Gəncədə
görülən işlər bu günün və gələcəyin naminədir
Şəhər icra hakimiyyətinin
9 aylığın yekunları ilə bağlı verdiyi
hesabat bunu deməyə əsas verir
Hesabat
o zaman maraqlı, diqqətçəkən olur ki, orada
görülən işlər konkret faktlarla, rəqəmlərlə
sadalanır, ünvan göstərilir, vəziyyət təhlil
edilir, qarşıda duran vəzifələr nəzərdən
keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin
2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş
hesabatı bu baxımdan olduqca maraqlıdır. Çünki
hesabatdan da göründüyü kimi, şəhərdə
elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin,
artım hiss olunmasın. Sənaye, əsaslı tikinti,
abadlıq-quruculuq işləri, nəqliyyat, ticarət və
xidmət sahələri, digər sosial sahələr bu ilin 9
ayında nəzərəçarpacaq dərəcədə
inkişaf edib. Qısaca da olsa nəzər salaq.
Artım göz
qabağındadır
Ötən
ilin müvafiq dövrünə nisbətən ümumi daxili məhsul
istehsalının həcmi bütün sahələr üzrə
artıb. Məsələn, keçən ilin 9 ayında sənaye
üzrə 74,3 milyon manatlıq məhsul istehsal
olunmuşdursa, bu ilin 9 ayında artıq həmin göstərici
85 milyon manata çatmışdır. Yaxud, bir il bundan əvvəl
29,7 milyon manatlıq tikinti-quraşdırma işləri
görülmüşdüsə, bu rəqəm indi 71,1 milyon
manatdır.
Şəhərin
sənaye müəssisələri də öz imkanlarından
maksimum istifadə etməyə başlayıblar.
Maraqlıdır ki, daha əvvəllər olduğu kimi,
istehsal olunan məhsulların əksəriyyəti anbarlarda
qalmır, satışa çıxarılır və onlara tələbat
aydan-aya artır.
Abadlıq işləri
müasirliklə qədimliyin qovuşması fonunda
aparılır
Hara
baxırsan iş gedir. Bankların fasadları, dam örtükləri,
küçələr, meydanlar, fəvvarələr, müxtəlif
tikililər öz görkəmini dəyişir. Maraqlı
burasıdır ki, tarixiliklə müasirlik sintez təşkil
edir. Həm tarixilik qorunur, həm də müasir nə varsa,
şəhərdə tətbiq olunur.
Bir
sözlə, həyata keçirilən şəhərsalma və
abadlaşdırma işləri dövrün
reallığına uyğun ən yüksək standartlara
müvafiq aparılır. Məsələn, ümummilli
liderimizin adını daşıyan Heydər Əliyev
meydanında əhalinin istifadəsinə veriləcək
ekranı 120 kvadratmetr olan monitorun qoyulması ilə əlaqədar
tikinti-quraşdırma işləri aparılır, musiqili fəvvarələr
kompleksi tamamilə yenidən qurulur.
Yaxın vaxtlarda şəhərin müxtəlif guşələrində - Şah Abbas məscidinin həyətində və ətrafında, Gəncə univermağı ilə üzbəüz meydanda qurulan fəvvarələrdən əlavə şəhərin müxtəlif ərazilərində daha 6 yeni fəvvarə inşa ediləcəkdir. Ofis və obyektlər sahibkarlar tərəfindən yenidən qurulur, müasirləşir, reklam və dizayn tərtibatı işləri tələblərə uyğun qaydaya salınır.
Şəhərin ayrı-ayrı prospektlərində və küçələrində yerləşən istehsal, ticarət, iaşə, xidmət və digər sosial-mədəni tikililərin, ümumən 35 küçədə 2250 obyektdən 1720-nin fasad və ətrafında aparılan təmir-bərpa və yenidənqurma işləri tamamlanmış, qalanında isə işlər davam etdirilir.
Ulu öndərin adını daşıyan 360 hektar ərazisi olan park yeni layihə əsasında qurulur, burada milli-memarlıq ənənəsi gözlənilməklə üçmərtəbəli, 4 min 500 kvadratmetr sahədə Heydər Əliyev Mərkəzinin binası və "Zəfər tağı" inşa olunacaq. Hazırda parkda layihə üzrə işlər sürətlə davam etdirilir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Şeyx Nizami Gəncəvinin məqbərəsində və onun ətrafında abadlaşma işləri aparılır, məqbərənin ornamentlərinin və digər elementlərin üzlənməsi üçün 13 min 350 kvadratmetr və 2 min 500 paqonometr qranitdən, 7 min 900 paqonometr aqlaydan istifadə edilmişdir. Son tamamlama işləri gedir. Şəhərin çoxmərtəbəli binalarının fasadları klassik memarlıq üslubunda, dam örtükləri metal keramiklə üzlənərək mansard formasında yenidən qurulur. Heydər Əliyev prospektində yerləşən 54 yaşayış binasının fasad hissələrinin görkəmi dəyişdirildikdən sonra qədimlik koloriti ilə diqqəti çəkəcəkdir.
