Müsəlman
Şərqinin ilk demokratik parlamenti
Azərbaycanın dövlət müstəqilliyi
əbədidir, dönməzdir və bizim qarşımızda
duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi
etməkdən ibarətdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Xalqımızı milli müstəqilliyə aparan
yol nə qədər keşməkeşli, çətin olsa
belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda
fəxr və qürur hissi doğurur: 93 il əvvəl -
1918-ci il mayın 28-də müsəlman Şərqində
müstəqilliyini ilk bəyan edən respublika olmuş Azərbaycan
tarixən can atdığı, mübarizə
apardığı azadlıq idealına qovuşmuşdur.
Müsəlman Şərqində ilk demokratik, hüquqi və
dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi,
yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş
cəmiyyətinin formalaşmasına təkan verən
çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi
xalqımızın zəngin dövlətçilik ənənələrinə,
yüksək milli qürura, yenilikçi düşüncə
tərzinə malik olmasının parlaq təcəssümüdür.
Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti ilk gündən müstəqilliyi
qoruyaraq inkişaf etdirməyi, xalqın firavan həyat tərzinə
nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin
müdafiəsində dayanmağı mühüm vəzifələri
kimi müəyyənləşdirmişdir. Tarixi faktlara nəzərən
Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər
mürəkkəb və çətin mərhələdə
belə, demokratik ideallardan geri çəkilmədiyini, hər
bir vətəndaşın hüquq və
azadlıqlarının təmini istiqamətində qətiyyətli
addımlar atdığını, ədalətə və
qanunçuluğa tapındığını,
maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə
söyləmək olar. Elmi-mədəni, siyasi və iqtisadi
intibaha zəmin yaradan islahatların həyata keçirilməsi
və demokratik ruhlu qanunvericilik sisteminin
formalaşdırılması göstərir ki, cümhuriyyəti
yaradanlar o dövrün mütərəqqi ideya və saf
düşüncəsi əsasında formalaşmış vətənpərvər
insanlar, dəyərli ziyalılar olmuşlar. Bu
düşüncə sahibləri azərbaycançılıq,
türkçülük, islamçılıq, müasirlik,
dövlətçilik kimi anlayışlara yüksək etiqad
göstərmiş, xalqda milli özünüdərki, milli
ruhu gücləndirməyə xidmət edən qətiyyətli
addımlar atmışlar.
Cümhuriyyətin
müxtəlif sahələrdə ciddi uğur
qazanmasını şərtləndirən, eyni zamanda onun səmərəli
daxili və xarici siyasətini təmin edən mühüm
amillərdən biri də müsəlman Şərqində
ilk dəfə olaraq 1918-ci ilin dekabrında demokratik seçkilər
yolu ilə çoxpartiyalı parlamentin (Məclisi-Məbusan)
yaradılması olmuşdur. Bundan xeyli əvvəl Azərbaycan
Parlamenti 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli
Şura adı altında fəaliyyət göstərmiş,
44 nəfər müsəlman-türk nümayəndədən
ibarət bu qanunverici qurum qısa zamanda 10 iclasını
keçirərək mühüm tarixi qərarlar qəbul
etmiş, ölkənin idarə olunması məsuliyyətini
üzərinə götürmüşdü. Milli
Şuranın qısa zamanda qəbul etdiyi "Azərbaycanın
dövlət müstəqilliyinin elan edilməsi
haqqında", "Birinci Müvəqqəti hökumətin
tərkibi haqqında", "İkinci Müvəqqəti
hökumətin tərkibi haqqında", "Müvəqqəti
hökumətin hüquq və vəzifələri
haqqında", "Milli Şuranın buraxılması
haqqında" və "Azərbaycan parlamentinin
yaradılması haqqında" qanunlar milli qanunvericiliyin
inkişafı baxımından böyük əhəmiyyətə
malik idi.
