Yeni texnologiyalar üz, çənə qüsurlarını aradan qaldırmağa imkan verir

 

İnsanın xarici görünüşü, xüsusilə də sifət quruluşu və simasının onun həyatına təsiri böyükdür. Bunun çox vaxt fərqinə varmasaq da, cəmiyyətdə üzləşdiyimiz və sifətində müxtəlif qüsurların olduğu insanlarla söhbətimizdə bu gerçəyi daha aydın görürük. Müasir dövrdə ağız, çənə və üz nahiyyələrində mövcud olan qüsurlar bir çoxlarını narahat edən, hətta psixoloji problemə çevrilən aktual məsələlərdəndir. Bəs görəsən müasir səhiyyə bu cür patalogiyaların aradan qaldırılmasında hansı addımlar atır, ümumiyyətlə, bu cür qüsurlar nədən meydana gəlir?

 

Bu mövzuda daha ətraflı məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin ağız, çənə və üz cərrahiyyəsi kafedrasının əməkdaşı, tibb elmləri namizədi Elçin Əhmədovla söhbətləşdik. Bu sahədə təcrübəyə malik mütəxəssis 1992-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Həmin il bilik və bacarığını yüksək qiymətləndirən universitet rəhbərliyi onun gələcək alim kimi potensialını nəzərə alıb Elmi Şuranın qərarıyla institutda saxlayıb. 1992-1994-cü illərdə ağız, üz-çənə cərrahiyyəsi kafedrasında kliniki ordinatura kursunu keçib.1994-cu ildə assistent vəzifəsinə seçilib.1998-ci ildən etibarən ATU-nun Stomatologiya fakültəsinin elmi katibidir. 1998-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cu ildən doktorluq dissertasiyası üzərində işləyir. Söhbətimizin ilkin məzmunu ağız, çənə və üz patalogiyalarının yaranma səbəbləri barədə oldu.

Elçin Əhmədov bildirdi ki, çalışdığı kafedra bu cür patalogiyaların müxtəlif növlərinin elmi cəhətdən öyrənilməsi ilə məşğuldur.

Həmsöhbətim qeyd etdi ki, patalogiyalar anadangəlmə və sonradan qazanılma ola bilər. Çalışdığım kafedra ATU-da güclü potensiala malik kafedralardan biridir. Ağız, çənə və üz patalogiyalarının yaranma səbəbləri müxtəlif olur. Anadangəlmə patalogiyalara dodaq və damaqların bitişməməsi, el arasında "qurdağız", "dovşandodaq" adlanan hallar aiddir. Ancaq elə hallar da var ki, bu patalogiyalar müxtəlif səbəblərdən, qəzalardan törənir.

Avtoqəzalar, məişət şəraitində, idman yarışlarında, kriminal hadisələrdə əldə edilən travmalar, eləcə də iltihabi proseslərdən, infeksiyon xəstəliklərdən yaranan patalogiyalara rast gəlmək olar. Sözsüz ki, istənilən halda bu cür qüsur və patalogiyalar insanların istər-istəməz səhhətinə, əhval-ruhiyyə və psixologiyasına mənfi təsir göstərir.

Elçin Əhmədov daha sonra dedi: - Bu gün sözsüz ki, dünya səhiyyə sistemi inkisaf etməkdədir. Əldə edilən müasir elmi və texnoloji nailiyyətlər üz, çənə nahiyyələrində mövcud olan patalogiyaların aradan qaldırılmasına imkan verir. Bununla da insanlar yenidən sağlamlığına qovuşur, həm də onlara psixoloji və mənəvi əziyyət verən problemlərdən müəyyən qədər xilas ola bilirlər.

Elcin Əhmədov bu sahədə cərrahiyyənin inkişafını yüksək qiymətləndirir. Onun sözlərinə görə, ölkədə müxtəlif sahəli patalogiyalarla məşğul olan kifayət qədər mütəxəssis, elmlər namizədi fəaliyyət göstərir. Çalışdığı kafedrada 4 professorun fəaliyyət göstərdiyini deyən mütəxəssis həm də ölkəmizdə səhiyyə sistemində təbiq edilən texnoloji avadanlıqdan söhbət açdı. Bildirdi ki, müasir səhiyyə ocaqlarında istismara verilən ən yüksək texnologiya və avadanlıqlar müxtəlif patalogiyaların aradan qaldırılmasına, bir qədər yüngülləşdirilməsinə imkan verir. Bu baxımdan bu cür cərrahi əməliyyatların uğurla keçməsini həm peşəkar kadrların olması, həm də müasir tibb elminin nailiyyəti ilə əlaqələndirir.

Elçin Əhmədov öz işini sevən və tibb elminin dərinliklərini öyrənmək həvəsində olan elm adamlarındandır. Odur ki, daim öz sahəsiylə bağlı mütaliə edir, araşdırmalar aparır, elmi məqalələrlə çıxış edir. Onun elmi məqalələri təkcə Azərbaycanın nüfuzlu nəşrlərində deyil, Rusiya, Bolqarıstan, Polşa, Gürcüstan və digər ölkələrin sanballı elmi dərgilərində işıq üzü görüb.

Qazandığı uğurlar onu bu sahənin inkişafına və insanlara sağlamlıq bəxş etməsinə daha da ruhlandırır. Unutmaq olmaz ki, hər bir aparılan elmi araşdırma zamanı qazanılan nailiyyət neçə-neçə xəstələrə şəfa vermək deməkdir.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 13 noyabr.- S. 5.