Beynəlxalq ictimaiyyətə nümunə ola biləcək humanizm prinsipləri

 

XX əsrin sonunda dünyada baş verən qlobal siyasi proseslərin tərkib hissəsi kimi sovet dövlətinin süqutu Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsinə, həmçinin beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya birliyinə qoşulmasına imkan verdi. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, işğalçılıq siyasətinin genişləndirməsi, digər tərəfdən respublikamızda hakimiyyəti ələ keçirmiş səriştəsiz, dövlət idarəçiliyində təcrübəsi olmayan şəxslərin naşılığı, habelə siyasi səbatsızlığı ölkədə xaos və anarxiyanı getdikcə dərinləşdirirdi. Yeni dövrün tələblərinə cavab verən qanunların olmaması, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, hakimiyyətə olan inamsızlıq vəziyyəti getdikcə daha da ağırlaşdırırdı.

 

1993-cü ilin birinci yarısında vətəndaş qarşıdurması, siyasi böhran və anarxiya kulminasiya nöqtəsinə çatdı. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin və qanunçuluğun bərpası mümkün oldu. Ümummilli liderin zəngin idarəçilik təcrübəsi, siyasi uzaqgörənliyi və düşünülmüş islahatları sayəsində hüquqi, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətli qərarlar qəbul olundu. Xalqda müstəqilliyimizin qorunub saxlanılacağına böyük inam yarandı. Ölkədə vətəndaş sülhünün və siyasi sabitliyin təmin olunması məqsədilə genişmiqyaslı islahatların həyata keçirilməsi getdikcə öz müsbət təsirini göstərirdi. Ulu öndər insan hüquq və azadlıqlarının qorunmasını, azad sözün, müstəqil mətbuatın inkişafını daim diqqətdə saxlayırdı. Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə kimi tanınması üçün bütün imkanlardan istifadə edən Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğun hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması üçün nüfuzlu beynəlxalq təşkilatlara üzvlük istiqamətində real addımlar atılmasında qətiyyətlik nümayiş etdirirdi. Müdrik şəxsiyyət demokratikhüquqi dövlət quruculuğu prinsiplərinə sadiqliyini həyata keçirdiyi əhəmiyyətli tədbirlərlə bir daha təsdiqləyirdi.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, hər bir adamın öz fikirlərini sərbəst ifadə etmələri üçün həyata keçirilən tədbirlər ölkəmizi beynəlxalq aləmə daha sürətlə inteqrasiya edirdi. Ulu öndər insanların hüquqlarının qorunmasına prioritet vəzifə kimi xüsusi önəm verirdi. Bu sahədə riskliprinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tam ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.

Konstitusiyanın 3-cü fəsli "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanır. 24-cü maddədə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri"ndə qeyd edilir:

1) Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

2) Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

Həmin fəslin 25-ci maddəsinin III bəndində yazılır: "Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş haqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır". Həmçinin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilməsi də Konstitusiyada təsbit olunub.

Müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, 1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir. Ölüm hökmü tam ləğv olunmazdan əvvəl bu məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır.

Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etmişdir. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar sivil dəyərləri əxz etmək niyyətindən irəli gəlmişdir. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması daim ulu öndərin diqqət mərkəzində saxladığı zəruri məsələlərdən olub. Humanizm prinsiplərinə əsaslanan ulu öndər Heydər Əliyev hələ 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Bu, Azərbaycanın unitar, hüquqidemokratik dövlət kimi möhkəmləndirilməsində və inkişafında böyük rol oynadı. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Heydər Əliyev böyük humanistlik göstərərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların bir qismini bağışladı. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktı 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanı ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bu fakt Azərbaycanın müstəqillik tarixində insan hüquq və azadlıqlarının qorunması istiqamətində qətiyyətli addımlar atılmasını bir daha təsdiqləyir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Səhvindən səmimi peşimançılıq duyan, dövlət başçısına bağışlanılması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların əfv ilə bağlı Prezident İlham Əliyev bu günədək 16 əfv fərmanı imzalayıb. Yeri gəlmişkən qeyd edək ki, 2010-cu il dekabrın 29-da Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi barədə sərəncam imzalamışdır. Bu sərəncam bütövlükdə 92 nəfərə şamil edilib. Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanları ilə 2.500-dən çox məhkum cəzasının çəkilməmiş hissəsindən tamyaxud qismən azad edilib. Əlbəttə, bu, çox yüksək göstəricidir. Bu fakt bir daha Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir, müstəqil dövlət kimi nüfuzunun artmasına müsbət təsir edir. Dünyanın tanınmış beynəlxalq təşkilatları, həmçinin nüfuzlu beynəlxalq hüquq müdafiəçiləri də Prezident İlham Əliyevi humanist və insanpərvər dövlət başçısı hesab edərək onun əfv fərmanları imzalamasını çox yüksək qiymətləndirmişlər.

