Yeni kitab.

 

Həyat insanlara xidmət edəndə daha mənalı olur

 

Bu yaxınlarda əməkdar elm xadimi, akademik Asəf Nadirovun "Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbedicidir" adlı kitabı işıq üzü görmüşdür. Kitabda ömrünü Azərbaycan iqtisad elminin inkişafına və tərəqqisinə həsr etmiş, onun fundamental inkişafına əsaslı töhfələr vermiş respublikanın görkəmli elm xadimi Asəf Nadirovun həyat səhifələri cəmlənib.

 

Özünün etiraf etdiyi kimi, bu kitab uzun illər ciddi akademik əsərlər yaratmış qocaman elm xadiminin bədii-publisistik üslubda ilk əsəridir və o, burada öz həyat yolunu, səmimi düşüncələrini paylaşıb. Aspirantlıqdan başlanan və Azərbaycan Milli Elmlər Akademiyasının akademikliyinə qədər uzanan zəngin hadisələrlə dolu bir həyat tarixçəsinin toplandığı kitab birnəfəsə oxunur. Asəf Nadirov kimi şəxsiyyətlərin həyat yolu gənc nəsillər üçün öyrənilməli, örnək və ibrət götürülməli bir ömürdür.

A.Nadirov bir sıra elm və təhsil müəssisələrində çalışaraq şərəfli ömür yolu keçmiş şəxsiyyətlərdən biridir. Onun rəhbərliyi altında bir çox gəncin elmi dünya görüşünün formalaşması, çoxsahəli və əhəmiyyətli elmi araşdırmaların aparılması istiqamətində ötən illər ərzində elmi müəssisələrdə görülən işlər sahəsində böyük elmi-pedoqoji nailiyyətlər əldə edilmişdir.

Kitabda akademikin həyat və yaradacılığının ən mühüm anları ilə yanaşı, eləcə də A.Nadirovun öz oxucuları ilə bölüşdüyü fəlsəfi fikirləri də yer almışdır. Dərin, şərəfli və ibrətamiz bir həyat yaşamış şəxsin səmimi söhbətlərini, həyat xatirələrinin səhifələrini vərəqləmək çox maraqlıdır.

Asəf Nadirov xalqımızın yetirdiyi görkəmli alimlərdən biri olmaqla Azərbaycan iqtisad elminə böyük töhfələr vermiş, onun elmi əsərlərinin praktiki tətbiqi respublikamızın iqtisadi potensialının möhkəmləndirilməsində mühüm rol oynamışdır. Onu respublika iqtisadiyyatının ən aktual problemlərindən olan məhsuldar qüvvələrin yerləşdirilməsinin tədqiqatçısı kimi dünya səviyyəsində yaxşı tanıyırlar. A.Nadirovun iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş 800-dən çox elmi əsəri, monoqrafiyaları, kitabları var. Təsadüfi deyil ki, akademik Asəf Nadirov regional iqtisadiyyatın tətbiqi sahəsində Azərbaycan məktəbinin banisi hesab olunur. Respublikamız regional siyasətin qurulmasında, kiçik şəhərlərin inkişafında onun elmi tədqiqatlarından uzun illər bəhrələnmişdir. Kitabda bu elm fədaisinin mənalı və gərgin elmi axtarışlarda keçən ömrü, əldə etdiyi nailiyyətlərin xronoloji və ədəbi təsvirləri verilmişdir.

A.Nadirov respublikada Heydər Əliyev iqtisadi idarəetmə məktəbinin yaradıcılarından hesab olunur. O uzun illər həm keçmiş ittifaq respublikalarında, həm də bir çox xarici ölkələrdə (Fransa, Hindistan, Türkiyə, İran, Almaniya, Yunanıstan, Macarıstan, Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi konfranslarda Azərbaycan iqtisad elmini layiqincə təmsil etmişdir.

A.Nadirov ruhən elmə bağlı adamdır. Azərbaycan Milli Elmlər Akademiyasında çalışdığı 60 illik bir dövrdə dəfələrlə ona təklif edilmiş yüksək və məsul vəzifələrdən imtina etmişdir. Təsadüfi deyil ki, o, Elmlər Akademiyasını həyatının ən böyük seçimi adlandırır. 65 il tarixə malik bu elm mərkəzinin fəaliyyətinin 58 ili A.Nadirovun gözləri önündə keçmişdir. Kitab bir də buna görə qiymətlidir ki, burada təkcə Asəf Nadirovun deyil, həm də ölkəmizin ən böyük elm ocağının da mühüm bir tarixi inkişaf yolu göstərilmişdir.

Onun elmə verdiyi töhfələr təkcə tədqiqatları deyil, həm də yetişdirdiyi istedadlı gənc alimlərdir. Onun rəhbərliyi altında 50-dən yuxarı tədqiqatçı namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Onların bəziləri bu gün öz müəllimləriylə birgə çalışırlar.

Kitabda A.Nadirovun atası Abbasqulu Nadirov, eləcə də Azərbaycan elminin görkəmli simalarından olan Yusif Məmmədəliyev haqqında xatirələri yer alır. A.Nadirovun bu insanlar haqqında səmimi fikirləri, valideynlərinə və müəllimlərinə olan hörmət hissləri, həmçinin ölkəmizin bu günü və sabahı ilə bağlı düşüncələri bu qocaman elm xadiminin bir insan kimi saflığının, ziyalılığının, vətənpərvərliyinin əsl təzahürləridir.

A.Nadirov şəxsiyyəti əsl ziyalılıq və mənəvi kamillik mücəssəməsidir. Belə insanlar cəmiyyətin inkişafında, onun mənəvi dəyərlərinin zənginləşməsində əvəzsiz xidmətlərə malikdir. A.Nadirov bu nüfuzu özünün əməksevərliyi, səmimiyyəti, şəxsiyyəti, nadir bilik və qabiliyyəti hesabına əldə etmişdir.

Kitabda bir çox elm xadimlərinin Asəf müəllim barədə fikirləri və ürək sözləri öz əksini tapmışdır.

A.Nadirovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medallara, fəxri fərmanlara layiq görülmüşdür. A.Nadirov Azərbaycan Respublikasının əməkdar elm xadimidir. Azərbaycan Respublikasının ali mükafatı "Şöhrət" ordeni və "Şərəf" ordeni, keçmiş Sovet İttifaqının "Xalqlar dostluğu" ordeni, "Əmək igidliyinə görə" medalı, "Rəşadətli əməyə görə" medalı, Sovet Sülh Müdafiə Fondunun fəxri medalı, bir sıra nüfüzlu beynəlxalq elmi mərkəzlərin fəxri diplomları və fərmanları ilə təltif olunmuşdur.

Ziyalı, Azərbaycan elminin ağsaqqalı, öz mənalı və zəngin ömrünü Azərbaycanın iqtisadiyyat elminin inkişafına həsr etmiş görkəmli alimin öz kitabına seçdiyi ad də çox maraqlıdır: "Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbedicidir". Bu səmimi etiraf onun daxili dünyasının güzgüsü olduğu kimi, həm də müasir gəncliyə bir çağırışı kimi də qəbul edilməlidir. Asəf müəllimi bir daha yeni kitabı münasibətilə ürəkdən təbrik edir, ona ölkəmizin rifahı yolunda bu gün də göstərdiyi əməyinə görə təşəkkür edirik.

 

 

Akif MUSAYEV,

AMEA-nın müxbir üzvü,

iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 4 noyabr.- S. 6.