İrəvan xalçaları tariximizin unudulmaz hissəsidir

 

Dünən "Azərilmə" MMC-də Yeni Azərbaycan Partiyası, Milli Elmlər Akademiyasının Tarix İnstitutu və "Azərilmə"nin birgə təşkilatçılığı ilə "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabının geniş təqdimetmə mərasimi keçirildi. Tədbirdə YAP rəhbərləri, Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin fəalları iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə açan YAP sədrinin birinci müavini-icra katibi, millət vəkili Əli Əhmədov təqdim edilən kitabın təkcə Azərbaycanın mədəniyyəti baxımından deyil, tarixi baxımından da böyük maraq kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan zaman-zaman torpaqlarını itirib. Uzun zaman bu torpaqlardakı tarixi və mədəni abidələrimiz diqqətdən kənarda qalıb, lazımınca öyrənilməyib. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan özünün itirilmiş tarixini bərpa etmək istiqamətində mühüm addımlar atır. Millət vəkili qeyd etdi ki, tarix təkcə zaman demək deyil, həm də məkan anlayışını ifadə edir. Azərbaycan vaxtilə böyük bir ərazini əhatə edən dövlət olub, sonradan bu ərazilərin xeyli hissəsi parça-parça itirilib. Amma bu itirilmiş torpaqlar aradan 200 ildən də çox bir müddət keçsə də, hələ də xalqın yaddaşında yaşamaqdadır. İtirməyi unutmaq kimi qiymətləndirmək olmaz. Nə qədər ki, bu torpaqlar, bu torpaqlar üzərində min illər ərzində yaradılmış mədəniyyətimiz insanlarımızın yaddaşında yaşayır, deməli, xalq torpaqlarının bütünlüyünü bərpa etmək səlahiyyətini də özündə saxlayır.

Əli Əhmədov qeyd etdi ki, mədəniyyətimiz, folklorumuz, eləcə də qədimdən qədim xalçaçılıq sənətimiz tariximizin bir parçası olaraq bu gün bizdən onlara sahib çıxmağı tələb edir. Əslində mədəniyyət, xalçaçılıq bu torpaqlar üzərindəki min illik tariximizi qoruyan mələklərdir. Bu sənət nümunələri, eləcə də Azərbaycan xalçaçılıq məktəbinin mühüm qollarından olan İrəvan xalçaları bütün ilmələri, çeşidləri və ornamentləri ilə Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edir. "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabı bu həqiqəti bütün dünyaya hayqırır. Bəyan edir ki, bunlar Azərbaycan türkünün mədəniyyətidir və ona heç kəs sahib çıxa bilməz. Ona görə də bu gün biz öz tariximizə, öz mədəniyyətimizə cəsarətlə sahib çıxmalı, bu cür kitablarla torpaqlarımıza və mədəniyyətimizə uzanan məkrli əlləri kəsib atmalıyıq. Tarix təkrar olunur, bir gün gələcək ki, Azərbaycan itirilmiş torpaqlarına da, tarixinə də sahib çıxacaq. Sadəcə, tariximizə, mədəniyyətimizə güzgü tutan bu kitablar bu günkü və gələcək nəsillərə çatdırılmalı, Azərbaycan xalqı tarixin təkrarlanacağı günə hazır olmalıdır. Azərbaycan xalqı tarixini və mədəniyyətini o qədər dərindən bilməli və keşiyində dayanmalıdır ki, sabah Qarabağı da, Qərbi Azərbaycanı da qaytarmağa hazır olsun. Bu gün öz taleyinin sahibi olan Azərbaycan buna qadirdir.

Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov itirilmiş tariximizin yaddaşlarımıza qaytarılması istiqamətində ulu öndər Heydər Əliyevin mühüm qərarlar qəbul etdiyini, sərəncam və fərmanlar imzaladığını bildirdi. Onun sözlərinə görə, Heydər Əliyevin başladığı böyük və əzəmətli işlər bu gün Prezident İlham Əliyev tərəfindən cəsarətlə davam etdirilir. Bu gün Azərbaycan Prezidenti bütün beynəlxalq tədbirlərdə Zəngəzurun, İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu, Ermənistanın qədim Azərbaycan torpaqlarında yaradıldığını söyləyir. Bu isə tarixçi alimlərə imkan verir ki, tariximizi yazmaq işinə daha böyük cəsarətlə girişsinlər. Alim qeyd etdi ki, bu gün Azərbaycan heç bir ölkədən torpaq istəmir, amma özünün min illik tarixinə, mədəniyyətinə sahib çıxır. Tarix İnstitutu da bu istiqamətdə mühüm addımlar atır, yeni kitablar dərc edərək istər ölkə əhalisini, istərsə də beynəlxalq ictimaiyyəti məlumatlandırır.

Yaqub Mahmudov qeyd etdi ki, xalçaçılıq da qədimlərdən bəri türk xalqlarına məxsus mədəniyyət nümunələrindədir. Başqa millətlər onu yalnız satapul qazana bilər. Amma bu sənəti türklər yaradıb, bu ənənə bu gündavam etdirilir. Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq ənənələri olub. İrəvan xalçalarının da özünəməxsus xüsusiyyətləri varbu xüsusiyyətlər heç bir xalqın ona sahib çıxa bilməsinə imkan vermir. Ona görə də biz müdafiə mövqeyində dayanmamalıyıq. Cəsarətlə öz tarixi haqqımıza, tariximizə və mədəniyyətimizə sahib çıxmalıyıq. İtirilmiş torpaqlarımızın tarixini işləməli, gələcək nəsillərə çatdırmalıyıq. Tarix İnstitutunun hazırladığı "Azərbaycan tarixi" kitabı da bu niyyəti güdübbura bütün Azərbaycan torpaqlarının tarixi daxil edilib.

Biz bu tarixə, itirilmiş torpaqlardakı mədəniyyətimizə sahib çıxmalıyıq. Bu baxımdan "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabının böyük əhəmiyyəti var. Bu kitabı görənlər bundan sonra heç zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürə bilməz. Kitabda İrəvan tarixi kompleks şəkildə təqdim edilir, xəritələr verilir. Bütün bunlar bizim itirilmiş tariximizdir. Biz ermənilərə imkan verə bilmərik ki, bu böyük tarixə, mədəniyyətə sahib çıxsınlar. Qədim Azərbaycanın tarixi şəxsiyyətləri, o cümlədən, Oğuz xanın, xanlar xanı Bayandır xanın məzarları ordadır. Qaniçən ermənilər qədim Sərdarabad kimi böyük şəhərimizi məhv ediblər. Tarix boyu İrəvanı yadellilərdən Azərbaycan xalqı qoruyub. Ermənilər yalnız xəyanətkarlıqlar nəticəsində onun işğalına, rus çarına təslim edilməsinə kömək ediblər.

Millət vəkili kitabın ərsəyə gəlməsində, eləcə də xalçaçılıq nümunələrinin toplanmasında və dünyanın müxtəlif ölkələrində sərgilərdə nümayiş etdirilməsində əvəzsiz xidmətlərinə görə "Azərilmə"nin baş direktoru Vidadi Mahmudova minnətdarlığını bildirdi.

Vidadi Mahmudov isə çıxışında milli xalçaçılıq nümunələrinin toplanması, kitab şəklində dərci və yayılması işində ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük kömək göstərdiklərini qeyd etdi. İndiyədək Böyük Britaniya, Rusiya, Almaniya və digər ölkələrdə xalçalarımızın sərgilərə çıxarıldığını və mükafatlar qazandığını bildirdi. Onun sözlərinə görə, "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabında hər bir xalça növünün xarakteristikası verilib və həmin çeşidlər əsasında bu gün yeni xalçalar toxunur.

Akademik Bəkir Nəbiyev və şair Həsən Mirzə belə gözəl və gərəkli bir kitabın yaradılmasında iştirak edənlərin hamısına minnətdarlıqlarını bildirdilər.

Sonda ekranda İrəvan xalçalarının müxtəlif çeşidləri nümayiş etdirildi.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 4 noyabr.- S. 4.