Akademik Musa Rüstəmov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bizi sevən ölkələrin sevinci, sevməyənlərin kədəridir

 

Bu il oktyabrın 25-də Azərbaycanın uzun müddətdən bəri uğrunda inadla mübarizə apardığı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük məsələsi öz həllini tapdı - ölkəmiz bu mötəbər qurumun üzvü seçildi. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi bəyanatla çıxış edərək Azərbaycan xalqını təbrik etdi. "Bu, həqiqətən də, böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür", - deyə Prezident İlham Əliyev bəyanatında qeyd etdi.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar dünyanın ayrı-ayrı ölkələrinin rəhbərlərindən ölkəmizə təbriklər daxil olmaqdadır. ABŞ və Rusiya kimi böyük dövlətlər bu tarixi hadisəyə münasibət bildirərək 2012-ci ilin yanvarından etibarən BMT Təhlükəsizlik Şurasının işində Azərbaycanla birgə çalışmaqdan məmnun qalacaqlarını qeyd ediblər. Elə ölkəmizin bütün vətəndaşları, görkəmli ziyalılarımız, alimlərimiz, yazıçı və şairlərimiz, mədəniyyət xadimlərimiz də dövlətimizin beynəlxalq nüfuzunun durmadan artdığını göstərən bu hadisə ilə bağlı öz fikir və mülahizələrini bildirirlər. Görkəmli elm adamı, akademik Musa Rüstəmov da respublikamızın əldə etdiyi böyük tarixi nailiyyətlə bağlı fikirlərini bölüşmüşdür:

- Azərbaycanın BMT kimi nüfuzlu bir təşkilatın Təhlükəsizik Şurasının üzvü seçilməsi çox böyük tarixi nailiyyətdir. Eyni zamanda, bu nailiyyətin müstəqillik tarixi baxımından gənc bir dövlət olan Azərbaycan tərəfindən qazanılması ikiqat qürur verir, dövlətimizin böyük siyasi uğuru kimi qiymətləndirilməyə layiqdir. Təsəvvür edin ki, ölkəmiz bu il oktyabrın 18-də müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdi və artıq oktyabrın 25-də dünyanın ən nüfuzlu və mötəbər təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bunu heç də təsadüf hesab etmək olmaz. Əslində, bu hadisə, bu böyük qələbə Azərbaycan dövlətinin, ona rəhbərlik edən siyasətçilərin uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir. Bu möhtəşəm qələbəni, eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ləyaqətlə davam etdirilməsi, onun Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, səsi eşidilən dövlətə çevrilməsi istiqamətindəki fəaliyyətinin gözlənilən nəticəsi də hesab etmək olar. Ulu öndər Heydər Əliyev Azərbaycanı keçən əsrin əvvəllərində düşdüyü uçurumdan, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə yaranmış hərc-mərcliyin, anarxiyanın qarşısını aldı, bununla yanaşı, dünyanın aparıcı dövlətləri ilə isti münasibətlər yaratdı, ABŞ, İngiltərə və digər ölkələrin iri neft şirkətləri ilə yeni neft müqavilələrinin bağlanmasına nail oldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycanı sivil, demokratikinkişaf etməkdə olan dövlətlər sırasına çıxarmaq üçün gördüyü böyük işlərin xırda detallarıdır. Ölkənin gələcəkdə daha möhtəşəm siyasisosial-iqtisadi uğurlar qazanması üçün ulu öndərin böyük plan və proqramları vardı. Təəssüf ki, ömür vəfa etmədi. Ancaq Heydər Əliyev özü aramızda olmasa da, onun siyasi varisi, cənab Prezident İlham Əliyev ümummilli lider tərəfindən əsası qoyulmuş işləri cəsarətlə başa çatdırmağa başladı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilib istifadəyə verildi və Azərbaycana küllü miqdarda gəlir gətirməyə başladı. Hazırda Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi davam etdirilir. Ölkənin daxilində böyük sosial-iqtisadi inkişaf layihələri davamlı şəkildə həyata keçirilməkdədir.

Bütün bunlarla yanaşı, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda siyasi islahatlar uğurla davam etdirilir. Dünyada ölkəmizin demokratik dövlət imici möhkəmləndirilir. Bakı ilbəil simasını dəyişərək dünyanın ən gözəl və yaraşıqlı şəhərinə çevrilir. Azərbaycanın paytaxtı indi özünün müasirliyitarixi ənənələrin qorunub saxlanması ilə Avropanın iri paytaxt şəhərləri ilə müqayisəyə gələ bilər. Regionlarımız durmadan inkişaf edir, abadlaşır. İnsanlarımızın güzəranı yaxşılaşır, sosial problemlər, işsizlik aradan qaldırılır. Ölkənin qazandığı bütün bu nailiyyətlər, demək olar ki, son 10-12 ildə əldə edilib. Tamamilə yenidən qurulan paytaxt şəhərimiz, minlərlə kilometr məsafədə yenidən qurulan, yaxud yeni çəkilən yollar, ikimərtəbəli körpülər, əsaslı təmir olunan mədəniyyət obyektləri, parklar, yeni salınan yaraşıqlı binalar, məktəblər və s. əslində son 10-12 ilin nailiyyətləridir. Görün, qısa bir müddət ərzində ölkəmiz nə qədər dinamikuğurla inkişaf edib. Bütün sahələrdə tərəqqi nəzərə çarpır. Azərbaycanda dünyada analoqu olmayan inkişaf yaşanır. Bütün bunlar ölkədə aparılan islahatlarla, eyni zamanda, uğurlu xarici siyasətimizlə bağlıdır. Prezident İlham Əliyev təsadüfən deməyib: "Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır".

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi indiyədək ölkə rəhbərliyinin apardığı düzgün daxilixarici siyasətin məntiqi nəticəsidir. Bundan sonra Azərbaycanın səsi dünyanın ən yüksək kürsüsündən eşidiləcək. Artıq Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında dünya ölkələrinin eşidəcəyi bir səs olacaq. Bu hadisə Azərbaycanı sevən ölkələrin sevinci, sevməyənlərin kədəri olacaq.

Bu tarixi hadisə, eyni zamanda, Azərbaycan rəhbərliyinin, xüsusən Prezident İlham Əliyevin qələbə əzmli siyasətçi olduğunu bir daha nümayiş etdirdi. Prezidentimiz gənc olsa da, ölkəmiz və xalqımız üçün böyük siyasi qələbələr qazanmağa qadir olduğunu növbəti dəfə təsdiq etdi. İnanırıq ki, illərdən bəri həllini gözləyən Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində bundan sonra daha inamlı addımlar atmaq mümkün olacaq.

Mən də bu əlamətdar hadisə münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Daha böyük uğurlar arzulayıram.

 

Söhbəti yazdı: Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 7.