Binəqədidə Respublika Günü qeyd olunmuşdur

 

Binəqədi Rayon İcra Hakimiyyətində 28 May-Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları tərəfindən əvvəlcə ulu öndər Heydər Əliyevin RİH binası qarşısındakı büstünün önünə əklillərgül dəstələri qoyulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev iştirakçıları bayram münasibətilə təbrik edərək Şərqdə ilk demokratik respublikanın şərəfli tarixinə nəzər salmışdır. Natiq qısa bir zamanda demokratik respublikanın gördüyü böyük işlərdən danışmışdır. Qeyd etmişdir ki, həmin dövrdə müstəqil Azərbaycanda mühüm işlər həyata keçirilməklə yanaşı, müstəqilliyimizin fəlsəfəsi yaradılmışdır. Demokratik respublikanın şərəfli və dolğun fəaliyyəti bütün dünyaya Azərbaycan xalqının arzu və istəklərini müstəqil şəkildə həyata keçirmək iqtidarında olduğunu göstərmişdir. 23 ay ömrü olan demokratik respublikamız sonradan süquta uğrasa da, xalqımızın müstəqil yaşamaq arzusu ölməmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İbrahim Zeynalov və 283 saylı orta məktəbin tarix müəllimi Rəhilə Heydərli çıxış edərək bildirmişlər ki, əsrlərin mücadiləsi və mübarizəsi kimi XX əsrin əvvəllərində - 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: Milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımışdır.

Qeyd olunmuşdur ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur...Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir.

Sonda rayon icra hakimiyyəti və gənclər və idman idarəsi tərəfindən orta məktəblərin şagirdləri arasında "Doğma Azərbaycan" mövzusunda keçirilmiş bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 28 may.- S. 7.