Azərbaycan Xalq
Cümhuriyyəti xalqımızın milli
oyanışının məntiqi yekunu idi
Ümummilli liderimiz Heydər Əliyev
ömrünün son ilində Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 85 illiyi münasibətilə Azərbaycan
xalqına müraciətində millətimizin suveren və demokratik
respublika quruculuğundakı ilk tarixi təşəbbüsünə
və uğuruna çox yüksək qiymət vermişdir.
Ulu öndərin müraciəti həm də bizim bu
böyük milli-siyasi nailiyyətə müstəqil dövlətin
vətəndaşı kimi münasibətimizi
formalaşdıran bir örnəkdir.
Heydər Əliyevin həmin müraciəti cümhuriyyət təməli üzərində qurulan müstəqil Azərbaycan Respublikasının öz tarixi dövlətçilik ənənələrinə nə qədər ehtiramla yanaşdığını bir daha göstərir: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur" .
Həqiqətən də, Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi və bu təcrübə zamanın sınağından keçməklə dövlətçilik ənənəsinin əsasını yaratdı. Əgər Rusiya imperiyasının dağıldığı və özünü nəyin bahasına və hansı formada olursa-olsun bərpa etməyə çalışdığı bir zamanda, 4 böyük dövlətin - Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı İmperiyasının məğlubiyyəti ilə nəticələnən Birinci Dünya müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi zamanda Azərbaycanda cümhuriyyət yaranmasaydı, sonradan ölkəmizin müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə daxil olması və bu İttifaq da dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. Buna görə də hər ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması hadisəsinin ölkəmizdə Respublika Günü kimi qeyd olunmasına tam mənəvi haqqımız və böyük sayğımız vardır.
Azərbaycan Xalq Cümhuriyyəti yeni dünya tarixinin yetərincə mürəkkəb çağında - imperiya, müstəmləkə və istibdad rejimlərinin çökməsinə və milli müstəqillik hərəkatlarının zəfər çalmasına zərurət və şərait yarandığı bir dönəmdə ərsəyə gəlmişdi. 1918-ci ilin əvvəllərində - Birinci Dünya müharibəsinin başa çatmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etmişdilər. Seymdə azərbaycanlı deputatların 44 nəfərlik fraksiyasına Azərbaycanın görkəmli siyasi xadimi Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi. Lakin bu federativ qurumun perspektivsizliyini görən Gürcüstan 26 aprel 1918-ci ildə öz müstəqilliyini bəyan etdi. Zaqafqaziya Seyminin Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin başçılığı ilə F.Köçərli, F.Xoyski, N.Yusifbəli, S.M.Qənizadə, Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və 44 deputat mayın 28-də Tiflisdə Qafqaz canişininin sarayında, yaratdıqları Milli Şuranın tarixi iclasında Azərbaycanın istiqlaliyyətini elan etdilər. Bu da tamamilə qanunauyğundur ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan məfkurəsinin ideoloqlarından olan Məmməd Əmin Rəsulzadə həm də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlirdi. Bədnam kommunarların əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək istəmir, daşnak ordusu ilə birlikdə kütləvi soyqırım xarakterli qırğınlar törədirdi. Millətin ölüm-dirim savaşı qarşısında qaldığını görən Milli Şura Gəncə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş bəyannaməyə əsasən, Milli Şura ali qanunverici, müvəqqəti hökumət isə ali idarəedici orqan sayılırdı. Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədilə Türkiyə hökumətindən yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o zamandan vahid geosiyasi maraqlardan çıxış etməsi onu göstərir ki qardaş xalqlar bu tandemin onların hər ikisi üçün həyati əhəmiyyətə malik olduğuna əmin idilər. Həmin ilin 23 sentyabrında Azərbaycanın milli ordusu türkiyəli komandan Nuru paşanın əsgərləri ilə birlikdə qondarma "Mərkəzi Xəzər diktaturası" və eser-daşnak qüvvələrini darmadağın edərək Bakıya girdi və həmin gün də Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi. Amma sürətlə dəyişən sonrakı hərbi-siyasi proseslər nəticəsində Türkiyə qoşunu ölkəni tərk etməli oldu. Antanta dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını anti-Azərbaycan və anti-Türkiyə meylli bütün qüvvələr, xüsusilə ermənilər sevinclə qarşıladılar. Ermənilərin və rusların təhriki ilə qızışdırılan milli-siyasi qarşıdurmaların ən qaynar çağında - dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Yenə də həmin qüvvələrin milli parlamentin ilk toplantısını pozmaq cəhdləri baş tutmadı.
Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi yolunda tarixi işlər görmüş dövlətimizin ilk Parlamenti koalisiya hökumətini təsis etdi. Fətəli xan Xoyski yenidən Nazirlər Şurasının sədri seçildi. Britaniya hərbi qüvvələrinin komandanı general Tomson da rəsmi olaraq bu hökuməti tanıdı, rus milli şurasına da onu tanımağı tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya imperiyasının əsarəti altına verməyə çalışan qondarma "Qafqaz-Xəzər hökuməti" Azərbaycan Xalq Cümhuriyyətinin siyasi mövcudluğu ilə barışmadığına görə, qanundankənar elan edildi və onun rəhbərləri 48 saata Azərbaycandan çıxarıldı. Milli hökumət tədricən ölkəyə nəzarəti tam olaraq öz əlinə alırdı. Avqusta qədər Britaniya hərbi qüvvələri də Bakıdan çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin gözlənilməz dəyişikliklərlə müşayiət olunan qısa zaman kəsiyində yürütdüyü düzgün siyasətin və çevik diplomatiyanın bəhrəsi idi.
Azərbaycan hökuməti Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin 1919-cu ildə Fransada keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz nümayəndəsini göndərdi. Təbii ki, konfrans Antanta üzvü olan Rusiyadan qopmuş yeni milli dövlətlərin təzədən ona birləşdirilməsinə çalışırdı. Azərbaycan diplomatları o dövrün dünya siyasətində ən demokratik fikirli dövlət başçılarından sayılan V.Vilsonla görüşmək və ümumən Qafqazdakı problemlərlə onu tanış etmək imkanı qazandılar. V.Vilson Azərbaycanın müstəqilliyini yalnız Qafqaz konfederasiyasında tanıyacağını bildirdi. Erməni nümayəndələri hətta bu təşəbbüsü də Rusiyanın xeyrinə pozdular.
Bütün bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti özünün bir sıra Avropa dövlətləri tərəfindən tanınmasına, ölkə daxilində quruculuq işlərinin davam etdirilməsinə nail olurdu. Azərbaycan nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri də öz bəhrəsini verdi. Konfransın Ali Şurası Azərbaycanın suverenliyini tanıdı.
Lakin Qafqazda müstəqil dövlətlərin yaranması faktı ilə heç cür barışmaq istəməyən imperiya varisi sovet Rusiyası buradakı vəziyyəti öz xeyrinə dəyişə bildi. 18 martda erməni daşnak ordusunun Qarabağa qoşun yeritməsi və 28 apreldə Qızıl Ordunun Azərbaycana daxil olması demək olar ki, eyni tarixi zamanda baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti erməni qüvvələrini darmadağın etsə də, artıq ölkədə də özünə siyasi-ideoloji dayaqlar yaratmış güclü sovet dövlətinin qarşısında tab gətirməyərək, idarəçiliyi bolşeviklərə təhvil verdi. Cümhuriyyətçilər hakimiyyətə inqilab etmədən, qan tökmədən gəldikləri kimi, qansız-qadasız da hakimiyyətdən getdilər. Bu dövrdə Nəriman Nərimanovun şəxsində Azərbaycanın varlığını Rusiya ilə bir yerdə görən alternativ siyasi cərəyan da vardı. Təsadüfi deyil ki, Cümhuriyyət qurulanda Nəriman Nərimanov Həştərxana getmişdi. Gələcəkdə Azərbaycanın rəhbəri, bir qədər sonra isə Sovet dövlətinin rəhbərlərindən biri olacaq N.Nərimanov hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda cümhuriyyətçiləri hakimiyyəti bolşeviklərə təhvil verməyə çağırırdı. Beləliklə, iyirminci əsrin təlatümlü ilk iki onilliyində Azərbaycanın milli müqəddəratına yanaşmada iki xətt var idi: Məmməd Əmin Rəsulzadənın başçılıq etdiyi cərəyanda dövlətin tam müstəqilliyi, Nəriman Nərimanovun başçılıq etdiyi cərəyanda onun Sovet dövlətindən ayrılmazlığı xətti götürülmüşdü.
1920-ci ilin aprelində Məmməd Əmin Rəsulzadə milli parlamentdə Azərbaycan bolşeviklərinə müraciətlə tarixi sözlər demişdi: "Əgər siz məni təmin etsəniz ki, ümumi-idarə əlinizə keçdiyi təqdirdə Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan sui-qəsdçisiniz".
