Naxçıvan Muxtar Respublikası: inkişafın 20 ili

 

Naxçıvan Muxtar Respublikasında 20 ildə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Diqqəti cəlb edən əsas məqamlardan biri ondan ibarətdir ki, ötən 20 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikanın yarandığı 1924-cü ildən 1991-ci ilədək - yəni 67 il ərzində əldə olunanları xeyli üstələyir. 1924-1990-cı illərdə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 46-ya bərabər olmuşdursa, 20 il ərzində sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 383 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 9 dəfə artaraq 429-a çatmışdır. Sənaye məhsullarının sayı da artmışdır. Əgər 1924-1990-cı illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə maksimum göstərici 23-ə bərabər idisə, ötən 20 il ərzində əlavə olaraq 221 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu göstərici ümumilikdə 244-ə çatmışdır. Ötən 20 il ərzində muxtar respublikanın inzibati ərazisində 2993 kilometr uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1990-cı illər ərzində salınmış 1278 kilometr uzunluğunda avtomobil yollarını 2,3 dəfə üstələyir.

Ötən 20 il üzrə iqtisadi inkişafın xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Tikinti sektorunda iş həcminin artmasının nəticəsidir ki, əgər keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda 1 ay ərzində 2535 ton beton istifadə olunurdusa, hazırda bu göstərici 1 gün ərzində inşaat işlərinə sərf olunan betonun ümumi həcminə bərabərdir.

Ötən 20 il ərzində muxtar respublikada 189 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi dövründə bu sayda məktəbi inşa etmək üçün 44 il vaxt lazım olmuşdur. Bu dövrdə 188 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir ki, muxtar respublika ərazisində bu sayda tikilini təhvil vermək üçün keçmiş Sovetlər Birliyində 50 illik vaxt sərf olunmuşdur.

Həyata keçirilən irimiqyaslı islahatların nəticəsidir ki, müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası aqrar bölgədən sənaye regionuna çevrilmişdir. Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir. Əgər 20 il öncə muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun tərkibində aparıcı yer kənd təsərrüfatı və ticarət sahəsinə məxsus idisə, hazırda bu yerdə sənaye və tikinti sahələri dayanmaqdadır. Bu da muxtar respublika iqtisadiyyatının sənaye təmayüllü baza üzərindən inkişafını təsdiqləməkdədir.

 

Sənaye

 

Hazırda muxtar respublikada 244 adda, o cümlədən mədənçıxarma sənayesi bölməsində 4 adda, emal sənayesinin mühüm növ qida məhsullarının istehsalı bölməsində 74 adda, toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı bölməsində 29 adda, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı bölməsində 16 adda, kağız və karton istehsalı, poliqrafiya fəaliyyəti ilə yazılmış məlumatların daşıyıcılara çoxaldılması bölməsində 12 adda, kimya sənayesi, rezin və plastmas məmulatların istehsalı bölməsində 23 adda, digər qeyri-metal mineral maddələrin istehsalı bölməsində 23 adda, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı bölməsində 32 adda, avtomobil, qoşqu və yarımqoşquların istehsalı və emal sənayesinin digər bölmələrində 27 adda, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində isə 4 adda məhsul istehsal olunmaqdadır.

Son 5 ildə sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün sahibkarlara 46 milyon manatdan çox kreditlər verilmişdir. 2010-cu ildə bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə 7 milyon 143 min manata yaxın kredit verilmişdir ki, bu da 1995-ci ilin müvafiq göstəricisindən 231 dəfə çoxdur.