Gəncəçayının sahilində - Əhməd Cəmil küçəsində 100 metr hündürlüyündə ucaldılacaq Azərbaycan Respublikasının Dövlət Bayrağı meydanında tikinti-quraşdırılma işləri davam etdirilməkdədir. Artıq inzibati binanın yanında dövlətimizin rəmzlərindən biri olan bayrağımız səmada dalğalanır.
Şəhərin Heydər Əliyev, N.Nərimanov prospektlərində, Ə.Məmmədov, V.Xuluflu, Vaqif, Zülfi Hacıyev, Avtozavod yolunda 550-dən çox müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Görkəmli dövlət xadimi Əziz Əliyevin və Mustafa Kamal Atatürkün adını daşıyan küçələrdə onların yeni barelyefləri qoyulmuş, ərazi abadlaşdırılmışdır. 100-dən artıq yaşı olan 500-ə yaxın qədim tikililərin ardıcıllıqla təmirinə başlanılmış və işlər davam etdirilməkdədir.
Hesabat dövründə 20,3 kilometr uzunluğunda və ya 699 min kvadratmetr şəhər və məhəllədaxili yollar təmir olunmuş, 187 min 200 kvadratmetr səkiyə asfalt salınmış və tamet döşənmiş, 182 min 690 poqonometr qranitdən səki daşları qoyulmuş, 47 min 25 poqonometr mövcud bort daşları təmir olunmuşdur. Qarşıdan gələn payız-qış mövsümündə əhalinin dam örtüklərinin təmiri ilə əlaqədar problemlərin aradan qaldırılması məqsədilə 837 mənzilin dam örtüyü və 29 yüksəkmərtəbəli binanın liftləri əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Cavadxan küçəsində ümumi uzunluğu 4 min metrə yaxın su, qaz, kanalizasiya və elektrik xətlərinin dəyişdirilməsi işləri başa çatdırılmış, küçədə yenidən qurulan yaşayış binalarının, bankların və digər xidmət obyektlərin fasadlarının yeniləşməsi qədimlik və müasirliyi ilə diqqəti cəlb edəcəkdir.
Şəhərin giriş avtomobil yolları genişləndirilir, yaşıllıq zolaqları salınır, gözoxşayan yeni obyektlər ucaldılır, yol boyunca yeni müasir işıqlandırma sistemi quraşdırılır. Yaşayış massivlərində və mikrorayonlarda sakinlərin arzuları nəzərə alınaraq məhəllələrdə abadlaşdırma, səliqə-sahman işləri davam etdirilir.
Şəhərdə yaşayış sahələrinin
artırılması, gül-çiçək
kollarının, ağacların əkilməsi,
suvarılması, onlara aqrotexniki
qaydada qulluq göstərilməsi
daim diqqət mərkəzində
saxlanılır. Bu dövrdə şəhər ərazisində 10 min ədəddən çox
ağac, 60 min 750 ədəd
gül və çiçəklər əkilmişdir.
1,2 hektar qazon-çəmənlik
salınmış, 5 ədəd subartezian
quyusu təmir olunaraq
yaşıllıqların suvarılması üçün
istifadəyə verilmiş, 13 ədəd
subartezian quyusu isə
qazılır. Qısa müddətdə şəhərdə
yerləşən parkların, xiyabanların
abadlaşdırılmasına, onların memarlıq
baxımından yüksək səviyyədə və
zövqlə yenidənqurulması, səliqə-sahman
yaradılması işlərinə
başlanılmışdır. Keçirilən
bu tədbirlər şəhər ictimaiyyəti
və əhali tərəfindən bəyənilir,
alqışlanır. Şəhər icra
hakimiyyəti başçısının Hacıkənd qəsəbəsində
məskunlaşmış məcburi köçkünlərlə
görüşündə onlar tərəfindən
qaldırılan problemlər öz
icrasını tapmış, məktəb binasında müasir istilik sistemi, qəsəbənin
işıqlandırılması üçün
işıqlanma sistemi
quraşdırılmışdır. Gəncə Şəhər
İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü
ilə "Azərdövlətlayihə" İnstitutu
tərəfindən Gəncə şəhərinin yeni baş planının
işlənib hazırlanması işləri davam
etdirilir. Qısa müddət
ərzində görülən bu geniş miqyaslı işlər dövlət
başçısı İlham Əliyevin
şəxsi tapşırığı və tövsiyələri
ilə yanaşı, Gəncə şəhərinə və
onun əhalisinə olan
diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Əhalinin gəlirləri
yüksəlir...
