Prezident İlham ƏLİYEV:
Elə etməliyik ki, hər bir bölgə, hər bir rayon mərkəzi,
hər bir kənd abadlaşsın, gözəlləşsin
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin
prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin
sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması,
sahibkarlığa hərtərəfli dəstək verilməsi,
əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində
ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuş və ötən
illərdə olduğu kimi, 2011-ci ilin ötən doqquz
ayında da mühüm nailiyyətlər əldə
edilmişdir.
Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir. Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 30-da Ağdaş, Ucar və Ağsu rayonlarına səfəri çərçivəsində də özünü bir daha qabarıq büruzə vermişdir. Dövlətimizin başçısı Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir.Burada dövlət başçısına məlumat verilmişdir ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Birmərtəbəli məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir.Həmçinin bildirilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ fiqurlar düzülmüş şahmat taxtasına bənzədilib.Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır.Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılmışdır.
Prezident İlham Əliyev Ucar Şəhər Uşaq Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmiş, Ucar Mərkəzi Rayon Xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında olmuş, tikintisi davam etdirilən Ucar Mərkəzi Rayon Xəstəxanasının baş planı ilə tanış olmuşdur. Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verilmişdir ki, 1970-ci ildə inşa olunmuş köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılmışdır. Bu ərazinin 1,2 hektarında ikimərtəbəli 4 korpusdan ibarət kompleks tikiləcəkdir. Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunmuşdur. Bundan əlavə, rayon patoloji anatomiya və ekspertiza şöbəsinin, o cümlədən uşaq xəstəxanasının da mərkəzi rayon xəstəxanasının yaxınlığında yerləşməsi vətəndaşlara daha yaxşı və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir. Burada ümumilikdə 350 nəfər tibbi heyət çalışacaqdır.
Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edən dövlət başçısına məlumat verilmişdir ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilmiş, Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından mənbə kimi istifadə olunmuşdur. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilmişdir. Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinədək 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaqdır.
Bildirilmişdir ki, şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, iki min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcəkdir. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada dörd min kubmetr olan müasir qurğu inşa ediləcəkdir. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaqdır. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin 20 aya başa çatdırılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin açılışında da iştirak etmişdir.Dövlət başçısına məlumat verilmişdir ki, Ağsuda Regional Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinə həsr olunmuş fotoguşə yaradılmışdır. Binanın bütün otaqlarında müasir mebel və kompyuter avadanlığı quraşdırılmışdır.
Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edən dövlət başçısına bildirilmişdir ki, parkın 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı milli Azərbaycan memarlığı üslubunda inşa olunmuşdur. İlyarım ərzində başdan-başa yenidən qurulmuş parkın ərazisi 1,6 hektardır. Burada yeni quraşdırılmış fəvvarə parka xüsusi yaraşıq verir. Sakinlər üstü örtülü 6 istirahət guşəsindən istifadə edə biləcəklər. Mədəniyyət və istirahət parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmış, xalq nağıllarının motivlərini əks etdirən guşə və səhnə yaradılmışdır.
Dövlət başçısına Ağsuda çörək zavodunun açılışında iştirakı zamanı məlumat verilmişdir ki, müəssisə əsas sexdən və yardımçı sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının, qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunmuşdur. Sutka ərzində əhalini 5 ton çörəklə təmin edəcək müəssisədə 12 nəfər işləyəcəkdir. Çörək məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış avtomaşınlarla daşınacaqdır.
Ağsu şəhər stadionunun açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verilmişdir ki, bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da qoyulmuşdur. Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə bildirilmişdir ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Bundan əlavə, burada daha iki ministadion idmançıların ixtiyarına verilmişdir. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.
Ağsuda "Az-Granata" MMC-nin şirə və
şərab emalı zavodunun açılışında
müəssisənin texnoloji prosesi ilə tanışlıq
zamanı dövlət başçısına məlumat
verilmişdir ki, zavodun istehsal bölmələrində 15
növ meyvə şirəsi istehsal olunur. Burada iki milyon paket hazır məhsul
saxlamaq üçün anbar da vardır. Zavod öz məhsullarını
respublikamızın şəhər və rayonları ilə
yanaşı, MDB və Avropa ölkələrinə də
göndərəcəkdir. İlkin mərhələdə
180 nəfərin çalışacağı müəssisədə
sonradan işçilərin sayı 350-yə
çatacaqdır.
Müəssisənin fəaliyyəti məhsul
istehsalı ilə məhdudlaşmır. Şamaxı
və Ağsu rayonları ərazisində müəssisənin
balansında 1000 hektar yararlı torpaq sahəsi vardır.
