Müstəqil
ölkədə hüquqi dövlət quruculuğunun
uğurları
İnsan
cürbəcür şəraitlərdə yaşaya bilər.
Amma insan üçün, xalq üçün hər şeydən
qiymətli, hər şeydən əziz müstəqillikdir,
azadlıqdır. Biz çox əsrlər bu
azadlığın, bu müstəqilliyin arzusunda olmuşuq.
İndi buna nail olmuşuq.
Heydər ƏLİYEV,
Ümummilli lider
Dövlət
müstəqilliyinin bərpasının iyirminci
ildönümü respublikamızda böyük təntənə
ilə qeyd edildi. Ümummilli liderimiz Heydər Əliyevin
müəyyən etdiyi strateji xətti uğurla həyata
keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə
qazanılan nailiyyətlər xalqımızın bu tarixi hadisəyə
layiqli töhfəsi kimi dəyərləndirildi.
Bəşər
tarixində hər bir xalq öz mustəqil dövlətini
yaratmaq arzusunda olmuşdur. Azərbaycan xalqı da tarixi
inkişafın müxtəlif mərhələlərində
zamanın çətinliklərini mərdliklə
keçmişdir. XX əsrin sonlarında yenidən müstəqilliyini
əldə edən Azərbaycan xalqı çoxəsrlik
dövlətçilik tarixinin şanlı səhifəsini
daha da zənginləşdirmişdir. Xalqımızın əzmkar
mübarizəsi nəticəsində 1991-ci il oktyabr ayının
18-də Azərbaycan parlamenti tərəfindən "Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı" qəbul edilərək bütün tərəqqipərvər
bəşəriyyətə müstəqil Azərbaycan
Respublikası adlı yeni bir dövlətin
yarandığı elan edildi.
Konstitusiya
aktına əsasən, Azərbaycan Respublikası demokratik
prinsiplərin və ənənələrin varisliyinə əsaslanaraq
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi, Azərbaycan
xalqının müstəqil, dünyəvi, demokratik və
unitar dövlət yaratması bəyan olundu. Qısa müddət
ərzində mövcudluğuna baxmayaraq, 1992-ci il martın 2-də
Azərbaycan Respublikası Birləşmiş Millətlər
Təşkilatına beynəlxalq hüququn müstəqil
subyekti kimi tamhüquqlu üzv qəbul edildi.
Lakin
müstəqilliyin ilk illərində respublikamızda baş
verən hadisələr, bir tərəfdən dövlət
müstəqilliyinin qarşısının alınması məqsədilə
süni surətdə yaradılan Ermənistan - Azərbaycan,
Dağlıq Qarabag münaqişəsi, digər tərəfdən
ölkəyə bacarıqsız, dövlətçilik təcrübəsi
olmayan insanların rəhbərlik etməsi
xalqımızın qanı bahasına əldə etdiyi
müstəqilliyi məhv olmaq təhlükəsi ilə
üz-üzə qoymuşdu. Xüsusilə AXC - Müsavat
cütlüyünün hakimiyyəti dövründə
respublikamızın hələ ötən əsrin 70-ci illlərində
yaradılmış iqtisadi sistemi dağıdılmış,
ölkə vətəndaşlarının hüquq və
azadlıqları kobudcasına pozulmuş, əhalinin həyat
səviyyəsi kəskin aşağı
düşmüşdü.
Bununla
yanaşı, 1992-ci ildə silahlı yolla hakimiyyətə
yiyələnən AXC - Müsavat iqtidarı 1993-cü ilin əvvəllərində
ölkəni vətəndaş müharibəsi ilə
üz-üzə qoymuş, silahlı quldur dəstələri
ayrı-ayrı bölgələrdə hüquqazidd fəaliyyət
göstərmişdir. Həmin dövrdə dövlət
orqanlarının, o cümlədən hüquq-mühafizə
orqanlarının fəaliyyəti iflic vəziyyətinə
düşmüşdü. Belə bir şəraitdə Azərbaycan
xalqı öz taleyini müdrük dövlət xadimi,
xalqımızın xilaskarı, müstəqil Azərbaycan
Respublikasının qurucusu Heydər Əliyevə etibar etdi.
