Mingəçevir:
108 hektar yaşıllıq, 12 fəvvarə və yeni
salınan möhtəşəm park...
Şəhərin
gözəlliyini artıran başqa cəhətlər isə
yüzlərlədir
Nədənsə, həmişə Mingəçevir
barədə söz açmaq istəyəndə mütləq
hansısa şairimizin bir şeiri və ya bir bəndi
yadıma düşür. Əslində, bunun səbəbi təxmini
olsa da məlumdur. Belə ki, bu nurlu şəhərin ilk vəsfinin
beşiyi başında ulu sənətkarımız Səməd
Vurğun dayanmışdı: "Boz dağın qoynunda bir dəniz
vardır, çinarlar sahildə qatar-qatardır".
Maraqlıdır ki, Mingəçevir barədə qələmə
almaq istədiyim növbəti yazının əvvəlində
məhz həmin çinarlar yenə də gözəl bir
şeiri yadıma saldı...
...Yağmuru, çiskini və bütün ab-havası ilə əsl payız lövhələri yaratmış oktyabr axşamı. Yerli "Mingəçevir" qəzetinin baş redaktoru, Mingəçevirdə uşaqdan böyüyə hamının yaxşı tanıdığı köhnə dostum Naib Rüstəmovla "nur şəhəri"nin nurlu küçələri ilə gəzişir, ötüb-keçənlərdən və hələ qabaqda olan bəzi məsələlərdən söhbət edirik. Uzaqda - Mingəçevir dənizinin sahili boyunca sıralanan çinarların qürub işıqlarının qabağındakı siluetləri qəribə və bəlkə də heç zaman görmədiyim bir təsvir yaradır. Sanki, ağaclar əllərini yuxarı qaldırıb səmada nəyisə tutmaq istəyirlər. Bir an adama elə gəlir ki, çinarlar torpaqdan başqa göyə də kök atmaq istəyirlər. Yox, yox. Bu, bizim oxşatmamız deyil, mərhum Nüsrət Kəsəmənlinin məşhur bir şeirinin sətirləridir: "Əllərimi uzadıb, göylərə kök atıram". Mingəçevir axşamında çinarlar eləcə Nüsrətin obrazını yaradırdılar. İnanın, bu misraları o qədər sevirəm ki, sevdiyim mövzu barədə söz açarkən həmişə Nüsrət Kəsəmənlinin həmin şeirini xatırlamaya bilmirəm.
"Mən şeir yazmıram ki, ürəkdən yük atıram". Şairin, yazıçının, jurnalistin ürəyindəki yük nə olacaq? Əlbəttə, söz. Mövzu səni tutursa və qələm sözünə baxırsa, ürək dönüb olur "yükünü özü boşaldan" bir varlıq və... yazırsan.
Neçə il bundan əvvəl "Nur şəhərinin bir gecəsi" adlı yazı hazırlamışdım. Şəhər icra hakimiyyəti aparatının əməkdaşlarından biri ilə axşamdan səhərə qədər Mingəçeviri küçəbəküçə gəzmiş, gecə növbəsində çalışan sadə peşə adamlarının bir çoxu ilə görüşmüşdük. Çox maraqlı söhbətlər eşitmiş, zəngin təəssüratlarla səhəri açmışdıq. Bu gün isə, demək olar ki, gün doğandan indiyə qədər - qürub çağına kimi küçə və xiyabanlarını hələ 25-30 il əvvəldən yaxşı tanıdığım doğma şəhəri gəzdik, doğma insanlarla görüşdük, səmimi çöhrələrlə yenidən salamlaşdıq. Səməd Vurğunun "elə bil Göygöldə gəzdirir məni" - dediyi Mingəçevir dənizi də, sənaye müəssisələrinin görkəmi də, insanların təbəssümü və səmimiyyəti də, - ilk baxışda hər şey öz əvvəlki görkəmindədir. Amma, ilk baxışda. Çünki Mingəçevir bu gün elə bir inkişaf yolu keçir ki, hətta şəhərin hüsnü bir ay, iki ay əvvəlki görkəmindən xeyli fərqlənir. Elə bil ki, küçələr süslənir, xiyabanlar gül-çiçək, çil-çıraq içində cilvələnir, yollar daha işıqlı, meydanlar daha yaraşıqlı olur.
