Azərbaycan Xalq
Cümhuriyyətinin ibrət dərsləri
Tarixi hadisələr bir neçə parametrə
görə yad edilir: önəmli milli və dünyəvi
hadisə, şərəf ünvanı olduğuna, tarixi dərs
kimi əhəmiyyət daşıdığına görə
və s. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və
süqutu bu ölçülərin hamısını
özündə cəmləşdirir. Amma bizə bu gün
önəmli olan cəhət tarixin dərsləridir. 28 May
xalqımız üçün şərəfli, 28 Aprel isə
Azərbaycan üçün ağrılı,
düşündürücü tarixdir. Qədim dövlətçilik
ənənələri olan, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər
kimi dövlətləri yaratmış, yaşatmış, XX əsrin
əvvəllərində Şərqin ilk demokratik dövlətini
qurmuş Azərbaycanın bu 2 gün arasında yeni tarixinə
geniş bir qapı açdı.
1918-ci
il may ayının 28-də müasir dünyanın ilk türk
dövləti sayılan milli cümhuriyyətimiz elan olundu. Lakin
cəmi 23 ay sonra - 1920-ci il aprel ayının 28-də Azərbaycan
Xalq Cümhuriyyəti Rusiya bolşevizminin qurbanı oldu. 91 il əvvəl
baş verən bu hadisənin - dövlətçiliyin yenidən
itirilməsinin mənzərəsinə baxaq.
Həmin
vaxt - I Dünya müharibəsinin sonlarına yaxın
dünyanın siyasi mənzərəsi çox
qarışıq idi. Belə zamanda Azərbaycan kimi yerdə
cümhuriyyət qurmaq və onu 23 ay yaşatmaq çətin
idi.
Azərbaycanda əvvəl bolşeviklərin əli ilə xırda münaqişələr, tətillər başladı. Bunun arxasınca milli zəmində anlaşılmazlıq yaradıldı, Qarabağda daşnaklar qarışıqlıq törətdi. Ölkə daxilində dini ayrı-seçkilik məsələləri qızışdırıldı. Guya, dinlərə, xalqlara hörmətsizlik həddini aşmışdı. 1919-cu il aprelin 25-də isə Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən hərəkətə gətirilən rus əsilli insanların milli hökumətə qarşı etirazı başladı. Etiraz qiyama çevrildi. Qiyamçılar burada "Muğan Sovet Respublikası" yaratmağa cəhd göstərdilər. Dörd - beş ay davam edən qiyamı milli hökumət yatırdı.
Azərbaycan Xalq Cümhuriyyəti bir sıra ölkə və dünya əhəmiyyətli layihələrə imza atsa da, "azadlığın şərbəti"ni öz xalqına içirtsə də, müəyyən sosial məsələlərdə birdən-birə xalqın istəyini təmin edə bilmirdi. Bir tərəfdən də torpaq islahatlarının ləngiməsi bolşeviklərin məhz bu məsələdən yararlanmasına imkan yaradırdı. Torpaq islahatlarının ləngiməsindən narazı qalan kəndliləri dövlətə qarşı qaldırmaq asan oldu.
Azərbaycan o dövrdə nüfuzlu Paris Sülh Konfransında demokratik dövlət kimi danışıqlara qoşulmuşdu. Dünyanın böyük dövlətləri AXC-ni de-fakto tanıyırdı. Amma bunlar bolşevik işğalının qarşısını almırdı. Azərbaycan Xalq Cümhuriyyətinin liderləri əhalini razı salacaq, sakitləşdirəcək islahatları həyata keçirməyə imkan tapmadılar. Vaxt, sanki, ildırım sürətilə keçirdi.
Nəhayət, Xalq Cümhuriyyətinin rəhbərliyində siyasi böhran başladı. Qəti qərar qəbul etmək çətin idi. Necə hərəkət etməli?! Sərt addımlar atıb qiyamı yatırtmalı, yoxsa mülayimlik göstərib bolşeviklərlə danışığa girib müəyyən güzəştlərəmi getməli?
Milli hökumətin idarəçiliyində yaranan fikir müxtəlifliyi, müzakirələr, qəti qərar qəbul etməyin çətinlikləri siyasi atmosferdə boşluq yaradırdı.
Bolşeviklər isə təxribatları, dövlət işlərinə müdaxiləni gücləndirirdi. 1920-ci ilin qışında Azərbaycan Kommunist Partiyasının təsis qurultayında milli hökuməti yıxmaq üçün silahlı üsyan xətti irəli sürüldü. Silahlı üsyan planını həyata keçirmək üçün bir məsələ qalırdı: bolşevik-rus qoşunlarının Azərbaycana gətirilməsini təmin etmək. Bu məsələdə məkrli siyasət işlətdilər. Guya, sovet Rusiyası qırmızı ordunu Azərbaycandan keçirib Türkiyəyə köməyə aparır. Azərbaycan hökuməti rus ordusunu ölkəyə buraxmaq istəmir, ehtiyat edirdi. Yerli bolşeviklər isə xalqı qızışdırırdı ki, bu hökumət sizin türk qardaşlarınıza köməyə şərait yaratmır. Nəhayət, bolşevik ordusunun Azərbaycana gəlməsinə icazə verildi. Lakin onlar Azərbaycandan keçib Anadoluya köməyə getmədilər.
Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən də bacarıqla istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvaya gedərək Azərbaycandan ələ keçirəcəkləri ərazilər müqabilində Xalq Cümhuriyyətini devirməyə kömək planlarını bolşeviklərə təklif etdilər. Qarabağda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəyə başlaması da bu məqsədə xidmət edirdi. Ölkədə sabitlik pozulmuşdu, Qarabağ ciddi problemə çevrilmişdi, dövlət idarəedilməz hala gətirilmişdi. Bolşevik Rusiyası Azərbaycan xalqına nə vəd edirdi.? Ölkə daxilində sabitlik, dinc bərabər yaşayış və ermənilərlə müharibəni birdəfəlik kəsmək.
1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyətinin parlamenti bolşevik qoşunlarının Bakıya daxil olmadan Türkiyəyə getməsi, Azərbaycanın istiqlalını və ərazi bütövlüyünü hər cür təcavüzdən və ilhaqdan qorumaq, milli ordunun saxlanılması və s. şərtlər hakimiyyəti Azərbaycan kommunistlərinə təhvil verdi. 1920-ci ilin aprelində bolşeviklərin XI ordusu Azərbaycana yerləşdirildi.
Aprelin 15-də Fətəlixan Xoyski bolşevik Rusiyasına nota göndərmiş, Rusiya ordusunun Azərbaycan sərhədində toplanmasının səbəblərini açıqlamağı tələb etmişdi. Bu notaya əhəmiyyət verilmədi. Yerli bolşeviklər isə Azərbaycan xalqı adından XI ordunu Azərbaycana dəvət etdilər. Bolşevik Rus qoşunları Azərbaycanı tutdu. Milli hökumət xalqı qarşı-qarşıya gətirməmək, qan tökməmək üçün hakimiyyəti dinc yolla yerli bolşeviklərə verməyə məcbur oldu. Nəticədə, dünya ictimaiyyətində belə bir rəy yaradıldı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olub.
Beləliklə, Xalq Cümhuriyyəti 23 aylıq fəaliyətindən sonra süqut etdi. Milli hökumət müqavimətsiz təslim oldu. Xalq Cumhuriyyətinin bəzi liderləri, nədənsə, bolşeviklərin verdikləri vədə əməl edəcəklərinə ümid bəsləyirdilər. Azərbaycan parlamentinin qərarı isə bolşeviklər üçün heç nə demək idi. Az sonra şərtlərin pozulduğunu görən milli hökumətin yerlərdəki qüvvələri "qırmızı ordu"ya silahlı müqavimət göstərməyə çalışdılar. Təəssüf ki, artıq gec idi. Rusiya Azərbaycanı yenidən işğal etmişdi..
Burada bizim üçün tarixi dərs nədən ibarətdir? 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanda hakimiyyətin üzləşdiyi məsələlər AXC dövrü ilə eyniyyət təşkil edir. Dağlıq Qarabağda müharibə getməsi, Talış-Muğan Respublikası yaratmaq cəhdləri, daxildə siyasi böhran və dövlət çevrilişinə səy göstərilməsi bu sıradandır. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev isə tarixin ibrət dərslərinə söykənərək vəziyyətdən çıxış yollarını məharətlə tapdı, qətiyyətli addımlar atdı. Bu gün Azərbaycanın müstəqilliyi möhkəmdir, toxunulmazdır. Dövlət və xalqın birliyi Azərbaycan dövlətçiliyinin qarantıdır.
1920-ci ildə Xalq Cümhuriyyətinin düşmənləri ümumi vəziyyətdən irəli gələn sosial çətinlikləri qabartmaqla çevrilişə və işğala müvəffəq oldu. Bu gün də müharibə şəraitində yaşayan Azərbaycanın sosial çətinliklərindən yararlanmaq istəyənlər var. Azərbaycan hökuməti sosialyönümlü məsələlərin həlli istiqamətində əsaslı tədbirlər həyata keçirir. Daha sürətli və irimiqyaslı proqramlar hazırlanır. Azərbaycan hökuməti geniş quruculuq istiqamətindədir. İqtisadi-sosial sahədə daxili və xarici siyasətdə böyük uğurlar reallıqdır.
Azərbaycan dövlətçiliyində dini tolerantlıq, millətlərə hörmət, qarşılıqlı ehtiram tarixi tendensiyadır. Bir əsr əvvəl istifadə olunan siyasi şantajdan yararlanmaq istəyənlərin təxribatları artıq keçərli deyil.
Azərbaycan dövlətçiliyi, Azərbaycan elmi, Azərbaycan ziyalılığı, Azərbaycan siyasi və mədəni elitası tarixin dərslərindən nəticə çıxarmağa və özünü qorumağa qadirdir.
Natəvan DƏMİRÇİOĞLU,
yazıçı-jurnalist
Xalq qəzeti.- 2011.- 25 may.- S. 4.