Zərdabda dinamik inkişaf davam edir
Zərdab
Rayon İcra Hakimiyyətində keçirilən toplantıda
2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına yekun
vuruldu, ili uğurla başa vurmaq üçün
qarşıdakı aylarda görüləsi işlərə
nəzər salındı. Hesabat məruzəsində və
çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən regional inkişaf
proqramının Zərdabı hərtərəfli inkişaf
yoluna çıxarması diqqət mərkəzində oldu.
Zərdab
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli
Babayev bildirdi ki, respublikamızda gedən sürətli və
davamlı inkişaf tempi 2011-ci ilin ötən doqquz ayında
rayonda da dinamik şəkildə davam etdirilmişdir. 2011-ci
ilin may ayında Prezident İlham Əliyevin rayona səfər
etməsi, Heydər Əliyev meydanında rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşməsi,
rayonun problemləri ilə və insanların vəziyyəti
ilə yaxından maraqlanması, səfərdən dərhal
sonra isə bir neçə rayonla birlikdə Zərdabın da
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə rayon icra hakimiyyətinə 2 milyon manat vəsait
ayrılması barədə sərəncam imzalaması rayon əhalisinin
çox böyük sevincinə səbəb olmuş,
abadlıq işlərinin sürətləndirilməsinə və
genişləndirilməsinə təkan vermişdir.
2011-ci
ilin 9 ayında sosial-iqtisadi inkişafın nəticələri
sevindirici və ürəkaçandır. Cari ilin 9 ayında
rayon iqtisadiyyatının əsas sahələrində 60,2
milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin
müvafiq dövrü ilə müqasiyədə artım 15,5
milyon manat və yaxud 34,8 faiz təşkil etmişdir. Hesabat
dövündə istehsal olunmuş məhsul və xidmətlərin
30 milyon 286 min manatı və ya 50,3 faizi kənd təsərrüfatının,
17 milyon 807 min manatı və ya 29,6 faizi tikintinin, 10 milyon 346
min manatı və ya 17,2 faizi ticarət və xidmət sahələrinin,
837 min manatı və ya 1,4 faizi sənayenin, 657,0 min manatı
və ya 1,1 faizi nəqliyyatın, 237 min manatı və ya 0,4
faizi poçt və rabitə xidmətinin payına
düşmüşdür. Həyata keçirilən tədbirlər
nəticəsində rayonda 900-dən çox yeni iş yeri
açılmışdır ki, onlardan 357-si daimi iş yerləridir.
Cari ilin 9 ayında rayonun gəlirləri 9 milyon 567 min 217 manata qarşı, 9 milyon 528 min 4 yüz manat və ya 99,6 faiz olmuşdur. Hesabat dövründə orta aylıq nominal əmək haqqı 170,2 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 107,9 faizdir. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 18 milyon 390 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çox olmuşdur ki, bunun da 96,8 faizi tikinti-quraşdırma işlərinə aiddir.
Kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam etdirilmişdir. 1 oktyabr tarixədək sahələrdən 205 ton xam pambıq toplanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 ton çoxdur. Hazırda pambıq tədarükü davam edir. 17805 hektar payızlıq taxıl sahəsindən hər hektardan məhsuldarlıq 23,4 sentner olmaqla, cəmi 41673 ton taxıl məhsulu istehsal olunmuşdur. Məhsulun 31961 tonunu buğda, 9712 tonunu arpa təşkil etmişdir. Ötən illə müqayisədə orta məhsuldarlıq 2,3 sentner yüksəlmişdir. Hazırda 4000 hektara qədər sahəyə taxıl əkilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2500 hektara qədər çoxdur.
Rayonda iri malın sayı 53332 baş, qoyun-keçilərin sayı 108853 baş təşkil edir. Keçən ilin eyni dövrü ilə müqayisədə iri malın sayı 438 baş, qoyun-keçilərin sayı 1874 baş artmışdır. 9 ay ərzində diri çəkidə 32532 sentner ət, 162412 sentner süd, 1597 sentner yun, 6090 min ədəd yumurta istehsal edilərək, tapşırıqlara artıqlaması ilə əməl olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 23 sentner, süd istehsalı 227 sentner, yun istehsalı 3 sentner, yumurta istehsalı 4 min ədəd çox olmuşdur. Mal-qaranın qış dövründə qaba yemə olan tələbatını ödəmək üçün 107070 ton quru ot tədarük edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3670 ton çoxdur. 2168 ton kartof, 2653 ton tərəvəz, 10265 ton bostan məhsulları tədarük edilərək nəzərdə tutulan tapşırıqlara əməl olunmuşdur. Hazırda sahələrdə məhsul yığımı davam edir.
Hesabat dövründə 57,8 kilometr uzunluğunda elektrik xətlərində cari təmir işləri görülmüş, əyilmiş dayaqlar düzəldilmiş, boş naqillər çəkilib bərkidilmiş, hava xətləri yaşıl kütlədən təmizlənmişdir. Müvafiq Dövlət Proqramında rayonun elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı tədbirlərin icrası 2010-2013-cü illərdə nəzərdə tutulmuşdur.
