Bizim qüdrətli ordumuz,
cəsur əsgərlərimiz var
Azərbaycanda
ordu quruculuğu məsələsinə ölkə Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən
ardıcıl olaraq daim xüsusi önəm verilməsi
müvafiq sahədə ümumi işin günün tələbləri
səviyyəsində qurulmasına rəvac vermişdir. Əslində
Azərbaycanın real perspektivlərinə və uzaq gələcəyinə
hesablanmış son dərəcə strateji xarakter
daşıyan uğurlu dövlət siyasəti və bu siyasətin
ana xəttində ölkənin milli maraqlarının,
müstəqillik və ərazi bütövlüyünün
dayanması, heç şübhəsiz, ordu mənsublarının
üzərinə ciddi məsuliyyət qoyur. Məhz
bütün bunların nəticəsidir ki, bu gün inamla
sivil dövlətlər cərgəsinə doğru
addımlayan Azərbaycan öz dinamik inkişafı ilə
dünyanın ən aparıcı ölkələrinin diqqət
mərkəzindədir. Müvafiq istiqamətdə daha
çox uğur əldə olunan sahə isə, şübhəsiz,
ordu quruculuğudur.
İlk
növbədə onu vurğulayaq ki, Azərbaycan Silahlı
Qüvvələri Təhlükəsizliyin Dəstəklənməsi
üzrə Beynəlxalq Qüvvələrin tərkibində
sülhməramlı əməliyyatlarda uğurla iştirak
etməklə müxtəlif beynəlxalq və NATO
qoşunları komandanlıqlarının daim diqqət mərkəzində
olmuşdur. Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlılarımızın
nümunəvi xidməti onlara göstərilən etimadın
gündən-günə artması, müxtəlif strateji əhəmiyyətli
obyektlərin mühafizəsinin məhz azərbaycanlı hərbçilərə
etibar edilməsi ilə müşahidə olunmuşdur. Bu barədə
Müdafiə Nazirliyi rəhbərliyinin ünvanına
göndərilən müxtəlif məzmunlu təşəkkür
məktublarını həyəcansız oxumaq mümkün
deyil. Bu gün sülhməramlılarımızın sinəsini
bəzəyən beynəlxalq və NATO
komandanlıqlarının ali təltifləri - orden və
medallar, fəxri fərmanlar da ordu mənsublarının
peşəkarlığını birbaşa təsdiq edən əsas
cəhətlərdəndir.
Ümumiyyətlə,
regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan
Respublikası üçün öz suverenliyini və ərazi
bütövlüyünü qorumaq, işğal olunmuş əraziləri
azad etmək məqsədilə Silahlı Qüvvələrin
döyüş imkanlarını artırmağı
bütün dövrlərdə zərurətə
çevirmişdir. Bu mənada müdafiə sisteminin və
Silahlı Qüvvələrin idarə edilməsinin kompleks
şəkildə bütün səviyyələrdə təkmilləşdirilməsi
strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən
vahid idarəetmə, nəzarət, rabitə və
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi
də günün ən vacib məsələsi kimi daim ön
planda saxlanılmışdır. Hər il müdafiə
nazirinin təsdiq etdiyi plana uyğun olaraq müvafiq tədris
illəri üzrə birlik və birləşmələrdə
keçirilən komanda-qərargah təlimləri ordumuzun
mövcud imkanlarının qiymətləndirilməsində və
döyüş hazırlığının daha da
artırılmasında xüsusi rol oynayan əhəmiyyətli
tədbirlərdəndir.
Dövlətin
Silahlı Qüvvələrə göstərdiyi hərtərəfli
qayğının ildən-ilə artırılması bu
gün ordumuzun ən müasir silah-sursat və texniki
avadanlıqlarla təmin olunmasında önəmli rol
oynamışdır. Belə ki, strateji və taktiki səviyyədə
pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və
radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli
müşahidə, o cümlədən, qoşun və
xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların
fərdi gecəgörmə vasitələri ilə təmin
olunması şəxsi heyətin manevr imkanlarını ikiqat
artırmışdır.
