Azərbaycan -
Türkiyə strateji tərəfdaşlığı
hər iki ölkənin milli
maraqlarının tələbidir
Ankara ilə Bakı arasında
möhkəm təməllərə söykənən
münasibətlər bütün sahələrdə
inkişaf edir
Əsrlər
boyu xalqlarımız bir yerdə olmuşlar. Biz bir dildə
danışırıq. Biz bir millətə mənsubuq və
bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edərkən
yenə də öz yanında Türkiyəni görür. Bəlkə
də dünyada ikinci belə ölkələr yoxdur ki,
bir-birinə bu qədər bağlı, bu qədər
yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz
tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın
vəsiyyətlərinə sadiqik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda
da, tək ürəyik... İnşallah,
İlham Əliyev qardaşımla bizim aramızdakı bu həmrəyliyi,
bu qardaşlığı bütün
dünyaya bir nümunə
olaraq qoruyacağıq və bir nümunə olaraq
göstərməyə davam edəcəyik.
Əl-ələ, çiyin-çiyinə, ən mühümü də, qəlb-qəlbə bu regionda sabitliyi
və rifahı, inşallah,
yaradacağıq.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Cümhuriyyətinin Baş naziri
Sürətlə inkişaf edən, beynəlxalq aləmdə nüfuzu gündən-günə artan, böyük uğurlara imza atan Azərbaycan Respublikası region dövlətləri ilə əməkdaşlığa, işbirliyinə, münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazın lider ölkəsinə çevrilən, BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma üzv seçilən ölkəmiz dost və müttəfiqimiz Türkiyə ilə də əlaqələri yeni çağırışlar çərçivəsində möhkəmləndirməkdə maraqlı olduğunu bəyan etmişdir. Çünki bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün 20 illik müstəqillik tariximiz ilə həmyaşıd olan Ankara - Bakı əlaqələri bütün sahələrdə inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 25-də Türkiyə Cümhuriyyətinə səfəri də bu mənada mühüm əhəmiyyətə malik olmuşdur.
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri elə bir vaxta təsadüf etmişdir ki, bir tərəfdən ölkənin Van vilayətində baş verən dağıdıcı zəlzələnin acı nəticələri aradan qaldırılır, digər tərəfdən isə 24 hərbçinin terrorçular tərəfindən şəhid edilməsi bütün Türkiyəni kədərə qərq edib. Bu kədərli günlərdə Azərbaycanın Türkiyənin yanında olması qan qardaşlarımıza böyük təsəlli oldu. Prezident İlham Əliyevin göstərişi ilə təbii fəlakət bölgəsinə 3 təyyarə ilə 145 nəfərlik xilasetmə dəstəsi və lazımi ləvazimatların dərhal göndərilməsi Türkiyə xalqı tərəfindən çox razılıqla qarşılandı. Həmin gün qardaş ölkənin əksər kütləvi informasiya vasitələri Türkiyəyə ilk yardım edən ölkənin Azərbaycan olduğunu qürurla vurğuladılar. Bu hadisə Türkiyə xalqının ölkəmizə, onun Prezidentinə rəğbətinin artmasına səbəb oldu. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk xalqının Azərbaycana duyduğu minnətdarlıq hisslərini belə ifadə etmişdir: "...Dəyərli qardaşım İlham Əliyevə öz adımdan və millətim adından ürəkdən təşəkkür edirəm. Hamımızın kədərinə səbəb olduğu, dərdlərimizin artdığı belə bir həssas vaxtda Azərbaycan tərəfinin uzatdığı dostluq əli, göstərilən qardaşlıq yardımı əziz millətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanacaqdır. Bilirik ki, Azərbaycan xalqı türk xalqının yaşadığı bu kədəri paylaşır, bizlər kimi, onlar da bu dərdləri ürəklərində hiss edirlər." Bunun müqabilində Azərbaycan Prezidenti ilham Əliyev bir daha bəyan etmişdir ki, ölkəmiz hər zaman qardaş Türkiyəni dəstəkləyir. Bizim tərəfimizdən bu dostluq əlini uzatmaq sadəcə ürəyimizdən gələn bir duyğu idi. Biz istəyirik ki, bu ağır gündə Türkiyənin yanında olaq, necə ki, bütün xoş günlərdə də biz bir-birimizin yanındayıq: " Azərbaycanın ən çətin anlarında bizə ilk dəstək verən qardaş Türkiyə olmuşdur. Bu gün - artıq 20 ildən sonra inkişaf edən Azərbaycan öz növbəsində Türkiyəyə öz dəstəyini verməyə hazırdır və lazım olan hallarda dəstək verir. Bu, bizim qardaşlıq borcumuzdur. Mən bir daha demək istəyirəm, Türkiyə bizim doğma Vətənimizdir. Biz bir-birimizi bir-birimizdən ayırmırıq. İki gün bundan əvvəl baş vermiş faciəvi zəlzələ türk xalqını necə sarsıtmışdırsa, Azərbaycan xalqını da bir o qədər sarsıtdı."