Qarəvəlli kəndinin qazlaşdırılması işləri başa çatdırılmış, 19 mart 2011-ci il tarixdə kəndə qazın verilməsi təmin edilmişdir. Rayonun 15-ci məhəlləsində və Təzəkənd yaşayış sahəsində daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, 2 ədəd qaz tənzimləyici qurğu quraşdırılmışdır. Gəlmə və Salahlı kəndlərinin qazlaşdırılması işlərinə başlanılmış və hesabat dövründə bu istiqamətdə polietilen borulardan 12,5 min metr uzunluğunda qaz xətləri çəkilmişdir. Hazırda rayonda qaz xətlərinin çəkilişi işləri davam etdirilir. Növbəti mərhələdə Hüseynxanlı, Xanməmmədli, Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Dəli Quşçu, Əlibəyli kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Rayonun 13 kəndində əhalini içməli, ekoloji təmiz su ilə təmin edən qurğulara xidmət göstərilmişdir. Yuxarı Seyidlər kəndində 5, Körpükənd kəndində 2, Qoruqbağı kəndində 3, Məlikumudlu və Şahhüseynli kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 12 ədəd əlavə bulaq istifadəyə verilmişdir. Artıq şəhərin "32 hektar" adlanan ərazisindəki yeni yaşayış massivində, Bəyimli qəsəbəsi, Alıcanlı, Dəli Quşçu və İsaqbağı kəndlərində su təmizləyici qurğuların tikintisi başa çatdırılmışdır.
Hesabat dövründə rayonda yol tikintisi sahəsində xeyli işlər həyata keçirilmişdir. İlin əvvəlində Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 26 kilometr hissəsində üst layın tikintisinə başlanılmış və ötən müddətdə artıq 17 kilometr məsafədə asfalt-beton örtük tikilmişdir. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda, Burunlu, Qarəvəlli, Yarməmmədbağı, Pərvanlı kəndlərinin yollarında orta və cari təmir işləri aparılmış, giriş yollarına çınqıl örtük verilmişdir. Bələdiyyələrin daxili imkanları hesabına 110 kilometr kənddaxili yollara qreyder çəkilmiş, 5 min tondan çox çınqıl döşənmişdir.
Şəhərdaxili yolların 6,4 kilometr hissəsində və yaxud 29 min kvadratmetr sahəsində əsaslı təmir və asfaltlama işləri aparılmışdır. Bu istiqamətdə 450 min manatlıq iş görülmüş, kommunal yaşayış binalarının təmirinə, dam örtüyünün dəyişdirilməsinə və şəhərdə digər abadlaşdırma işlərinə 328,7 min manat dövlət vəsaiti xərclənmişdir. 2011-ci ilin ötən dövrü ərzində 11 kommunal binanın dam örtüyü təzələnmişdir.
Rayon üzrə elektronlaşma tam olaraq başa çatdırılmış, köhnə, analoq tipli Avtomat Telefon Stansiyası nömrələri yeni istifadəyə verilmiş Elektron Avtomat Telefon Stansiyası nömrələri ilə əvəz edilmiş və xətt şəbəkəsi genişləndirilmişdir. Telekommunikasiya Qovşağı tərəfindən göstərilən xidmətlərdən 220,1 min manat tarif gəliri əldə edilərək, proqnoz tapşırığına 110,8 faiz əməl olunmuşdur. Gəlmə və Qaravəlli kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmişdir. Növbəti mərhələdə səkkiz kənddə, o cümlədən Kəndəbil, Əlvənd, Şəftəhal, Qaravəlli, Təzəkənd, Gəlmə, Hüseynxanlı, Yarməmmədbağı, Bıçaqçı kəndlərində yeni poçt binalarının tikintisi nəzərdə tutulmuşdur.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 9 ay ərzində 204,2 min manatlıq bərk və yumşaq inventar, avadanlıq və digər ləvazimatlar alınmışdır. Bu il 93 məzun sınaqlardan uğurla çıxaraq ali məktəblərə qəbul edilmiş, 3 nəfər məzun isə 600-dən çox bal toplamışdır.
Rayon Mərkəzi Xəstəxanasında büdcə vəsaiti hesabına 57 min manatlıq yumşaq inventar və yataq ləvazimatı 43,3 min manatlıq avadanlıq, 68 min manatlıq maşın və avadanlıq alınmış, Mərkəzi Rayon Xəstəxanasının infeksion şöbəsində 40 min manatlıq əsaslı təmir işi, yardımçı binalarda isə 11 min manatlıq cari təmir işləri aparılmışdır. FHN-nin xətti ilə Çallı kəndində tibb məntəqəsi, Şəftəhal kəndində isə doğum evinin tikintisi işləri başa çatmışdır.
Ümumi smeta dəyəri 3,2 milyon manat olan Heydər Əliyev Mərkəzinin tikintisi başa çatdırılmışdır. Heydər Əliyev parkının giriş qapısının inşası başa çatdırılmışdır. Parkın ərazisində 2400 kvadratmetr sahəyə mərmər və beton plitə döşənmişdir. Heydər Əliyev prospekti istiqamətində rayon icra hakimiyyətinin inzibati binasının qarşısında hündürlüyü 18 metr olan Dövlət Bayrağı ucaldılmışdır. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrdə quraşdırılmış giriş qapısında işlər başa çatmış və 135 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirilmişdir. "32 hektar" adlanan ərazidə yeni salınmış qəsəbədə təbii fəlakətdən ziyan çəkmiş ailələr üçün fərdi evlərin tikintisi işləri davam etdirilmişdir. Gənclər Mərkəzinin tikintisi işləri aparılmış, hesabat dövründə 134,5 min manatlıq iş görülmüşdür. Hazırda Heydər Əliyev Mərkəzi, Veteranlar Evi, Gənclər Mərkəzi, Yaradıcılıq Evi və Uşaq və Ailələrə Dəstək Mərkəzi açılışa tam hazırdır.
Məruzə ətrafında çıxışlarda ayrı-ayrı sahələrdə qazanılmış uğurlar təhlil olundu, nöqsanları aradan qaldırmaq yolları göstərildi. Toplantıda zərdablıların quruculuq işlərini ardıcıl davam etdirmək, 2011-ci ili layiqli nailiyyətlərlə başa vurmaq əzmi ifadə olundu, konkret vəzifələr müəyyənləşdirildi.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 5 noyabr.- S. 5