Naib Rüstəmov bütün ömrünü keçirdiyi və indi də böyük fəxr və iftixar hissi ilə çalışdığı şəhər barədə söz deməyi özünə borc bilirmiş kimi danışır:
- Şəhərin bu gününü görəndə bizə "yaxşıdır", "əhsən", "afərin" deyənlər çox olur. Turist gəlir, qonaq gəlir, idman yarışlarının, müxtəlif tədbirlərin iştirakçıları gəlirlər. Hamı bəyənir, hamı razı qalır. Bu münasibətləri görəndə bütün mingəçevirlilər məmnun olurlar. Mən isə həmin məmnunluğun içərisində başqa hissləri də yaşayıram. Hər bir uğurumuz təqdir olunanda keçirdiyimiz ağır anların, yaşadığımız çətin günlərin birini xatırlayıram. Mingəçevirin necə günləri var idi? Televiziyadan ulu öndər Heydər Əliyevin "Biz yaranmış çətin vəziyyətlərin hamısını geridə qoyacaq, işıqlı sabaha doğru qətiyyətlə irəliləyəcək, hər bir şəhərimizi, hər bir kəndimizi abadlaşdıracaq, inkişaf etdirəcəyik" - ifadələrini eşidəndə ürəyimdə ümid işartıları yaranırdı. Bir neçə gün sonra üzləşdiyimiz çətinliklər isə başqa reallıqlardan xəbər verirdi... Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildiyi gün səhər tezdən dövlət başçımız İlham Əliyevin böyük sevinc içərisində öz xalqını təbrik etməsinin şahidi olanda isə bir anlığa elə hiss etdim ki, yaşadığımız ağır günlərin hamısı yaddaşımdan silindi. Həmin gün Mingəçevir mənə daha işıqlı, daha yaraşıqlı, daha firavan göründü. Halbuki, şəhərimiz son bir ildə, il yarımda hər gün dəyişir, abad, daha firavan olur.
Yurdsevərliyin çox nümunəsinin
şahidi olmuşduq. Bu
nümunə isə daha orijinal idi. Dövlətimizin beynəlxalq
aləmdəki diplomatik uğuru Mingəçeviri bu şəhərin
bir sakininin gözündə daha firavan, daha gözəl
etmişdi. Həmsöhbətim söylədiyi faktlarla, yada
saldığı rəqəmlərlə sübut etdi ki, onun
şəhərini bu gün inkişaf etdirən, tərəqqiyə
qovuşduran əsas amillərdən biri də
ağıllı idarəetmə və şəhərin
bütün sakinlərinin eyni məqsəd uğrunda səfərbər
edilməsidir. Mingəçevir Şəhər İcra
Hakimiyyətinin başçısı Mübariz Ağayev bu
iki məsələni reallığa çevirə bilib.
- Məhz
həmin səfərbərliyin nəticəsidir ki, 2011-ci ilin
doqquz ayında şəhər iqtisadiyyatının əsas
sahələri üzrə məhsul istehsalı 12 faiz
artıb. Bu isə, 185 milyon manat deməkdir. Sənaye məhsullarının
istehsalı isə daha çox - 18 faiz artıb. Ümumi dəyəri
114 milyon manat olan sənaye məhsulu istehsalının 84
faizini elektrik enerjisi istehsalı tutur. Deməli, siz jurnalistlərin
Mingəçeviri işıq şəhəri, nur şəhəri
adlandırmağınız əbəs deyil. Doqquz ayda 5,2
milyard kilovatt-saat elektrik enerjisi istehsal edən həmin müəssisələr
söz adamlarının etimadını həqiqətən
doğruldurlar. Bu barədə yəqin ki, doqquz ayın
yekunlarına həsr olunmuş geniş yığıncaqda ətraflı
söhbət açılacaq. Dəvət edirəm. Gəlin
siz də iştirak edin. Çox uğurlar sadalanacaq.