2011-ci ilin 9 ayında şəhər əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 681 milyon 266,5 min manat təşkil etmişdir. Adambaşına düşən həcmi isə 2 min 115,1 manat və ya ayda orta hesabla 235 manat olmuşdur. Ölkə vətəndaşlarının rifah halı yaxşılaşdırılmış, aztəminatlı əhalinin sosial müdafiəsi gücləndirilmişdir. 2011-ci ildə pensiyaçıların ümumi sayı 43 min 600 nəfər olmuş və bu keçən ilin eyni dövrü ilə müqayisədə əhalinin 0,13 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 136 manata çatmışdır.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Nizami Rayon şöbəsinin yeni inzibati binası tikilərək istifadəyə verilmiş, işçilərin iş şəraiti yaxşılaşdırılmış, müasir avadanlıqlarla təmin edilmişdir ki, bu da pensiyaçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcəkdir. Qarabağ əlillərinə, şəhid ailələrinə. məcburi köçkünlərə qayğı və mənəvi dayaq daim diqqət mərkəzində olmuşdur. Bu kateqoriyadan olanlarla mütəmadi görüşlər keçirilir, problemləri öyrənilir, onlardan həlli mümkün olan məsələlərə köməklik göstərilir.
Keçən dövr
ərzində 110 nəfər Qarabağ
müharibəsi əlili və şəhid ailəsinə 19 min 362 manat maddi
yardım göstərilmiş, 4 şəhid ailəsinin mənzili
təmir edilmişdir. Şəhid ailələri
və Qarabağ əlillərinin mənzil
şəraitlərinin yaxşılaşdırılması üçün Yeni Gəncə
yaşayış massivində 9 mərtəbəli 81 mənzilli
yaşayış binasının tikintisi davam etdirilir, gələn il isə 1 ədəd 9 mərtəbəli, 8
mənzilli binanın bünövrəsinin qoyulması nəzərdə
tutulmuşdur. Azərbaycan
Respublikasının azadlığı, suverenliyi
və ərazi bütövlüyü uğrunda həlak olmuş
Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə şəhər icra
hakimiyyəti başçısının müvafiq
sərəncamları ilə şəhərin 185 küçəsinə
şəhid övladlarımızın adı verilmişdir.
Sahibkarlıq fəaliyyəti
üçün əlverişli sərait
yaradılmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi strategiyanın mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bu ildə də davam etdirilmişdir. Şəhərin ən qabaqcıl və müasir infrastrukturla təmin edilməsi ilə yanaşı, iqtisadi imkanların və mövcud potensialın səfərbər olunması, yeni müəssisələrin tikintisi, iş adamları üçün əlverişli şəraitin yaradılması şəhər icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Şəhərdə yerli sahibkarlığın inkişafına əlverişli, münbit şərait yaradılmaqla, onların bütün qayğılarına diqqətlə yanaşılır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Gəncədə 9 sahibkara 2 milyon 235 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına 104 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda Gəncə
şəhəri üzrə nəzərdə tutulan
tədbirlərin uğurla icrası əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsinə
imkan vermişdir.
2003-cü ilin oktyabr
ayının 1-dən 2011-ci ilin oktyabr ayının 1-dək Gəncə
şəhərində 22 min 930 yeni iş yeri
yaradılmışdır ki, onun da 19 min
901 və ya 86,8 faizi daimi iş yerləridir. Hesabat dövrü ərzində
isə açılmış 2 min 853 yeni iş yerlərinin 89,8
faizi daimi iş yerlərinin payına düşür.
İnfrastruktur
yaxşılaşdırılır
Əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması üçün bir çox mühüm tədbirlər həyata keçirilmişdir. Şəhər energetikləri istehlakçıların, xüsusən də qarşıdan gələn payız-qış mövsümündə əhalinin fasiləsiz, daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində nəzərdə tutulan tədbirləri ardıcıllıqla həyata keçirirlər.
