Nərimanov rayonu: sosial-iqtisadi göstəricilərin dinamik artımı ürəkaçandır

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi. Toplantıda ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı rayonun sosial-iqtisadi inkişafının cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. İdarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin və rayon fəallarının iştirak etdikləri tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin ölkənin bütün şəhər və rayonlarında geniş müzakirə edildiyini diqqətə çatdırdı.

Hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə edilmiş nailiyyətlərlə bağlı söylənilən fikirlərin bəzi məqamlarına toxundu. Nazirlər Kabinetinin iclasında müzakirə edilən hər bir məsələnin Bakı şəhərinin aparıcı rayonlardan biri olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün də müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində cari ilin doqquz ayı ərzində görülmüş işlərə yönəltdi.

Qeyd olundu ki, 2011-ci ilin doqquz ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 367 milyon manatlıq məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrünə nisbətən 170,2 faiz artım sürəti qeydə alınmışdır. Bu dövrdə istehlakçılara 1 milyard 346 milyon manatlıq sənaye məhsulu göndərilmişdir ki, bu da ümumi məhsulun 98,5 faizini təşkil etmişdir. Sənaye müəssisələrində işləyən 8640 nəfərin orta nominal əmək haqları 372,2 manata çatmışdır. Ötən müddətdə rayon üzrə 1451 daimi iş yeri yaradılmışdır. Müvafiq dövr ərzində əsas kapitala ümumi investisiya qoyuluşu 171,2 milyon manat təşkil etmiş, bunun da 99,9 faizi daxili investisiyaların payına düşmüşdür. Rayonun inşaat sektorunda da yüksək göstəricilərin əldə edildiyini diqqətə çatdıran Ş.İbadov bildirdi ki, cari ilin doqquz ayında tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 342,2 milyon manat təşkil etmiş, bu sahədə 44,4 faiz artım müşahidə olunmuşdur. Tikinti təşkilatlarında çalışanların orta aylıq əmək haqları 487,4 manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 faiz artmışdır.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də bu müddət ərzində xeyli artaraq 190,1 milyon manat təşkil etmişdir. İlin ötən dövrü ərzində rayonda ticarət və nəqliyyat sahələrində də əhəmiyyətli inkişafın baş verdiyini diqqətə çatdıran natiq bildirdi ki, son doqquz ayda ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 611,4 milyon manat olmaqla 8,9 faiz artmışdır. Bu dövrdə əhaliyə 31,5 milyon manatlıq ictimai iaşə xidməti göstərilmiş, bu sahədə isə 59,7 faizlik artım qeydə alınmışdır. Doqquz ay ərzində əhaliyə 49,2 milyon manatlıq nəqliyyat və 12, 2 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Bu sahələrdə isə müvafiq olaraq 18,3 faiz və 66,9 faizlik artım müşahidə olunmuşdur.

Rayonda mühüm sosial və digər infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayan natiq ölkə Prezidentinin yeni obyektlərin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak etməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Hazırda Nərimanov rayonunda dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında iri infrastruktur layihələrinin icrasının uğurla davam etdirildiyini diqqətə çatdıran məruzəçi Azərbaycanın simvoluna çevriləcək Heydər Əliyev Mərkəzinin inşası ilə bağlı həyata keçirilən işlərdən bəhs etdi, rayon ərazisində aparılan digər abadlıq-quruculuq işlərinin gedişi ilə bağlı ətraflı məlumat verdi. Həmin layihələrdən Koroğlu Rəhimov küçəsinin genişləndirilməsi, adı çəkilən küçə ilə Fətəlixan Xoyski prospektinin kəsişməsində metronun "Gənclik" stansiyası ərazisində yeraltı yol ötürücülərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və s. xüsusi əhəmiyyət kəsb edir.

Natiq həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2011-ci ilin 9 ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırdı. Qeyd olundu ki, ötən müddətdə Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda yeni transformator məntəqələri quraşdırılmış, hava xətləri əsaslı təmir edilmiş, üç min ədəd köhnə sayğac elektron tipli sayğaclarla əvəz olunmuşdur. Yanvar-sentyabr ayları ərzində rayon su kəməri istehsalat zonası tərəfindən müxtəlif ünvanlarda 5127 paqonometr uzunluğunda metalplastmas borular dəyişdirilmiş, 21 ədəd mühərrik və nasos təmir olunmuşdur. Nərimanov Rayon Qaz İstismar İdarəsi tərəfindən isə yeni magistral qaz kəmərləri çəkilmiş, qaz tənzimləyici şkafqurğular təftiş edilmiş, yeniləri quraşdırılmışdır.

Məruzəçi rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən söhbət açdı, əldə olunmuş uğurlardan bəhs etdi. Bununla yanaşı, o, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirləri diqqətə çatdırdı. "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Nərimanov rayonunda yerləşən bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparıldığını bildirən Ş.İbadov səhiyyə sahəsində həyata keçirilmiş işlərdən də ətraflı bəhs etdi.

Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin ötən doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində uğurlu göstəricilərin əldə olunmasını son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Müstəqilliyin bərpasından ötən 20 il ərzində sürətli inkişaf yolu keçən Azərbaycanın bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini diplomatiyamızın böyük uğuru kimi səciyyələndirdilər.

Şura iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahatfiravan yaşamaları, çalışmaları və istirahətlərinin təşkili qarşıda çox mühümciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək. Şura iclasında qarşıda duran vəzifələrdən söhbət açıldı, onların həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Tədbirdə Milli Məclisin deputatları Əli Əhmədov, Aqiyə Naxçıvanlı və Adil Əliyev iştirak edirdilər.

 

 

M. QULİYEV

 

Xalq qəzeti.- 2011.- 2 noyabr.- S. 5.