Gəncədə
binalar yeni görkəm
alır
Dəyişən təkcə
tikililərin xarici deyil, həm də daxili, həyətləri,
mühəndis-kommunikasiya xətləridir
Şəhərin
mərkəzində öz əzəməti, xüsusi
memarlıq üslubu ilə seçilən, ötən əsrin
60-cı illərində istifadəyə verilən inzibati
binanı görməyən, onun çoxsaylı
otaqlarından heç olmasa birinə yolu düşməyən
az gəncəli tapılar. Şəhər icra hakimiyyəti
aparatının, onun ayrı-ayrı strukturlarının,
müxtəlif nazirlik, şirkət və baş idarələrin
nümayəndəliklərinin yerləşdiyi bina Gəncənin
baş meydanına - Heydər Əliyev Meydanına xüsusi
görkəm verir.
Son
vaxtlar buradan keçənlər və ya gəzintiyə
çıxanlar indi tamamilə başqa bir mənzərə
ilə qarşılaşırlar. İnzibati binanın əzəməti,
görkəmi, əsl memarlıq inciləri sanki indi üzə
çıxıb. Binanın fasadında, dam
örtüyündə və ətrafında aparılan əsaslı
təmir-tikinti işlərindən sonra onun indiyədək
itib-batan gözəlliyi, milli-memarlıq elementləri sanki daha
qabarıq üzə çıxıb və sakinlərin,
şəhərin qonaqlarının diqqətini istər-istəməz
cəlb edir.
İnzibati
binanın xarici görkəminə söz ola bilməz, əladır.
Bəs daxili?
Suala
cavab almaq üçün uzağa getmək lazım deyil. Bu sətirlərin
müəllifinin 35 illik əmək fəaliyyətinin
hamısı inzibati bina ilə bağlıdır. Şəhər
qəzetində işləyəndə də, partiya, sovet
orqanlarında məsul vəzifələrdə
çalışanda da burada iş otağı olub. Son 21 ildə
isə rəsmi bir dövlət mətbuat orqanının
nümayəndəsi kimi xidməti iş otağı var. Səmimi
deyirik və ya bəlkə də etiraf edirik. İnzibati
binanın daxilində yaradılan şəraiti əvvəllər
heç vaxt görməmişik. Mərmər pilləkənlər,
yüksək zövqlə təmir olunmuş otaqlar, xüsusi
seyf qapıları, müasir işıqlandırma sistemi, yeni
sanitariya qovşaqları, ən nəhayət, təzə
istilik sistemi. Yeri gəlmişkən qeyd edim ki, neçə
illər idi bu binada işıqlar tez-tez sönürdü.
Çünki istilik sistemi işləmədiyindən hər
otaqda bir-iki elektrik sobası qoşulurdu və xətlər də
sıradan çıxırdı.
..."Gəncədə bütün binalar gözəl olmalıdır". Bu fikirlər şəhər rəhbərliyinindir. Elə ilk vaxtlardan başlanan geniş abadlıq, quruculuq, yenilənmə məhz inzibati və yaşayış binalarının, qədim tikililərin fonunda başlamışdı. Bir məsələni qeyd edək ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin özünün yüksək zövqü var. O, şəhərdə müasirliklə qədimliyin sintezinin çox bacarıqla qorunmasında bilavasitə özü iştirak edir, məsləhətlərini verir və bu işə nəzarət edir. O, bu mövzuda söhbət düşəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözlərini misal çəkir: "Gəncə də bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Ona görə də Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın".
Ölkə başçısının arzuları, istəkləri bu gün Gəncədə reallığa çevrilir. Şəhər çox sürətlə dəyişir, gözəlliyə qovuşur. Adamlar da razılıq edir. Görün ölkə Prezidentinin rəsmi saytından götürdüyümüz bu məktubda necə səmimi sözlər var: "Hörmətli cənab Prezident, hazırda xalqımız fərəhli günlərini yaşayır. Bu möhtəşəm günlər tarixə çevrilir, gələcək üçün etibarlı və davamlı zəmin yaradır.