Azərbaycanın 20 illik müstəqillik tarixində humanizm prinsipliyinə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, insanların öz fikirlərini azad şəkildə cəmiyyətə çatdırmaları, azad, müstəqil mətbuatın fəaliyyətində qarşıya çıxan problemlərin aradan qaldırılması dünyanın tanınmış ekspertləri, habelə ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun qəbul olunmuş, mitinq və digər aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılmışdır. Hətta aksiya iştirakçılarının təhlükəsizliyinə də dövlət tərəfindən təminat verilir.

Ölkənin demokratikləşməyə xüsusi diqqət yetirməsi və cəmiyyətin formalaşması istiqamətində azad sözə, müstəqil mətbuatın inkişafına dövlət tərəfindən hər cür köməklik göstərilməsi yüksək qiymətə layiqdir. Azərbaycan Prezidenti bu sahənin inkişafına xüsusi önəm verir, müstəqil mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə qarşıya çıxan süni əngəllərin aradan qaldırılması üçün mühüm əhəmiyyətli qərarlar qəbul edir, sərəncamlar imzalayır. Təsadüfi deyildir ki, 2010-cu ilin dekabr ayında 30 gündəlik və 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 telekanal və 3 radio kanalı arasında aparılmış sorğunun nəticələrinə görə Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Azərbaycanda dörd mindən çox kütləvi informasiya vasitəsi qeydə alınmışdır. Onlardan 300-dən çoxu daimi fəaliyyət göstərir. Onu da qeyd edək ki, dövlət başçısının imzaladığı əfv fərmanları ilə azadlığa buraxılan məhbuslar arasında jurnalistlər də olmuşdur. Onlar başqasının şərəf və ləyaqətini təhqir etdiklərinə, işgüzar fəaliyyətinə xələl gətirdiklərinə görə həbs edilmiş, lakin Azərbaycan Prezidentinin yüksək humanistliyi sayəsində əfv olunmuşlar. Dövlətimizin başçısı humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək bu sahədə qətiyyətli addımlar atmaqda davam edir.

Ümummilli lider Heydər Əliyevin humanist prinsiplərinin davam etdirilməsindən söhbət açanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti mütləq qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci il mayın 8-də Milli Məclis amnistiya haqqında qərar qəbul etdi. Ulu öndərin anadan olmasının 84 illiyi ilə əlaqədar qəbul edilən amnistiya qərarından 9 min 877 məhkum bəhrələnmişdir.

Bir il sonra Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın daha bir nəcib, humanizm hərəkəti Milli Məclisdən dəstək aldı. Azərbaycanın birinci xanımı tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsi yüksək səviyyədə qarşılanaraq yekdilliklə qəbul edildi. 9 min məhbusa şamil edilən bu qanunla 1700-ə yaxın məhbus azadlığa buraxıldı.

Mehriban xanım Əliyeva Milli Məclisdəki çıxışında bu barədə demişdir: "Hər bir amnistiya humanizm ideyasının qələbəsidir. İndi həyat hər şeydən üstündür. Hər bir insan layiqli həyat sürmək hüququna malikdirAmnistiya Aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək insani keyfiyyətlərdir".

Ölüm hökmünün ləğvi, həmçinin mütəmadi olaraq imzalanan əfv fərmanları, qəbul edilən amnistiya aktları Azərbaycanı beynəlxalq aləmdə insan hüquq və əsas azadlıqlarının qorunması istiqamətində qətiyyətli qərarlar qəbul edilən ölkə kimi tanıdıb. Eyni zamanda, ölkəmizin demokratik imici xeyli güclənmiş, nüfuzu artmışdır. Azərbaycan artıq insan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT, Avropa Şurası kimi təşkilatlarla əlaqələrini daha da genişləndirmiş, əməkdaşlığını möhkəmləndirmişdir. Belə humanist addımlar ölkəmizin demokratikhüquqi dövlət quruculuğu prinsipinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Avropayadünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.

 

 

Sona MƏMMƏDBƏYOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

mətbuat xidmətinin rəhbəri, filologiya

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 13 noyabr.- S. 4.