Azərbaycan xalqının təkidli tələbi ilə
1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanın milli inkişaf strategiyasını
müəyyənləşdirən ulu öndər Heydər Əliyev
nəzarətsiz silahlı dəstələri, dövlətçiliyə
təhlükə yaradan digər qüvvələri zərərsizləşdirərək,
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində qətiyyətli
mövqeyi ilə Azərbaycanı ağır faciələrdən
xilas edə bilmişdir. Ulu öndər Azərbaycanın
perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş,
sivil Qərb dəyərlərinin cəmiyyətdə mənimsənilməsinə,
demokratik meyarların möhkəmlənməsinə
etibarlı zəmin yaratmışdır.
İyirmi
il tarixi nöqteyi-nəzərdən qısa müddət olsa
da, müstəqillik illərində xalqımızın
ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu
yeni müstəvidə layiqincə davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə dayanıqlı ictimai-siyasi
sabitliyə nail olunmuş, vətəndaş cəmiyyətinin
formalaşması, demokratik və hüquqi dövlətin
qurulması, insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı şəkildə təmin
edilməsi istiqamətində dövlət səviyyəsində
mühüm tədbirlər həyata keçirilmişdir. Vətəndaş
cəmiyyətinin və müstəqil dövlətimizin
durmadan inkişafını, xalqın layiqli həyat səviyyəsinin
təmin olunması və rifah halının yüksəldilməsini,
yerləşdiyi regionda aparıcı qüvvəyə
çevrilmiş ölkəmizin beynəlxalq aləmə və
dünya dövlətləri birliyinə hərtərəfli
inteqrasiyasını şərtləndirən müasir məzmunlu
köklü və ardıcıl islahatlar
aparılmışdır.
Ulu
öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi
və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr
1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi-referendumda
qəbul olunmuş müstəqil Azərbaycanın ilk
Konstitusiyası respublikamızın hüquqi, demokratik dövlət
quruculuğu istiqamətində inkişafının hüquqi
təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını
müəyyən etməklə və ən yüksək
hüquqi qüvvəyə malik olmaqla, hüquq sisteminin
bünövrəsini təşkil etmiş və əsaslı
məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsinə zəmin yaratmışdır.
Konstitusiyanın
qəbulundan sonra cəmiyyətin həyatının
bütün sahələrini əhatə edən köklü
dəyişikliklər prosesi çərçivəsində
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə ölkəmizdə insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsinə
yönəlmiş bir çox qanunlar və digər normativ
hüquqi aktlar qəbul edilmişdir. Qeyd etmək
lazımdır ki, insan və vətəndaş hüquq və
azadlıqlarına ümummilli liderimizin verdyi ən böyuk dəyər
kimi, Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışının ilk günlərindən
ölüm cəzasının icrası üzərində
moratorium qoymasını göstərmək olar. 22 yanvar 1998-ci
ildə xalqımızın ümummilli lideri Heydər Əliyev
"Azərbaycan Respublikasında ölüm
hökmünün ləğv edilməsi haqqında" bəyanat
verərək ölüm hökmünün ləğv
olunduğunu bildirmişdir. Bununla bağlı ümummilli lider
tərəfindən 3 fevral 1998-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsu
qaydasında müraciət edilmişdir. Azərbaycan
Respublikası Milli Məclisinin 10 fevral 1998-ci il tarixli qanunu ilə
ölüm cəzası Azərbaycan qanunvericiliyindən
çıxarılmışdır.
"İnsan
və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral
1998-ci il tarixli Fərmanı respublikamızda insan hüquq və
azadlıqlarının təmin edilməsi baxımından
mühüm əhəmiyyətə malik olmuşdur. Fərmanda
qanun layihələrinin hazırlanması və qanunların qəbul
edilməsi zamanı Azərbaycan Respublikasının
Konstitusiyasında əks etdirilmiş insan hüquq və
azadlıqlarının əsas meyar kimi rəhbər
tutulması Milli Məclisə tövsiyə olunmuş, insan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramının layihəsinin hazırlanması aidiyyətı
qurumlara tapşırılmış və digər dövlət
əhəmiyyətli tədbirlər nəzərdə
tutulmuşdur.