Gəncə şəhərində istehlak edilmiş elektrik enerjisinin dəyərinin vaxtında və tam məbləğdə ödənilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Məişət abonentlərinin mənzillərində 70367 ədəd "Smartkart" tipli sayğac quraşdırılmışdır. Bu tipli elektrik sayğaclarının quraşdırılması öz müsbət təsirini göstərməkdə davam edir. Artıq bütün elektrik enerjisi istehlakçıları ilkin ödənişli kart tipli sayğaclarla təchiz edilmişlər ki, bunun da nəticəsində əhali istehlakçı qrupu üzrə enerji haqqının tam həcmdə ödənişi müntəzəm olaraq hər ay təmin olunur. İstehlakçılar istifadə etdikləri elektrik enerjisinin dəyərini 105,2 faiz ödəmişlər. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
İqtisadiyyatın və əhalinin təbii qazla təmin edilməsi işlərinin icrası əsasən qaz sisteminin təkmilləşdirilməsi, yenidən qurulması, imkanların genişləndirilməsi və istismara yararlı vəziyyətdə saxlanılmasına yönəldilmişdir. Şəhərin müxtəlif ərazilərində əhalinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə mövcud polad boruların polietilen borularla əvəz edilməsi işləri davam etdirilir. 25 min poqonometrdən artıq polietilen boru çəkilmiş, 3 ədəd yeni tənzimləyici şkaf, 11 ədəd yeni siyirtmə quraşdırılmışdır.
Əhalinin içməli su ilə təchizatını
yaxşılaşdırmaq, kanalizasiya xidmətini
yüksəltmək məqsədi ilə çox
işlər görülmüşdür.
Ölkə rəhbərinin tapşırığı və
Gəncə şəhərinin əhalisi üçün
uzun illər problemə çevrilmiş
su xəttinin və kanalizasiya
sisteminin yenidən qurulması layihəsinin
icrasına başlanılmışdır. İlkin
variantda şəhərin su
təchizatı və kanalizasiya sisteminin yalnız 54 faizinin
yenidən qurulması nəzərdə tutulmuşdu.
Məhz Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin diqqət və
qayğısı sayəsində bu məsələyə
yenidən baxılmış, layihənin əhatə dairəsi
100 faizə çatdırılmışdır. Layihə üç mərhələdə həyata
keçiriləcəkdir. Yenidənqurma işləri
başa çatdırıldıqdan sonra Göygölün
axarı ilə saniyədə 200 litr, Gəncəçayın
Qızılqaya yatağından saniyədə 78 litr, Şəmkir su
anbarından isə saniyədə 1141 litr
olmaqla, saniyədə cəmi 1419 litr su veriləcəkdir.
Təhsil, səhiyyə
və mədəniyyət sahələri diqqət mərkəzində
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Təhsil müəssisələri 12 adda 48 min 188 manatlıq inventar və texniki avadanlıqla təmin edilmişdir. Ümumilikdə 650 parta, 510 oturacaq stulu, 180 şkaf, 300 müəllim masası, 16 lövhə və direktor kabineti üçün 4 dəst mebel, uşaq bağçaları üçün 70 ədəd masa, stul, çarpayı alınmışdır. 15 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri davam etdirilir, 29 saylı orta məktəbin və 10 saylı uşaq bağçasının istilik sistemi yenidən qurularaq istifadəyə verilmişdir.
Təhsil işçilərinin təhsildə, tədrisdə əldə etdikləri uğurlar daim respublika rəhbərliyi tərəfindən yüksək qiymətlənlirilmişdir. Ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yeganə Səfərova və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 5 nömrəli tam orta məktəb qalib adını qazanmışdır. Şəhər icra hakimiyyətinin təşəbbüsü və tapşırığı ilə şagirdlərin hərbi məktəblərə hazırlanması işi şəhər Təhsil İdarəsinin diqqət mərkəzində saxlanılmışdır. Nəticədə cari ildə xüsusi təyinatlı təhsil müəssisələrinə 84 şagird qəbul olunmuşdur. Bu, ötən illərin nəticələri ilə müqayisədə xeyli yüksəkdir. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əməli işlər görülür. Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik, baytarlıq təbabəti və zoomühəndislik tədris binalarının dam örtükləri təmir olunmuş, Aqrotexnologiya fakültəsinin və Qida məhsulları kafedrasının binaları yeni tədris ilinə tam təmir olunaraq istifadəyə verilmiş və bir çox quruculuq-abadlıq işləri yerinə yetirilmişdir. Gəncə Dövlət Universitetinin 2-ci və 3-cü korpuslarının fasadları, dam örtükləri yenidən qurulur, eyni ilə bu qəbildən olan işlər Azərbaycan Texnologiya Universitetinə giriş hissədə və tədris korpusunda aparılır.
