Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmağa həqiqətən layiqdir

 

Müsahibimiz Milli Məclisin üzvü, şair-publisist Tahir Rzayevdir.

 

- Tahir müəllim, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini necə dəyərləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm, çünki Azərbaycan olduqca böyük diplomatik qələbə əldə edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq bunun çağdaş tariximizdə çox əlamətdar hadisə olduğunu bəyan etdi. İndi ölkəmizin haqlı və ədalətli səsi BMT Təhlükəsizlik Şurası kimi çox mötəbər bir qurumdan daha gur eşidiləcək.

Ötən əsrin əvvəllərində millətimizin romantik ruhlu böyük şairi Məhəmməd Hadi dərin ürəkağrısı ilə yazırdı ki, "yox imzası millətimin imzalar içində". İndi millətimizin mübarək imzası dünya millətlərinin imzaları arasında nəinki var, üstəlik müstəqil Azərbaycan bu gün dünyanın taleyini müəyyən edən super dövlətlərlə bir sıradadır. Belə ki, Təhlükəsizlik Şurası Yer kürəsində sülhün və təhlükəsizliyin qorunmasına nəzarət edən çox nüfuzlu bir qurumdur. Burada təmsil olunmağı sox dövlətlər arzulaya bilər, amma hər millətə bu nəsib olmur.

Bu, ona dəlalət edir ki, son illər Azərbaycan həqiqətən böyük inkişaf yolu keçib. Bu tərəqqinin vüsəti və miqyası heyrətamizdir! Bu qələbənin dərin rəmzi mənası da var. Bu uğur müstəqilliyimizin 20 yaşı yenicə tamam olduğu bir dönəmdə baş verib. Bundan necə sevinməmək, qürur duymamaq olar! Qəzetinizin mənə verdiyi bu fürsətdən istifadə edərək bu böyük tarixi qələbə münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm.

- Sizcə, Azərbaycanın son diplomatik uğurunu şərtləndirən amillər hansılardır?

- Siz bilirsiniz ki, hər bir müstəqil dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Azərbaycanın son diplomatik uğuru ölkəmizin son illər ərzində siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı aşkar uğurlara dünya birliyinə üzv dövlətlər tərəfindən verilən yüksək qiymətdir. Düşünürəm ki, Azərbaycanın lehinə səs verən dünyanın 155 dövləti ölkəmizin demokratik dəyərlərə daim sadiq qalacağına və bəşəriyyətin ən mühüm məsələlərinin həllində yalnız ədalətli mövqe nümayiş etdirəcəyinə inanır və buna görə bizi dəstəkləyib. Dünya görür ki, Azərbaycan öz milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bərabər dünyanın sivil, bəşəri və humanist dəyərlərinə də hörmətlə yanaşır.

Bu gün dünyada hər şey göz qabağındadır. İnternet vasitəsilə aramsız qlobal informasiya axını baş verir. Yer kürəsinin ən ucqar bir nöqtəsində nə baş verirsə, hər kəs görür, eşidir, qiymətləndirir. Hamıya bəllidir ki, Azərbaycan dövləti həm qlobal təhlükəsizlik, həm də humanitar əməkdaşlıq sahəsində uğurlu və davamlı səylər göstərir. Bütün bunlar mütərrəqqi bəşəriyyətdə dərin rəğbət hissləri doğurur. Son vaxt- lar bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın bütün dünya ilə əlaqələri genişləndirilib.

- Yeri gəlmişkən, lap bu yaxınlarda Bakıda beynəlxalq humanitar forum baş tutdu...

- Tamamilə doğrudur. Bu ilin 10-11 oktyabrında paytaxtımızda Beynəlxalq Humanitar Forum keçirildi. Bu mötəbər tədbir Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil olunmuşdu. Forumda xüsusi olaraq qeyd olundu ki, Şərqlə Qərb arasında bir körpü rolunu oynayan Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin təşəkkül taparaq harmonik inkişaf etdiyi bir məkandır.

Bir məqama diqqətinizi cəlb etmək istəyirəm. Forumun rəsmi açılışı gününün axşamı, M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan və Rusiya prezidentlərinin çıxış və məqalələrindən tərtib olunmuş "XX əsr: humanitar çağırışlar" kitabının təqdimat mərasimi oldu. Tədbirdə İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko ilə bir sıra məsələlər barəsində fikir mübadiləsi etdim. Moskvalı qonaq belə bir fikir söylədi ki, bu gün Azərbaycan bölgənin mədəni, intellektual və informasiya mərkəzinə çevrilib. Bu fikir, nə gizlədim, qəlbimi çox sevindirdi, duyğulandırdı. Həmin an, yadıma dahi Nizaminin məşhur bir beyti düşdü:

Qüvvət bilikdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz.