Respublikamızda
insan hüquq və azadlıqlarının təmin olunması
sahəsində həyata keçirilən tədbirlər məqsədyönlü,
ardıcıl xarakter daşımaqla Konstitusiyanın müəyyən
etdiyi məqsədlərə çatmaq istiqamətində
davam etdirilmişdir. Məhz bu siyasi iradənin, hüquqi
dövlət quruculuğu işində qısa müddətdə
mühüm uğurlar əldə edilməsinin, cəmiyyət
həyatının bütün sferalarını əhatə
edən demokratik islahatların qətiyyətlə, sistemli və
ardıcıl həyata keçirilməsinin nəticəsində
Azərbaycan Respublikası 2001-ci ilin yanvar ayında demokratik
dünyanın aparıcı dövlətlərinin təmsil
olunduğu Avropa Şurasına üzv qəbul olundu. Azərbaycanın
Avropa Şurasına üzv olması müasir tariximizin ən
böyük hadisələrindən biri sayılmalıdır.
Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycana
qazandırdığı ən böyük uğurlardan
biridir. Bütün maneələrə baxmayaraq, ulu öndər
Azərbaycanın müasir Avropa evinin bir üzvü
olmasınıa nail oldu. Əslində, bu addım Azərbaycanı
vətəndaş cəmiyyəti quruculuğu yolunda görmək
arzusunun təzahürü idi.
Müstəqil
dövlətimizin ilk milli konstitusiyası ölkə
prokurorluğunu ərazi və
ixtisaslaşdırılmış prokurorların Azərbaycan
Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan
vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək,
onun yeni statusunu müəyyənləşdirmişdir.
Prokurorluğun
yeri məhkəmə hakimiyyəti sistemində müəyyən
edilməklə, hüquqi varisliyi təmin edilmişdir. Belə
ki, Azərbaycan Demokratik Respublikasının Nazirlər
Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə
Bakı Dairə Məhkəməsinin tərkibində
yaradılmaqla, əsası qoyulmuş milli prokurorluq məhkəmə
orqanları sistemində fəaliyyət göstərmişdir.
Azərbaycan
Respublikası Prokurorluğu xalqımızın müstəqillik
uğrunda apardığı mübarizənin tarixi ilə bərabər,
çox çətin və mürəkkəb inkişaf yolu
keçərək, müasir səviyyəyə
çatmış, xalqına və dövlətinə sədaqətlə
qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi
və cinayətkarlığa qarşı mübarizə
işinə öz layiqli töhfəsini vermişdir.
1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı
ilə yaradılan Hüquqi İslahatlar Komissiyası məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsində qanunun
aliliyinin təmin olunmasını, beynəlxalq hüquq
normalarının milli qanunvericilikdə nəzərə
alınmasını və bu kimi digər əhəmiyyətli
məsələləri nəzərdə tuturdu ki, bu da ulu
öndərimiz Heydər Əliyevin göstərişi ilə
qısa zaman kəsiyində uğurla həyata
keçirilmiş və prokurorluq orqanlarının fəaliyyətinin
keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə
rəvac vermişdir.
Prokurorluq
orqanlarının qanunçuluğun təmini və insan
hüquq və azadlıqlarının müdafiəsi sahəsində
nüfuzlu dövlət təsisatına çevrilməsi, fəaliyyətini
dövrün tələbləri səviyyəsində
qurması məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında aparılmış mütərəqqi islahatlar nəticəsində
mümkün olmuşdur.
Eyni
zamanda, Azərbaycanda cəmiyyətin dinamik inkişafı,
yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə
keçid, habelə Avropaya inteqrasiya prokurorluğun funksiya və
statusuna yenidən baxılmasını zəruri etmişdir.
Sovet dövründə hakimiyyət bölgüsünün
olmadığı bir şəraitdə prokurorluq bəzən
məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə
aid bir sıra funksiyaları da həyata keçirmişdir.
