İlk Milli
Konstitusiyamız müstəqilliyimizin, hüquq və
azadlıqlarımızın təminatçısıdır
Keçən illər ərzində konstitusiya humanist,
dinamik və realist bir sənəd olduğunu sübut
etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə
- hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı
prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi,
insan haqlarının və azadlıqlarının təmin
olunması və sair ilə bağlı mühüm irəliləyişlər
baş verib.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan xalqı özünün min illik tarixi
boyunca və müxtəlif tarixi dövrlərdə
böyük dövlətlər qurmuş, müstəqil idarəçilik
sistemi yaratmışdır. Lakin on doqquzuncu əsrin
əvvəllərində ölkə müstəqilliyini
itirdikdən və Rusiya imperiyası tərəfindən
işğal olunduqdan sonra müstəqil dövlətçilik
ənənələri də, demək olar ki, iflasa
uğramışdır. Nəhayət,
1918-ci ildə qoca Şərqdə ilk demokratik respublika
quruluşu ilə meydana çıxmış Azərbaycan
Xalq Cümhuriyyəti yenidən milli dövlətçilik ənənələrini
dirçəltməyə, xalqın müstəqillik arzularını
gerçəkləşdirməyə
başlamışdır. Məhz həmin
dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul
etdiyi İstiqlal Bəyannaməsi Azərbaycanın dünya
ölkələri arasında öz yerini tutmağa, səsini
ucaltmağa qadir olan demokratik ölkə olduğunu beynəlxalq
aləmə yaydı.
Doğrudur, cəmisi 23 ay müddətində
mövcudluğunu qoruyub saxlaya bilmiş Azərbaycan Xalq
Cümhuriyyəti yeni yaranmış müstəqil dövlətin
mükəmməl konstitusiyasını qəbul etməyə
macal tapmamışdı. Bununla belə, qəbul
edilmiş İstiqlal Bəyannaməsi müstəqil dövlətin
fəaliyyətini tənzimləyən ilk konstitusiya rolunu
oynamışdı. Bütün bunlar Azərbaycan
tarixinin olduqca kəşməkeşli bir dövrünə təsadüf
edir. Məhz həmin dövrdə çar
Rusiyası ərazisində baş verən inqilablar,
ictimai-siyasi təlatümlər Azərbaycandan da yan keçməmiş
və onun sarsıdıcı zərbələri AXC hakimiyyətinə
ölkənin müstəqilliyini qoruyub saxlamağa və
möhkəmləndirməyə imkan verməmişdi. Beləliklə, 1920-ci ilin aprelində bolşevik
Rusiyasının işğalçı hücumları
qarşısında tab gətirməyən Azərbaycan Xalq
Cümhuriyyəti süqut etmişdi. Bununla
da gənc Azərbaycan dövləti nəinki
özünün mükəmməl konstitusiyasını
işləyib hazırlaya bilməmiş, həm də
görülmüş bütün işlər, qəbul
olunmuş bir çox qanunlar bolşeviklər tərəfindən
məhv edilmişdi.
Azərbaycan dövləti sonrakı mərhələdə
özünün konstitusiyasını yalnız sovetlər
dönəmində yarada bilmişdi. Bu dövrdə isə
ilk konstitusiya 1921-ci ildə Zaqafqaziya Federasiyasının əsas
qanunu olmuşdu. 1922-ci ildən etibarən
SSRİ-nin tərkibində müttəfiq respublika olan Azərbaycan
SSR 1925-ci ildə özünün konstitusiyasını
yaratmışdı. 1931-ci ildə ölkədə
sonradan "Stalin konstitusiyası" adını almış
yeni əsas qanun qəbul edilmişdi. Doğrudur, bu və
bundan əvvəlki, eləcə də sonrakı konstitusiyalar
heç də Azərbaycan xalqının iradəsini əks
etdirmir, bir çox səlahiyyətlər Moskvaya verilirdi, ancaq
bu sənədlər hər halda ölkənin əsas qanunu
olaraq dövlət strukturlarının fəaliyyətini tənzimləyir,
dövlət-vətəndaş münasibətlərini
nizamlayırdı. Bu sənədlərin ən
mənfi cəhətlərindən biri isə onlarda Azərbaycan
dilinə dövlət dili statusunun verilməməsi idi. Bu vəziyyət 1978-ci ildə qəbul edilən
növbəti konstitusiyaya qədər davam etmişdi.
Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə
göstərdiyi böyük siyasi iradənin və qətiyyətin
nəticəsində sonuncu "qırmızı
konstitusiya"da Azərbaycan dilinə dövlət dili statusu
verilmişdi.
Ancaq bütün bu müsbət və mənfi
çalarlarına baxmayaraq, şübhəsiz ki, sovet
dövrü ərzində qəbul edilmiş
konstitusiyaların heç biri Azərbaycan xalqının arzu
və istəklərini tam əks etdirmir, xalqın müstəqil
inkişafını təmin etmirdi. Nəhayət, iyirminci
əsrin sonlarında bütün sovet imperiyası ərazisini,
eləcə də Azərbaycanı bürümüş milli
azadlıq hərəkatları nəticəsində 1991-ci ildə
SSRİ süquta uğradı və onun xarabaları üzərində
müstəqil dövlətlər baş qaldırmağa
başladı. Həmin il oktyabrın
18-də Azərbaycan da özünün müstəqilliyini
elan etdi, dövlətçiliyimizi, ərazi
bütövlüyümüzü təsbit edən və
keçid dövrü xarakteri daşıyan Konstitusiya Aktı
qəbul edildi. Bundan sonra ölkənin Ali
Sovetində yeni konstitusiya hazırlanması istiqamətində
müəyyən cəhdlər olsa da, ortaya əməlli-başlı
bir sənəd çıxarmaq mümkün olmadı. Əslində o zaman ölkədə mövcud olan
qeyri-sabit ictimai-siyasi vəziyyət, hərc-mərclik buna
imkan vermirdi. Eyni zamanda, yeni
konstitusiyanın hazırlanması dərin zəka,
böyük, zəngin dövlətçilik təcrübəsi
və uzaqgörənlik tələb edirdi. Yeni elan
edilmiş müstəqil, demokratik dövlətin hüquqi
müstəvisinə sabitlik və aydınlıq gətirəcək
konstitusiya layihəsini hazırlamaq çox məsuliyyətli
və ağır bir iş idi. Bu işin layiqincə
yerinə yetirilməsi isə o dövrün rəhbərlərinin
siyasi iradəsi daxilində deyildi. Onda bir
çoxları gözlərini hələ də Moskvanın
ağzına dikmişdilər, əmri oradan gözləyirdilər.
Doğrudur, Müstəqillik haqqında Konstitusiya Aktından
sonra Azərbaycan parlamentində bir sıra konstitusiya
qanunları, onlara düzəlişlər və dəyişikliklər
qəbul edildi, ancaq müstəqil Azərbaycan Respublikası,
demək olar ki, dörd il müddətində yeni
konstitusiyasız, qeyri-müəyyənlik şəraitində
yaşadı.
Nəhayət,
1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin
hakimiyyətə ikincə dəfə gəlişi, xalqın
tələbi ilə Naxçıvandan Bakıya
qayıdışı nəinki yenicə qazanılmış
və başının üstündə qara buludlar
oynaşan müstəqilliyin, eyni zamanda, Azərbaycanın
dövlətçiliyinin xilasında əvəzsiz rol
oynadı. Ulu öndər özünün qətiyyəti,
dərin zəkası, zəngin dövlətçilik təcrübəsi
və böyük siyasi nüfuzu sayəsində əsl
xilaskarlıq missiyasını həyata keçirməyə
başladı. Təbii ki, ölkədə
ən müxtəlif sahələri əhatə edən
problemlər qalaqlanıb qalmışdı. Bir tərəfdən,
erməni təcavüzkarları Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini tamamilə işğal
etməklə kifayətlənməyərək ölkənin
içərilərinə doğru irəliləyir,
rayonlarımız, kəndlərimiz bir-birinin ardınca əliqanlı
qəsbkarın caynağına keçir, digər tərəfdən
isə, daxili qeyri-sabitlik, siyasi partiyalar və qurumlar
arasında hakimiyyət davası səngimək bilmir, hərc-mərclik
baş alıb gedirdi. Həm də ölkədə
artıq aclıq, ərzaq qıtlığı
yaranmış, xalqın sabaha ümidi qalmamışdı.