Fikrimcə, indi Azərbaycanın mədəni və intellektual müstəvilərdə böyük uğurları yaxın və uzaq ölkələrdən, bir sözlə hər yerdən yaxşı görünür və bizim diplomatik və başqa sahələrdəki gələcək uğurlarımıza möhkəm zəmin yaradır.

- Siz parlamentdə Qarabağ bölgəsini təmsil edirsiniz. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə çoxsaylı seçicilərinizin münasibətini öyrənibsinizmi? Sadə adamlar bölgələrdə bu barədə nə düşünürlər?

- Çox yerinə düşən bir sual verdiniz. Mənim üçün seçicilərimin bu və digər hadisəyə münasibətlərini öyrənib bilmək həmişə maraqlıdır. Bu günlərdə yenə də doğma Ağcabədiyə getmişdim, rayon ziyalıları, sadə əmək adamları ilə çoxsaylı görüşlərim oldu. Demək olar ki, hamı birmənalı şəkildə Azərbaycanın son diplomatik qələbəsinin Qarabağ probleminin ədalətli həllinə müsbət təsir göstərəcəyinə inanır.

Məni riqqətə gətirən həm də odur ki, Qarabağın hər bir bölgəsində, o cümlədən bu gün düşmənlə üzbəüz dayanan Ağcabədidə böyükdən kiçiyə hər kəs Azərbaycan iqtidarının həm daxili, həm də xarici siyasətinin xalqımızın milli maraqlarınıa tam cavab verdiyini dərk edir. Azərbaycanda xalqla iqtidarın sarsılmaz birliyi dostlarımızı sevindirsə də, düşmənlərimizi narahat edir. Bundan ən çox rəsmi İrəvan əndişələnir. Orada bilirlər ki, bu gün Azərbaycan Qarabağı hər an hərb yolu ilə işğalçılardan azad etməyə qadirdir.

Ermənistanı idarə edənlər, nəhayət anlamalıdırlar ki, qonşu dövlətin tarixi ərazilərinə təcavüz etmiş Ermənistanın sülh danışıqlarında qeyri-konstrutiv yol tutması bu dövləti labüd fəlakətə sürükləyəcək. Ümid edirəm ki, sadə, sıravi ermənilər artıq başa düşüblər ki, millətçi və şovinist qüvvələr onları aldadıblar. Azərbaycanın qədim və əzəli torpağı olan gözəl Qarabağda ədalətli sülhün bərqərar olması isə bütün bölgəyə davamlı inkişaf, əmin-amanlıq və firavanlıq gətirə bilər.

- Siz dediniz ki, seçiciləriniz ölkəmizin son diplomatik qələbəsinə çox sevinirlər. Bu uğurun xalqımıza nə kimi faydalar gətirəcəyi barədə onlarla söhbətləriniz olubmu?

- Təbii ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin faydası çoxdur. İndi ölkəmizin mövqeyi ilə ən nüfuzlu dövlətlər və beynəlxalq qurumlar hesablaşmalı olacaq. Diplomatlarımız bu fürsətdən bəhrələnərək Azərbaycan həqiqətlərini dünyanın diqqətinə çatdıra biləcəklər. Lakin elə problemlər var ki, onların həlli üçün bütün millət səfərbər olunmalıdır. Qarabağ münaqişəsi də belə problemlərdəndir. Qarabağ Azərbaycanın ən ağrılı yeridir. Bu dərdə dərman tapılması üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq.

Bir daha deyirəm, nə qədər ki, Qarabağ münaqişəsinin həlli üçün sülh imkanları tükənməyib, bu istiqamətdə bir an belə yorulmadan çalışmalıyıq. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasında diplomatlarımız Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində kimin haqlı, kimin haqsız olduğunu bir daha bütün dünyaya bəyan edəcəklər. Hər halda, problemin tez və ədalətli həll olunacağına şəxsən mənim inamım çox artıb.

 

 

Söhbəti yazdı: Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2011.- 4 noyabr.- S. 3.