Türkiyə mətbuatı
səhifələrində
Azərbaycanlı ziyalının
yaradıcılığı qardaş ölkədə
yüksək qiymətləndirilir
Beynəlxalq
informasiya-kommunikasiya şəbəkəsində Türkiyə
domeni ilə fəaliyyət göstərən internet səhifələrinin
və portalların Azərbaycana və azərbaycanlılara
ayırdığı diqqət respublikamızda böyük
maraqla, məmnunluqla qarşılanır. Elə bir gün
olmur ki, türkiyəli mütəxəssislər Azərbaycanın
hansısa uğurunu təqdir etməsinlər və ya
soydaşlarımızın nailiyyətlərinin dünya
miqyasına çıxarılması üçün bir addım
atmamış olsunlar.
Bu
münasibət ulu öndər Heydər Əliyevin söylədiyi
"Bir millət, iki dövlət" ifadəsinin növbəti
təsdiqi kimi qəbul edilir.Xəzərin Azərbaycan
sektorunda təbii ehtiyatlarla zəngin qaz yataqlarının
aşkarlanması, respublikamızın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi, gənc
müstəqil dövlətimizin 20 illik yubileyinin qeyd
olunması və digər ümumxalq və ümumdövlət
əhəmiyyətli məsələlərlə
yanaşı ayrı-ayrı soydaşlarımızın
uğurları da türk mətbuatının daimi diqqət mərkəzindədir.
Həm
yazılı mətbuatın, həm də elektron kütləvi
informasiya vasitələrinin daimi müəlliflərindən
olan professor İsa Kayacan, professor Xeyrəddin İvgin, türk
dünyası ədəbiyyatının ən məsuliyyətli
tədqiqatçılarından olan Fəyyaz Sağlam və
öz ədəbi bədii yazıları və elmi məqalələri
ilə bütün Avropa oxucularına yaxşı
tanış olan Əminə Sevinc Oksüzoğlu Azərbaycan
ədəbiyyatı barədə daha tez-tez söz
açırlar. Bu müəlliflərin hər biri son
üç ildə ayrı-ayrılıqda bir neçə dəfə
azərbaycanlı yazıçı-filosof, müasir kəlam
məktəbinin banisi Hacı Fərhad Mirzənin
yaradıcılığı barədə əhatəli
söz açıblar. Həmin tendensiya dövri olaraq davam
etdirilir.
Elektron
poçtumuza İstanbuldan gələn məlumatda bildirilir ki,
azərbaycanlı yazıçı-filosof Hacı Fərhad
Mirzənin Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının xətti ilə Ankarada çap
olunan "Kəlamlar" ("Özdeyişlər")
kitabı Burdur Dövlət Mərkəzi Xəstəxanasının
"Ruha dərman kitablar" silsiləsinə daxil
edilmişdir. Xəstəxananın internet saytı ilə
tanış olarkən öyrəndik ki, (www.burdudh.qov.tr)
buranın əməkdaşlarının Türkiyə Səhiyyə
Nazirliyinin mütəxəssisləri ilə birlikdə
seçdikləri və "Ruhun ilacı" ("Ruhun dərmanı"
adlandırdıqları 255 kitab arasında
soydaşımız Hacı Fərhad Mirzənin "Kəlamlar"
kitabının türkcə variantı özünəməxsus
yer tutur. Turan Koçun "İslam estetikası",
A.S.Puşkinin "Kapitan qızı", Cəlaləddin
Ruminin "Seçilmiş əsərlər", Ziya
Goyalpın "Qızıl işıq", Namiq Kamalın
"İntibah", Turgenevin "Atalar və oğullar",
Viktor Hüqonun "Notrdam kilsəsi", Maksim Qorkinin "Mənim
üniversitetlərim", Servantesin "Don Kixot" və
Dostoyevskinin "Cinayət və qəza" əsərləri
ilə yanaşı Hacı Fərhad Mirzənin "Kəlamlar"
kitabı da yer alır. Burada həmin kitabların adını
sadalamağımız təsadüfi deyil. Çünki
mütəxəssislər xəstəxananın
kitabxanasına cəmi 255 kitab seçiblər və
onların arasında 27-ci yeri bizim soydaşımızın əsəri
tutur. Türkiyəli həkimlərin fikrincə "Kitab əgər
ürəkdən gəlməyibsə, digər ürəklərə
yol tapa bilməz".