Uzaqgörən siyasi xadim olan Heydər Əliyev
ilk növbədə daxili sabitliyin bərpasından
başlayaraq ölkədə əmin-amanlıq
yaranmasını təmin etdi. Eyni zamanda, Ermənistan-Azərbaycan
cəbhəsində müharibənin dayandırılması
istiqamətində danışıqlara başladı və
1994-cü il mayın 12-də atəşkəs
müqaviləsinin imzalanmasına nail oldu. Bütün
bunlarla bərabər, müstəqil dövlətin
sütunlarının möhkəmləndirilməsi
üçün ardıcıl işlər görüldü,
vətəndaş qarşıdurmalarına son qoyuldu.
Və nəhayət,
1995-ci il iyunun 5-də Prezident Heydər Əliyevin
sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Tərkibində
ölkənin təcrübəli, səriştəli və
sanballı hüquqşünaslarının, alimlərinin bir
araya gəldiyi komissiyanın ilk iclasında uzaqgörən
siyasətçi Heydər Əliyev konstitusiyanın son dərəcə
mükəmməl, gələcəyə hesablanmış, hərtərəfli,
əhatəli bir sənəd kimi hazırlanması ilə
bağlı tövsiyələrini vermişdi: "Biz elə
bir layihə hazırlamalı və nəhayət, elə bir
konstitusiya qəbul etməliyik ki, müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun".
Təbii ki, konstitusiya hər bir müstəqil dövlət
üçün təkcə dövlətçiliyin
hüquqi bazasını deyil, eyni zamanda, xalqın milli
inkişaf prioritetlərini müəyyənləşdirən,
dövlət idarəçiliyinin çevik və işlək
mexanizmlər əsasında həyata keçirilməsini təmin
edən fundamental hüquqi sənəddir. O, həm də hökumətin
fəaliyyətini nizamlayır, insanların cəmiyyətdə
və bir-birinə qarşı münasibətdə əxlaqi
və mənəvi davranışlarını qaydaya salır,
insan və vətəndaş hüquq və
azadlıqlarını təmin edir. Burada
demokratik cəmiyyətin bütün vacib atributları əks
olunmalı, xalqın iradəsi öz ifadəsini tapmalı,
qanunların aliliyi təmin olunmalı, ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq bütün vətəndaşların
layiqli həyat səviyyəsi təmin edilməli idi. Bu, eyni zamanda, totalitar rejimdən tam fərqli olan
demokratik hüquqi sistem yaratmaq, dövlətin inkişaf
perspektivlərini xalqın iradəsinin təcəssümü
olan konstitusiya ilə müəyyənləşdirmək demək
idi.
Məhz buna görə idi ki, ulu öndər sənədin
layihəsi üzərində işlərə olduqca diqqətlə
yanaşır, hər bir maddənin yüz dəfə
düşünülüb daşınılmasını tələb
edirdi. Nəhayət,
əsas qanunun layihəsi hazırlanıb xalqın müzakirəsinə
təqdim ediləndə Heydər Əliyev cəsarətlə
deyirdi: "Konstitusiya Komissiyasının sədri kimi şəxsən
mən bu böyük tarixi sənədin hazırlanmasında
öz şəxsi məsuliyyətimi daim dərk etmişəm.
Hər bir kəlməni
araşdırmışam, onun bu gün üçün, gələcək
üçün nə qədər əsaslı
olmasını dəfələrlə təhlil etmişəm.
