun Bakı şəhərinə daxil olmasına yol verməmək üçün tədbirlər görüləcək;

- Azərbaycan ordusu olduğu kimi qalacaq;

- Azərbaycanda siyasi partiyaların hüriyyət sərbəstliyi təmin ediləcək.

1920-ci il aprelin 27-də axşam saat 23-də Azərbaycan parlamenti hakimiyyətin təhvil verilməsi haqqında qərar qəbul etdi. Beləliklə, yerli bolşeviklərin iştirakı ilə XI Ordu Bakıya daxil oldu. Müstəqil Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyətinə son qoyuldu Azərbaycan yenidən, bu dəfə artıq sovetləşmiş formada Rusiyanın tərkibinə qatıldı. Sovet dövründə müstəqilliyimizin itirildiyi şəraitdə yaşadığımız illər tarixdən bizə yaxşı məlumdur, belə ki, ermənilərin Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbləri, xalqımızın etiraz mitinqləri, Sumqayıt hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi qanlı 20 yanvar hadisələri, bunların ardınca isə Azərbaycanın o zamankı savadsız fərasətsiz rəhbərlərinin yeritdikləri siyasətin ucbatından torpaqlarımızın bir qismi itirildi. Müstəqillik zərurəti bax, belə bir şəraitdə yarandı. Eyni zamanda, sovet hakimiyyətinin dağılması da bu üçün əlverişli imkan yaratdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu böyük tarixi hadisə xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi demokratiya yolu ilə irəliləyib müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, bu sevinc hissini yaşadığımız ilk dövrlərdə çox acılı, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə qaldıq. Qarışıqlıq, anarxiya, xaos, böyük qorxu, nigarançılıq, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə qarşılaşdıq. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın özünün itirilməsi təhlükəsi yarandı. Bax, belə bir şəraitdə xalqın, ölkənin güclü bir liderə ehtiyacı yarandı. Odur ki, ümidsizliyə düçar olan, çətin sınaq qarşısında qalan xalqımız qaranlıqlar içərisində yol axtara-axtara, hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalqımız yəqin etdi ki, onu bu çətin ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Beləliklə , Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi müstəqilliyimiz xilas edildi.

1918-ci ilin mayında Şərqdə ilk demokratik təsisat olan Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranması yalnız Azərbaycana yox, eyni zamanda, bütün Şərqə böyük təsir göstərdi. AXC zaman baxımından qısa dövr yaşasa da, onun həyata keçirdiyi tədbirlər tarixi əhəmiyyətini itirmədi. Bu dövlət tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90-cı illərində bərpa olunmuş müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başladı. AXC dövründə qəbul edilmiş dövlət rəmzlərinin bugünkü müstəqil Azərbaycanın dövlət atributları kimi saxlanması bir tərəfdən tarixi varisliyə sübutdursa, digər tərəfdən ona hörmət məhəbbətin bariz nümunəsidir. Azərbaycan xalqı bu tarixi şərəflə yaşadır həmin tarix uğurla davam etdirilir. Bu gün müstəqil dövlətimizə uğurlar qazandıran ulu öndər Heydər Əliyevin strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Xalq Cümhuriyyətinə ən yüksək qiymət bu dövlətin tarixini dərindən öyrənmiş ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalamış ulu öndər, bununla cümhuriyyət məfkurəsinin tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmış oldu. AMEA-nın Tarix İnstitutunda yaradılmış AXC tarixi şöbəsi tərəfindən əhatəli tədqiqatlar aparıldı. Cümhuriyyətin 2 cildlik ensiklopediyası hazırlanaraq dərc edildi. Beynəlxalq respublika səviyyəli konfranslar keçirildi, sənədli filmlər çəkildi. Bu istiqamətdə tədqiqatlar bu gün davam etdirilir, AXC-nin İngiltərə arxivində saxlanılan sənədləri 50 çap vərəqi həcmində nəşr edilmişdir.

Bizim hər birimizin borcudur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, ulu öndərin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq.

 

 

Dilqəm QULİYEV,

Azərbaycan Dövlət Bədən

Tərbiyəsi İdman Akademiyasının

prorektoru, pedaqogika üzrə

fəlsəfə doktoru, professor

 

Xalq qəzeti.- 2011.- 25 may.- S. 4.