Prokurorluğun əvvəlki statusu ölkənin gələcək
inkişafı ilə uzlaşmadığından ulu öndər
Heydər Əliyev düzgün olaraq bu sistemdə
genişmiqyaslı islahatların aparılmasını vacib
saymışdır. 30 dekabr 1999-cu ildə qüvvəyə
minmiş "Prokurorluq haqqında" Azərbaycan
Respublikasının Qanununda prokurorluğun totalitar rejimə
xas funksiyalardan azad olması, onun fəaliyyətinin forma və
metodlarının demokratik dəyərlərə
uyğunlaşdırılması təmin olunmuşdur.
26
aprel 2000-ci il tarixdə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər
işçiləri ilə görüşündən sonra həyata
keçirilən məqsədyönlü tədbirlər sayəsində
prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi
aparılmış, fəaliyyət üçün zəruri
normativ hüquqi baza, demokratik, mahiyyətcə tamamilə yenidən
formalaşdırılmış bu orqanın normal və səmərəli
fəaliyyəti üçün əlverişli mühit
yaradılmışdır.
Bu
tarixi müşavirədən sonra Azərbaycan
Prokurorluğunda dövrün tələbinə cavab verən
hərtərəfli islahatlara start verilmiş, ulu öndər
Heydər Əliyevin həmin görüşdəki proqram
xarakterli çıxışından irəli gələn
tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq
islahatları çərçivəsində kompleks tədbirlər
müəyyən edilməklə, mərhələ-mərhələ
həyata keçirilməyə başlanmışdır.
Prokurorluğun səlahiyyətləri və fəaliyyət
istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş,
zamanın tələblərindən irəli gələn bir
sıra yeni idarələr, şöbələr
yaradılmışdır. Həyata keçirilən hərtərəfli
islahatlar nəticəsində bu gün Azərbaycan
Prokurorluğu normal fəaliyyət üçün mütərəqqi
normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət
prinsipləri və iş metodları olan sivil, çevik və
işlək dövlət təsisatına çevrilmişdir.
Ölkəmizdə
həyata keçirilən məhkəmə-hüquq
islahatları çərçivəsində qəbul
edilmiş normativ hüquqi aktlar nəticəsində
prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə
prosesi yeni bir mərhələyə yüksəlmişdir.
Beynəlxalq
təcrübə və milli xüsusiyyətlər öyrənilməklə,
qısa müddət ərzində prokurorluğun tarixində
ilk dəfə olaraq, yeni cinayət, cinayət-prosessual və
digər statut qanunların qəbulu ilə əlaqədar
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş istiqamətlər üzrə
işin təşkili məsələlərini Baş
Prokurorluq üzrə tənzimləyən təşkilati və
sahəvi əmr, təlimat və qaydalar hazırlanaraq icraya
yönəldilmişdir.
Prokurorluq
orqanlarının müstəqil dövlətimizin
mühüm dövlət təsisatı kimi təkmilləşdirilməsi
və yeniləşdirilməsi istiqamətində müsbət
işlərin görülməsinin nəticəsidir ki,
dövlət başçısı İlham Əliyevin
prokurorluğun 90 illik yubileyi ilə əlaqədar kollektivə
ünvanlanan müraciətində xüsusi olaraq
vurğulanmışdır: "Son illər prokurorluqda
sağlam iş mühitinin yaradılması üçün
ciddi işlər görülmüş, dövlətçilik,
qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə
prokurorluğa ictimai etimad artmış və onun nüfuzu
yüksəlmişdir... Prokurorlar demokratik cəmiyyətdə
prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin
və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq
və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla
mübarizədə, qanunçuluğun təmin edilməsində,
bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli
rol oynayırlar".
Qanunvericiliyin
təkmilləşdirilməsində iştirak etmə
prokurorluğun fəaliyyətində mühüm əhəmiyyətə
malikdir. Məlum olduğu kimi, qanunvericiliyin təkmilləşdirilməsində
iştirak ilk növbədə prokurorluğun qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməsi və Konstitusiya Məhkəməsinə
sorğularla müraciət etməsi yolu ilə həyata
keçirilir. Prokurorluğun dövlətin qanunyaradıcı
fəaliyyətində iştirakının əhəmiyyəti
hüquqi islahatların yeni keyfiyyət halında davam etdiyi
hazırkı dövrdə daha da artır. Ölkəmizin
sürətli sosial-iqtisadi inkişafı ictimai münasibətlərin
tənzimlənməsində hüququn rolunun artmasını
şərtləndirmiş olduğundan, prokurorluğun
qanunvericiliyin təkmilləşdirilməsində
iştirakı daha fəal formalar almaqla genişlənmiş,
prokurorluq orqanlarında qanunvericiliyin sistemləşdirilməsi
işinin düzgün qurulması daha böyük əhəmiyyət
kəsb etmişdir. Bu da öz növbəsində hüquqi təminat
fəaliyyətinə xüsusi diqqət yetirilməsini və
həlli vacib tədbirlərin həyata keçirilməsini zəruri
etmişdir.
Prokurorluq
orqanlarında hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi
işi prokuror və müstəntiqlər tərəfindən
qanunların dərindən öyrənilməsi və
onların düzgün tətbiq edilməsinin, qanunvericiliyin təkmilləşdirilməsində
iştirakının zəruri şərti, istintaqın və
prokuror nəzarətinin səviyyəsinin yüksəldilməsinin
mühüm vasitəsi olduğundan, Azərbaycan
Respublikasının Baş prokuroru tərəfindən 27
fevral 2001-ci il tarixli 02/45 nömrəli əmr
imzalamışdır. Prokurorluq orqanlarında qanunvericiliyin
sistemləşdirilməsi işinin nizama salınması məqsədilə
Baş prokurorun 2 aprel 2004-cü il tarixli 08/19 nömrəli əmri
ilə "Prokurorluq orqanlarında qanunvericiliyin sistemləşdirilməsinin
aparılması Qaydaları haqqında" təlimat təsdiq
edilmişdir.
24
avqust 2002-ci il tarixdə keçirilmiş referendum (ümumxalq
səsverməsi) nəticəsində Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinə
edilmiş əlavələrə əsasən, qanunvericilik təşəbbüsü
hüququna malik olmuş Azərbaycan Respublikasının
Prokurorluğu qanunvericiliyin bir çox sahələrinin təkmilləşdirilməsi
ilə əlaqədar müvafiq iş aparmaqla, ayrı-ayrı
qanunlarda mövcud olan boşluqların aradan qaldırılması
üçün qanun layihələri hazırlayaraq, aidiyyəti
üzrə təqdim etmişdir. Bununla yanaşı,
prokurorluğun nümayəndələri qanunvericilik təşəbbüsü
hüququnun subyektlərinin təqdim etdikləri qanun layihələrinə
rəy verməklə, Milli Məclisin komitələrinin qanun
layihələrinin hazırlanması üzrə işçi
qruplarında, qanun layihələrinin qanunverici orqanda
müzakirələrində yaxından iştirak etmişlər.
Azərbaycan Respublikasının Konstitusiyasında
prokurorluğun Konstitusiya Məhkəməsinə sorğu vermək
hüququ olan subyektlər sırasında müəyyən
edilməsi bu təsisatın dövlət-hüquqi
funksiyalarının daha dolğun realizəsi üçün
mühüm təminatlardandır. Prokurorluq digər bu
hüquqa malik subyektlərlə yanaşı, belə
sorğuları normativ hüquqi aktların konstitusiyaya və
qanunlara uyğunluğu, hakimiyyətlər arasında səlahiyyətlər
bölgüsü ilə bağlı mübahisələrin həlli,
Konstitusiyanın və qanunların şərhi ilə əlaqədar
olaraq da verir. Azərbaycan Respublikası Baş
Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsi
cinayət, cinayət-prosessual və digər normativ hüquqi
aktların bir sıra normalarının şərhini
vermişdir. Prokurorluq orqanlarının fəaliyyətinin
müasir beynəlxalq standartlara müvafiq həyata
keçirilməsində bu orqanların işçilərinin
yüksək etik tələblərə uyğun
davranış qaydalarının vahid hüquqi sənəddə
təsbit olunması mühüm əhəmiyyətə malik
olduğundan, Azərbaycan Respublikası Prokurorluğu
işçilərinin 6 fəsildən, 38 maddədən ibarət
Etik Davranış Kodeksinin qəbulu mühüm əhəmiyyətə
malik olmuşdur.
