"Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" kitabının təqdimatı keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Amerikada yaşayan azərbaycanlı alim və ictimai xadim, ABŞ-dakı Yell Universitetinin professoru Firuz Kazımzadənin "Zaqafqaziya uğrunda mübarizə 1917-1921" kitabının təqdimatı keçirilib.

 

Tədbiri DİA-nın rektor əvəzi, professor Əlikram Abdullayev açaraq kitabın müəllifi Firuz Kazımzadəni salamladı. O, 1951-ci ildə çap olunan, Qafqaz Strateji Araşdırmalar İnstitutu tərəfindən 2010-cu ildə rus dilində yenidən nəşr olunan kitab haqqında məlumat verdi. Ə.Abdullayev kitabın əsas məğzi barədə məlumat verərək dedi ki, bu əsər dünya ölkələrinin Qafqazda toqquşan strateji maraqları və XX əsrin əvvəlində müstəqilliklərini itirmiş üç respublikanın taleyinə həsr edilib.

Sonra akademiyanın tarix kaferdasının dosenti Firdovsiyyə Əhmədova kitab və müəllif haqqında geniş məlumat verdi.

O dedi ki, Firuz Kazımzadə 1924-cü ildə Moskvada anadan olmuş, orada orta məktəbi bitirmişdir. Atası diplomat olub, İranın Moskvadakı səfirliyində işləyib. SSRİ ilə İran arasında münasibətlər İkinci Dünya müharibəsinin qarışıq dövrünə təsadüf etdiyindən Kazımzadə Amerikaya yola düşmüş, 1946-cı ildə Stenford Universitetini fərqlənmə ilə bitirmişdir. 1950-ci ildə artıq Kazımzadə incəsənət magistritarix elmləri doktoru dərəcələrini Harvardda əldə etmişdir. O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabının əlyazması üzərində işi qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır. Həmin dövrdə Kazımzadənin 27 yaşı vardı. Bu onun ilk kitabı idi. 1968-ci ildə Yell Universitetinin nəşriyyatında "Rusiya İngiltərə İranda (1864-1914). İmperializmin tədqiqi" monoqrafiyası işıq üzü görmüşdür. Bu kitab 2004-cü ildə Moskvada rus dilində "İranda nüfuz uğrunda mübarizə. Rusiya İngiltərə diplomatik qarşıdurma" başlığı ilə nəşr olunmuşdur. Kazımzadənin 3-cü əsəri 1974-cü ildə çapdan çıxmışdır: "Böyük İvandan inqilabadək rus imperializmi". Bu əsərləri ilə yanaşı, Kazımzadənin pedaqoji fəaliyyəti olmuşdur. Harvardda 2 il kiçik elmi işçi işlədikdən sonra o, 1958-ci ildə Yell Unversitetinə keçmişdir. 3 ildən sonra müddətsiz kontrakta nail olur, 1967-cı ildə professor vəzifəsinə yiyələnir. Bu zaman onun 43 yaşı vardı. 1991-ci ildən istefa verənədək burada işləmişdir. Müxtəlif vaxtlarda Rusiya Şərqi Avropanı öyrənmək (bakalavriat üzrə) proqramı çərçivəsində direktoru, Yaxın Şərqi öyrənmək proqramının direktoru kimi çalışmışdır. 1998-ci ildə ABŞ Prezidenti Klinton onu dünyada dini etiqad azadlığı məsələləri üzrə komissiyanın tərkibinə daxil etmişdir.

Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Firuz Kazımzadə bu əsəri ərsəyə gətirməsi ilə əlaqədar apardığı tədqiqatlardan söhbət açdı sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 13 noyabr.- S. 5.