Xətai rayonu: ümumi inkişafdan geri qalmaq olmaz
Xətai
Rayon İcra Hakimiyyətində keçirilən toplantı
2011-ci ilin 9 ayında sosial iqtisadi inkişafın yekunları və
qarşıda duran vəzifələrə həsr
olunmuşdu. Toplantını giriş sözü ilə Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov
açaraq bildirdi ki, oktyabrın 24-də keçirilmiş
Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
qeyd etdiyi kimi, bu il də ölkə iqtisadiyyatının
inkişafı üçün uğurlu olmuş, respublika
hökuməti qarşısında duran əsas sosial və
iqtisadi məsələlər öz həllini
tapmışdır.
Dövlət
başçısının qeyd etdiyi kimi, ötən illər
ərzində həyata keçirilən dövlət
proqramları və uğurlu iqtisadi siyasət nəticəsində
ölkə iqtisadiyyatının çoxşaxəli
inkişafı təmin olunmuş, bütün sahələrdə
dinamik artım müşahidə edilmişdir. Azərbaycan
iqtisadiyyatının qeyri-neft sektoru 8,2 faiz, qeyri-neft sənayesi
isə 9,2 faiz artmışdır.
R.Məmmədov çıxışında onu da vurğulamışdır ki, Nazirlər Kabinetinin iclasında səslənən fikirlər Azərbaycanın inkişaf və tərəqqi strategiyasının ölkədə milli mənafelərə, sosial rifaha xidmət etdiyini bir daha təsdiq edir. Bu il 900 min pensiyaçının pensiyası orta hesabla 40 faiz, bütövlükdə Azərbaycanda pensiyaların səviyyəsi isə 35 faiz artmışdır. Hazırda ölkədə orta pensiya məbləği 190, orta əmək haqqının məbləği isə 450 dollar təşkil edir.
Natiq xüsusi vurğuladı ki, ölkəmizin sürətli inkişafı şəhər və rayon mərkəzləri ilə yanaşı, ətraf qəsəbə və kəndlərdə də özünü parlaq şəkildə göstərir. Etiraf etmək lazımdır ki, Vətənimizin paytaxtı Bakı çox böyük sürətlə dünyanın ən modern şəhərləri sırasına daxil olmaqda və bəzi parametrlərinə görə bəlkə də onları qabaqlamaqdadır. Biz çox böyük qürur duyuruq ki, Xətai rayonu da bu gözəlləşən, modernləşən paytaxtın mərkəzi rayonlarındandır və bu tərəqqini, modernləşməni öz simasında ilk nümayiş etdirən yaşayış sahələrindəndir.
Sonra natiq 2011-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, bu dövrdə rayon iqtisadiyyatının əsas sahələrində 2010-cu ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çox məhsul istehsal olunmuş, istehlak və xidmət bazarında əhaliyə 855 milyon 863,4 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir.
Özəl sahələrin inkişafına rayonda geniş imkanlar yaradıldığını bildirən natiq vurğuladı ki, məhz bunun nəticəsində əmtəə dövriyyəsinin 99,9 faizi, pullu xidmətlərin 85,6 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.
R.Məmmədov qeyd etdi ki, ilin 9 ayında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 275 milyon 608,4 min manat, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çox investisiyadan istifadə edilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 366 milyon 405 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 373 milyon 161 min manat olmuşdur.
Son 8 ildə rayonda 22095, o cümlədən 21889 daimi iş yerinin açıldığını bildirən R.Məmmədov hesabat dövründə də 2787 yeni iş yerinin yaradıldığını diqqətə çatdırdı. O, həmçinin rayon üzrə orta aylıq əmək haqqının 502 manat təşkil etdiyini, bunun əvvəlki illə müqayisədə 13,9 faiz çox olduğunu, vətəndaşların etibarlı sosial müdafiəsinin də daim diqqət mərkəzində saxlanıldığını söylədi.
İclasda qeyd olundu ki, dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan işlərin icrası Xətai rayonunun sürətli inkişafına da öz töhfələrini verir. Belə ki, Dövlət Proqramında 2013-cü ilin sonunadək Xətai rayonunda 79 tədbirin həyata keçirilməsi nəzərdə tutulur və bunun 29-u bu il üçün müəyyənləşdirilmişdir. Proqramın qəbulundan keçən dörd ay müddətində rayonun iki məktəbində və bir uşaq bağçasında təmir başa çatmış və istifadəyə verilmiş, digər 6 uşaq bağçasında və 4 səhiyyə müəssisəsində təmir davam edir, 1 yeni xəstəxana-poliklinika binasının tikintisi aparılır. İki digər məktəb üçün yeni binanın tikintisi ilə əlaqədar işlər isə davam etdirilir.
Toplantıda rayonun yol-nəqliyyat infrastrukturundan, kommunal xidməti təsərrüfatının fəaliyyətindən, su, kanalizasiya sisteminin müasir standartlar səviyyəsində qurulmasından, elektrik enerjisi və mavi yanacaq təminatından da ətraflı məlumat verildi və görülən işlər geniş təhlil olundu.
İclasda Xətai rayonunun xidmət sahələrinin idarə və müəssisələrinin rəhbərləri də görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər. Məruzə ətrafında çıxış edənlər bütövlükdə 2011-ci ilin 9 ayında Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunlarını qənaətbəxş hesab etdilər.
Millət vəkilləri Səməd Seyidov və Hüseynbala Mirələmov da görülən işlərin xalqın rifahının yaxşılaşdırılmasında, əhalinin məişət qayğılarının aradan qaldırılmasında çox mühüm rol oynadığını qeyd edib, Xətai Rayon İcra Hakimiyyətinin 9 aylıq fəaliyyətini yüksək qiymətləndirdilər.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə hamını təbrik edən millət vəkilləri bütün bunların ulu öndər Heydər Əliyevin inkişaf və tərəqqi strategiyasını uğurla həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğuladılar.
İclasa yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıdakı qış mövsümü ilə bağlı da müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verdi və rayon əhalisinin sosial problemlərinə diqqət və qayğı ilə yanaşmağı bir vəzifə kimi qarşıya qoydu. Qeyd olundu ki, dövlət müəssisələri və idarələrində çalışan məmurlardan asılı olan hər hansı bir işdə vətəndaş problem yaşamamalıdır.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 6.