Doğrudan
da, Mingəçevir şəhərinin 2011-ci ilin 9 ayında
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
ümumşəhər toplantısında
iştirakımız bir neçə cəhətdən
maraqlı oldu. Əvvəla ona görə ki, həmişə
sevərək, böyük məmnuniyyətlə söz
açdığımız şəhərin uğurları
barədə bilavasitə şəhər rəhbərliyinin
dilindən, konkret faktlara əsaslanan fikirlər eşitdik. Bu tədbiri
bizim üçün maraqlı edən ikinci cəhət ondan
ibarət idi ki, "nur şəhəri"nin
uğurlarını mətbuat təmsilçilərinin hərəsi
öz fantaziyası əsasında işıqlandırmayacaq,
hamı eyni mənbəyə istinad edəcəkdi.
Üçüncü isə, öz dövlət müstəqilliyinin
20-ci ilini qeyd eləmiş gənc respublikamızın
sosial-iqtisadi inkişafının göstəriciləri ilə
konkret olaraq bir əyalət şəhərinin timsalında
tanış olacaqdıq. Tanış olduq da... Özü də,
yüksək səviyyədə.
Toplantıda
qeyd edildi ki, ölkənin ən iri enerji
istehsalçısı olan Azərbaycan İstilik Elektrik
Stansiyasındakı 8 enerji blokunun hər biri Dövlət
Proqramına uyğun olaraq modernləşdirilib. Aparılan əsaslı
yenidənqurma işləri nəticəsində enerji bloklarının
hər birinin istehsal gücü orta hesabla 80-110 meqavat
artıb. "Mingəçevir SES silsiləsi" Məhdud Məsuliyyətli
Cəmiyyətdə aparılan yenidənqurma işləri
birinci və üçüncü hidroaqreqatlarda davam etdirilir.
"İnterenerji", və "Kür" Elektron
Avadanlıqları MMC-ləri, "Mingəçevir-İzolit",
"Azneftmaş", "Maşınqayırma zavodu"
Açıq Səhmdar Cəmiyyətləri, "Aqrosənaye"
ASC-nin Mingəçevir dəmir-beton məmulatları zavodu və
digər müəssisələr ilin geridə qalan
aylarını uğurla başa vurublar.
Yığıncaqda
məlumat verildi ki, şəhərin kommunal təsərrüfatı
müəssisələri aparılan genişmiqyaslı
quruculuq və abadlıq işlərində yaxından
iştirak etməklə yanaşı, əhaliyə, müəssisə
və təşkilatlara ümumilikdə, şəhər təsərrüfatına
fasiləsiz və yüksək səviyyəli xidmət
göstəriblər. Şəhər Sukanal idarəsi tərəfindən
əhalini içməli su ilə normal və fasiləsiz təmin
etmək üçün 1700 qəza aradan
qaldırılıb, 3 kilometr uzunluğunda müxtəlif
ölçülü boru dəyişdirilib, yeni salınan
yaşayış massivində icra hakimiyyətinin göstərişi
ilə 1,5 kilometr uzunluğunda su xətti çəkilib. 2800
ünvanda su sayğacı quraşdırılıb.
Darıxmayın, elə buradaca bir məqamı xüsusilə
qeyd etmək zərurəti yaranır. Belə ki, "Azərsu"
ASC-nin rəhbərliyi ilə əldə olunan
razılığa əsasən Dövlət Proqramında
2013-cü il üçün nəzərdə tutulan su təminatı
sahəsində əsaslı yenidənqurma işlərinə
bu ildən başlanılıb. Görürsünüzmü,
zamanı necə qabaqlayırlar.
