Müsəlman Şərqinin ilk Cümhuriyyəti

 

1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura Şərqdə ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Cümhuriyyətin yaradılmasına aparan yol necə olub? Cümhuriyyət necə elan edilib? Buna hansı beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarətdir? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət dərslərini almalıyıq?

 

Sovet dövründə Azərbaycan tarixinin barəsində danışılmayan, üstündən sükutla keçilən, danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə "tam məxfi", "məxfi" arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi.

 

Cümhuriyyətə aparan yola qısa bir baxış

 

Cümhuriyyətin elanı göydəndüşmə olmadı. Məlumdur ki, çarizmin işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Şimali Azərbaycan çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycan ərazisi iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. Şimali Azərbaycanda işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi.

Azərbaycanda demoqrafik şəraiti dəyişməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi. Köçürülənlər yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılırdı. Hətta silah gəzdirmələrinə icazə verilirdi. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.

Çarizm özünün ümumi strateji mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşməsində bu amil mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. Rusiya tərkibində olan Şimali Azərbaycanda xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

1905 -1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel olaraq gedirdi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya daha çox rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri "Difai", "Müsavat", sosial-demokratiyanın təmsilçisi isə "Hümmət" oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini göstərir.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar-Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məhəmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov və başqaları müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və islamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat yeri kimi baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə bir neçə azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdü. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa ehtiyac duyurdu.

1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklərin hakimiyyətə gəlməsi və ölkənin müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il aprelin 22-də seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi qızışdı. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi. Daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.

 

Cümhuriyyətin elanı

 

Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi.

Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarında iştirak edən M. Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Milli Şuranın mayın 28-də Tiflisdə "Orient" oteldə keçirilən iclasında Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan Bəyannamədə deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

 

Ərazi

 

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris sülh konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda Cümhuriyyətin ərazisi aşağıdakı kimi göstərilirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası, Yelizavetpol (Gəncə) quberniyası (Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası; Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazisinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq - Tabasaran qəzasının bir hissəsi). Eyni zamanda, AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kvadrat kilometr idi. Bunun 97,3 min kvadrat kilometr mübahisəsiz, 16,6 min kvadrat kilometr mübahisəli idi.

Bu zaman bütün Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi.

 

Həyata keçirilən tədbirlər

 

Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Usubbəyli başçılıq etdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi.Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.

Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

 

Beynəlxalq fəaliyyət və xarici siyasət

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmmədəmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyət göndərildi. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi.

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L. Mallet Topçubaşovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H. Morgentau, günün ikinci yarısında isə prezident V.Vilsonla görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi.

1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Yenicə yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılmasını, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi şərti ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

 

Problemlər və ya niyə məğlubiyyət?

 

Əlbəttə, ölkədə yeni dövlət quruculuğu problemlərsiz də deyildi. Aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəif idi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti Cümhuriyyətin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər mənfi təsir etdi. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

 

Cümhuriyyətin beynəlxalq əhəmiyyəti

 

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən xalqların olmaması, eyni zamanda, Cümhuriyyətin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan ötrü müraciət etmişdilər.

 

İbrət dərsləri hansılardır?

 

Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalıdır. Xalq öz milli dövlətini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaraq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır. Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

 

***

 

Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.

Və nəhayət, bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətimizin 93 illiyi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 26 may.- S. 3.