Masallı: 9
ayın yekunları nikbinlik yaradır
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasından irəli gələn vəzifələrin
Masallı rayonunda yerinə yetirilməsi ilə bağlı
ümumrayon müşavirəsi keçirilmişdir. Əvvəlcə
icra hakimiyyətinin başçısı Qəzənfər
Ağayev müşavirə iştirakçılarını
Azərbaycanın BMT-nın Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə
təbrik etmiş və bunu Azərbaycan diplomatiyasının
böyük uğuru kimi dəyərləndirmişdir.
Sonra
o, 9 ayda rayonda görülmüş işlər və
qarşıda duran vəzifələr barədə məruzə
etmişdir. Məruzəçi bildirmişdir ki,
respublikamızın dinamik inkişafı bütün sahələrin,
o cümlədən də qeyri-neft sektorunun inkişafı
üçün geniş imkanlar açır. Azərbaycan rəhbərinin
qeyd etdiyi kimi, neftdən gələn gəlirlərin digər ənənəvi
sahələrin, eyni zamanda, bu gün həlli vacib olan sosial
layihələrin icrasına yönəldilməsi istiqamətində
uğurlu islahatlar aparılır, ölkəmizin gələcək
inkişafı üçün etibarlı zəmin
yaradılır.
Bütün
ölkədə olduğu kimi, Masallıda da 2011-ci ilin 9
ayı sosial-iqtisadi inkişaf göstəricilərinə
görə uğurlu dövr sayıla bilər. Rayon üzrə
məhsul istehsalı və göstərilən xidmətlərin
həcmi keçən ilin müvafiq dövrü ilə
müqayisədə artaraq 228 milyon manat olmuşdur. Ümumi məhsulun
tərkibində sənaye məhsulunun həcmi 9,7 faiz, kənd
təsərrüfatı məhsullarının həcmi 24,5
faiz, ticarət dövriyyəsinin həcmi 41,2 faiz təşkil
etmişdir. Nəqliyyat, rabitə və digər xidmət sahələri
24,6 faizlik xüsusi çəkiyə malikdir. Dövr ərzində
adambaşına pul gəlirləri keçən illə
müqayisədə 56,8 faiz artaraq 1781,5 manata, orta aylıq əməkhaqqı
14,4 faiz artaraq 230 manata çatmışdır.
Rayonda
aqrar sektora göstərilən diqqətin nəticəsidir ki,
kənd təsərrüfatı məhsullarının əkin
sahələri xeyli genişləndirilmişdir. Keçən
il 2011-ci ilin əkini üçün 16 min 600 hektar sahəyə
şum vurulmuşdur. Cari ildə 10 min 945 hektar sahədən
31 min 326 ton taxıl yığılmışdır ki, bu da
Masallı rayonunun tarixində ən yüksək göstəricidir.
Taxıl zəmilərində orta məhsuldarlıq 28,6 sentner
olmaqla respublika səviyyəsindən hər hektara görə
4,6 sentner çox olmuşdur. Taxılçılıqdakı
yüksəliş maldarlığın inkişafına da təkan
vermişdir. Hazırda payızlıq əkin
mövsümü davam edir. Bu gunədək 2012-ci ilin məhsulu
üçün 13 min hektar sahəyə şum vurulmuş və
8135 hektar sahədə taxıl əkilmişdir ki, bunun da əksər
hissəsini buğda təşkil edir.
Sonra tikinti-quruculuq işlərindən bəhs edən Q.Ağayev bildirdi ki, Dövlət Proqramına əsasən Təhsil Nazirliyi tərəfindən rayonun Yolağac və Hüseynhacılı kəndlərinin hər birində 180 şagird yerlik əsas məktəb binalarının tikintisi və Uşaq Gənclər Şahmat Məktəbinin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda rayonda daha 6 məktəb binasının tikilməsinə, Gəyəçöl kənd uşaq bağçasının isə əsaslı təmirinə başlanılmışdır. Həmçinin Rayon Mədəniyyət Evinin əsaslı təmiri, Gənclər Evinin tikintisi davam etdirilir. Hesabat dövründə Heydər Əliyev prospektində şəhərin ümumi görünüşünə xələl gətirən, memarlıq prinsiplərini pozan primitiv tikililərin sökülərək əvəzində müasir görkəmli obyektlərin tikilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Yol kənarları genişləndirilərək səkilərə tamet plitələr döşənmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Talışxanov küçəsində də yeni piyada səkiləri salınır, işıq dirəkləri basdırılır.
Rayon büdcəsinin gəlirləri 2011-ci ilin 9 ayında 18135 min manata qarşı 17367 min manat və ya 96 faiz, o cümlədən, yerli gəlirlər üzrə 4948 min manat proqnoza qarşı 5106 min manat və ya 103 faiz, yerli xərclər 18135 min manata qarşı 16389 min manat və ya 90 faiz icra olunmuşdur.
DSMF-nin rayon şöbəsi və ƏSMM tərəfindən proqnoz tapşırıqlarına əməl edilmiş və vətəndaşların sosial təminatı üzrə mühüm addımlar atılmışdır. Rayonda 1234 yeni iş yeri yaradılmışdır ki, bunun da 683-ü daimi xarakterlidir.