Bölgələrin sosial-iqtisadi inkişafı, xalqın güzəranının yaxşılaşması və gələcəyə ümidi bizi ürəkdən sevindirir. Bu inqilabi yeniləşmənin təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən 1969-cu ildə qoyulub və indi Sizin məqsədyönlü fəaliyyətinizlə davam etdirilir.
Mən, Allahverdiyev Rübail Nəcəf oğlu 1940-cı ildə Gəncədə doğulmuşam. Şəhərimizin keçmişinə, bu gününə yaxşı bələdəm. Cümhuriyyətin ilk paytaxtı olan bu qədim şəhər çox hadisələrin şahidi olub. Bu şəhərdə Nizami Gəncəvinin ruhu ilə yanaşı, Əhməd Cavadın mübariz ruhu və dönməzlik cəsarəti qoşa yaşayır. Biz gəncəlilər də bu ruhun mayasından yaranıb, şəhərin keşməkeşli tam həyatını birgə yaşamışıq".
Hazırda qədim Gəncədə geniş quruculuq işləri gedir. Bu quruculuq işi bizim və işlədiyim Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin ürəyindəndir. Ömrünü başa vurmuş lüzumsuz əlavə artırmalar sökülür, binalara üzlük vurulur, dam örtükləri təzələnir, yollar genişləndirilir. Yolların bugünkü tələbata uyğun olaraq genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, yeni yollar çəkilir. Bu, yüz minlərlə adamın gündəlik rahatlığı deməkdir. Yol hamı üçün gərəkdir. Şəhərimizdə qaz və işıq xətlərinin yeniləşməsi və yaşıl xiyabanların salınması xüsusi əhəmiyyətə malikdir. Çünki vaxtilə qış aylarında soyuqdan əziyyət çəkən sakinlər bu işi çoxdan gözləyirdilər.
Şəhərin içməli su təchizatı hələ ki, problemdir. Bu sahədə köklü işlərin görülməsi planlaşdırılır. Bilirik ki, bu yaxınlarda Gəncəyə üç mənbədən böyük həcmli su kanalları çəkiləcək və bu, bizi çox sevindirir.
Yenilik həmişə maneələri dəf edə-edə irəliləmiş və yenə də belə irəliləyir. Biz bunu şəhərimizin timsalından aydın görürük.
Hörmətli cənab Prezident, mən Sizə qədim Gəncəyə göstərdiyiniz bu qayğıya və köməyə görə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Hörmətlə, respublikanın Əməkdar müəllimi, "Rəsul Rza" mükafatı laureatı, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Rübail Allahverdiyev".
Məlumat üçün qeyd edək ki, Rübail Allahverdiyev sayılıb-seçilən ziyalılardandır. Həmişə öz mövqeyi olan, yaxşıya-yaxşı, pisə-pis deyən bir adamdır. Prinsipiallığı ilə daim seçilib. Vaxtilə ulu Nizamini özgələşdirmək istəyənlərə qarşı kəskin reaksiya verib, sərt çıxışlar edib, Gəncənin tarixi keçmişi ilə bağlı maraqlı fikirlər söyləyib. O, həm də gözəl şeirlərin müəllifidir, çoxlu kitabları çıxıb.
Bunları ona görə bir qədər geniş qeyd edirik ki, Rübail Allahverdiyev kimi Gəncəni hədsiz sevən və onu daim abad, gözəl, firavan görmək istəyən adamlar on minlərlədir və biz onlardan yalnız birinin ürək sözlərini kağız üzərinə köçürürük.
Bu məktubda maraqlı bir detala fikir
verdinizmi? "Yenilik həmişə maneələri dəf edə-edə irəliləmiş
və yenə də belə irəliləyir".
Rübail
müəllim bu il fevralın
son günlərindən şəhərdə
başlamış geniş
abadlıq, quruculuq, yenidənqurma işlərini
nəzərdə tutur.
