Balakən 9 aya yekun vurdu

 

Balakəndə 9 ayın yekunlarına dair keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev əvvəlcə 2011-ci ilin keçən dövrü ərzində ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə qazanılmış uğurlardan danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan diplomatiyasının uğurunu xüsusi qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi hər bir Azərbaycan vətəndaşının ürəyində qürur hissi yaradıb. O qeyd etdi ki, cənab Prezidentin xalqın milli maraqlarının təmin edilməsi sahəsindəki yorulmaz fəaliyyətini və səylərini balakənlilər də dəstəkləyir və hesabatını verdiyimiz dövrdə bunu onlar öz işləri ilə sübut etməyə çalışıblar.

 

Daha sonra natiq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Balakən rayonunda icrasının təmin edilməsi məqsədilə görülən işlərdən danışdı.

Məruzəçi bildirdi ki, 2011-ci ilin 9 ayında rayonda ümumi məhsul buraxılışı 83,6 milyon manat təşkil edib. Hesabat dövründə 39,5 milyon manatlıq kənd təsərrüfatı, 5,4 milyon manatlıq sənaye məhsulu istehsal olunub, 8,8 milyon manatlıq tikinti işləri görülüb. Kənd təsərrüfatı məhsulu istehsalı 13,7, sənaye məhsulu istehsalı 15,1, pərakəndə əmtəə dövriyyəsi 17 faiz artıb. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 47,2, sənayenin xüsusi çəkisi isə 6,5 faiz olub.

Rayonda 9126 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilib. Onun 356 hektarı payızlıq taxıl olub, 494 ton məhsul yığılıb. Bu ilin əvvəlində fasiləsiz yağan yağışlar nəticəsində taxıl sahələrinin, əkin yerlərinin su altında qalması bütövlükdə kənd təsərrüfatına güclü ziyan vurub.

Lakin buna baxmayaraq 4865 hektar qarğıdalı, 260 hektar lobya, 1928 hektar tərəvəz, 299 hektar bostan, 798 hektar kartof, 616 hektar yonca əkilib. Nəticədə 17463 ton tərəvəz, 6180 ton kartof istehsal olunub.

Elə buradaca qeyd edək ki, rayonda kənd təsərrüfatı sahəsində xurmanın satışında mövcud olan problemlərin aradan qaldırılması, kənd təsərrüfatında əlavə iş yerlərinin açılması istiqamətində konkret işlər həyata keçirilib. Artıq rayonun Katex kəndində soyuducu və qurutma kameraların tikilməsinə başlanılıb. Bu kameraların fəaliyyət göstərməsi nəticəsində xurma məhsulu ilə yanaşı, digər meyvə və tərəvəz məhsullarının satışı və saxlanılması ilə bağlı mövcud olan problemlər də aradan qalxacaq və yeni iş yerləri yaranacaqdır. Eyni zamanda, rayonda quşçuluq inqubasiya, konserv məhsullarının istehsalı sahələrinin yaradılması istiqamətində də müvafiq işlər görülür.

Etiraf etmək lazımdır ki, son illər Balakəndə möhtəşəm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə səfərləri zamanı bunu xüsusi vurğulaması heç kəsin yadından çıxmayıb. Bu gün həmin işlərin davamı olaraq rayonda abadlaşdırma, tikinti, təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılır, yeni tikintilərə başlanılır.

Belə ki, respublika və rayon əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə ümumilikdə 4184 kvadratmetr cari təmir işləri aparılıb. Şərif kəndində uzunluğu 14, eni isə 5 metr olan körpü tikilərək istifadəyə verilib, İsaxlıgirmə yaşayış məntəqəsində Mazımçay üzərində 36 metr uzunluğunda körpünün tikintisinə başlanılıb.

Balakənçay sisteminin daş-beton bəndlərində 482 kvadratmetr cari təmir işləri aparılıb, Mahamalar kəndinin ərazisində 18 metr uzunluğunda qoruyucu sipərin tikilməsi təmin edilib. Balakən şəhərinin sel sularından mühafizə olunması məqsədilə Balakənçayda 260 paqonometr daş-beton bənd tikilib, M.Əsədov və R.Səmədov küçələrində arxların və su kanallarının bərpası işləri görülüb. Bundan başqa, cari ildə Balakənçayda 295, İnterçayda 150 paqonometr daş-beton bənd tikilməklə, ümumilikdə 705 paqonometr sahilbərkitmə işləri görülüb.

Bununla belə, cari ilin 20-21 avqust tarixlərində güclü leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət sübut etdi ki, sel-sularından əhalinin və təsərrüfatların mühafizə olunması üçün dağ çaylarında xeyli sahilbərkitmə işləri aparılmalı, yaşayış məntəqələrində əvvəllər mövcud olan su kanalları və arxları bərpa olunmalıdır.

Artıq şəhərin 7 küçəsində 16100 kvadratmetr asfalt-beton örtük salınıb. Şəhərin asfalt örtüklü küçələrində 4 bulaq kompleksi tikilib, 4 yol qovşağı əsaslı təmir olunub.

Şəhərin küçələrində, xüsusilə Heydər Əliyev prospektində abadlıq işlərinə başlanılıb. Hazırda bu küçələrdə arxlar, bardür və səkilər yenidən qurulur, yollar genişləndirilir, yeni işıqlandırma sistemi qurulur.