Həmin sahələrin 700 hektarında üzüm
və nar bağları salınmışdır. Bağlarda hazırda 500 işçi
çalışır. Gələcəkdə
salınacaq bağlar üçün daha 600 hektar sahənin
ayrılması nəzərdə tutulur. Ümumiyyətlə,
zavodda və ona məxsus bağlarda yaxın gələcəkdə
1500-1800 nəfərin işlə təmin olunması gözlənilir.
Üzüm və nar bağlarında əkin və
becərmə işləri aparmaq üçün xüsusi
texnika alınmışdır. Bütün
bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul
istehsalına təminat verir. Ən
başlıcası isə bu müəssisə rayonda əhalinin
məşğulluğunun təminatında əhəmiyyətli
rol oynayacaqdır.
Zavodla
tanışlıqdan sonra dövlət başçısı
müəssisənin kollektivi və rayon ictimaiyyətinin
nümayəndələri ilə
görüşmüşdür.Azərbaycan Prezidenti İlham
Əliyev demişdir: - Ağsu indi Azərbaycanın ən
qabaqcıl rayonlarından biridir və bu, məni çox
sevindirir. Çünki son illər ərzində
Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun
potensialını böyük dərəcədə gücləndirə
bilmişdir. Mən bu gün yeni müəssisələrin
açılışında iştirak etmişəm. Yeni gözəl, böyük futbol stadionu
açılıbdır, uşaqlar artıq orada məşq
edirlər. Yadımdadır, iki il
bundan əvvəl stadionun tikintisi ilə bağlı məlumatı
dinləyərkən demişəm ki, Ağsuda futbol
komandası yoxdur. Stadion tikiləcəksə, gərək
mütləq futbol komandası olsun. Bu
gün mənə verilən məlumata görə, artıq
komanda da yaranıb, uşaqlar da cəlb olunub. Digər məsələlər də həll olunur.
Görüşdə
dövlət başçımız Azərbaycanda
regionların inkişafı haqqında da ətraflı
danışmışdır.Bildirmişdir ki, regionların
inkişafı, infrastruktur layihələrinin icra edilməsi,
yolların çəkilişi, elektrik stansiyaları,
qazlaşdırma, su xətlərinin çəkilişi,
sahibkarlığa göstərilən diqqət, fermerlərə
güzəştli şərtlərlə yanacağın,
gübrənin verilməsi, subsidiyaların təşkil edilməsi,
Sahibkarlığa Kömək Milli Fondunun xəttilə
böyük həcmdə kreditlərin verilməsi, bu
reallıqları təmin edir.
Ölkə Prezidenti daha sonra demişdir ki, bu zavodun fəaliyyətə
başlamasına xüsusi diqqət göstərirəm və
xüsusi qiymət verirəm. Çünki biz bu
zavodun fəaliyyətə başlamasında son illər ərzində
görülən işlərin nəticələrini əyani
şəkildə görürük. Həm yeni istehsalat
sahələri yaradılır, iş yerləri
təmin edilir, ölkəyə, ölkə iqtisadiyyatına
şöhrət gətirən keyfiyyətli məhsullar
istehsal olunur və dünya bazarlarına
çatdırılır. Biz növbəti illərdə
çalışmalıyıq ki, ixracımızın
coğrafiyasını genişləndirək. Bunu etmək üçün biz yeni bazarlara
çıxırıq. Mən Nazirlər
Kabinetinin sonuncu toplantısında bu məsələ ilə
bağlı xüsusi tapşırıqlar vermişəm ki, həm
bizim üçün ənənəvi olan bazarlara daha da
geniş şəkildə çıxmalıyıq, həm də
yeni bazarları aşkar etməliyik. Xüsusilə nəzərə
almalıyıq ki, bizim üçün dost olan ölkələrdə
məhsullarımıza ehtiyac vardır.
Prezident
İlham Əliyev Ağsu rayonundan qayıdarkən
Şamaxıdakı "Şərədil" istirahət mərkəzi
ilə tanış
olmuşdur.Bildirilmişdir ki, son illərdə Azərbaycanda
turizm infrastrukturunun yaradılması istiqamətində
dövlətimiz tərəfindən ardıcıl addımlar
atılır. Bu baxımdan "Azərbaycan Respublikasında
2007-2016-cı illər üçün turizmin
inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi, 2011-ci ilin "Turizm
ili" elan olunması ölkəmizin tezliklə
dünyanın turizm mərkəzlərindən birinə
çevrilməsi üçün geniş imkanlar
açmışdır.Xatırladılmışdır ki, mərkəzin
25 hektar ümumi sahəsi vardır. Mərkəzin
ərazisindəki 20 kottecdən 11-i üç, digərləri
isə ikiotaqlıdır. Burada dördü
ikiotaqlı, dördü isə birotaqlı olmaqla 8 nömrədən
ibarət otel də vardır. Bundan
başqa, mərkəzdə qolf və voleybol
meydançaları, tennis kortu, uşaq əyləncə
guşəsi fəaliyyət göstərir.
