Nəsimi rayonunda Respublika Günü qeyd olundu

 

Nəsimi rayonunda 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə keçirdiyi tədbirin iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Nəsimi rayon YAP təşkilatının binasındakı büstü önünə gül dəstələri qoydular.

 

Sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yığıncaq keçirildi. Nəsimi Rayon İcra Hakimiyyyətinin başçısı Nəsib Məhəməliyev hamını bu əlamətdar gün münasibətilə təbrik etdi. O, billdirdi ki, 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda ilk dəfə müstəqil dövlət qurulmuşdur. Bu, müsəlman dünyasında ilk demokratik dövlət idi. 1918 - ci ilin ağır günlərində böyük çətinliklərə baxmayaraq bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından böyük əhəmiyyəti vardır.

Natiq bildirdi ki, keçən əsrin 90 - cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz - üzə qalanda xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və öz xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində Azərbaycanı parçalayaraq məhvə aparan bütün təhlükələri mətanət və əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Bugünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin muavini Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və əhəmiyyətindən, həmin dövrdə baş verən hadisələrdən ətraflı danışdı.

Sonra 133 nömrəli orta məktəbin direktoru Füzuli Həsənov, 152 nömrəli orta məktəbin tarix müəllimi Kəlam Vəliyev və Azərbaycan Dövlət Tibb Universitetinin Tələbə Gənclər Təşkilatı sədrinin müavini Burxan Həsənovun çıxışları dinlənildi. Nəsib Məhəməliyev tədbirə yekun vurdu.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 27 may.- S. 5.