Ötən
illər ərzində Silahlı Qüvvələrin
ayrı-ayrı qoşun növlərinə təqdim
olunmuş müasir silah və texnika, o cümlədən
yaylım atəşli reaktiv sistemlər ordumuzda
döyüş hazırlığı sahəsində yeni
keyfiyyət göstəricilərinin əldə olunması ilə
nəticələnmişdir. Təkcə onu demək kifayətdir
ki, yaylım atəşli reaktiv sistemlərin köməkliyi
ilə bu gün hərbçilərimiz düşmənin
yaxın və uzaq məsafələrdə yerləşən
bütün hərbi hədəflərini böyük bir ərazidə
məhv emək imkanı qazanmışlar. Şəxsi heyətin
istifadəsinə verilən müasir tipli meteoroloji stansiyalar
isə artilleriya atəşlərini yüksək dəqiqliklə
yerinə yetirməyə əsas verir. Yeri gəlmişkən,
Azərbaycan ordusunun ayrı-ayrı hərbi hissə və
bölmələrinin optik hesablama cihazları və
radiolokasiya stansiyaları ilə təchiz olunması son illərin
uğurlarındandır. Bütün bunlar düşmənin
hərəkətsiz və hərəkətli hədəflərinin
qısa zaman kəsiyində aşkarlanmasını və atəşlə
zərərvurma vasitələrinə ötürülməsini
tam təmin etmişdir. Müasir tipli optik gündüz və
gecəgörmə nişangahları, müşahidə cihazları
isə istismarda olan silahların döyüş
imkanlarını ikiqat artırmışdır. Bundan əlavə,
zirehli texnikalar üzərində aparılan modernləşdirmə
işlərinin uğurla yekunlaşdırılması, atəşin
və döyüşün müasir tipli idarəetmə
sistemlərinin tam quraşdırılması və istifadəyə
verilməsi ordumuzun maksimal uzaqlıqda yerləşən
düşmən hədəflərini hava şəraitindən
asılı olmayaraq, gecə və gündüz məhv etməsi
üçün geniş imkan yaratmışdır.
Bu
gün Silahlı Qüvvələrimiz Ermənistanın
bütün ərazisində yerləşən hərbi hədəfləri
məhv etməyə qadirdir. Bütün bunlar Azərbaycan
dövlətinin ordu quruculuğu işinə verdiyi
böyük önəmin nəticəsidir. Təsadüfi
deyil ki, son bir neçə il ərzində orduya ayrılan vəsaitin
həcmi 14 dəfədən çox
artırılmışdır.
Lakin heç kəsə sirr deyil ki, müasir texnika müasir dünyagörüşünə və düşüncə tərzinə malik insanlar tərəfindən idarə olunmalıdır. Müvafiq istiqamətdə də Silahlı Qüvvələrimizdə daim ciddi tədbirlər həyata keçirilir. Belə tədbirlərin yüksək səviyyədə reallaşdırılması məqsədilə hər il Azərbaycanda və xarici ölkələrdə 300-dək müxtəlif sahələr üzrə kurslar, işçi görüşləri, seminar və konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları və məsləhətləşmələr təşkil olunur ki, burada ordumuzun 1500-dək hərbi qulluqçusu iştirak edir.
Ötən müddət ərzində NATO-nun Lissabon, Brunsum və İzmirdəki Birləşmiş Qərargahının Mobil Təlim Qrupunun və Hərbi Hava Qüvvələri Qüvvə Komandanlığı Qərargahının, Quru Qoşunları Mobil təlim və ekspert qruplarının, Standartlaşma Agentliyi üzrə mütəxəssislərinin və s. Azərbaycana işgüzar səfərləri təcrübə mübadiləsi baxımından kifayət qədər məhsuldar olmuşdur. Bundan əlavə, Silahlı Qüvvələrdə hərbi təlim və təhsil sahəsinə yardım mövzusunda taktiki və əməliyyat səviyyəsində NATO-nun Beynəlxalq Qərargahı tərəfindən həyata keçirilən işçi görüşləri, Çavuş məktəbinin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı Azərbaycandan olan müəllim heyətinə ABŞ, Türkiyə, Almaniya və Latviyanın müvafiq mərkəzlərində çavuş heyətinin hazırlığı üzrə keçirilən treninqlər şəxsi heyətin müasir hərbi elmə dərindən yiyələnməsi istiqamətində mötəbər baza rolunu oynamışdır. O cümlədən Müdafiə Siyasəti və Planlaşdırılması kursları üzrə tədris modulunun tətbiq olunması və inkişaf etdirilməsi, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasında mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə NATO-nun Beynəlxalq Qərargahı, Rumıniya və ABŞ (Milli Müdafiə Universiteti) ekspertləri ilə təşkil olunan görüşlər Azərbaycan dövlətinə dayaq ola biləcək yeni nəslin formalaşdırılması istiqamətində reallaşdırılan əhəmiyyətli tədbirlərdəndir. Bütün bunlar ordumuzun həyatında öz səmərəli nəticəsini göstərməkdədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti ixtiyarında olan silah-sursatın və hərbi texnikanın sirlərinə dərindən yiyələnməklə, əslində dövlət və xalq tərəfindən ordu mənsublarının qarşısına qoyulan taleyüklü vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışırlar. Bu gün hərbi hissə və birləşmələrdə şəxsi heyətin sərgilədiyi yüksək döyüş hazırlığı, mənəvi, psixoloji durum düşmən üzərində ən yaxın gələcəkdə qazanılacaq böyük qələbəmizə zəmin yaradır. İndi döyüş səngərlərində keşik çəkən hər bir əsgər yaxşı başa düşür ki, bizə Ali Baş Komandan tərəfindən cəsur olmaq əmri verilib.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 6.