Kürdəmir rayonunda sosial-iqtisadi inkişaf uğurla davam edir

 

Ölkənin hər yerində olduğu kimi, Kürdəmir rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələr uğurla yerinə yetirilir. Son illərdə dövlətin qayğısı ilə rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, sahibkarlığın inkişaf etdirilməsi, abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması və nəticədə əhalinin rifah halının yüksəldilməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.

 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar Kürdəmir rayonunda keçirilmiş yığıncaqda ətraflı söhbət aparılmışdır. Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov doqquz aylıq hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, 2011-ci ilin ilk doqquz ayı Kürdəmir rayonunun sosial-iqtisadi həyatı üçun uğurlu olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonda uğurla həyata keçirilməkdədir. Hesabat dövrü ərzində rayonda 483 yeni iş yeri yaradılmışdır ki, onun da 398-i daimidir. Doqquz ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumdaxili məhsul istehsalı 7,3 faiz artaraq 165 milyon 733 min manata çatmışdır. Aqrar islahatların uğurla həyata keçirilməsi, aqrar sahədə sahibkarlığın inkişafı üçün yaradılmış işgüzar şərait və bu sahəyə ardıcıl olaraq göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorda bitkiçilik və heyvandarlığın inkişafına diqqət daha da artırılmışdır. Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzindədir. Kartof, tərəvəz və bostan bitkilərində də artım müşahidə olunmuşdur. Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilən kombaynlarla birlikdə zəmilərə 130 ədəd kombayn çıxarılmış, 25 gün müddətinə 34 min 775 hektar sahənin taxılı biçilmişdir. Kənd təsərrüfatı işlərinin vaxtında və optimal müddətdə görülməsində "Aqrotexservis"xidmətinin təşkili mühüm əhəmiyyət kəsb etmişdir. İstehsalçılara 500 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr satılmış, əkinlərə 2500 tondan çox üzvü gübrə verilmişdir.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 62,8 min başı, qoyun-keçilərin sayı 133,7 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 31,2 faiz, süd istehsalı 20,9 faiz, yumurta istehsalı 1,9 dəfə, yun istehsalı1faiz artmışdır. Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 10 kv-luq elektrik hava xəttinin 4,8 kilometr hissəsində əsaslı, 22,3 kilometr hissəsində cari və 04 kv-luq elektrik hava xəttinin 4,2 kilometr hissəsində əsaslı, 28,5 kilometr hissəsində isə cari təmir işləri aparılmışdır. Kəndlərdə olan elektrik transformatorlarından 31 ədədi əsaslı, 53 ədədi cari təmir edilmişdir. Abonentlərin mənzilinə 1435 ədəd 1 fazalı elektrik sayğacı quraşdırılmışdır.

Dövlət Proqramına uyğun olaraq cari ildə əhalinin qazla təchizatının yaxşılaşdırılması məqsədi ilə Ağsu-Kürdəmir orta təzyiqli qaz kəməri 31 kilometr məsafədə diametri 315 mm olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilmişdir. Rayonun Sığırlı kəndində kənddaxili qaz kəməri 101 kilometr məsafədə əsaslı təmir olunaraq, 1500 evin təbii qazla təchiz olunması üçün müxtəlif diametrli polietilen boru ilə qaz kəməri çəkilmişdir. Uzun illərdən bəri təbii qaz almayan Təklə kəndinin qaz təchizatı bərpa edilmişdir.

Dövlət Proqramına uyğun olaraq, əhalinin içməli suya olan təminatını yaxşılaşdırmaq məqsədilə su xətlərində təmir işləri aparılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə rayonun 10 kəndində modul tipli 137 bulaq inşa edilmişdir. İlin sonuna qədər daha 14 kənddə modul tipli sutəmizləyici qurğunun tikilməsi planlaşdırılır.

Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması üçün şəhərin Bakı prospektində 400 nömrəlik DS-200 tipli yeni EATS istimara verilmişdir. Kürdəmir Poçt filialının vasitəsi ilə rayon mərkəzində 2, kəndlərdə 26 poçt şöbəsi əhaliyə günün tələbləri səviyyəsində poçt və rabitə xidməti göstərir.

Rayon ərazisində müasir memarlıq tələbləri səviyyəsində tikintisi aparılan sənaye və sosial təyinatlı obyektlərin şəhərsalma prinsiplərinə, norma və qaydalarına uyğun ərazidə yerləşdirilməsi daim diqqət mərkəzində saxlanılmış, tikinti işlərinin yeni inşaat materiallarından istifadə olunmaqla keyfiyyətli aparılmasına nail olunmuşdur.

Şəhərin Heydər Əliyev prospektində abadlıq işləri aparılmış, prospektin başlanğıcında hündürlüyü 5 metr olan aqlay materialı ilə üzlənməklə prospektə giriş monumenti ucaldılmış və müasir işıqlanma sistemi quraşdırılmış, prospektdə səki bardürləri düzülmüş, mozaik tava döşənmiş, divarlar üzlənmiş, avtomobil körpüsündə yeni dekorativ metal məhəccər və 13 ədəd müasir işıq dirəyi quraşdırılmışdır. "Heydər parkı"nda əsaslı yenidənqurma işləri görülmüş və parkın görkəmi tamamilə yeniləşmişdir.

Məruzə ətrafında çıxış edənlər Kürdəmir rayonunda 9 ayda sosial-iqtisadi inkişafın yekunlarını yüksək qiymətləndirdilər.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 7.