Sumqayıt
sürətli inkişaf yolundadır
Yüz
minlərlə adamın taleyinin şəhəri sayılan
Sumqayıt bu gün təkcə Azərbaycanın deyil,
bütün Cənubi Qafqazın iri addımlarla irəliləyən
mühüm sənaye şəhərinə
çevrilmişdir. Burada müasir şəhər
infrastrukturu yaradılır, necə deyərlər,
bütün cəbhə boyu abadlıq-quruculuq
yürüşü davam edir. Parkların, meydanların yenidən
qurulması, istehsal sahələrinin genişləndirilməsi,
əhalinin həyat səviyyəsinin durmadan
yaxşılaşması hər kəsi sevindirir.
Cari
ilin doqquz ayının sosial-iqtisadi yekunları Sumqayıt
üçün xeyli uğurlu sayıla bilər. Əgər
dünyanın iqtisadi-maliyyə böhranına düçar
olduğu hazırkı çətin dövrdə Azərbaycanda
ümumi daxili məhsul istehsalı üzrə artım
müşahidə edilibsə, Sumqayıt şəhəri
üzrə həmin göstərici daha yüksək olub. Digər
makroiqtisadi rəqəmlər də fərəhlidir. Doqquz
aylığın yekunlarına həsr olunan hesabat
yığıncağında bu barədə ətraflı
danışılmış, ili daha yüksək uğurlarla
yola salmaq əzmi ifadə edilmişdir.
Yığıncağı açan icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkəmizin dinamik inkişaf tendensiyasının ətraflı şərhini verdi və bu fonda Sumqayıtın durumunun xeyli yaxşı təsir bağışladığını nəzərə çatdırdı. O, xüsusi vurğuladı ki, gənclər şəhərində yeni, yaradıcı ab-havanın bərqərar olması, quruculuq tədbirlərinin geniş vüsət alması ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi gündəlik qayğının nəticəsidir. Burada ən müxtəlif sahələri əhatə edən çoxsaylı layihələrin icrasına start verilib ki, bunların reallaşması sayəsində qısa vaxtda Bakının peyk şəhəri bir çox parametrlərə görə paytaxt standartlarına tam yaxınlaşa biləcəkdir.
Hesabat məruzəsindən bəlli oldu ki, ilin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 50 milyon manatdan çox investisiya yönəldilmişdir. Kapital qoyuluşu əsasən inşaat işləri davam etdirilməkdə olan yeni sənaye sahələri tərəfindən cəlb edilmişdir. Şəhərin kimya və neft-kimya müəssisələrində mövcud istehsal sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması üçün mühüm işlər görülmüş, "Etilen-polietilen" zavodunun "EP-300" kompleksinin istehsal gücü artırılmış, polietilen məhsulunun alınması layihə norması səviyyəsinə çatdırılmış, "Səthi aktiv maddələr" zavodunun maye xlor və kaustik soda istehsalatında ilin əvvəlindən başlanılan əsaslı təmir işləri yekunlaşmış, "Üzvi sintez" zavodunda xammal təchizatı ilə bağlı yaranan fasilə aradan qaldırılmış və məhsul istehsalı bərpa edilmişdir.
"Azərboru" ASC-də kənardan gətirilmə metal pəstahlar hesabına 75 min tondan çox boru emal edilmiş və sifarişçilərə göndərilmişdir. "Sumqayıt Superfosfat" ASC-də ilin əvvəlindən 1,4 milyon manatlıq sulfat turşusu istehsal olunmuşdur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Sumqayıt şəhəri üzrə 6 istiqamətdə müəyyən olunmuş 15 tədbirin icrasının gedişatı ilin əvvəlindən diqqətdə saxlanmışdır. Şəhərin mövcud sənaye potensialından səmərəli istifadə edilməsi və gücləndirilməsi məqsədilə bir sıra yeni istehsal sahələrinin tikintisi üzrə işlər həyata keçirilməkdədir. "İntertekstil" ASC-nin istehsal sahəsi yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda bu müəssisədə pambıq iplik istehsalına başlanıb. "Sumqayıt Xovlu İplik" ASC-də yenidənqurma davam etdirilir. Eyni zamanda dövlətin sahibkarlığın inkişafına şərait yaratması hesabına müasir standartlar səviyyəsində yeni istehsal sahələri açılmışdır. Həmin müəssisələrdə yüksək keyfiyyətli qida məhsulları, elektroenergetika, məişət malları, tikinti materialları və sair buraxılır.
