Vətəndaş cəmiyyətinin formalaşdırılmasında medianın rolu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Nizami Rayon İcra Hakimiyyətində "Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətinin formalaşdırılmasında medianın rolu" mövzusunda birgə konfrans keçirib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov , millət vəkilləri Rasim Musabəyov Sədaqət Vəliyeva, 20-dək media rəhbəri , Nizami rayonunun ziyalıları, gənclər və tələbələr iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrini qoyublar. 

Konfransı giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarını qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Azərbaycan mətbuatına son illər göstərilən dövlət dəstəyinin artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, qəzetlərin maddi- texniki bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Tədbirin mahiyyəti və vacibliyi haqda ətraflı məlumat verən natiq konfransın dialoq şəklində davam etrdirilməsini təklif edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycanda demokratiya meyillərindən, milli mətbuatımızın inkişaf yolundan bəhs edib. Tədbirdə iştirak edən millət vəkilləri Rasim Musabəyov və Sədaqət Vəliyeva da çıxış edərək belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bundan sonra dialoq şəklində davam edən konfransda media rəhbərlərindən "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "Olaylar" İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "APA" İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Respublika" qəzetinin baş redaktorun müavini Hümmət Musayev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas rayon ictimayətini və gəncləri maraqlandıran sualları cavablandırdılar.

 

 

N.QƏDİMOĞLU

 

Xalq qəzeti.- 2011.- 28 may.- S. 7.