Şəhərin
elektrik təsərrüfatında 40-dan çox yeni dayaq
basdırılıb, 350 ədəd "Smart" tipli
sayğac quraşdırılıb, 1,5 kilometr SİP
markalı kabel çəkilib. Mövcud olan transformatorlardan
dördü yenisi ilə əvəzlənib, 15 transformator məntəqəsində
təmir işləri aparılıb. Həyata keçirilən
tədbirlər nəticəsində enerji haqlarının tam
həcmdə yığılması təmin olunub. Yeri gəlmişkən,
bu gün Mingəçevirin İşıqlandırma İdarəsinin
xidməti daha çox təqdir olunmalıdır.
Çünki qonaqları, xüsusən, turistləri gündən-günə
artan şəhərin bu təsərrüfatının üzərinə
daha böyük vəzifələr düşür.
Şəhər
Qaz İstismarı Sahəsinin fəaliyyət dairəsi
genişlənməkdə davam edir. "Tərəvəzçilik
sovxozu" və "Mingəçevir kəndi"
yaşayış massivlərində 20 kilometr uzunluğunda,
müxtəlif diametrli qaz kəmərləri bərpa olunub.
1500 metr uzunluğunda iri diametrli əsas daşıyıcı
qaz kəməri yeni polietilen boru ilə əvəz olunub.
Samux, Tağıyev, Topçubaşov, Ərəş,
Puşkin, Əzizbəyov, Koroğlu küçələrində,
"Günəşli" yaşayış massivində fərdi
mənzillərə 900-dən çox qaz sayğacı
quraşdırılıb. Eyni zamanda qaz təsərrüfatının
tənzimlənməsi məqsədi ilə Kür
çayının sol sahilində diametri 710 millimetr olan
kollektor istifadəyə verilib.
Bütün
bunlarla yanaşı Mingəçevirdə ən tez gözə
çarpan məsələ şəhərin
abadlaşdırılmasındakı sürət və
operativlikdir. Mənzil Təsərrüfatı və
Abadlaşdırma İdarəsi təkcə bu il 15 məhəllədə
əsaslı təmir-bərpa işləri aparıb,
çoxsaylı təmizlik işləri görülüb,
oturacaqlar quraşdırılıb. Bu idarənin
iştirakı ilə Sağ sahil yaşayış massivində
əhalinin iştirakının təşkili
üçün yeni park salınıb. Parkda ümummilli lider
Heydər Əliyevin böyük peşəkarlıqla işlənmiş
pannosu quraşdırılıb, fəvvarə inşa edilib, 3
min kvadratmetr sahədə torpaq işləri
görülüb, kölgəliklər düzəldilib,
yaşıllıqlar və güllüklər salınıb,
2 minə yaxın ağac və kol əkilib. Parkda 50 ədəd
işıqlandırıcı quraşdırılıb, 40 ədəd
oturacaq qoyulub, uşaqlar üçün əyləncə
qurğuları yerləşdirilib.
Gəzdiyimiz
bütün küçələrdə şahidi olduğumuz
bir məsələ - Mingəçevirin getdikcə daha
yaşıl şəhərə çevrilməsi faktı
adı çəkilən toplantıda da xüsusilə qeyd
olundu. Şəhər icra hakimiyyətinin
başçısı xatırlatdı ki, bu gün Mingəçevirdə
108 hektar yaşıllıq zolağı, biri musiqili olmaqla 12 fəvvarə
var. 30 il baxımsız qalmış "Dostluq"
parkında başlanan yenidənqurma işləri isə şəhərin
bütün sakinləri tərəfindən böyük məmnunluqla
təqdir olunur.