Muxtar respublikamızda sənaye potensialının davamlı yüksəlişini və yerli məhsulların ixracına göstərilən xüsusi dövlət dəstəyini səciyyələndirən mühüm bir göstərici ondan ibarətdir ki, təkcə 2010-cu il ərzində daxili tələbatdan artıq istehsal olunmuş 129 milyon 10 min ABŞ dolları dəyərində sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur ki, bu da 1991-ci illə müqayisədə 715 dəfə çoxdur. Sənaye sahəsində yeni iş yerlərinin açılması xeyli sürətlənmiş, ötən 20 il ərzində sənaye sahəsində ümumilikdə 10671 yeni iş yeri yaradılmışdır. Hazırda muxtar respublikanın sənaye müəssisələrində 14435 nəfər işçi çalışır ki, bu da 1 yanvar 1992-ci ildəki müvafiq göstəricini 7,9 dəfə üstələyir. Muxtar respublikanın sənaye sahəsində orta aylıq əməkhaqqının məbləği artaraq 327 manata çatmışdır.

Ötən 20 il ərzində Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin olunması sahəsində ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2005-ci il 2 may tarixli sərəncamına uyğun olaraq 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilmişdir. Həmin sərəncama uyğun olaraq, 2006-cı ildə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilərək istismara verilmiş, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası tikilmiş, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Hazırda Şərur rayonunda Arpaçay və Ordubad rayonunda Ordubad Su Elektrik stansiyalarının tikintisi davam etdirilir.

Uzunmüddətli fasilədən sonra 2005-ci ilin noyabr ayından başlayaraq muxtar respublikada istehlakçıların təbii qazla təminatı həyata keçirilir. Hazırda əhalinin və təsərrüfat subyektlərinin təbii qazla təchizatı başa çatdırılmışdır. 1 sentyabr 2011-ci il tarixə 78 min 523 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərə pulsuz olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır.

 

Tikinti

 

Ötən 20 il ərzində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, şəhər, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quraşdırma, abadlaşdırma işləri, yolların, körpülərin tikintisi və təmiri muxtar respublikanı başdan-başa yeniləşmiş regiona çevirmişdir. Əgər 1991-ci ildə muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 1794,9 min manat idisə, bu göstərici 2011-ci ilin yanvar-avqust aylarında 578660,1 min manat təşkil etmişdir.

1 yanvar 1991-ci il tarixdən 1 sentyabr 2011-ci ilədək olan dövr ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2 milyard 567 milyon 343 min manat olmuşdur. Son 20 il ərzində muxtar respublikamızda aşağıda qeyd olunan sahələr üzrə obyektlər istifadəyə verilmişdir: 422 inzibati bina; mənzil təsərrüfatı sahəsində 641 obyekt; 157 nasos stansiyası; 360 subartezian quyusu; 125 körpü; rabitə və informasiya texnologiyaları sahəsində 263 obyekt və qurğu; 2103 müxtəlif güclü transformator yarımstansiyası; 50 xidmət və ticarət mərkəzi; 260 elm və təhsil ocağı; 295 mədəniyyət ocağı; 188 səhiyyə obyekti; 36 idman obyekti; 320 kommunal infrastruktur obyekti; əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkənlər və bu kateqoriyadan olan digər şəxslər üçün 465 fərdi ev; 3425 istehsal, xidmət və digər infrastruktur obyekti.

Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə 2005-ci ildən 1 sentyabr 2011-ci il tarixədək olan dövr ərzində 3 qəsəbə və 67 kənd mərkəzi istifadəyə verilmişdir. Son dörd ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 301 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 lift quraşdırılmışdır. Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.

Əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisində də özünü göstərməkdədir. Təkcə 2011-ci ilin yanvar - avqust ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 290 min 420 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1991-ci ilə olan göstərici ilə müqayisədə 35,4 dəfə çoxdur.

 

Kənd təsərrüfatı

 

Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar bölmədə ötən 20 il ərzində aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır.

Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1991-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur. 1991-ci ilə nisbətən 2011-ci ildə taxıl əkini sahəsi 2,4 dəfə, məhsul istehsalı isə 3,3 dəfə artmışdır.