1900-1920-ci illərdə imperiya müstəmnləkəçiliyinə qarşı Qafqaz ölkələrində müstəqillik ideologiyası kifayət qədər qüvvətli olsa da, onu axıradək davam etdirmək real tarixi şəraitə görə mümkün olmadı. Çünki bu inqilabi müxalifətin öz arasında çox çətin həll edilə bilən barışmazlıq var idi. Bu barışmazlıqdan imperiyanın parçalanmasına qətiyyən yol verməyən qırmızı bolşeviklər də - özləri nə qədər çətin vəziyyətdə olsalar da, devrilmiş çar hakimiyyətinin qüvvələri ilə vətəndaş müharibəsi aparsalar da, - dərhal istifadə etdilər. Beləliklə, Azərbaycan kommunistlərinin Ümumbakı konfransında irəli sürdükləri və sonra da Leninin təntənə ilə alqışladığı ən mühüm ideya - "Müstəqil sovet Azərbaycanı" ancaq şüar olaraq qaldı.
Lakin
tarixin və milli iradənin də öz məntiqi var. Azərbaycan
Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində
olduğu müddətdə öz milli varlığını
və mədəniyyətini imkan daxilində qorumağa və
yaşatmağa çalışırdı. Ümummilli lider
Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə
başladığı vaxtdan etibarən Azərbaycanın gələcək
müstəqilliyinə əsaslı zəmin yaradılmağa
başlandı. Bu gün biz tam əsasla deyə bilərik ki,
Azərbaycanın suverenliyi üç fundamental təməl
üzərində qərar tutur: klassik Azərbaycan dövlətçiliyi
ənənələri, Azərbaycan Xalq Cümhuriyyəti və
Heydər Əliyev epoxasında milli ideologiyanın məqsədyönlü
şəkildə inkişaf etdirildiyi Azərbaycan Sovet Sosialist
Respublikası.
Bu gün
suveren və demokratik respublikamız özünü varisi
sandığı Azərbaycan Xalq Cümhuriyyətini quran
böyük siyasi xadimlərə, onun siyasi-ideoloji irsinə dərin
ehtiram bəsləyir. Cümhuriyyət
yaradıcılarının irsi öyrənilir, fəaliyyətlərinə
gerçək tarixi qiymət verilir. Heç şübhəsiz
istiqlal carçılarının ən böyük xidməti
- müstəqil dünya dövlətləri sırasında
Azərbaycanın da öz haqqı və yeri olduğuna həm
xalqımızı, həm də beynəlxalq aləmi
inandırmaqdan və ən başlıcası isə milli
dövlətimizin mövcudluğu faktının beynəlxalq
miqyasda təsdiqindən ibarətdir. "Azərbaycan"
sözü də ilk dəfə olaraq təkcə coğrafi ərazi
kimi deyil, həm də dövlət adı statusunda məhz
Cümhuriyyət dövründə rəsmiləşdi.
Respublika quruluşlu bu demokratik dövlət öz
zamanını xeyli qabaqlamışdı. O vaxtlar nəinki
Şərq, hətta inkişaf etmiş Avropa ölkələrinin
çoxunda demokratik parlament və digər dövlət təsisatları
tam təşəkkül tapmamışdı. Halbuki Azərbaycan
parlamenti çoxpartiyalı sistem üzrə
formalaşmağa başlamışdı.
Azərbaycan
Xalq Cümhuriyyətini ərsəyə gətirən fədakar
insanlar mükəmməl təhsil almış, öz
dövrünün sivil dəyərlərinə yiyələnmiş,
ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir
göstərməyi bacaran, həm də dövlət
quruculuğunun ilk çətin mərhələsində
atdıqları addımların məsuliyyətini dərk edən,
bununla belə taleyüklü məsələlərdə qətiyyətli
qərarlar qəbul etməkdən çəkinməyən
sağlam və mübariz fikir sahibləri idi. Onların bir
çoxu nəinki Azərbaycanda, ümumən türk
dünyasında və İslam Şərqində milli
düşüncə və dövlətçilik hərəkatının
inkişafına təkan vermiş ideoloqlar idilər. Milli
dövlətimizin üçrəngli bayrağını ilk dəfə
qaldıran bu istiqlal mücahidləri üç
aparıcı istiqamətdə - siyasət, mədəniyyət
və cəmiyyət quruculuğu sahəsində sonrakı
bütün inkişafımıza əhəmiyyətli təsir
göstərən və nəhayət, Sovet
İttifaqının dağıldığı ərəfədə
milli müstəqillik hərəkatına ruh və ideya
daşıyan fəaliyyətlərin təməlini
qoymuşdular. Onların fədakar təşəbbüsləri
nəticəsində suveren dövlətçilik
atributlarımızın yaradılması, Azərbaycan
türkcəsinin dövlət dili statusunda qəbul edilməsi,
milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və
mədəniyyətimizin, maarif və məktəb işinin,
milli ideologiyamızın inkişafı istiqamətində
böyük uğurlar qazanılmışdı.