Dövlət başçımızın Türkiyəyə səfəri hər iki ölkənin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli hadisələrlə də yadda qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabrın 25-də Türkiyənin İzmir şəhərində AYPE-T zavodunun açılışı, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimləri olmuşdur. Xatırladaq ki, qardaş ölkənin ilk və yeganə neft-kimya müəssisəsi olan "Petkim-Petrokimya Holdinq"in təməli 1965-ci ildə Yarımca şəhərində qoyulmuşdur. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurmuşdur. 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim-Petrokimya Holdinq"ə məxsus Neft-Kimya Zavodunun 51 faizinə yiyələnmişdir. Keçən il "Petkim" ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olmuşdur. İstehsal olunan məhsulların 50 faizi ixrac edilmişdir. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır. Belə bir iqtisadi qurumda ARDNŞ-in hissə payına sahib olması ölkəmiz üçün iqtisadi cəhətdən çox faydalıdır.
Keçirilən təntənəli tədbirdən sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan möhtəşəm "Star" neft emalı zavodu "SOCAR-TURKAS" birgə müəssisəsi tərəfindən Petkim yarımadasında inşa ediləcək. Azərbaycan bura 5 milyard dollar həcmində sərmayə qoyacaq. Bu, iki qardaş ölkə arasında etimadın, dostluğun ən yüksək səviyyədə olmasından xəbər verir. Çünki ancaq dost, qardaş ölkəyə bu qədər yatırımlar qoyula bilər. Bu, həm də Türkiyədə və dünyada bir müəssisəyə qoyulan ən böyük sərmayə xüsusiyyətini daşıyır. Təbii ki, həmin sərmayəni dünyada Türkiyəyə ən yaxın ölkə olan Azərbaycan qoyur. Baş nazir Ərdoğan haqlı olaraq neftayırma zavodunu İzmir üçün, Türkiyə üçün bir qürur abidəsi adlandırmışdır. Zavod inşaat mərhələsində 10 min nəfərə, 2015-ci ildə istifadəyə veriləndə min nəfərə daimi iş imkanı yaradacaqdır. Azərbaycanın qardaş ölkəyə qardaşlıq töhfəsi adlandırılan müəssisənin istehsala başlaması ilə Türkiyənin idxalatla təmin etdiyi məhsullarda milyardlarla dollarlıq valyutaya qənaət ediləcəkdir.
Prezident İlham Əliyevin İzmir şəhərində AYPE-T zavodunun açılışında iştirakı da mühüm hadisə kimi yaddaşlarda qalmışdır. Azərbaycan sərmayəsi ilə rövnəqləndirilən zavodda istehsal olunan aşağı sıxlıqlı polietilen məhsulu plastiklər sənayesinin dünyada geniş istifadə olunan ən əhəmiyyətli xammallarından biridir. İllik məhsuldarlığı 160 min ton olan zavodda müxtəlif sektorların ehtiyacını ödəməyə yönəlmiş 11 çeşiddə məhsul istehsal olunacaqdır. Bu da qardaş ölkədə həmin məhsullara olan təlabatın ödənilməsi, həm yeni iş yerlərinin açılması baxımından önəmlidir. Azərbaycan Türkiyədə təkcə infrastruktur və iqtisadi layihələrə deyil, eyni zamanda, təhsillə bağlı olan layihələrə də yatırım qoyur. Bunlardan biri də Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyidir. Nəzəriyyə və təcrübəni bir yerdə cəmləşdirəcək liseyin inşası ilə bağlı protokol ARDNŞ ilə İzmir valiliyi arasında imzalanmışdır. 2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcəkdir. Xəzər və Egey dənizləri arasında təhsil körpüsü funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və Qarsdan sonra "Bir millət, iki dövlət" idealının Egey bölgəsinin təhsil sahəsində də rəmzi olacaqdır. Bu, həm də ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə inkişafının bariz nümunəsini təşkil edir.