Həmin
dövrdə yaranmış mürəkkəb siyasi vəziyyətə
uyğun olaraq Azərbaycan Milli Şurası üzvlərinin
"humanizm" prinsipindən çıxış edərək
İrəvanı ermənilərə paytaxt kimi güzəştə
getmələri isə təəssüf doğuran hal kimi qiymətləndirilməlidir.
Bu barədə qərar
Milli Şuranın 29 may 1918-ci il tarixli iclasında
verilmişdi. İclasın 3 saylı protokoluna görə,
F.X.Xoyski Milli Şurada erməni Milli Şurası ilə
apardığı danışıqların nəticələri
barədə məruzə etmiş, "erməni
federasiyasının yaradılması üçün onlara
siyasi mərkəz lazım olduğunu",
"Gümrünün Türkiyəyə keçməsindən
sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi
haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə
güzəştə gedilməsinin zəruri olduğunu
bildirmişdir".
Milli
Şurada səsvermədə şura üzvlərindən 16 nəfəri
İrəvanın güzəştə gedilməsinin lehinə,
1 nəfər əleyhinə səs vermiş, 3 nəfər
bitərəf qalmışdı. Bu məsələ Milli
Şuranın 1 iyun 1918-ci il tarixli iclasında yenidən
gündəliyə daxil olunmuş, şura üzvləri
iclasda İrəvanın ermənilərə güzəştə
gedilməsinə etiraz etmişdilər. Sonda Milli Şura bu
etirazı müzakirə etmədən iclas protokoluna əlavə
etməyi qərara almışdı. İrəvanın ermənilərə
güzəştə gedilməsi sonrakı mərhələdə
bədnam qonşularımızın daha böyük torpaq
iddiaları ilə çıxış etmələrinə gətirib
çıxardı. Prezident İlham Əliyev 18 yanvar 2008-ci
ildə Ağdam rayonuna səfəri zamanı bu məsələ
ilə bağlı demişdi: "İndiki Ermənistan
dövləti tarixi Azərbaycan torpağında
formalaşıbdır. İrəvan şəhərini Azərbaycan
Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana
hədiyyə edibdir. Yumşaq desək, o da böyük səhv
idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda
İrəvan şəhərini Ermənistana
bağışlamışdır. İrəvan
xanlığı əzəli Azərbaycan
torpağıdır. Ermənilər bu bölgəyə qonaq
kimi gəlmişdilər. Ona görə haqq-ədalət,
tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi
potensial - bütün bu amillər tərəzinin bir
gözündə, Ermənistanın qeyri-konstruktiv və
heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin
başqa gözündədir".
İyunun
17-də Milli Şura fəaliyyətini müvəqqəti
dayandırmaqla, qanunverici və icraedici hakimiyyətin - 6 aydan
gec olmayaraq Müəssislər Məclisi çağrılmaq
şərti ilə - F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan
müvəqqəti hökumətinə verilməsi haqqında
iki mühüm qətnamə qəbul etmişdi. Müvəqqəti
hökumət həmin ilin iyun ayından noyabrınadək
qanunverici orqanın səlahiyyətlərini həyata
keçirmiş, cəmiyyət həyatının müxtəlif
sahələrini tənzimləyən qanunlar qəbul
etmişdi. 1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu
hökuməti ilə Azərbaycan Respublikası arasında
dostluq müqaviləsi"nin imzalanmasını bu baxımdan
xüsusi qeyd etmək lazımdır. 11 maddədən ibarət
bu müqavilə cümhuriyyətin xarici dövlətlə
imzaladığı ilk rəsmi sənəd olmuşdur.