Mən çox rahatlıq hissi ilə bu layihənin
altından imza atır və layihəyə görə tam
cavabdeh olduğumu bu gün bəyan edirəm". Beləliklə,
xalqın, geniş ictimaiyyətin, ziyalıların müzakirəsindən
uğurla keçən ilk Milli Konstitusiyamız 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul
edildi. Xalqımız özünün böyük oğlu Heydər
Əliyevin sədrliyi ilə hazırlanmış konstitusiyaya
yekdilliklə səs verdi. Bu,
ölməz Heydər Əliyevin Azərbaycan dövlətçiliyini
möhkəmləndirmək, milli müstəqilliyi əbədiləşdirmək
istiqamətində növbəti uğurlu addımı,
böyük siyasi qələbəsi idi. Bununla
da, uzun əsrlər boyu müstəqillik istəyi ilə
mübarizələrə atılmış Azərbaycan
xalqı özünün ilk Milli Anayasasını qəbul
etmiş oldu.
Azərbaycanın
Heydər Əliyev tərəfindən hazırlanmış və
hazırda qüvvədə olan konstitusiyasının
hüquqi fəlsəfəsində bir ali məqsəd
var - insan və vətəndaş hüquq və
azadlıqlarının təminatı. Beş bölmədən,
12 fəsildən, 158 maddədən ibarət olan Əsas
Qanunumuzun 48 maddəsinin məhz insan hüquq və
azadlıqlarının təminatı ilə bağlı
olması ulu öndərin yüksək daxili demokratizmini və
insanpərvərliyini bir daha təsdiq edir. Azərbaycan
Konstitusiyası azad insan amilini önə çəkir,
dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların
mənafelərinə, azad cəmiyyətin aparıcı
qüvvəsi olan şəxsiyyətin maraqlarına xidmət
etdiyini ən yüksək səviyyədə bəyan edir.
Eyni zamanda, beynəlxalq hüquqi sistemə
inteqrasiya da unudulmur. Konstitusiyanın 12-ci maddəsinin
2-ci hissəsində deyilir: "Konstitusiyada sadalanan insan və
vətəndaş hüquq və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq
edilir".
Onu da qeyd etməliyik ki, konstitusiyanın qəbulundan
sonra onun qorunması, hər maddəsinin müdafiəsi ilə
bağlı yeni bir institutun yaradılması zərurəti
meydana çıxdı və nəticədə Konstitusiya Məhkəməsi
yaradıldı. Bu qurumun əsas təyinatlarından biri
Azərbaycan Konstitusiyasının aliliyini, onun nüfuzunu
qorumaqla bərabər, dövlət hakimiyyətinin hər
üç qolunun konstitusiya çərçivəsində məhdudlaşdırılmasıdır.
Azərbaycan, eyni zamanda, dünyanın elə
azsaylı ölkələrindədir ki, burada vətəndaşların
birbaşa Konstitusiya Məhkəməsinə müraciət
etməsinə icazə verilir.
Bu il ilk Milli Konstitusiyamızın qəbul
olunmasından 16 il keçir. Bu illər ərzində,
eləcə də 2003-cü ildə seçilmiş Prezident
İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda
qanunçuluğun inkişafı, dövlətçiliyin və
müstəqilliyin möhkəmləndirilməsi istiqamətində
çoxlu uğurlu addımlar atılıb, böyük
sosial-iqtisadi inkişafa nail olunub. Bu barədə dövlət
başçısı İlham Əliyevin fikirləri
maraqlıdır: "Keçən illər ərzində
konstitusiya humanist, dinamik və realist bir sənəd
olduğunu sübut etmişdir. Onun əhatə
etdiyi bütün sahələrdə - hüquqi dövlət
quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi,
siyasi həyatın demokratikləşdirilməsi, insan
haqlarının və azadlıqlarının təmin
olunması və sair ilə bağlı mühüm irəliləyişlər
baş verib. Ölkəmizdə demokratik
prinsiplər və dəyərlər, insan hüquq və
azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb
edir, vətəndaşların milli mexanizmləri təkmilləşdirilir,
bu sahədə beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq həyata keçirilir".
Bu gün inamla deyə bilərik ki, müstəqil
dövlətimizin Milli Konstitusiyası hələ on illər
boyu milli dövlətçiliyimizin inkişafı, dövlət
müstəqilliyimizin möhkəmləndirilməsi, insan və
vətəndaş hüquq və azadlıqlarının
qorunmasında öz müstəsna rolunu oynamaqda davam edəcəkdir.
Vüqar SƏRDAROV
Xalq qəzeti.- 2011.- 12 noyabr.- S. 6.