Azərbaycan BMT-nin prinsiplərinə - sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət etdiyini sübuta yetirmişdir

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən iyirmi il ərzində ölkəmizin tarixi əlamətdar hadisələrlə zəngin olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ilin yayından başlayaraq Azərbaycanda hüquqi, dünyəvi, demokratik, sivil dövlət quruculuğu yolunda qətiyyətli addımlar atıldı. Ulu öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsi ölkəmizdə dövlət quruculuğu sahəsində əsaslı dönüş yaratdı. Ölkənin iqtisadi qüdrəti getdikcə artdı, beynəlxalq aləmə inteqrasiyası yolunda mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi və Azərbaycanın dünyanın inkişaf etmiş demokratik dövlətləri ilə əlaqələri möhkəmləndi, əməkdaşlığı genişləndi.

1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə inkişaf və tərəqqi dövrü kimi daxil oldu. Bu illər ərzində ölkəmizdə aparılan uğurlu islahatlar respublikamızın beynəlxalq aləmə inteqrasiyasında özünü büruzə verirdi. Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.

1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeritməyə başlamışdır. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərin və təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsinə yol açıldı. Dövlətimiz bir tərəfdən, dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə qəbul edilmiş ölçülərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərlə əlaqəyə girir, mötəbər beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirir, həmin təşkilatlara üzv olmaq üçün yaranan imkanlardan maksimum yararlanırdı.

Qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməsində və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmaqda beynəlxalq təşkilatların rolu xüsusi qeyd olunmalıdır. BMT, ATƏT, İƏT, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü olmaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr ölkəmiz üçün çox səmərəli oldu.

Ulu öndərin siyasi xəttini davam etdirən, yarımçıq qalmış işlərini uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da möhkəmləndirmək istiqamətində qətiyyətli addımlar atdı. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlıq edir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edir, çoxşaxəli xarakter daşıyır. Bu da Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə çox böyük təsir göstərir. Bu il oktyabrın 24-də diplomatiyamızın daha bir tarixi qələbəsinin şahidi olduq. BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, müstəqilliyimizin 20 illik tarixində xarici siyasət sahəsində qazanılan ən yaddaqalan qələbələrimizdən biridir. Həmin səsvermədə Azərbaycanı dünyanın 155 ölkəsi dəstəkləmişdir. Təbii ki, bu tarixi qələbənin qazanılıması heçasan başa gəlməmişdir. Bu parlaq qələbə ilə Azərbaycan BMT-nin ideallarına, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət etdiyini hər addımında sübuta yetirmişdir.

Azərbaycan uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdür. Ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında respublikamız bu sahədə,ümumiyyətlə, xarici siyasətdə misilsiz nailiyyətlərə imza atmışdır. Müstəqillik illərində həyata keçirilən uğurlu daxilixarici siyasət sayəsində Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq etmişböyük nüfuz sahibinə çevrilmişdir. Torpaqlarımızın 20 faizinin işğalda olduğu, güclü erməni lobbisinin fəaliyyət göstərdiyi Ermənistanın Azərbaycana qarşı məkrli və düşmən siyasəti yeritdiyi bir şəraitdə BMT-nin 193 üzvündən 155-nin ölkəmizi dəstəkləməsi Azərbaycanın xarici siyasətinin təntənəsinin əyani göstəricisidir. Müstəqilliyimizin 20 illik tarixində Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq aləmdə nüfuz qazanması və dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilməsi bir daha sübut etdi ki, ölkəmiz üçün keçilməz sədd, həlli mümkün olmayan problem yoxdur.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olması ölkəmiz qarşısında geniş imkanlar açacaq. İlk növbədə bu quruma üzvlükdən istifadə edərək ölkəmiz öz ərazi bütövlüyünün bərpası məsələsini bu təşkilatın gündəliyinə çıxarmaq imkanı qazanmışdır. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma ata-baba torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün kimi çətin şəraitdə yaşayır.

Söz yox ki, dövlət başçımızın diqqət və qayğısı sayəsində qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bütün bunlara baxmayaraq, doğma yurd, ata-baba ocağının həsrəti soydaşlarımızı bir an da olsa, rahat buraxmır. Onlar işğal altında olan doğma ev-eşiklərinə qayıtmaq arzusu ilə yaşayırlar. Ermənistan isə öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Təəssüf ki, dünya birliyi bu haqsızlığa, ədalətsizliyə hələ də dözür.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, nüfuzlu qurumların qəbul etdiyi qərarlara laqeyd münasibət göstərməsi dünyada ikili standartların hələ də davam etməsinin nəticəsidir. Digər tərəfdən, Azərbaycan dünya miqyasında çox böyük bir tribuna qazanmışdır. Bütün bunlarla yanaşı, dövlətimizin beynəlxalq nüfuzu bir daha artacaq, ölkəmiz regionun lideri statusunu mökəmləndirməklə yanaşı, dünya siyasətində söz sahibi olacaq. Ölkəmizin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmiş, həmçinin sivilizasiyalararası dialoqun genişlənməsinə, Şərqlə Qərb arasında əlaqələrin inkişafına daha ciddi təsir göstərə biləcək. Daha sonra Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda problemlərin nizamlanmasında daha aktiv iştirak edəcək, bu problemlərin milli maraqlar çərçivəsində həllinə nail olmaq imkanı qazanacaq.

Göründüyü kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə çox böyük imkanlar əldə edib. Ölkəmizin bu uğuru beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dünyanın əksər ölkələrinin rəhbərləri və təmsilçiləri dövlətimizin başçısına ünvanladığı təbrik teleqramlarında Azərbaycanı bu parlaq qələbə münasibəti ilə təbrik edirlər. ABŞ kimi qüdrətli dövlət Təhlükəsizlik Şurasının səmərəliliyi və təsirliliyinə töhfə verilməsi və onun beynəlxalq sülhsabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir. Bütün bunlar Azərbaycan diplomatiyasının uğurlarını əks etdirir.

Dövlətimizin beynəlxalq aləmdəki parlaq qələbəsi hazırda Ermənistanda böyük çaxnaşma yaradıb. Artıq işğalçı dövlətin bütün ümidləri üzülüb. Yerli politoloqlar Azərbaycanın dünyada nüfuz sahibi olmasını Ermənistan diplomatiyasının iflası kimi dəyərləndirirlər. Bu, həqiqətən də belədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş xarici siyasət Ermənistanı tədricən beynəlxalq aləmdə bir küncə sıxışdırdı. Artıq dünyanın tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq qurumları və inkişaf etmiş dövlətləri Ermənistanı işğalçı ölkə kimi tanıdıqlarını rəsmən bəyan ediblər. Bu, bir daha təsdiqləyir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır.

Ölkəmizin BMT kimi çox mötəbər bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hər bir azərbaycanlını sevindirir. Bu parlaq qələbə münasibəti ilə xalqı təbrik edən möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır".

Azərbaycanın müstəqilliyinin 20 illik tarixində beynəlxalq aləmdə belə bir tarixi uğur qazanılması bir daha təsdiqlədi ki, ulu öndər Heydər Əliyev siyasətinin alternativi yoxdur.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2011.- 11 noyabr.- S. 4.