Tikilən və ya yenidən qurulan 24 taxıl emalı müəssisəsi mövcud aqrar sənaye kompleksinin inkişafına öz təsirini göstərmişdir. Bununla yanaşı, 2009-cu ildə tutumu 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla, istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Muxtar respublikada taxılçılıqla yanaşı, kartof istehsalına xüsusi diqqət yetirilir. 2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir ki, bu da 1991-ci ildə kartof əkilmiş sahədən 2646 hektar çoxdur. 1 sentyabr 2011-ci il tarixə 2631 hektar sahədən 36146,7 ton məhsul yığılmışdır ki, bu da 1991-ci ildə olan göstəricini 35722 ton üstələmişdir. Yanvar-avqust ayları ərzində muxtar respublikada 101028 ton taxıl, 54761 ton tərəvəz, 32861 ton bostan məhsulları, 30019 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1991-ci ildə olan göstəriciləri müvafiq olaraq 3,3 dəfə, 12 dəfə, 30 dəfə, 13 dəfə üstələmişdir.

"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 93 ədədi 2011-ci ilin yanvar-avqust aylarında olmaqla cəmi 670 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar - avqust aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 154 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və onun Şərur, Ordubad, Culfa, Kəngərli və Sədərək bazaları yaradılmışdır. Bu dövr ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmişdir. Tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması davam etdirilir.

1 iyul 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 844 baş, qoyun və keçilərin sayı isə 658 min 10 baş olmuşdur ki, bu da 1 yanvar 1992-ci ilə olan göstəriciləri müvafiq olaraq 82 faiz və 2,6 dəfə üstələyir.

Ötən 20 il ərzində quşçuluq sahəsində 29 təsərrüfat subyekti fəaliyyətə başlamış, hazırda 11 quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir. 1 yanvar 2011-ci il tarixə muxtar respublikada 901,7 min baş kənd təsərrüfatı quşları mövcud olmuşdur ki, bu da 1 yanvar 1992-ci ilə nisbətən 2,7 dəfə çoxdur.

2010-cu ilin sonuna muxtar respublikada 52 min 685 arı ailəsi mövcud olmuşdur ki, bu da 1 yanvar 1992-ci ilə nisbətən 8 dəfə çoxdur. Ötən dövr ərzində arı ailələrinin artımı məhsul istehsalının artımına da öz müsbət təsirini göstərmişdir. Belə ki, 2010-cu ildə muxtar respublikada 710 ton bal istehsal olunmuşdur ki, bu da 1991-ci illə müqayisədə 11 dəfə çoxdur. 20 il ərzində 10 balıqyetişdirmə təsərrüfatı istifadəyə verilmişdir. 1 balıqyetişdirmə sahəsinin yaradılması üzrə işlər davam etdirilir.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı və bu sahədə sahibkarlığa dəstək məqsədilə 2011-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və ayrı-ayrı fiziki şəxslərə ümumilikdə 8 milyon 444 min manat həcmində və yaxud 1995-ci illə müqayisədə 50 dəfə çox kredit verilmişdir.

Aparılan məqsədyönlü tədbirlər, öz növbəsində, istehsal olunan kənd təsərrüfatı məhsulları həcminin artması ilə nəticələnmişdir. 1991-ci ildə muxtar respublikada 13 milyon 856 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdursa, 2011-ci ilin yanvar-avqust aylarında bu göstərici 192 milyon manatı ötmüşdür.

 

Nəqliyyat

 

20 ildən artıqdır ki, muxtar respublika blokada şəraitindədir. Ötən dövr ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldıraraq, nəqliyyat infrastrukturunu yenidən təşkil etmək sahəsində əsaslı tədbirlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı Sərhəd-Keçid komplekslərinin, Sədərək, Culfa və Şahtaxtı Sərhəd Keçid məntəqələrində yeni körpülərin istifadəyə verilməsi, "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.

Ötən 20 ildə muxtar respublikada 2993 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 125 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 142 ədəd yeni müasir tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara buraxılmışdır. Digər tərəfdən isə bu müddət ərzində dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq bu sahənin infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş, muxtar respublika daxilində dəmir yolunun ahəngdar işi təmin edilmişdir.