Məruzəçi sonra "Bismak" Qida Sənaye Kompleksi MMC-də 4 min tonluq soyuducu anbarın inşasında, Sumqayıt Texnologiyalar Parkına daxil olan zavodların tikintisində və istismara buraxılmasında, "Azərsun Holdinq" şirkətlər qrupunun yeni layihəsinin həyata keçirilməsində baş verən yenilikləri şərh etdi. İlin sonuna kimi burada kağız və karton istehsalı kombinatı, yağ fabriki, metal qablaşdırma fabrikinin işə salınması proqnozlaşdırılır. Eyni zamanda, alternativ və bərpa olunan enerjinin alınması məqsədilə tələb olunan qurğu və avadanlıq istehsal edəcək bir neçə zavodun tikintisində işlər gedir. Bütün bunlar Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar kimi əhəmiyyətlidir.
Hesabat dövründə əhaliyə 8,2 milyon manatlıq nəqliyyat, 6,8 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Yaşayış səviyyəsini əks etdirən əsas göstəricilərdən biri olan pərakəndə əmtəə dövriyyəsi üzrə artım tempi 24 faiz olmuşdur. Şəhər büdcəsinin gəlirlər proqnozu 131,6 faiz yerinə yetirilmişdir. Hamısı daimi olmaqla 2200-ə yaxın yeni iş yeri yaradılmışdır.
Sumqayıt hazırda böyük tikinti meydanını xatırladır. Mərkəzi küçə və prospektlər, xidmət obyektləri dövrün tələblərinə uyğun yenidən qurulur, abadlaşdırılır, səki daşları qoyulur, asfaltlama, yaşıllıqların salınması tədbirləri həyata keçirilir. Sıxlıq yaradan, estetik görünüşə xələl gətirən yöndəmsiz köşk və quraşdırmalar köçürülür. Şəhərin inkişafı ilə əlaqədar hazırlanmış və dövlət başçısı İlham Əliyevin bəyənib xeyir-dua verdiyi layihələr keyfiyyətlə icra olunur. Heydər Əliyev parkının, ulu öndərin adını daşıyan mərkəzin, Prezidentin nəzarətində olan Nəsimi parkının, ŞİH aparatı binasının, Cümə Məscidinin, "Kimyaçı" mədəniyyət sarayının qarşısındakı meydanın yenidən qurulması, daş örtüyünün yeniləşdirilməsi Sumqayıtın daha da gözəlləşməsinə imkan yaradacaqdır. Bələıdiyyə parkında mövcud obyektlərin müasir üslubda yenidən qurulması, şəhər polis idarəsi üçün yeni inzibati binnın inşası davam edir. Heydər Əliyev prospektində, "Sülh" küçəsində, digər ərazilərdə aparılan abadlıq işləri sürətlənib. Ümumən 100 min kvadratmetr yolun asfalt örtüyü əsaslı təmir edilib, səki və piyada yollarına, meydança və xiyabanlara 26 min kvadratmetr üzlük daş döşənib, 16 yaşayış binasının fasadı təmir olunub, S.Vurğun və Azərbaycan küçələrinin kəsişməsindəki yaşayış binalarının fasadları klasik üslubda yenidən yaradılır. "Sülh" və Azərbaycan küçələrində yolayırıcı zolaqların yanlarına beton və qranit səki daşlarının qoyulması, yaşıllaşdırma tədbirlərinin gücləndirilməsi intensivləşmişdir.
Sumqayıtda "Nümunəvi məhəllə"lərin yaradılması təşəbbüsü sakinlər tərəfindən razılıqla qarşılanmışdır. İndiyədək üç mikrorayonda müvafiq infrastruktura malik olan belə məhəllələr yaradılıb və bu iş davam etməkdədir. Əhali ilə yerlərdə təşkil olunan görüşlər, xüsusən də "Açıq mikrofon" tədbirləri gözəl səmərə verir.
Hesabat iclasının gedişi zamanı bir neçə gün öncə yağmış intensiv yağışlar nəticəsində Sumqayıtın bəzi küçə və məhəllələrində suların hədsiz dərəcədə yığılması və elektrik enerjisi təchizatı ilə əlaqədar yaranmış çətin vəziyyətlə bağlı video-süjetin monitorda göstərilməsi və şərhi qışa hazırlığın bəzi təşkilatlar tərəfindən başdansovdu aparıldığını sübut etdi. İcra hakimiyyətinin başçısı Eldar Əzizov bununla əlaqədar ciddi tapşırıqlar verdi. