Müstəqilliyimizə təminat verən ali qanun

 

Müstəqil və suveren Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən biridir. Azərbaycan xalqının Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi (1-ci mad.), Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edən Konstitusiya (7-ci mad.), insan hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi (12-ci mad.) müəyyənləşdirmişdir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi Azərbaycan Respublikasının SSRİ-nin tərkibində olduğu dövrdən başlayır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq uyğunlaşdırılması həyata keçirildi. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilmişdir. 1937-ci il martın 14-də IX Fövqəladə Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası qəbul olunmuşdur. 1978-ci il aprelin 21-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında Azərbaycan SSR-in sonuncu Sovet Konstitusiyası qəbul edilmişdir.

 

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulu ilə 1991-ci il 18 oktyabr ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni mərhələ başladı. Bu akt əsasında müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun siyasi və iqtisadi əsasları təsis olundu. Azərbaycan Respublikası rəsmi surətdə müstəqil dövlət elan edildi. SSRİ-nin süqutu və Azərbaycan Respublikasının müstəqillik əldə etməsi son dərəcə vacib siyasi-sosial nəticələrə səbəb oldu. Belə ki, Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra Kommunist Partiyası cəmiyyətin siyasi həyatından tam silindi. Hakimiyyətin bölgüsü prinsipinə əsaslanan dövlət hakimiyyəti təşkil edildi. Ölkə başçısı kimi prezident instituti təsis edildi. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən parlament - Milli Məclis yaradıldı. Seçki sistemi demokratik əsaslar üzərində quruldu və yeniləşdi. Vətəndaşlar geniş demokratik hüquq və azadlıqlardan istifadə etməyə başladılar. İnsan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, şəxsiyyət və dövlətin qarşılıqlı məsuliyyəti gücləndi. Vətəndaşların hüquqi vəziyyəti demokratik xarakter aldı.

Bu cür ciddiköklü dəyişikliklər, Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi tanınması sovet dövrünün Konstitusiyasının yerinə yeni Konstitusiya qəbul edilməsini tarixi zərurətə çevirdi. Demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən olan, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni, milli Konstitusiyanın qəbulu ciddi vəzifə idi. Bu ilk növbədə totalitar rejimdən demokratik cəmiyyətə keçid etmək istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquqi sistemi formalaşdırmaq, dövlətin inkişaf prespektivlərini xalqın iradəsinin təcəssümü olan Konstitusiya ilə müəyyənləşdirmək idi.

1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və fəaliyyətə başladı. Konstitusiyanın layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu və həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsini əks etdirən hadisə oldu. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquqi subyekt kimi tanınmağın əsasını qoydu.Konstitusiya öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıdı.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Konstitusiyanın mühüm özəlliyi Azərbaycanda əvvəllər heç bir hüquqi sənəddə belə geniş şəkildə yer almayan vətəndaş hüquq və azadlıqlarına dair ayrıca fəslin olması idi. Ümumilikdə, Konstitusiyanın 158 maddəsindən 48-i əsas insan və vətəndaş hüquq və azadlıqlarını əhatə edir.

Konstitusiyanın preambulasında qeyd olunduğu kimi, müstəqil Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaqbu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətləri ilə qəbul edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası ictimai quruluşun, dövlətin ərazi-siyasi quruluşunun və idarəetmə formasının mahiyyəti, dövlət hakimiyyətinin təşkili, şəxsiyyətin hüquqi statusu və həmçinin, yerli özünüidarənin mahiyyəti kimi, əsas məsələləri həll edir.

Preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiyanın 147-ci maddəsinə əsasən ən yüksək, birbaşa hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Azərbaycan Respublikasında qəbul olunan qanunlarqanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır.

Konstitusiyada Azərbaycan Respublikasının fəaliyyətinin əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğuinsan hüquqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılmış, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün ölkə daxilində yeni hüquqi mexanizmlər yaradılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası quruluşuna və məzmununa görə inkişaf etmiş demokratik dövlətlərin konstitusiyalarına çox oxşardır. Hakimiyyətin bölünməsi prinsipinin təsbit edilməsi, ayrı-ayrılıqda qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinin həmçinin, yerli özünüidarəetmə orqanlarının statusunun müəyyən edilməsi həmin oxşarlığı səciyyələndirən başlıca xüsusiyyətlərdir.

Bir ictimai formasiyadan digərinə keçid, cəmiyyətin inkişafı bütövlükdə cəmiyyət həyatının müxtəlif sferalarında köklü dəyişikliklərin aparılmasını şərtləndirir. Məhz bu səbəblər, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasına ilk konstitusion dəyişikliklərin edilməsini zəruri etdi. 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsində əhəmiyyətli dəyişiklik və əlavələr edildi. Qanunvericilik təşəbbüsü ilə keçirilən referendum Konstitusiyada insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasihüquq sistemini daha təkmilləşdirmək məqsədi daşıyırdı. Bu əlavə və dəyişikliklər Azərbaycanın həm də Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən irəli gəlirdi.

Azərbaycan Respublikası Konstitusiyasının daha da zənginləşdirilməsində, onun dünyada müşahidə edilən müasir hüquqi tendensiyalara cavab verən mükəmməl normativ hüquqi akta çevrilməsində 2009-cu il 18 mart referendumu zamanı qəbul edilmiş əlavə və dəyişikliklərin də əhəmiyyətli rolu olmuşdur. Konstitusiyanın 29 maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin böyük qismi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir.

Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması, dövlətçiliyin milli-ideoloji düşüncə tərzinə çevrilməsi prosesi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının prinsipial müddəaları əsasında həyata keçirilməkdədir.

12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti - ümummilli lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı fərman Konstitusiyamızın mahiyyətinin açılmasında mühüm xidmət göstərmişdir. Ona görə də Azərbaycanın müstəqil dövlət kimi hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlaması məhz müstəqil dövlətimizin banisi Heydər Əliyevin adı ilə bağlıdır. Əminik ki, milli Konstitusiyamız bundan sonra da müstəqil Azərbaycanımızın inkişafına və möhkəmlənməsinə xidmət edəcəkdir.

 

 

Ülviyyə BABAŞOVA,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının baş məsləhətçisi,

III dərəcəli ədliyyə qulluqçusu

 

Xalq qəzeti.- 2011.- 13 noyabr.- S. 4