Təbii ki, Azərbaycanın Türkiyəyə böyük həcmdə sərmayə qoyması ölkəmizin həm də iqtisadi qüdrəti ilə bağlıdır. Son illərdə sürətli iqtisadi inkişafa nail olan Azərbaycana bir vaxtlar xaricdən yardım göstərilirdisə, bu gün biz artıq dostlarımıza yardım göstərir, onlara dəstək veririk. Respublikamızın yüksəlişini aparıcı dövlətlərin liderləri, nüfuzlu beynəlxalq təşkilatların ekspertləri də təsdiq edirlər. Bu gün inkişafına, yüksəlişinə paralel olaraq ölkəmizin dünyada nüfuzu durmadan artır. Məhz bu səbəbdən Azərbaycan 193 ölkədən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizin belə tarixi uğurlar qazanmasından iftixar duyduğunu bildirərək demişdir: " Həqiqətən də qarşımızda dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana hər səfərimizdə daha fərqli, dəyişilmiş bir Azərbaycanı görürəm. Bu da təbii, Azərbaycanın hazırda modern ölkələr arasında sürətlə inkişaf etdiyinin, bu 20 il ərzində qazanılmış böyük uğurların bariz nümunəsidir. Bu, həm azərbaycanlı qardaşlarımıza, həm də bizlərə ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin və hökumətinin uğurlu siyasətinin sübutudur. Qardaşım İlham Əliyevi bu xüsusda ayrıca təbrik edirik".
Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Bu mənada Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Azərbaycana səfəri zamanı imzalanmış "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqaviləni bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edən sənəd kimi qiymətləndirmişdir. Bu, Türkiyə və Azərbaycanın hər bir məsələdə həmrəy olduğunun göstəricisidir.
Bunun davamı olaraq, oktyabrın 25-də İzmirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası olmuşdur. Şuranın iclasında enerji, nəqliyyat, iqtisadiyyat və humanitar məsələlər müzakirə edilmişdir. Növbəti toplantının Azərbaycanda keçirilməsi qərara alınmışdır. Bu dəfə daha da geniş əməkdaşlıq formatının təşkil olunması üçün səylər göstəriləcəkdir. Çünki münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mühüm əhəmiyyətə malik 13 sənədin imzalanması da bunu təsdiq edir. Həmin sənədlər arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" və digər sənədlər var. Həmin sənədlərin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, bütün bunlar bizim üçün yeni imkanlar, yeni üfüqlər açır, uzunmüddətli uğurlu əməkdaşlığımız üçün şərait yaradır. Əminik ki, bu əməkdaşlıqdan həm xalqlarımız, həm də bizə dost ölkələr faydalanacaqdır. Çünki həqiqətən də, bölgədə Türkiyə - Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
Tarixi proseslər də sübut edib ki, Türkiyə - Azərbaycan münasibətləri sarsılmazdır, əbədidir. Çünki bizə yol göstərən iki dahi şəxsiyyət - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən ölkələrimizin kədəri də, sevinci də birdir. Biz "Bir millət, iki dövlət" olduğumuzu heç bir zaman unutmuruq. Buna görə də Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir, bunu hər yerdə inamla dilə gətirir, Azərbaycan isə terrorizmlə mübarizədə daim Türkiyənin yanında yer alır, hər bir məsələdə ona arxa-dayaq olur. Türkiyə - Azərbaycan əlaqələri dostluq-qardaşlıq əsasında qurulduğu üçün bütün sahələrdə inkişaf edir. Son 20 ilin təcrübəsi də göstərir ki, çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz kimi möhkəm təməllər üzərində qurulan Türkiyə - Azərbaycan əlaqələri daim inkişaf edəcək, güclənəcəkdir.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 11 noyabr.- S. 6.