Mingəçevir
haqqında qələmə aldığımız ötən
yazılardan birində qeyd etmişdik ki, bu şəhər
artıq sırf sənaye şəhəri statusundan
çıxaraq eyni zamanda elm, təhsil, mədəniyyət mərkəzlərimizdən
birinə çevrilir. Bunu yuxarıda qeyd etdiyimiz toplantıda
eşitdiyimiz faktlar bir daha sübut etdi. İcra hakimiyyətinin
başçısı qeyd etdi ki, şəhərin elm, təhsil,
səhiyyə və mədəniyyət müəssisələrinin
inkişafı, onların maddi-texniki bazasının gücləndirilməsi
daim diqqət mərkəzində olub. Bu il təhsil məssisələrinə
230 min manatlıq avadanlıq, bərk və yumşaq inventar
alınıb, 156 min manatlıq əsaslı və cari təmir
işləri görülüb, körpələr evi -
uşaq bağçaları günün tələbləri səviyyəsində
təchiz olunub. Texniki - humanitar Liseyin müəllimi Sevda
İsmayılova "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibi olub, həmin liseyin direktor müavini
Raidə Mürşüdova isə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb. Şəhər
Şahmat məktəbinin yetirməsi Zeynəb
İsmayılzadə növbəti dəfə öz yaş
qrupunda respublika çempionu olub. 14 nömrəli məktəbin
şagirdi Aytac Məmmədli isə Təhsil Nazirliyinin
Fövqəladə Hallar Nazirliyi ilə birlikdə
keçirdiyi müsabiqədə ölkə üzrə
birinci yerə layiq görülüb. Ən
başlıcası, Mingəçevir Dövlət Dram
Teatrında aparılan əsaslı təmir və yenidənqurma
işləri başa çatdırılıb və
teatrın təntənəli açılışı olub.
Şəhər əhalisinin sosial məsələləri də daim rayon rəhbərliyinin diqqət mərkəzində olub. Şəhərdə əmək pensiyaçılarının sayı təxminən 16 min 854 nəfərdir. Onlara hesablanan 17 milyon 400 min manat vəsait daim vaxtında ödənilib. Hazırda orta aylıq pensiya 105 manat təşkil edir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən son doqquz ayda 272 ailəyə sosial müavinət təyinatı aparılıb. Ümumilikdə, şəhər üzrə 1469 ailəyə ünvanlı sosial yardım təyin olunub, 5 minə yaxın şəhər sakini sosial müavinət və kompensasiya alıb. Bu məqsədlərlə 5 milyon manat vəsait xərclənib.
Şəhər məşğulluq mərkəzinə 960 sakin müraciət edib. 109 sakin münasib işlə təmin olunmadığı üçün onalara işsizlik statusu ilə müavinət verilib. Bütün bunlarla yanaşı, ilin geridə qalan aylarında mingəçevirlilərə müxtəlif bank filialları tərəfindən 20 milyon manat həcmində kredit verilib. İmtiyazlı şəxslərin, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzilə olan tələbatını ödəmək məqsədi ilə 16 mənzilli bina tikilərək istifadəyə verilib və daha bir 54 mənzilli binanın tikintisi davam etdirilir. Şəhərin müxtəlif müəssisələrində məskunlaşmış köçkün soydaşlarımız üçün 9 mərtəbəli 10 binanın inşasına başlanılıb.
Şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev çox mətləblərdən danışdı, çox məqamlardan söz açdı, istənilən qədər faktlar və rəqəmlər səsləndirdi. Hər biri maraqlı və yaddaqalan idi. Ancaq başçının söylədiyi bir fikir daha çox diqqətçəkən idi: "Mingəçevir bizim müasir tariximizin əsas nümunələrindən biri, gözümüzün qabağında böyüyən şəhərdir. Deməli, hər birimiz üçün doğma, əzizdir. Görünür, elə ona görə də hər bir mingəçevirli öz şəhərinin daha abad, insanların daha firavan olması üçün nə isə bir töhfə vermək istəyir".
...Biz toplantıdan çıxanda 10-12 yaşlı iki məktəbli qızın kiçik saxsı qabda əkilmiş gül kolu apardığını gördük. Harada əkəcəklərini bilməsək də, onu bildik ki, Mingəçevirin abadlaşdırılmasına onların verdiyi töhfə çox təbii idi...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 4 noyabr.- S. 6.