Sabirabadda
mükafatlandırma mərasimi
Bu il oktyabrın 7-də Sabirabad rayonu
özünün 80 illik yubileyini təntənə ilə qeyd
etdi. Bu əlamətdar yubileyə sabirabadlılar uğurlu
göstəricilərlə gəlmişdilər. Ölkə
Prezidenti cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində bu bölgə tərəqqi
yolundadır. Dövlət başçısı bu il
mayın 5-də rayona növbəti səfərindən sonra
Sabirabadın sosial-iqtisadi inkişafını sürətləndirmək
məqsədilə dörd sərəncam vermişdir.
Artıq burada ötənilki təbii fəlakətin
ağır nəticələri arxada qalıb. Hər tərəfdə
böyük abadlıq və quruculuq işlərinə start
verilib, sosial problemlərin aradan qaldırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
Sabirabadlıların sevincinə sevinc qatan Prezidentin yubiley ərəfəsində rayonun sosial-iqtisadi və mədəni həyatında zəhməti olan 20 nəfəri mükafatlandırması olmuşdur. Dövlət başçısının sərəncamı ilə fəxri adlara və "Tərəqqi" medalına layiq görülənlərə mükafatların təqdimetmə mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov milli müstəqilliyimizin 20 illik yubileyinin qeyd olunduğu bu günlərdə ölkəmizin daha böyük uğura imza atdığını qürur hissi ilə vurğulamışdır: "Müstəqil dövlətimiz son 8 ildə yeni inkişaf modeli ilə dünyanı heyran qoyub. Bunun parlaq nəticəsidir ki, Azərbaycanımız BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilib. Bu, sülhsevər, tərəqqipərvər və qurucu Prezidentimizin tarixi və siyasi qələbəsidir".
"Tərəqqi" medalı ilə təltif olunan M.Ə.Sabirin nəticəsi Rasimə Möhsünzadə böyük şairin adını daşıyan məktəbdə 50 ildən çox müəllimlik etdiyini, çalışdığı məktəbin yeni binasının Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcəyi xəbərini sevinclə qarşıladığını, doğma diyarının bugünkü inkişafına çox sevindiyini fərəhlə bildirdi. Təcrübəli müəllimə dövlət başçısına, təhsilimizin himayəçisi Mehriban xanım Əliyevaya minnətdarlıq etdi, rayonda yaranmış bugünkü ab-havaya görə rayon rəhbərindən də razı qaldığını ifadə etdi.
Təltif olunanlardan Böyükağa Həmidov, Ağamoğlan Həsənov, Adil Hümbətov söz alaraq onların əməyinə verdiyi qiymətə görə ölkə başçısına təşəkkürlərini bildirdilər və əmin etdilər ki, bundan sonra da əməli işləri ilə gənc nəslə nümunə olacaqlar.
Tədbirdə Müharibə Veteranları Şurasının sədri Zülfəli Əliyev, müəllimə Tamella Niftəliyeva çıxış edərək fəallar yığıncağı iştirakçılarının Prezidentə hədsiz inamını, etibarını və sədaqətini qətiyyətlə bəyan etdilər. Azərbaycanımızı daim irəliyə, dönməz inkişafa aparan, ölkəmizi bütün dünyada tanıdan dövlət başçısının hər bir uğuruna hədsiz dərəcədə sevindiklərini bildirdilər.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 2 noyabr.- S. 13.