Hesabat dövrü ərzində Masallının elektrik enerjisi ilə etibarlı təchizatı təmin edilmişdir. Yarımstansiyalarda təmir işləri başa çatdırılmış, ayrı-ayrı kəndlərdə 75 transformatorun işi bərpa olunmuş, 15 ədəd azgüclü transformator daha güclüləri ilə əvəz olunmuşdur. Ümumilikdə 396 ədəd ağac və dəmir-beton dayaq yenisi ilə əvəz olunmuş, 16,7 kilometrlik naqil dəyişdirilmişdir. Şəhər mərkəzinin SİP kabelləşməsi ilə əlaqədar 2334 ədəd dəmir-beton və metal dayaq quraşdırılmış, 26,6 kilometrlik naqil dəyişdirilmiş, 84,1 kilometr SİP kabel çəkilmiş və 5 mindən çox abonentin mənzilinə "Smartkart" tipli sayğac qoyulmuşdur.
Masallı Qaz İstismarı Sahəsi tərəfindən ərazilərin qazlaşdırılması işi davam etdirilmişdir. Martda Qızılavar, mayda isə Səmidxan kəndlərinin birpilləli sistemlə qaz təchizatı bərpa edilərək ümumilikdə 927 abonent təbii qazla təmin olunmuşdur. Əvvəllər qaz almayan Allahyarlı kəndinə yeni layihə-smeta sənədlərinə əsasən daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, 76 abonentin mənzilinə fərdi qaz tənzimləyiciləri quraşdırılmışdır. Rayonun daha 22 yaşayış məntəqəsinin qazlaşdırılmasından ötrü daşıyıcı kəmərin 15 kilometrlik hissəsi çəkilmişdir. Bala Kolatan, Böyük Kolatan kəndləri, Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində də qaz təchizatının yaxşılaşdırılması məqsədilə xətlər çəkilmişdir. Orta məktəblərdən dördünə qaz xətti çəkilərək sayğaclar quraşdırılıb, daha dörd məktəbin qazlaşdırılmasından ötrü layihə-smeta sənədləri hazırlanır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2011-ci il tarixli sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılmış vəsait hesabına Şıxlar-Kalinovka, Kalinovka-Qızılağac, Tatyan-Güllütəpə avtomobil yollarının böyük bir hissəsi əsaslı təmir edilmişdir. Həmçinin cənab Prezidentin 30 iyul 2011-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 34 yaşayış məntəqəsini birləşdirən 20 kilometrlik Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunda əsaslı təmir işlərinə başlanmışdır. Artıq həmin yolda asfalt örtüyünün birinci qatı döşənib və işlər sürətlə davam etdirilir. Bundan əlavə, cari ildə Masallının şəhərdaxili yollarına 3,6 kilometr, kəndarası və qəsəbədaxili yollara isə 2,7 kilometr asfalt döşənmişdir.
Rayon Telekommunikasiya qovşağının montaj tutumu 29 min, istifadə tutumu isə 24 min 297 nömrəyə çatdırılmışdır. Keçən ilin sonuna 32 ATS tam elektronlaşdırılmışdır. Bu yaxınlarda Binə Xocavar kəndində də EATS binası inşa olunaraq istifadəyə verilmişdir. Poçt şöbəsi tərəfindən proqnoz planı tam icra olunmuşdur. Əhalidən qaz, elektrik enerjisi və rabitə xidməti haqlarının toplanmasına nəzarət gücləndirilmiş, daxil olan vəsaitlərin müvafiq hesablara vaxtında köçürülməsi təmin olunmuşdur. Hesabat rübü ərzində Lürən poçt şöbəsi üçün yeni bina tikilib əhalinin istifadəsinə verilmişdir.
Masallı Su Kanal İdarəsi, Mənzil İstismar Sahəsi, Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir. Kanallarda minlərlə kubmetr həcmində 76 kilometr uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Sel sularının maneəsiz ötürülməsi üçün tədbirlər görülmüş, hidrotexniki qurğular, qapalı suvarma şəbəkələri təmir olunmuşdur.
Proqnoz planına əsasən, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 79,5 hektar sahədə torpaq hazırlıq işləri və 50 hektar ərazidə meşə bərpası işləri görülmüşdür. 1500 hektar sahədə meşə əkini və səpinlərinə xidmət göstərilmişdir.
Cari ilin ölkədə "Turizm ili" elan edilməsi və rayonda turizm üçün əlverişli şəraitin olması bu sahənin inkişafına təkan vermişdir. Hazırda Masallıda 31 turizm obyekti fəaliyyət göstərir ki, onlardan 26-nın lisenziyası var. Oktyabr ayında Masallı şəhərinin mərkəzindəki "Bayraq meydanı"nda dövlət müstəqilliyimizin 20 illiyi çərçivəsində maraqlı turizm sərgisi təşkil edilmişdir. Səhiyyə islahatlarına uyğun olaraq feldşer-mama məntəqələrinin üçünün bazasında həkim məntəqəsi yaradılmış, dördü ləğv edilərək həkim məntəqələrinə birləşdirilmişdir. Təzəkənd, Şıxlar və Kubin kəndlərində tibb məntəqələri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir.
Müşavirədə icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev, şəhər ərazisi üzrə nümayəndə Laçın Sadıqzadə, elektrik şəbəkəsinin baş mühəndisi Miramin Mürsəlov ilin 9 ayında görülmüş işlərdən danışmışlar. Sonda müvafiq qərarlar qəbul edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev müşavirəni yekunlaşdıraraq qarşıda çox mühüm vəzifələrin durduğunu qeyd etmiş, əminliklə bildirmişdir ki, Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin layiqincə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbərliyə alınacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 1 noyabr.- S. 8.