Baş
Prokurorluq üzrə 27 mart 2001-ci il tarixli 02/57 nömrəli əmrə
əsasən, Azərbaycan Respublikası Baş
Prokurorluğunun bütün idarə və şöbələri,
tabe prokurorluqlar tərəfindən kütləvi informasiya
vasitələri və qeyri-hökumət təşkilatları
ilə işgüzar əlaqələrin qurulması, kütləvi
informasiya vasitələrində dərc olunmuş yazı və
müraciətlərlə əlaqədar
araşdırmaların aparılması, kütləvi
informasiya vasitələrinin rəsmi müraciətlərinə
cavabların verilməsi, prokurorluğun fəaliyyəti barədə
informasiya agentlikləri, mətbuat, radio və televiziya vasitələri
ilə əhaliyə müntəzəm olaraq zəruri məlumatların
çatdırılması, ictimai maraq doğuran cinayət
işlərinin istintaqı və məhkəmə
baxışının nəticələri barədə, habelə
prokurorluğun fəaliyyətinin digər istiqamətləri
üzrə görülən işlərə dair kütləvi
informasiya vasitələrində mütəmadi olaraq
dürüst və ətraflı informasiyanın
yayılması təmin edilmişdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi
iradəsinə müvafiq olaraq, yeni informasiya
texnologiyalarının qurulması və müvafiq
infrastrukturun yaradılması strateji əhəmiyyətə
malik inkişaf istiqaməti kimi müəyyənləşdirilməklə,
bu sahədə işlərin beynəlxalq standartlar səviyyəsinə
qaldırılmasına, ümumdünya informasiya məkanına
daha sürətli inteqrasiyanın təmin edilməsinə
böyük önəm verilir.
Qeyd
edilən siyasətə uyğun olaraq, Azərbaycan
Prokurorluğu orqanlarında da bu istiqamətdə zəruri
işlərin görülməsi təmin olunur. Baş
Prokurorluq üzrə 25 mart 2004-cü il tarixli 08/18 nömrəli
əmrlə www.genprosecutor.gov.az elektron ünvanında Azərbaycan
Respublikası Prokurorluğunun veb-saytının
yaradılması prokurorluğun strukturu və fəaliyyət
istiqamətlərində baş verən dəyişikliklərin
mütəmadi izlənilməsi, prokurorluğun tarixi barədə
məlumatların, fəaliyyət istiqamətləri üzrə
görülən işlərin, beynəlxalq əlaqələrin
genişləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlərin, konkret məsələlər
üzrə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatlarının,
prokurorluq orqanlarının işini tənzimləyən
qanunvericilik aktlarının və Baş Prokurorluq üzrə
normativ sənədlərin geniş ictimaiyyətə
çatdırılması baxımından çox önəmli
olmuşdur.
Prokurorluğun
kütləvi informasiya vasitələri və vətəndaş
cəmiyyəti institutları ilə əlaqələrinin səmərəliliyinin
artırılması məqsədilə 28 sentyabr 2010-cu il
tarixdə Baş Prokurorluqda Qeyri-Hökumət Təşkilatlarının
və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirakı ilə Hüquqi təminat və informasiya idarəsi
tərəfindən hazırlanmış Baş
Prokurorluğun veb-saytının yeni versiyasının təqdimatı
olmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 26 yanvar 2010-cu il tarixli sərəncamına
əsasən, Baş Prokurorluq üzrə 4 fevral 2010-cu il
tarixli əmrə müvafiq olaraq, hüquqi təminat və
ictimaiyyətlə əlaqələr şöbələrinin
bazasında tam yeni məzmunlu Hüquqi təminat və
informasiya idarəsinin təsis edilməsi ilə fəaliyyətimizin
hüquqi əsaslarının təkmilləşdirilməsi
üzrə təkliflərin hazırlanması, yüksək
texnoloji informasiya, ötürmə vasitələrindən
istifadə edilməklə, prokurorluq orqanlarının daxilində
və prokurorluq orqanlarının digər dövlət
orqanları ilə, kütləvi informasiya vasitələri,
qeyri-hökumət təşkilatları ilə, ictimaiyyətlə
əlaqələrinin və informasiya (məlumat) mübadiləsinin
aparılması, ötürülən və mübadilə
edilən informasiyaların təhlükəsizliyinin təmin
olunması, elektron sənədlərin tətbiqi ilə
bağlı lazımi tədbirlərin görülməsi,
qanunvericiliyin sistemləşdirilməsi işinin müasir tələblər
səviyyəsində həyata keçirilməsi
üçün hərtərəfli zəmin
yaradılmışdır. Azərbaycan Respublikası Baş
Prokurorluğunun 6 fevral 2010-cu il tarixli geniş kollegiya
iclasının qərarı ilə 2010-cu il prokurorluq
orqanlarında yeni informasiya texnologiyalarının hərtərəfli
tətbiqi ili elan edilmiş, Hüquqi təminat və
informasiya idarəsinin tərkibində yaradılan
"İnformasiya texnologiyalarının tətbiqi Xidməti"nin
fəaliyyətini tənzimləyəcək zəruri normativ
bazanın yaradılması və digər təşkilati tədbirlərin
görülməsi, habelə kadr korpusunun
formalaşdırılması ilə bağlı müvafiq
tapşırıqlar verilmişdir. Hazırda həmin istiqamətlərdə
zəruri tədbirlərin görülməsi təmin olunur.