Cümhuriyyət
hərəkatı sözün əsl mənasında milli
fikir intibahına yol açdı. Çarizmin devrilməsindən
sonra Azərbaycanda yaranmağa başlayan müxtəlif siyasi
partiya və təşkilatların azad fəaliyyətinə
meydan verildi. Milli demokratiyanın müstəqil mətbuatı
təşəkkül tapdı. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə iki dəfə hökumət
başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin
rəhbərliyi və təşəbbüsü ilə
1919-cu il 15 oktyabrda mətbuat haqqında qanun qəbul
edilmişdi. Həmin illərdə Azərbaycanda səksəndən
çox qəzet və jurnal dərc edilirdi. Azərbaycan
kapitalı milli iqtisadiyyatın inkişafında necə
böyük rol oynayırdısa, eyni dərəcədə
maddi və mənəvi sərvətlərimizin
yaradılmasında diqqətəlayiq işlərə,
böyük xeyriyyəçilik məqsədlərinə sərf
olunurdu. Bakıda estetik mədəniyyətin ən yüksək
tələblərinə cavab verən memarlıq layihələri
həyata keçirilir, incə zövqün nümunəsi
olan tikinti işləri aparılırdı. Hacı Zeynalabdin
Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev
və başqa sərvət sahibləri öz varından millətin
tərəqqisi naminə maarifçilik, quruculuq məqsədlərinə
əhəmiyyətli yardımlar ayırırdılar.
Dövlət
müstəqilliyinin necə böyük nemət olduğunu
görən Azərbaycan ziyalılarının
yaradıcılıq potensialı artıq özünün nəyə
qadir olduğunu göstərirdi. Millətin bütün
enerjisi Azərbaycan dövlətinin, onun siyasi təsisatlarının,
təhsil sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi
vahidlərinin yaradılmasına yönəldilmişdi.
Cümhuriyyət dövründə Dövlət Bankı, 40
minlik nizami ordu, Azərbaycan Teleqraf Agentliyi yaradıldı,
pul-poçt markaları buraxıldı, Yelizavetpol yenə də
Gəncə, Qaryagin isə Cəbrayıl
adlandırıldı. Orden, medal, gerb, himn, üçrəngli,
səkkizguşəli bayraq qəbul olundu. Məlumdur ki, Azərbaycanın
Rusiya imperiyasına birləşdirildiyi təqribən bir əsrlik
dövrdə çarizm burada davamlı ruslaşdırma siyasəti
aparmış, ölkəni akkulturasiyaya məruz qoymuşdu.
Yerli mədəniyyət gəlmə mədəniyyətin təsiri
altına salınmışdı. Bu prosesi dayandırmaq və
milli mədəniyyət-dil quruculuğu sahəsində
köklü islahatlar aparmaq, dövlət idarəçiliyini
azərbaycanlaşdırmaq kimi mühüm tarixi vəzifə
də istiqlalçıların çiyninə
düşürdü. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin
apardığı məqsədəyönlü siyasət nəticəsində
dövlət idarələri tədricən milli dil
praktikasına yiyələnməyə
başlamışdı. Məhz həmin dövrdə milli
kadrların məsul vəzifələrə gətirilməsi ənənəsi
yarandı.
Milli
kadrların formalaşmasına, ümumən xalqın
savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən
Azərbaycan hökumətinin başlıca vəzifələrindən
biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil
müəssisələrinin yaradılması idi. Ona görə
də 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim
kadrları hazırlayan Darülmüəllim
açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi
ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan
bölməsi Gürcüstanın Qori şəhərindən
Qazaxa köçürüldü. Yüz nəfər tələbə
ali təhsil almaq məqsədilə xarici ölkələrə
göndərildi. Məktəblərin milliləşdirilməsinə,
latın əlifbasına keçmək üçün
hazırlıq işlərinə başlanıldı. 1919-cu
ildə artıq Azərbaycanda 700-ə qədər məktəb
vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ
köhnə düşüncənin hökm sürdüyü
bir şəraitdə, qızların məktəbə cəlb
olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin
2 mini qızlardan ibarət idi.