Ötən 20 il ərzində muxtar respublikamızda avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə ümumilikdə 250 milyon 509 min manatdan artıq investisiya yönəldilmişdir. Muxtar respublikamızda nəqliyyat kompleksinin ümumi inkişaf templərinə paralel olaraq, istifadədə olan avtomobillərin sayı da günbəgün artmaqdadır. 1992-ci ilin əvvəlinə 15588 ədəd avtomobil mövcud idisə, 1 sentyabr 2011-ci il tarixə bu göstərici 2,6 dəfə artaraq 39785 ədədə çatmışdır. Həyata keçirilən zəruri islahatlar muxtar respublikanın nəqliyyat infrastrukturunun daha da gücləndirilməsinə, onun tranzit potensialının artırılmasına, bu sahədə və ümumilikdə sahibkarlığın inkişafına, nəqliyyat sisteminin dayanıqlı yüksəlişinə əsaslı zəmin yaratmaqdadır.

 

Rabitə və informasiya texnologiyaları

 

İnformasiya texnologiyalarından istifadə qismində mühüm bir göstərici ondan ibarətdir ki, 1 yanvar 1992-ci il tarixə muxtar respublikada əsas telefon aparatlarının sayı 21152 nömrə olduğu halda 1 sentyabr 2011-ci il tarixə bu göstərici 2,9 dəfə artaraq 61781 nömrəyə çatmışdır. Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ümumilikdə bu sahə üzrə göstərilən xidmətlərin həcminin dinamik artımına da zəmin yaratmışdır. Belə ki, informasiya və rabitə xidmətlərinin həcmi 1991-ci ildə 147,4 min manat, 1995-ci ildə 420,3 min manat, 2000-ci ildə 2448,4 min manat, 2005-ci ildə 9014,2 min manat, 2010-cu ildə 36579,3 min manat, 2011-ci ilin yanvar-avqust aylarında isə 26735,9 min manat təşkil etmişdir.

 

Yeni iş yerləri

 

Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1991-ci ildən 1 sentyabr 2011-ci il tarixədək muxtar respublika üzrə 68676 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 22483-ü və ya 32,7 faizi dövlət sektorunda, 46193-ü və ya 67,3 faizi qeyri-dövlət sektorunda yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 42398-i və ya 61,7 faizi daimi iş yeridir. Ötən 20 il ərzində muxtar respublikanın məşğulluq xidməti orqanları 21314 nəfərin işlə təminatında kömək və vasitəçilik etmişdir.

 

Demoqrafik göstəricilər

 

1 sentyabr 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı 1 yanvar 1992-ci il tarixə olan göstəriciyə nisbətən 100,6 min nəfər artaraq 415,7 min nəfərə çatmışdır. Əgər 1991-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 59 nəfər təşkil edirdisə, hazırda bu göstərici 78 nəfərə çatmışdır. Son 20 il ərzində muxtar respublikada 150,1 min nəfər uşaq doğulmuşdur ki, bu da hər gün orta hesabla 20-21 körpənin dünyaya gəlişi deməkdir. Son 20 il ərzində muxtar respublikada 61324 nigah bağlanmışdır ki, bu da hər gün orta hesabla 8-9 nigahın bağlanması deməkdir. 2011-ci ilin yanvar-avqust ayları ərzində 1976 nigah bağlanmışdır. İctimai həyatımızın son 20 ili inkişaf və tərəqqi mərhələsi kimi doğma Naxçıvanımızın iqtisadi və siyasi tarixinin parlaq səhifəsinə çevrilmişdir. Heydər Əliyev yoluna və quruculuq xəttinə sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər zaman keçdikcə daha da artacaqdır. Çünki bunlar müstəqillik dövrünün fəal yaradıcı gücünün nəticələridir.

 

(Yazı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır)

 

 

Xalq qəzeti.- 2011.- 3 noyabr.- S. 3.