Strateji əhəmiyyətə malik sənədin 4-cü maddəsində
"Dinclik və asayişi möhkəmləndirmək ölkənin
təhlükəsizliyinin təmini üçün əgər
zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan
Respublikasına hərbi yardım göstərməyi üzərinə
götürür" müddəasının əksini
tapması iki ölkə arasında münasibətlərin
strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini
göstərirdi. Ölkənin müdafiə qabiliyyətini, təhlükəsizliyini
təmin etmək istiqamətində digər mühüm
addım isə Nazirlər Şurasının 1918-ci il 26 iyun
tarixli 164 saylı sərəncamı əsasında Azərbaycan
Milli Ordusunun yaradılması, avqustun 11-də isə "Hərbi
mükəlləfiyyət haqqında" qərarın qəbulu
olmuşdu.
Xalqda
milli özünüdərki gücləndirməyə xidmət
edən digər mühüm addım 1918-ci il iyunun 27-də
"Azərbaycan dilinin dövlət dili elan edilməsi
haqqında" fərmanın imzalanması idi. Həmin il
iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri olan qırmızı bayraq dövlət
bayrağı kimi qəbul olunmuşdu. (Noyabrın 9-da isə
həmin bayraq üçrəngli - yaşıl,
qırmızı və mavi zolaqdan ibarət olan bayraqla əvəz
edildi). Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin
himninin qəbul edilməsi, milli valyutanın - manatın
dövriyyəyə buraxılması məhz milli müstəqilliyin
möhkəmləndirilməsinə xidmət edirdi. Bundan
başqa, avqustun 23-də qəbul olunmuş "Azərbaycan
Xalq Cümhuriyyətinin vətəndaşlığı
haqqında" qanun müstəqil respublika üçün
mühüm əhəmiyyət daşıyırdı.
F.X.Xoyski
hökumətinin qanunvericilik sahəsində mühüm
addımlarından biri də 1918-ci il iyul ayının 15-də
Fövqəladə Təhqiqat Komissiyasının
yaradılması idi. Bu qərarla komissiya qarşısında
Birinci Dünya müharibəsi illərində Zaqafqaziya ərazisində
müsəlmanlara qarşı törədilən vəhşilikləri
və onların əmlakına edilən qəsdlə
bağlı məsələləri araşdırmaq, bu
işdə günahkar olanları aşkarlamaq və onları
məhkəmə məsuliyyətinə cəlb etmək vəzifəsi
qoyulmuşdu.
1918-ci il
sentyabın 15-də isə türk generalı Nuru
Paşanın başçılıq etdiyi Qafqaz İslam
Ordusunun bilavasitə köməyi ilə Bakı şəhərinin
erməni-daşnak birləşmələrinin
yaratdıqları qondarma "Sentrokaspi diktaturası"ndan
azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin formalaşdırılması ilə bağlı
mütərəqqi təşəbbüslərin
reallaşmasına münbit zəmin yaranmış oldu.
Sentyabrın 17-də paytaxt Gəncədən Bakıya
köçdükdən sonra isə Cümhuriyyət hökuməti
istər ictimai-siyasi, istərsə də təsərrüfat
və mədəni quruculuq sahəsində mühüm tədbirlər
həyata keçirməyə başladı. İlk növbədə,
Müəssislər Məclisinin
çağırılması işinin təşkili
üçün Nazirlər Şurasının sədri, daxili
işlər və xalq maarif nazirlərindən ibarət
komissiya yaradıldı.
1918-ci il
iyunun 17-də Gəncədə fəaliyyətini
dayandırmış Azərbaycan Milli Şurası noyabrın
16-da Bakıda öz işini yenidən bərpa etdi. Həmin
gün keçirilən iclasda F.X.Xoyski hökumətin işlərinin
çoxluğunu əsas gətirərək Müəssislər
Məclisinin çağırılması üçün
hazırlıq işlərinin Milli Şuraya həvalə
olunmasını təklif etdi. Cümhuriyyət rəhbərliyi
Azərbaycan parlamentini (Məclisi-Məbusanı) mümkün
qədər tez formalaşdırmağa
çalışır, bunu bir tərəfdən milli hakimiyyəti
qanuniləşdirmək, digər tərəfdən dövlət
idarəetməsini demokratik prinsiplər əsasında
formalaşdırmaq istəyi ilə əsaslandırırdı.