Gəncə şəhərinin səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər davam etdirilməkdədir. "Onkoloji xidmət üzrə tədbirlər proqramı" çərçivəsində Onkoloji dispanserin müasir səviyyədə inşa olunmuş şüa korpusunda kommunikasiya, ventilyasiya xətləri başa çatdırılaraq, Çex Respublikasının istehsalı olan "TERAVAT" aparatı istifadəyə verilmişdir. Dispanserin həyətyanı sahəsi abadlaşdırılmış, asfalt döşənmiş, yeni hasar çəkilmiş, yaşıllıq zolaqları salınmış, gül-çiçək əkilmişdir. Gəncə Şəhər Yoluxucu xəstəliklər xəstəxanasında insan immun çatışmazlığı virusuna yoluxmuş xəstələr üçün Rayonlararası Antiretrovirus Terapiya Mərkəzi təşkil edilmişdir.
Hesabat dövründə şəhərimizdə müasir avadanlıqla təchiz olunmuş 16 çarpayılıq, doğum-reanimasiya, yeni doğuşların intensiv terapiyası şöbələri fəaliyyət göstərən Klinik Tibb Mərkəzi - Gəncə, Yeni Gəncə Tibb Mərkəzi şəhər əhalisinin istifadəsinə verilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə şəhərdə ilk dəfə keçirilən "Gül bayramı" ulu öndərin əziz xatirəsinə hörmət və sonsuz ehtiramın daha bir nümayişinə çevrilmişdir. Qədim adət və ənənələri, xalq ustadlarının nəsildən-nəslə keçən folklor nümunələri, məişət mərasimləri nümayiş etdirilmiş, mərasim itirakçıları ədəbi-bədii kompozisiyalardan ibarət maraqlı səhnələrə tamaşa etmişlər. Görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın doğum günü, Mir Cəlal Paşayevin xatirə günü, 9 May Qələbə Günü, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 15 iyun "Qurtuluş Günü" və sair tədbirlər qeyd olunmuş və bu tədbirlər yerli və mərkəzi kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Ölkə Prezidenti İlham Əliyevin Gəncədəki
"İmamzadə" kompleksinin təmiri
və bərpası ilə əlaqədar imzaladığı
sərəncamı bütün şəhər
sakinləri məmnunluqla qarşılamışlar. Burada
görülən işlərin həcmi genişləndirilməklə
daha da sürətləndirilmiş,
ziyarətgahı şəhərlə birləşdirən
5,2 kilometr uzunluğunda
yolun yenidən qurulmasına
hazırlıq işləri aparılır. Şəhər icra hakimiyyətinin təşəbbüsü
ilə "İmamzadə" ziyarətgahının ətrafında
inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində
məhv olmuş tarixi
tikililərin qorunub saxlanılması və
gələcək nəsillərə
çatdırılması istiqamətində də işlər
aparılır.
Səyyar qəbullara
üstünlük verilir
Şəhər icra hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri də insan hüquqlarının və qorunmasında mühüm vasitə olan vətəndaşların təkliflər, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsidir.
2011-ci ilin 9 ayı ərzində şəhər icra hakimiyyəti başçısı aparatına 6 min 37 yazılı müraciət daxil olmuşdur. Müraciətlərin təxminən dörddən üçü və ya 72,5 faizi torpaq sahəsinin ayrılması, mənzil və tikinti məsələləri təşkil edir. Ümumiyyətlə, daxil olmuş ərizənin 45,1 faizi və ya 2 min 723-ü tikinti ilə əlaqədar müraciətlərdir. Şəhər sakinlərini narahat edən problemlərin öyrənilib vaxtında aradan qaldırılması baxımından səyyar qəbulların keçirilməsi şəhər icra hakimiyyətində müstəsna əhəmiyyət daşıyır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı əhali ilə görüşünə üstünlük verir, yerlərdə onlarla birbaşa ünsiyyətdə olması, narahatlıq doğuran problemlərin yerində həlli üçün operativ göstərişlər verir. Görülən bu işlər aidiyyəti qurum rəhbərlərini əhalinin problemlərinə daha ciddi yanaşmasına sövq edir.
...Gəncədə doqquz ayda görülən işlər bunu deməyə əsas verir ki, qədim Nizami yurdu tezliklə dünyanın bir çox şəhərləri ilə hərtərəfli rəqabət apara biləcəkdir. O gün uzaqda deyil.
Hamlet Qasımov
Xalq qəzeti.- 2011.-1 noyabr.- S. 10.