Göygöldən
bir az bəri...
Məlum həqiqətdir: böyük
şəhərlərin qonşuluğunda
yerləşən rayon mərkəzləri
özlərini o qədər də rahat hiss etmirlər. Əslində,
burada təəccüblü heç nə yoxdur. Hər
cəhətdən inkişaf etmiş iri şəhərlərlə
ayaqlaşmaq onlar üçün, həqiqətən, çətindir.
Bununla bərabər, "kiçik
qardaşlar" da bu inkişaf və yüksəliş
yarışında geridə qalmaq istəmirlər.
Heç kimə sirr deyil ki, son
illərə qədər belə bir
nigarançılıq keçirən rayon
mərkəzlərindən biri Göygöl idi. Ancaq indi vəziyyət
tamamilə başqadır. Burada iqtisadi, sosial və mədəni
sahədə dinamik inkişaf
təmin edilmiş, tikinti-abadlıq və
quruculuq işləri ardıcıl və sistemli xarakter
almış, bu zaman
yüksək zövq və müasirlik əsas götürülmüşdür.
O da maraqlıdır ki,
7 il əvvəl başlanmış bu inkişaf və yüksəliş
eyni sürət və keyfiyyətlə davam etdirilir. Göygöl şəhəri öz
simasını, demək olar ki, hər gün dəyişir,
daha abad, müasir və gözəl olur.
Göygöl
Rayon İcra Hakimiyyətindən bizə bir arayış verdilər.
Orada son illər iqtisadi, sosial və mədəni sahədə
əldə edilmiş dinamik inkişafın statistikası əks
olunub. Rəqəm və göstəricilərin müqayisəli
təhlili bizdə fərəh hissi yaratdı. Ona görə
ki, rayon iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, əsaslı
inkişaf baş verməsin. Tikinti-abadlıq və quruculuq
işləri ardıcıl surətdə, müntəzəm və
sistemli xarakter almışdır.
Yeri
gəlmişkən, inkişaf və dinamikanın ümumi mənzərəsini
əks etdirən bəzi xarakterik faktlar:
Son yeddi il ərzində Göygöl şəhərində mərkəzi küçə və meydanlar əsaslı təmir edilmiş, asfaltlaşdırılmış, kanalizasiya sistemi qurulmuş, 23 yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, 151 çarpayılıq mərkəzi rayon xəstəxanası, 15 çarpayılıq Çaykənd kənd sahə xəstəxanası, 8 tibb məntəqəsi, 8 poçt şöbəsi, 7 inzibati bina, Gənclər evi, Dozular kəndində baş vermiş torpaq sürüşməsi zamanı köçürülmüş ailələr üçün 42 yaşayış evi, 14 məktəb binası, 1 uşaq bağçası, Respublika Süni Mayalanma Mərkəzi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilib istifadəyə verilmişdir. Bir sıra ümumtəhsil məktəbləri, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət ocaqları əsaslı təmir olunmuşdur. 13 kənddə elektron tipli ATS quraşdırılmış, 20 artezian quyusu qazılmışdır. Yaşayış məntəqələrinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Göygöl şəhərinə Kürəkçaydan 25 kilometr uzunluğunda su kəmərinin çəkilişi başa çatmışdır. Hazırda su təmizləyici və digər qurğuların tikintisi aparılır.
Fəaliyyətini dayandırmış keçmiş Xanlar Aqrar Sənaye Kombinatının bazasında "Göygöl şərab zavodu" yaradılmış, 600 hektar üzüm bağı salınmışdır. Həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində son 7 il ərzində 5618 nəfər işlə təmin edilmişdir ki, bunun da 4542-si daimidir.
2011-ci ilin ötən ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 9356 min manat artaraq 49151,1 min manata çatmışdır. Məhsul və xidmətlərin 30195,5 min manatı istehsal, 18955,6 min manatı xidmət sahələrinin təşkil etmişdir. Rayon üzrə adambaşına 836,47 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz çox məhsul istehsal edilmişdir.
Müqayisə olunan dövrdə 14202,3 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət bölməsinin payına düşür.
Sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 454-ə çatmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 17 sahibkara 216 min manat dəyərində güzəştli kredit verilmişdir. Rayon büdcəsinin gəlirləri 1 milyon 583,4 min manat proqnoza qarşı, 1 milyon 663,2 min manat və ya 105 faiz yerinə yetirilmişdir.
2009 - 2013-cü illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Göygöl şəhərinin A.Hacıyev, M.Rəsulzadə küçələrinin yuxarı hissəsinə, K.Kərimov, İ.Şıxlı, X.Məmmədov, T.Quliyev, D.Bayramov, F.Kərimzadə və A.Ələsgər küçələrinə asfalt örtük salınmış, səki daşları düzülmüşdür. Göygöl şəhərində yeni salınmış yaşayış massivində 20 küçəyə, Xanlar qəsəbəsindəki bütün küçələrə çınqıl örtük tökülmüşdür. Küçələrin abadlaşdırılması indi də davam etdirilir. Göygöl - Hacıkənd magistral avtomobil yolunun Göygöl şəhəri ilə Xanlar qəsəbəsi arasındakı hissəsi yenidən qurularaq genişləndirilmişdir.
Yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl şəhərində, Quşqara, Mollacəlilli kəndlərində, Qızılqaya qəsəbəsində əlavə qaz xətti çəkilmiş, Çaykənd, Çaylı kəndlərində olan daşıyıcı və paylayıcı qaz xətində təmir-bərpa işləri aparılmışdır. Beləliklə, Göygöl şəhərində 32, Quşqarada 99, Mollacəlillidə 36, Üçtəpədə 54, Qızılqayada 113, Çaykənddə 66, Çaylıda 150 abonent təbii qazla təmin edilmişdir. Samux rayonunun Alıuşağı qaz paylayıcı stansiyasından Hacıməlik qəsəbəsinə daşıyıcı magistral qaz kəmərinin tikintisinə başlanılmışdır.
Rayon Elektrik Şəbəkəsinin yenidən qurulması məqsədilə Göygöl şəhərində 30 kilometr elektrik xətləri yeniləri ilə əvəz olunmuşdur. 3062 ədəd SMART tipli sayğac quraşdırılmışdır. Toğana kəndində 35 kV-luq "Göygöl" yarım stansiyasının, Xanlar qəsəbəsi - Toğana elektrik xəttinin tikintisinə başlanılmışdır. Xanlar qəsəbəsindəki mövcud 35 kV-luq "Göygöl-2" yarımstansiyasında yenidənqurma işləri aparılır.
Yaşayış məntəqələrinin su təchizatını daha da yaxşılaşdırmaq üçün Göygöl şəhərinə Kürəkçaydan 25 kilometr uzunluğunda yeni magistral su kəmərinin çəkilməsinə başlanılmışdır.Kəmərin çəkilişi başa çatdırıldıqdan sonra Toğana, Çaykənd, Yeni Zod, Mixaylovka, Göyçəkənd, Aşıqlı kəndlərinə su verilməsi nəzərdə tutulmuşdur.
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, bu sahələrdə ciddi intizam və tələbkarlıq yaradılmışdır. Əsas cəhət odur ki, maddi-texniki baza möhkəmləndirilmiş, əvvəllər müşahidə olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmışdır. Məsələn, son 7 il ərzində rayonda onlarla məktəb, səhiyyə və mədəniyyət ocaqlarfı tikilib istifadəyə verilmiş, müasir avadanlıq və inventarla təmin edilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Göygöl üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar onu demək olar ki, Səhiyyə Nazirliyinin rayondakı Kardiorevmotoloji Sanatoriyasının əsas korpusu, Çaykənd sahə xəstəxanası və Pənahlılar tibb məntəqəsi əsaslı təmir edilmişdir.
Mədəniyyət obyektlərinin təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası ilə bağlı Göygöl rayon mədəniyyət evi və Mollacəlilli kənd kitabxanası əsaslı təmir olunmuşdur. Yeni idman-sağlamlıq obyektlərinin tikintisi ilə bağlı Göygöl şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlanılmışdır.
Təhsil müəssisələrinin əsaslı təmiri, məktəblər üçün idman zallarının, qazanxanaların, əlavə sinif otaqlarının tikintisi və yeni təhsil müəssisələrinin inşası uğurla davam etdirilir. Belə ki, Toğanalı və Çaylı kənd tam orta məktəb binaları əsaslı təmir olunmuşdur. Yeni Qızılca kəndində yeni məktəb binası tikilmiş, Zurnabad və Qızılca kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılmışdır. Quşqara kəndində isə yeni məktəb tikintisi üçün torpaq sahəsi ayrılmış, hazırda layihə-smeta sənədləri hazırlanır.
Vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılması rayon icra hakimiyyətinin, onun yerli strukturlarının diqqət mərkəzində olmuş, bu sahədə ardıcıl və sistemli iş qurulmuşdur. Burada yerlərdə təşkil olunan səyyar qəbulları ayrıca qeyd etmək lazımdır. Başlıca cəhət ona yönəldilmişdir ki, təkrar şikayətlərin sayı azalsın, vətəndaşları narahat edən məsələlər nəzərdə tutulmuş müddətdə yerinə yetirilsin, bu sahədə hər hansı gecikmə və süründürməçilik hallarına yol verilməsin. Elə ona görə də, Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşların elan edilmiş günlərdə və saatlarda qəbul edilməsi diqqət mərkəzində saxlanılır. Yazılı və şifahi müraciətlərə baxılarkən sakinlərin "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununda təsbit edilmiş hüquqları qorunur, bu sahədə mövcud olan normativ aktların tələblərinə ciddi riayət olunur, müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara vaxtında yazılı cavablar verilir.
Biz bu yazıda son illər Göygöl rayonunda iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş xarakterik uğurların, dinamik yüksəlişi əks etdirən fakt və rəqəmlərin bəzilərini göstərməklə kifayətləndik. Doğrudan da, bu gün Göygöl öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Hara getdiksə tikinti-abadlıq və quruculuğun, kimlə söhbət etdiksə yüksək əhval-ruhiyyənin, sabaha dərin inam və ümidin şahidi olduq. Bu isə belə deməyə tam əsas verir ki, Göygölün sabahı daha abad, gözəl və yaraşıqlı olacaqdır.
Görüşdüyümüz, söhbət etdiyimiz rayon sakinləri - ziyalılar, ağsaqqallar və gənclər bu inkişaf və yüksəliş, yaradılmış sağlam mənəvi-psixoloji mühit, gündəlik diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirir, ölkə rəhbərinin apardığı müdrik və qətiyyətli daxili və xarici siyasət xəttini ürəkdən bəyənir və müdafiə edirlər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 5.