"Azərbaycan parlamentinin yaradılması haqqında"
qanun layihəsinin qısa zamanda hazırlanaraq noyabrın 19-da
qəbulu da məhz bu məqsədə xidmət edirdi. Qanun
siyasi-hüquqi hadisə kimi təqdirəlayiq olmaqla,
seçkilərin keçirilməsi üçün
hüquqi baza yaradırdı.
"Azərbaycan
parlamentinin yaradılması haqqında" qanuna əsasən,
hər 24 min nəfərdən bir nümayəndə
hesabı ilə parlamentdə təmsil olunması qaydası
müəyyən edilirdi. Bu prinsiplə parlamentdə müsəlmanların
80, ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin
1 nümayəndə ilə təmsil olunmaları nəzərdə
tutulmuşdu. Ümumilikdə, Azərbaycan Parlamentinin 120 nəfərdən
ibarət olmaqla formalaşdırılması qərara
alınmışdı. Parlamentə seçiləcək 21
erməni nümayəndəsindən 8-i Gəncə, 8-i
Şuşa, 5-i Bakı erməni komitələrindən
seçilməli idi. Bakıdakı rus əhalisindən Rus
Milli Şurası 10, alman əhalisi milli təşkilatından
1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən
1 və polyak komitəsindən 1 nəfər nümayəndə
göndərilməli idi. Bundan əlavə, qanunda Azərbaycan
Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatının
3, Bakı Sənaye-Ticarətin isə 2 nümayəndəsinin
göndərilməsi nəzərdə tutulmuşdu. Məhz
bu bölgü prinsipi Azərbaycan sərhədlərini dəqiqləşdirməklə,
parlamentdə bütün bölgələrin təmsilçiliyinə
imkan verirdi. Ümumiyyətlə, qanun siyasi, sinfi, dini, milli,
cinsi fərqləri nəzərə almadan səsvermə
hüququna malik bütün vətəndaşların
iştirakını təmin edirdi. Demokratik ideallara yüksək
sadiqlik göstərən Cümhuriyyət hökuməti
qanunla qadınlara səsvermə hüququnun verilməsini də
təmin etmişdi. Qadınlara seçki hüququnun verilməsi
nəinki Şərqdə, bütün dünyada mütərəqqi
bir hadisə olmaqla yanaşı, insan hüquqlarının
qorunması və hüquq bərabərliyi kimi dünyəvi
problemlərin həllinə Azərbaycan xalqının verdiyi
dəyərli töhfə idi.
Parlamentin
açılışı 1918-ci il dekabrın 3-nə nəzərdə
tutulsa da, ingilis komandanlığının Azərbaycan
hökumətinə ciddi təzyiqləri ilə bağlı
bir qədər yubadıldı. Britaniya
Krallığının baş qərargah rəisi S.Stoksun
mayor Rolansona göndərdiyi məktubda göstərilirdi ki, koalisiya
hökuməti müttəfiqlər komandanlığı tərəfindən
tanınmayınca, parlamentin açılışına imkan
verilməməlidir. Lakin bu və digər təzyiqlərə
baxmayaraq, 1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində
son dərəcə əlamətdar hadisə baş verdi.
Bakıda H.Z.Tağıyevin qız məktəbinin
binasında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Milli
Şuranın sədri M.Ə.Rəsulzadənin giriş
sözü və təbrik nitqi ilə açıldı.
Təsis
iclasında başda F.X.Xoyski olmaqla, Nazirlər
Şurasının bütün nümayəndələri
iştirak edirdi. "Müsavat" fraksiyasının təklifi
ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri,
Həsən bəy Ağayev onun müavini seçildi. Bitərəf
və ixtisasca hüquqşünas olan Ə.M.Topçubaşov
diplomatik və digər dövləti işlərlə əlaqədar
parlamentdə iştirak etmirdi. Parlamentin ilk iclaslarında Azərbaycan
parlamentarizmi ənənələrinin əsası
yaradıldı və qanunverici orqanın ən gənc
üzvü Rəhim bəy Vəkilov katib seçildi.