Türkiyənin
ən böyük ədəbiyyat portalı olan www.hikayeler.net
internet saytı Abdullah Çağrı Elgünün
"Hacı Fərhad Mirzənin Kəlamlar kitabı"
adlı əhatəli bir elmi məqaləsini vermişdir.
"Hacı Fərhad Mirzənin həyatı haqqında məlumat",
"Kitab haqqında", "Kitabın mövzu sərlövhələri"
və "Kəlamlardan seçmələr"
başlıqları altında verilən yazı əslində
soydaşımızın türk dünyasındakı yeri barədə
əhatəli söz açır. Müəllifin fikrincə
Bakıda qələmə alınmış, Azərbaycan,
türk, rus və ingilis dillərində bütün
dünyanı dolanmış "Kəlamlar" kitabı ilk
baxışda adi çap məhsullarından biridir. Ancaq BMT
yanında İctimai Təltiflər Şurasının
A.S.Puşkin adına "Qızıl medalı" başda
olmaqla otuza yaxın mükafat almış bu kitabın
Bakıda baş vermiş bir dəhşətli yanğında
yanmaması, ticarət mərkəzinin küllükləri
arasından sağ-salamat tapılması ona olan marağı
qat-qat artırmışdır. Hacı Fərhad Mirzə
öz kitabında oxuculara təqdim etdiyi məzmun və mənaya
görə üç ölkənin yazıçılar
birliyinin üzvü, dörd beynəlxalq akademiyanın
akademiki seçilmişdir. "Kəlamlar" kitabı eyni
zamanda Kanada və Ukraynada keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında
uğurla nümayiş etdirilmişdir.
Türkiyədən
başqa əksər türkdilli ölkələrdə ədəbi
və ictimai-siyasi fəaliyyətlə məşğul olan
şair və ədəbiyyat tədqiqatçısı,
hazırda Almaniyada yaşayan Əminə Sevinc
Öksüzoğlu www.birharf.net internet saytında verilmiş
növbəti yazısında da Hacı Fərhad Mirzənin
yaradıcılığını dərindən təhlil
edir və "Kəlamlar" kitabını "Türk
dünyası üçün önəmli bir ədəbiyyat
nümunəsi" adlandırır. Yeri gəlmişkən,
bir müddət əvvəl Hacı Fərhad Mirzə Azərbaycanda
"Qızıl buta" mükafatına layiq
görülmüşdü. İnternet vasitəsilə bu
mükafatdan xəbər tutan türkiyəli sənət
adamları həmin qiymətləndirməyə öz
münasibətlərini bildiriblər. Yedditəpə
Universiteti nəzdində fəaliyyət göstərən
Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun
müdiri doktor Ədib Paşa yazır: "Qızıl Buta
mükafatını Hacı Fərhad Mirzəyə verənlər
haqqa xidmət etmişlər". Professor Əhməd Bəlvərənlioğlunun
münasibəti isə daha maraqlıdır:
"Düşüncəsi və idrakı Azərbaycan
xalqı, türk dünyası və bütün insanlara xidmət
edən zəkalı Azəri Xocası Fərhad Mirzənin bu
mükafata layiq görülməsi hamımızın
uğurudur".
Bu qəbildən
olan məlumatlar onlarladır və həmin xəbərlərdən
qısaca olaraq bir neçəsi barədə söz
açdıq. Soydaşımıza yeni uğurlar
arzulayırıq.
Natəvan İSMAYILLI
Xalq qəzeti.- 2011.- 5 noyabr.- S. 4.