Çünki adamların müəyyən
qismi şəhərdə
gedən bu prosesləri birmənalı
qarşılamırdı. Birisi eybəcər köşkünün yığışdırılmasını
istəmirdi, bir başqası yaşadığı
mənzilindən az qala iki
dəfədən də
çox artırmasının
sökülməsini başa
düşmürdü və
ya başa düşmək istəmirdi
və sair.
Amma indi... Tamam başqa mənzərədir.
Maraq üçün küçədə
tanımadığınız sakinə yaxınlaşın
və onun fikrini soruşun. Bir söz eşidəcəksiniz:
"Gəncə ilə
fəxr etməyə dəyər!".
Yazının əvvəlinə qayıdaq. Binaların
yeni görkəm alması ilə bağlı görülən
işlərlə tanış olaq.
Gəncədə yaşayış binalarına
demək olar ki, heç vaxt əl gəzdirilməyib. Elə buna görə də hara baxırdın
suvaqları tökülmüş,
eybəcər balkonları
olan, dam örtükləri
yararsız hala düşən binalar çıxırdı qarşına.
Biz hələ onların həyət-bacalarının,
mühəndis-kommunikasiya xətlərinin
nə vəziyyətdə
olduğunu demirik.
Təbii
ki, indi də var. Lakin onların sayı hər ay, hətta hər gün, hər saat azalır.
Artıq
Gəncədə olan
1700-ə kimi yaşayış
binasının təxminən
10 faizinin dam örtükləri
tamamilə dəyişdirilib,
bir çoxunun fasadları yenidən qurulub. Hazırda şəhərin Heydər Əliyev, Nizami, Xətai prospektlərində və
mərkəzdə yerləşən
30-dan çox binanın
fasadları dəyişdirilir.
Artıq
6 binanın fasadı hazırdır. Şəhər
icra hakimiyyətinin inzibati binasının sağ və sol tərəfindəki binaları,
Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsindəki birinci
mərtəbəsində "Gözəllik salonu" olan beşmərtəbəli
binanı və digər binaları tanımaq belə mümkün deyil.
Binaların görkəmi dəyişdirilərkən
şəhərin ümumi
arxitekturasına və
görünüşünə müasirliklə yanaşı,
tarixi və milli kaloritlər verilir. Bu işlərdə yerli üzlük daşlardan və qırmızı kərpicdən
istifadə olunur.
Tarixi binalara xüsusi diqqət yetirilir. Məsələn, Cavadxan küçəsindəki
binalar özünün
xarakterinə görə
milli memarlıq üslubunda bütün detallar nəzərə alınmaqla təmir edilir. Orada tikilən binaların
çoxu kərpic binalardır. Kərpicin üzəri
cilalanır, müasir
texnologiya ilə şirələr vurulur.
Bu ona görədir
ki, indiyədək neçə əsr yaşamış tikili bundan sonra da
bir neçə yüzilliklər yaşasın.
Gəncədə binaların təkcə xarici görkəmi deyil, digər infrastrukturu da dəyişdirilir. Həyətlərdəki qarajlar, lüzumsuz
balkon artırmaları
ləğv olunur, onların yerində nümunəvi məhəllələr
salınır, yollar, səkilər genişləndirilir.
Binaların istilik sistemi, qaz, işıq, su təchizatı yenilənir, müasir şəkilə salınır. Artıq
bir çox binalar istilik sistemi ilə təchiz olunub, yeni qazanxanalar tikilib və bu iş davam
etdirilir. Liftlərə əl gəzdirilir,
yeniləri quraşdırılır,
köhnələr təmir
olunur.
...Gəncə son 7-8 ay ərzində
hamının gözü
qarşısında yeni
libas geyinir. Onun bu libasına - binalarına baxdıqca, baxmaq istəyirsən.
Libasın mübarək,
ulu Gəncə!
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 11 noyabr.- S. 7.