Prezident
İlham Əliyev inşa ediləcək
"Şamaxı-Qrand" otelinin layihəsi ilə də tanış olmuşdur. Tikintisinə 2010-cu ildə
başlanılan otelin gələn il istifadəyə
verilməsi nəzərdə tutulur.Oteldə 95-i standart, 19-u
isə lüks olmaqla ümumilikdə 114 nömrə turistlərin
istifadəsinə veriləcəkdir. Oteldə hər
biri 500 nəfərlik üç konfrans zalı
yaradılacaqdır. Burada müxtəlif
idman meydançalarının tikintisi də nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyev Ağdaş rayonuna səfəri
çərçivəsində Ağdaş-Ləki avtomobil
yolunun 12 kilometrlik hissəsinin açılışında
iştirak etmişdir. Dövlətimizin başçısı yolun
texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki
və sonrakı vəziyyətini əks etdirən stendlərə
baxmışdır.Nəqliyyat naziri Ziya Məmmədov
Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil
yolunun 12 kilometrlik hissəsində görülmüş
işlər barədə məlumat vermışdir.
Bildirmışdir ki, yol "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na
uyğun olaraq dövlətimizin başçısının
2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş
Tədbirlər Planı çərçivəsində
inşa olunmuşdur. Qeyd edilmişdir ki, əsaslı
şəkildə bərpa olunmuş Ağdaş-Ləki
avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət
sərhədi avtomobil yolunun 267-ci kilometrini
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə
birləşdirir. Tamamilə yeniləşən,
müasir görkəm alan və keyfiyyəti
ilə seçilən bu yol respublikamızın şimal-qərb
bölgəsi ilə cənub və cənub-qərb bölgələri
arasında nəqliyyat əlaqəsinin
yaxşılaşması baxımından mühüm əhəmiyyətə
malikdir. Məlumat verilmışdir ki, asfalt-beton
örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət
hissəsinin eni isə 7 metrdir. Cari ilin
iyulunda başlanan bərpa işləri oktyabrda başa
çatdırılmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev Ağsu rayonundan qayıdarkən
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax
hissəsinin əsaslı şəkildə yenidən
qurulması ilə bağlı görülən işlərlə
tanış olmuşdur. Nəqliyyat
naziri Ziya Məmmədov məlumat vermişdir ki, hazırda
ölkəmizdə icra olunan çoxsaylı yol-nəqliyyat
infrastrukturu layihələrindən biri dövlətimizin
başçısının tapşırığı ilə
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax
hissəsinin əsaslı şəkildə yenidən
qurulmasıdır. Ölkəmizin
mühüm regionlarını birləşdirməsi
baxımından əhəmiyyət daşıyan bu yol uzun
müddət əsaslı təmir edilmədən istismarda
olmuşdur. Buna görə də Prezident İlham Əliyevin
tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı
şəkildə yenidən qurulmasına
başlanmışdır.Bildirilmişdir ki, layihə dəyəri
404 milyon dollar olan yolu fərqləndirən cəhət bəzi
yerlərdə çətin dağlıq ərazidən və
sürüşmə zonalarından keçməsidir. Xüsusilə mürəkkəb relyefə malik
Ağsu aşırımında tez-tez baş verən
sürüşmələrin magistrala ziyan vurmasının
qarşısını almaq və nəqliyyatın təhlükəsiz
hərəkətini təmin etmək üçün ərazidə
daha geniş bərkitmə və torpaq işləri
aparılır.
Ölkədə
bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən
də regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin
maddi rifah halının yaxşılaşdırılması məsələləri
bu gün Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin
prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və
müasirlik çalarları gətirən dövlət
başçısı İlham Əliyev hökumətin həyata
keçirməli olduğu tədbirlərin əhatə dairəsini
və vaxtını dəqiq müəyyənləşdirməklə
onların icra prosesini şəxsi nəzarətdə
saxlayır, habelə ölkənin strateji resurslarını
milli inkişafa təkan verən qlobal layihələrin
reallaşdırılması yönündə səfərbər
edir. Bu baxımdan son illərdə
qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən
tədbirlər öz müsbət nəticələrini
vermişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 2 noyabr.- S. 4.