Azərbaycan
parlamentinin ilk iclasında müttəfiq (Antanta)
qoşunların komandanı general Tomsonun şəxsi nümayəndəsi
polkovnik Kokkerelin, İranın baş konsulu Sədülvüzarənin,
Dağlılar Respublikası hökumətinin sədri
T.Çermoyevin, bu hökumətin Azərbaycan hökuməti
yanındakı təmsilçisi Qantamirovun, Gürcüstan
Respublikasının təmsilçisi Karstvadzenin iştirak etməsi
isə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto
tanınması demək idi.
Cümhuriyyət
parlamentinin ilk iclasının yaddaqalan hadisələrindən
biri də "İttihad" fraksiyasından olan Q.Qarabəylinin
siyasi məhbuslara ümumi amnistiya verilməsi təklifi ilə
çıxış etməsi oldu. Bu məqsədlə 5 nəfərdən
ibarət işçi heyəti yaradıldı və "Azərbaycan
parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi"
adlanan ilk qanun qəbul olundu.
Parlamentin
ilk iclaslarında ayrı-ayrı partiyaların fraksiya və
qrupları fəaliyyət proqramları haqqında da bəyanatlar
verirdilər. Bu bəyanatlarda isə ümumi məqsədlər
diqqəti cəlb edirdi: gənc Azərbaycan Cümhuriyyətinin
müstəqilliyi və ərazi toxunulmazlığını,
milli və siyasi hüquqlarını qoruyub saxlamaq; Azərbaycan
xalqının və hökumətinin digər xalqlar və
hökumətlərlə, xüsusilə qonşu hökumətlərlə
dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək;
respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar
etmək; geniş sosial islahatlar həyata keçirmək;
ölkəni müdafiə edə biləcək güclü
ordu yaratmaq.
Cümhuriyyət
parlamentində qəbul olunmuş bəzi qanun və bəyannamələr
insan hüquq və azadlıqlarının qorunmasına xidmət
edir, hər bir fərdin sosial mənafeyinin təminatına
yaxşı imkanlar yaradırdı. Məsələn,
"İşçi məsələsi"nə dair bəyannamə
ilə fəhlələrə 8 saatlıq iş
gününün müəyyən edilməsi, həftədə
bir günlük istirahətin verilməsi parlamentin vətəndaşların
əmək hüquqlarının qorunması məsələsinə
həssas münasibətini göstərirdi. Bəyannamə
işçilərin qanunla müəyyən edilmiş vaxtdan
artıq, eləcə də axşam saat 9-dan səhər saat
6-dək işlədilməsinə qadağa qoyurdu. 16
yaşına qədər yeniyetmələrin işləməsinin
qadağan olunması; 16 yaşından 18 yaşınadək gənclər
üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi;
qadınların zərərli işlərdə
çalışmasının yasaq olunması; hamilə
qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə
6 həftə ərzində əvəzi ödənilməklə
məzuniyyətin verilməsi insan hüquqlarına yüksək
hörmətin bariz təcəssümü idi.
Cümhuriyyət
parlamenti fəaliyyətində xalq maarifinin inkişafı məsələlərinə
də xüsusi yer ayırırdı. Maarif işinin yüksək
səviyyədə təşkili, tədris və
teatr-tamaşa müəssisələrinin milliləşdirilməsi,
yeni tədris müəssisələrinin açılması,
orada dərs deyən müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması məsələləri
Məclisi-Məbusanın diqqət mərkəzində idi.
