Müdafiə nazirinin komandanlığı
altında növbəti
genişmiqyaslı təlimlər keçirilib
Hələ ötən il
aprelin 23-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu məsələlərinə həsr olunan müşavirədə
çıxışı zamanı cənab
Prezident Azərbaycan torpaqlarının işğal
altında oluduğunu
bir daha vurğulayaraq demişdir:
"Biz gündəlik
həyatda elə etməliyik ki, hərbi potensialımızı
daha da gücləndirək
və Azərbaycan ordusu ən
yüksək standartlara
cavab versin".
Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması istiqamətində ən mühüm yeri, heç şübhəsiz, komanda-qərargah təlimləri tutur. Ordunun döyüş qabiliyyətinin daim möhkəmləndirilməsi ilə bağlı, demək olar ki, hər tədris ilində Silahlı Qüvvələrimizin birlik və birləşmələrində 70-dək komanda-qərargah təlimi keçirilir. Müxtəlif qoşun birləşmələrinin cəlb olunduğu bu təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən intensiv şəkildə istifadə edilir.
Bu gün ordumuzun döyüş hazırlığının artırılması ilə bağlı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur.
Xəbər verildiyi kimi, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən bugünlərdə Azərbaycan ordusunun bölmələri Beyləqan-Füzuli istiqamətində genişmiqyaslı komanda-qərargah təlimlərinə start verdi. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərdə əsas məqsəd şəxsi heyətin döyüş hazırlığını və mənəvi-psixoloji səviyyəsini yoxlamaq, qoşunların birgə fəaliyyətinin planlaşdırılması və praktiki olaraq həyata keçirilməsidir. Təlimlərə ordumuzun müxtəlif qoşun növlərinin şəxsi heyəti cəlb olunmuşdur. Təlimin bütün mərhələlərində hərbçilərimiz qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmiş, öz üzərlərinə düşən vəzifələrin icrasında peşəkarlıq nümayiş etdirmişlər. Ordumuzun taktiki döyüş tətbiqini əhatə edən bu genişmiqyaslı təlimdə yüksək standartlara cavab verən və kifayət qədər böyük döyüş qabiliyyətinə malik hərbi texnikanın, modern radiolakasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompyuter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb olunması, şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu ordumuzun döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunduğunu bir daha sübuta yetirmişdir. Təlim zamanı artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla əsl peşəkarlıq nümayiş etdirmişlər. Döyüş təyyarə və vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində fərqlənmiş, tank və piyadaların döyüş maşını heyətləri idarə etdikləri texnikların manevr və atəş imkanlarından məharətlə istifadə edərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən uğurla gəlmişlər. Ayrı-ayrı qoşun növlərinin birgə fəaliyyətinin təmin olunması sonda təlim zamanı qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetiriləcəyinə tam zəmanət vermişdir. Təcavüzkar erməni ordusunun əsgər və zabitləri Silahlı Qüvvələrimizin şəxsi heyətinin peşəkarlıqla yerinə yetirdiyi döyüş tapşırıqlarını qorxu və həyəcan içərisində izləmişlər. Təlimə yekun vurularkən bildirilmişdir ki, qarşıya qoyulan bütün tapşırıqlar tam həcmdə uğurla yerinə yetirilmişdir.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 25 may.- S. 5.