Azərbaycan
yenə də elm, maarif və mədəniyyətin, siyasi,
ictimai və ədəbi fikrin aparıcı istiqamətlərində
Yaxın Şərq məkanında irəlidə gedirdi. Təsadüfi
deyil ki, Məmməd Əmin Rəsulzadə bu
öncüllükdən iftixar duyğusu ilə söz
açırdı: "Şərq ölkələri
arasında ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı
azərbaycanlı, məzhəb
uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı,
əlifba islahatını ilk düşünən azərbaycanlı,
nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət
elan edən də azərbaycanlıdır" (Məmməd Əmin
Rəsulzadə. Əsrimizin Səyavuşu. Çağdaş
Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan
tarixi. Bakı, 1991, s. 40).
Cümhuriyyət
düşüncəsi milli olduğu qədər də,
özünütəsdiq iradəsinə sahib olduğu qədər
də ümumbəşəri səciyyə
daşıyırdı. Azərbaycan ideologiyası hələ
əsrin əvvəllərindən bu istiqamətə
tuşlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti
Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə
7 dekabr 1918-ci ildə dövlətimizin ilk parlamentinin toplantısında
bildirmişdi: "Bir millət müstəqil və hürr
olmalı, hürr olduqdan sonra digər millətlərlə
ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir.
Bütün dünya millətlərinin bir "cəmiyyəti-əqvam"
vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir.
Bu "federasyon" cəbrlərlə deyil, təbii bir meyl və
arzu ilə hasil olmalıdır". Bu sözlərlə M.Ə.Rəsulzadə
əslində, Azərbaycan - dünya münasibətlərinin
mahiyyətini və istiqamətini açıqlamış,
beynəlxalq siyasətdə bu gün də aktual olan suveren
dövlətlərin hüquq bərabərliyi ideyasını
ortaya qoymuşdu.
Cümhuriyyət
qurucularının bir çoxu, həqiqətən, universal
şəxsiyyətlər idi. Onlar ölkənin ictimai, siyasi,
mədəni həyatında fəal iştirak edir, dövri mətbuatda
fəal çıxış edir, cəmiyyətdə fikir
mübadiləsinə geniş meydan açırdılar. Məmməd
Əmin Rəsulzadə siyasətdən klassik ədəbiyyat
problemlərinədək geniş bir mövzuda əsərlər
yazırdı. Əlimərdan bəy Topçubaşov
görkəmli jurnalist, publisist və siyasi xadim kimi
tanınırdı. Üzeyir bəy Hacıbəyov milli mədəniyyət
və musiqi tariximizdə bir çox yeni sahələrin əsasını
qoymuş dahi sənətçi olmaqla yanaşı, sərrast
məntiqə sahib mübariz bir publisist idi. Həmin dövrdə
bir müddət dövlətin rəsmi orqanı olan "Azərbaycan"
qəzetinin baş redaktoru kimi şərəfli bir vəzifəni
aparırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu kimi böyük türk dünyasının məfkurəsini
yaradan mütəfəkkirlər milli ideologiya, humanitar elmlər
və ədəbiyyat çevrəsində də vicdanla
çalışır, ictimai şüurun inkişafına təkan
verirdilər.
Təsadüfi
deyil ki, o dövrdə dünya mədəniyyətinin bir
sıra dahi sənətkarlarının - Firdovsi, Sədi, Rumi,
Xəyyam, Şekspir, Molyer, Bayron, Hüqo, Puşkin, Krılov,
Tolstoy və başqalarının əsərləri (əksəriyyəti
orijinaldan olmaqla) Azərbaycan dilinə tərcümə edilir,
oxunur və yayılırdı. Milli mədəniyyət
quruculuğu sahəsində görülən işlər incəsənət
dünyasını da hərəkətə gətirmişdi.