Xüsusilə də Bakı Dövlət Universitetinin
açılıb-açılmaması məsələsi bir
neçə ay müddətində qızğın
müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə
ciddi mübahisələr getmişdi. Bəzi deputatlar
universitetdə dərs demək üçün yüksək
ixtisaslı milli kadrların olmaması səbəbindən
universitetin rus dilində açılması təklifi ilə
çıxış edirdilər. Bununla bağlı əsasən
"İttihad" və "Əhrar" partiyalarından
olan nümayəndələr təkliflər irəli
sürürdülər. Onlar universitetin rus dilində
açılmasını Azərbaycanda ruslaşdırma siyasətinin
davam etdirilməsi kimi başa düşürdülər.
"Müsavat" və sosialistlər fraksiyasından olan
deputatlar isə universitetin rus dilində
açılmasının heç bir təhlükə
törətmədiyini bildirir, universitetə daha çox azərbaycanlı
tələbələrin cəlb olunmasını, onların
milli kadrlar kimi yetişdirilməsi və bu yolla universitetdə
təhsilin tədricən azərbaycanlılaşdırılmasının
vacibliyini önə çəkirdilər.
"Bakı
Universitetinin təşkil olunması haqqında" qanun layihəsi
parlamentin üç iclasında - avqustun 21-də birinci,
avqustun 25-də ikinci və sentyabrın 1-də
üçüncü oxunuşdan keçərək təsdiq
edilmişdi. Parlamentlə yanaşı, Azərbaycan hökuməti
də universitetin maddi-texniki təchizatı, pedaqoji
kadrların cəlb olunması, müvafiq binaların
ayrılması üçün bütün tədbirləri
görmüşdü. Universitetin yarandığı 1919-cu
ildə akademik səviyyədə təhsil almış azərbaycanlıların
sayı barmaqla sayılacaq qədər az idi. Onların da
istisnasız olaraq hamısı xaricdə - xüsusilə
Rusiyada, Fransada, Almaniyada, İtaliya və İngiltərədə
təhsil almışdı. Bundan əlavə, o dövrdə
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət son
dərəcə mürəkkəb idi. Belə bir şəraitdə
ali təhsil ocağı yaratmaq fikrinə düşməyin
özü də çətin və perspektivsiz
görünürdü. Bununla belə, xalqın elmə, təhsilə
olan güclü meyli Bakı Dövlət Universitetinin
yaranması ilə nəticələndi.
Azərbaycanda
elm və təhsilin inkişafı, milli kadrların
yetişdirilməsi üçün xarici ölkələrin
müxtəlif ali məktəblərində təhsil almaq
üçün azərbaycanlı tələbələrin
xaricə göndərilməsi sahəsində də
Cümhuriyyət Parlamenti və hökuməti mühüm
işlər görmüşdü. Azərbaycan hökumətinin
100 nəfər azərbaycanlı gənci xarici ali məktəblərdə
təhsil almaq üçün dövlət hesabına xarici
ölkələrə göndərmək haqqında
hazırlanmış qanun layihəsi parlamentdə geniş
müzakirə edilərək qəbul olunmuşdu. 1919-cu il
sentyabrın 1-də Azərbaycan parlamenti xaricə göndərilən
tələbələr üçün 7 milyon rubl vəsait
ayrılması haqqında qərar
çıxarmışdı. Xaricə göndəriləcək
tələbələri seçmək üçün
parlament üzvləri - Məmməd Əmin Rəsulzadə,
Mehdi bəy Hacinski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov
və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi
komissiya yaradılmışdı. 1919-1920-ci tədris ilində
cəmi 100 abituriyent və tələbənin xaricə
göndərilməsi nəzərdə tutulmuşdu.
Abituriyentlər arasından seçilmiş yüz nəfər
daha çox ümidverici gəncdən 45 nəfəri
Fransanın, 23 nəfəri İtaliyanın, 10 nəfəri
İngiltərənin, 9 nəfəri isə Türkiyənin
müxtəlif ali məktəblərinə göndərilmişdi.
Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə
tutulan 13 nəfər gənc Rusiyada vətəndaş
müharibəsinin davam etməsi ilə əlaqədar olaraq
oraya gedə bilməmişdi. Avropaya göndərilən gənclərin
hər birinə 1000 frank yol xərci və 400 frank hər ay vəsait
ayrılması nəzərdə tutulurdu.
Cümhuriyyətin
parlamenti və hökuməti 1918-ci il mart
soyqırımının da təhqiqatının
aparılmasını diqqətdə saxlayaraq bununla
bağlı Fövqəladə Təhqiqat Komissiyası
yaratmışdı. O dövrdə qarşıda duran
başlıca vəzifələrdən biri də Azərbaycanın
istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına
nail olmaqdan ibarət idi. Bunun üçün hələ
1918-ci ilin yayında M.Ə.Rəsulzadənin rəhbərliyi
ilə İstanbula nümayəndə heyəti göndərilmiş,
sentyabrında isə Ə.M.Topçubaşov da onlara
qoşulmuşdu. Bu nümayəndələrin məqsədi
İstanbulda olan xarici ölkələrin diplomatik nümayəndəliklərinin
vasitəsi ilə həmin ölkələrlə əlaqələr
yaratmaq və onlar tərəfindən Azərbaycanın
müstəqilliyinin tanınmasına nail olmaq idi. Lakin 1918-ci
ilin payızında Almaniyanın və onun müttəfiqlərinin
I Dünya müharibəsində məğlub olması vəziyyəti
çətinləşdirirdi.
1918-ci il
oktyabrın 30-da Türkiyə ilə İngiltərə
arasında bağlanan "Mudros" sazişinə görə
türklər Zaqafqaziyanı, o cümlədən Azərbaycanı
tərk etməli oldular. Onların yerini general Tomson başda
olmaqla ingilis qoşunları tutdu. Azərbaycan hökuməti,
eləcə də parlament respublikanın müstəqilliyinin
1920-ci il
aprelin 22-də Azərbaycan Cümhuriyyəti Parlamenti
süqutundan beş gün əvvəl Paris Sülh
konfransında missiyasını uğurla yerinə yetirmiş
nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində
(İngiltərə, Fransa, İtaliya, İsveçrə,
Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər
açmaq haqqında qanun qəbul etdi. Müzakirələr
zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan
hökumətinin bütün ciddi səylərinə
baxmayaraq, onu de-fakto belə tanımayan Sovet Rusiyasında da
nümayəndəliklərin açılmasını təkid
edərək buna nail oldular.
1918-ci
ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan
xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən
bu nemətin şirinliyini uzun müddət dada bilmədi: milli
hökumət 1920-ci ilin 28 aprelində bolşevik qaragüruhu
tərəfindən devrildi, ölkə işğala məruz
qaldı. Xalqın şüurunda dərin iz salmış milli
müstəqillik və dövlətçilik amalı növbəti
dəfə amansızlıqla boğuldu, respublikamız uzun illər
sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət
göstərməyə məcbur oldu.
70 il
totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan
xalqının qəlbində bir müstəqil dövlətçilik
idealı kök salmışdı. Ötən əsrin
60-cı illərinin sonunda Azərbaycanda siyasi hakimiyyətə
irəli çəkilən ulu öndər Heydər Əliyev
ilk gündən həyata keçirdiyi tədbirlərlə
xalqın gələcək müstəqilliyinə iqtisadi,
siyasi və hüquqi zəmin hazırlamağa
çalışmış, bu məqsədlə
genişmiqyaslı tədbirlər həyata
keçirmişdir. Ümummilli lider həmin illərdə
müstəqil Azərbaycan üçün möhkəm
siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi
parlamentarizm ənənələrinin də əsasını
qoymuş, yüksək siyasi iradə göstərərək
qanunverici orqanın xalqın milli maraqlarına uyğun
çevik və işlək fəaliyyətini təmin
etmişdir. Ötən əsrin 50-60-cı illərində
respublikada milli-mənəvi dirçəliş istiqamətində
müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə
kompleks tədbirlər məhz Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildiyi vaxtdan başlanmışdır. Ümummilli lider
böyük hakimiyyət ustadı kimi bütün dövlət
hakimiyyəti orqanlarının, o cümlədən parlamentin
işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə,
milli dirçəliş siyasətinin reallaşmasına
yönəltmişdir. Xüsusi xatırlatmaq lazımdır
ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli
bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dövründə - keçmiş ittifaqda analoqu olmayan
memarlıq üslubunda inşa edilmişdir.