Dövlət bayrağı meydanında dövlətçiliyimizin rəmzləri ilə bəzədilən abidə ucaldılır ki, bu da şəhərə xüsusi gözəllik verəcəkdir.

N.Nərimanov adına park müasir üslubda yenidən tikilib sakinlərin istifadəsinə verilib. 8 kommunal yaşayış binası təmir olunub, 4 kommunal binada isə təmir işləri davam edir.

Bundan başqa, hesabat dövründə rayon baytarlıq idarəsinin inzibati binası və "Gənclər evi" istifadəyə verilib. Katex kəndində 220 şagird yerlik 2 nömrəli məktəb qapılarını şagirdlərin üzünə açıb, 180 yerlik Qazbölük kənd orta məktəbin tikintisi başa çatmaq üzrədir. Xalatala kəndində 360, Qullar kəndində 80 yerlik məktəblərin təməli qoyulub. 180 yerlik Katexzavod kənd orta məktəbinin tikintisinə yaxın günlərdə başlanacaqdır.

Təhsil şöbəsinin, 9 məktəbin, 3 kənd uşaq bağçasının təmiri büdcə, 7 uşaq bağçasının təmiri isə bələdiyyələrin vəsaiti hesabına aparılıb.

Nizami adına 1 saylı orta məktəbin və 3 saylı şəhər uşaq bağçasının əsaslı təmiri, 1 saylı şəhər uşaq bağçasının tikintisi davam etdirilir.

Tarix - diyarşunaslıq muzeyində və uşaq incəsənət məktəbində təmir işləri başa çatıb, Hənifə kənd mədəniyyət evi, uşaq kitabxanası yenidən qurulur.

Daha sonra icra hakimiyyətinin başçısı İslam Rzayev rayonun qaz, su və elektrik təsərrüfatında olan vəziyyətdən danışdı. Bildirdi ki, 503 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 4994 nəfərə çatdırılıb. 9 kənddə qaz xətlərinin çəkilməsi davam etdirilib. Püştətala kəndindəki qaz paylayıcı stansiyadan qaz xətti 9 kilometr məsafədə polietilen borularla çəkilib.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində mənbədən şəhərə gələn və şəhərdaxili su xətlərində təmir işləri aparılıb, Talalar kəndində bir subartezian quyusu əsaslı təmir olunub. Tülü, Qazma, Hənifə və Qazbölük kəndlərində 4 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

2011-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisi verilişi sahəsində keyfiyyətin artırılması üçün 25 ədəd transformator cari, 10 ədəd transformator isə əsaslı təmir edilib. İstismar müddəti bitmiş yüksək gərginlikli elektrik verilişi xətlərinin dəyişdirilməsi üçün 600 ədəd dayaq gətirilib, yüksək və aşağı gərginlikli elektrik hava xətlərində yararsız olan 462 ədəd dayaqlar yeni dəmir beton və ağac dayaqlarla əvəz olunub. Şəhər ərazisində 800 metr məsafədə açıq məftil SİP kabellə əvəz edilib, 110 kilometrlik Katex və 35 kilovoltluq Qabaqçöl yarımstansiyalarında cari təmir işləri aparılıb.

2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb, marşrutlar müəyyən edilib, "Bu Vətən bizimdir" devizi altında yay düşərgəsi təşkil olunub. 27 sentyabr - Turizm Günü münasibəti ilə "Turizmin inkişafında tarix və mədəniyyət abidələrinin rolu" mövzusunda elmi praktik konfrans keçirilib, "2011-ci il Turizm ilidir" başlığı altında sərgi təşkil olunub.

Hesabat dövründə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən inşa olunan "Gənclər evi"nin istifadəyə verilməsini rayonda idman və gənclər siyasəti sahəsində görülən ən əhəmiyyətli işlərdən biri kimi qeyd etmək olar. Eyni zamanda, Qabaqçöl qəsəbəsində respublika Güləş Federasiyası tərəfindən əsaslı təmir olunaraq idmançıların istifadəsinə verilən güləş zalının rayonda idmanın inkişafına əhəmiyyətli töhfə olacağı şübhəsizdir.

Balakən həmişə idmanı, idmançıları ilə fəxr edib. Təsadüfi deyildir ki, respublika səviyyəli yarışlarda balakənli idmançılar 19 dəfə birinci, 9 dəfə ikinci, 14 dəfə üçüncü yeri tutublar. Beynəlxalq yarışlarda onlar ölkəmizi uğurla təmsil edərək 4 Yunan-Roma güləşçisi Avropa və Dünya birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha sonra natiq təhsil, səhiyyə sahələrində qazanılmış uğurlardan, rayon əhalisinə göstərilən rabitə xidmətinin vəziyyətindən, aparılan yenidənqurma işlərindən danışdı. Qarşıda duran vəzifələri qeyd etdi. Məruzə ətrafında müzakirələrdə çıxış edən digər natiqlər də hesabat dövründə Balakəndə görülmüş işlərdən ağızdolusu danışdılar. Bildirdilər ki, balakənlilər hələ çox uğurlara imza atacaqlar.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.-  2 noyabr.- S. 6.