Prokurorluq
orqanlarında informasiya-kommunikasiya texnologiyalarının
yaradılması və inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən tədbirlər intensiv şəkildə
davam etdirilmişdir. Baş Prokurorluğun Hüquqi təminat
və informasiya idarəsinin informasiya texnologiyalarının tətbiqi
xidmətinin əməkdaşları tərəfindən
"Elektron sənəd dövriyyəsi" Proqramı
hazırlanmış və cari il avqustun 9-da Baş Prokurorluqda
dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının
və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirakı ilə təqdimat mərasimi
keçirilmişdir.
Azərbaycan
Respublikasının prokurorluq orqanlarının müasir
dövrün yüksək tələblərinə cavab verən
dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində
Respublika Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli
3065 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər
üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə
malikdir. Dövlət Proqramı ölkə
başçısının prokurorluq orqanlarına və
işçilərinə böyük inamının və
etimadının, yüksək qayğısının təzahürü
olaraq, prokurorluq orqanlarının fəaliyyətinin və
strukturunun təkmilləşdirilməsi, kadr
potensialının gücləndirilməsi, yeni nəsil
prokurorların formalaşdırılması və peşəkarlığının
artırılması, habelə prokurorluğun maddi-texniki
bazasının möhkəmləndirilməsi və
işçilərinin sosial müdafiəsinin yüksəldilməsi
məqsədilə qəbul edilmişdir. Dövlət
Proqramında prokurorluq orqanlarının fəaliyyətinin
keyfiyyətcə yeniləşməsi və müasir
dövrün tələblərinə müvafiq olaraq təkmilləşdirilməsi
tədbirləri əks olunmuşdur.
Dövlət
Proqramının icrası ilə əlaqədar, prokurorluq
orqanları qarşısında duran vəzifələr
Baş Prokurorluğun 28 noyabr 2008-ci il tarixli Kollegiya
iclasında ətraflı müzakirə olunmuş və Tədbirlər
Planı təsdiq edilməklə, icraya yönəldilmişdir.
Tədbirlər Planının icrası ilə əlaqədar
Baş Prokurorluq üzrə bir sıra müxtəlif
işçi qrupları yaradılaraq, fəaliyyət göstərmişdir.
Azərbaycan
Respublikası dövlət müstəqilliyinin iyirminci ilində
dünyada öz yeri, xüsusi çəkisi olan dövlət
kimi əldə etdiyi uğurlarla beynəlxalq miqyasda
mövqeyini möhkəmlətməkdə davam edir. Bu
ğün ölkəmizlə regional məsələlərin
həllində hesablaşır, onun mövqeyini nəzərə
alırlar. Hər bir Azərbaycan vətəndaşı bu
müstəqilliyə öz töhfəsini verməli, onun daha
da möhkəmlənməsi üçün səylə
çalışmalıdır.
Natiq HÜSEYNOV,
Azərbaycan Respublikası Baş
Prokurorluğunun Hüquqi təminat
və informasiya idarəsinin rəisi,
Baş ədliyyə
müşaviri
Xalq qəzeti.- 2011.- 11 noyabr.- S. 5.