1991-ci ildə
Azərbaycan özünün dövlət müstəqilliyini
elan etsə də, bu, əslində, formal xarakter
daşımış, yalnız 1993-cü ildə ümummilli
lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının bərqərar
olması fundamental mahiyyət kəsb etməyə
başlamışdır. Bu mərhələdən etibarən
respublikada müstəqil dövlət təsisatları
formalaşmış, ilk müstəqil milli Konstitusiya qəbul
olunmuş, parlamentə ilk seçkilər
keçirilmişdir. Bütün bunlar respublikamızın
demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni
mərhələnin əsasını qoymuşdur.
Böyük
strateq Heydər Əliyevin lider və şəxsiyyət kimi
böyüklüyü həm də əsasını
qoyduğu strateji siyasi kursun davamlılığını təmin
etməsilə şərtlənir. 2003-cü ilin 15
oktyabrında xalqın iradəsilə Azərbaycan Prezidenti
seçilmiş İlham Əliyev parlamentin ölkə həyatındakı
rolunu yüksək dəyərləndirmiş, onun maddi-texniki
bazasının yeniləşməsi, iş üsul və vasitələrinin
müasirləşdirilməsi prosesinə öz töhfəsini
vermişdir. Dövlət başçısının təşəbbüsü
ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati
binası əsaslı şəkildə ən müasir səviyyədə
təmir edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir
sözlə, deputatların səmərəli və normal fəaliyyəti
üçün bütün zəruri tədbirlər həyata
keçirilmişdir. 2008-ci ildə Azərbaycan Parlamentinin
yaranmasının 90-cı ildönümü təntənəli
şəkildə qeyd olunmuş, bu əlamətdar tədbirdə
dərin nitq söyləyən dövlət
başçısı İlham Əliyev Azərbaycan
Respublikası Milli Məclisinin hüquqi dövlət
quruculuğu sahəsindəki fəaliyyətini yüksək
qiymətləndirmişdir.
2010-cu
ilin noyabrında keçirilmiş seçkilər nəticəsində
formalaşmış IV çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu
nitq söyləyən Prezident İlham Əliyev demişdir:
"Azərbaycanda demokratiyanın inkişafı təmin
edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu
işində çox vacib işlər
görülmüşdür. Demokratiya bizim şüurlu
seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi
uğurla inkişaf edir. Ölkədə bütün
azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan
azadlığı, sərbəst toplaşmaq
azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə
siyasi sistemin formalaşması işində çox vacib
addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə
sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə
Milli Məclis bu gözəl ənənələrini daha da
möhkəmləndirəcəkdir".
Bütün
bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə formalaşmış parlamentarizm ənənələri
keyfiyyətcə yeni mərhələdə yaşayır,
inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə
töhfə verir. Heydər Əliyevin dövlətçilik
ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi
üzərinə düşən məsuliyyətli
missiyanı uğurla yerinə yetirməyə, dövlətin
və xalqın maraqlarının keşiyində layiqincə
dayanmağa çalışır, habelə dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən mütərəqqi siyasi,
iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini
verir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2011.- 28 may.- S. 5.