Yaradıcılığın qaynar mühitində Dövlət
teatrı, "İstiqlal" muzeyi, sənətkarlıq
emalatxanaları fəaliyyətə başladı. 1919-cu ilin
dekabrında açılmış "İstiqlal"
muzeyində milli dekorativ sənət nümunələri,
xalça və tikmələr, silahlar, əlyazmalar, kitablar,
"Qurani-Kərim"in nadir nüsxələri
toplanmışdı. "Molla Nəsrəddin", "Zənbur"
jurnalları ictimai satiranın klassik nümunələrini
yaradırdılar. Satirik qrafikanın banisi Əzim Əzimzadənin
bir karikaturasında ciblərində Denikini, Kolçak, və
Andraniki gəzdirən ingilis qəsbkarı təsvir
olunmuşdu. Bu, Azərbaycan sənətkarının öz
dövründə cərəyan edən hadisələrə
çox kəskin reaksiyasını sərgiləyirdi. Milli rəssamlıq,
teatr və musiqi sənətinin inkişafı onları yaradan
ilk azərbaycanlı peşəkarların coşqun fəaliyyəti
ilə bağlı idi. "Leyli və Məcnun" kimi zərif
klassik operanın yaradıcısı Üzeyir bəy Hacıbəyov
həm də Dövlət himninin, inqilabi marşların
müəllifi idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov
və həmin Himnin sözlərinin müəllifi Əhməd
Cavad, artistlərdən Hüseyn Ərəblinski, Hüseynqulu
Sarabski teatr və musiqimizin inkişafı sahəsində
qızğın fəaliyyət göstərirdilər. Əzim
Əzimzadə "Otello", "Aşıq Qərib",
"Dəmirçi Gavə" tamaşalarının bədii
tərtibatını hazırlamışdı. Bəhruz Kəngərli
Naxçıvan teatrında "Hacı Qara"
tamaşasına tərtibat vermişdi. Beləliklə, milli mədəniyyətin
bütün sahələrini inkişaf etdirməyin
yaradıcı pafosu, təbii ki, istiqlal ideallarını
geniş xalq kütlələrinə çatdırmaqda məqsədəyönlü
fəaliyyətlərin birləşmiş enerjisindən
doğurdu. Cəmi 23 ay içərisində bu qədər
geniş və hərtərəfli fəaliyyətin təmin
olunması xalqın ziyalı və ləyaqətli
övladlarının Azadlıq və İstiqlal ideallarına
sədaqətinin, öz həyat yollarını bütöv
bir millətin mübarizə yoluna çevirə bilməyin və
bu müqəddəs yolda hər cür fədakarlığa
hazır olmağın ən parlaq təcəssümü idi.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərlərini qorumaq ənənəsini yaratdı. Ümummilli liderimiz Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cümhuriyyət tariximizə istiqlaliyyətimizin sübhü kimi yüksək dəyər vermişdir. İftixarla qeyd etməliyik ki, Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri yeritdiyi böyük inkişaf siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir. 2007-ci ilin mayında Bakı şəhərinin İstiqlaliyyət küçəsində "İstiqlal Bəyannaməsi"nin həkk olunduğu Cümhuriyyət abidəsinin açılışında Prezident İlham Əliyev nitq söyləmişdir. 2008-ci il may ayının 28-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir" - söyləyən, "İstiqlal mücahidlərinin qurduğu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərdiyini" vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il Respublika Günü münasibətilə Cümhuriyyət abidəsini ziyarət edir.
Bir dəfə yüksələn və heç zaman enməyəcək bayrağımız indi paytaxtımızın "Bayraq meydanı"nda dünyanın ən möhtəşəm bayrağı kimi dalğalanır, Azərbaycanın hər bölgəsindəki, sərhəd və səngərlərindəki vətən bayraqlarının sanki bir ordu səfində irəliyə doğru yol göstərir. Qürurla yüksələn İstiqlal bayrağımız dalğalandıqca ulu öndərin "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" həqiqətini Vətən torpağına və bütün dünyaya bəyan edir. Bu bayraq bizi gələcəyə səsləyir. XX əvvəllərində Cümhuriyyət qurucularının canında və qanında coşan istiqlal idealları bizi bu bayrağı başımız üstə qaldırıb Qarabağa doğru zəfər yürüşünə səsləyir. Şuşa, Xankəndi və digər torpaqlarımızda xəyanət qurbanı olmuş bayraqlarımızı yenidən yüksəltməyə səsləyir.
Cavanşir
FEYZİYEV,
Milli Məclisin
deputatı,
fəlsəfə
doktoru
Xalq qəzeti.- 2011.- 27 may.- S. 3.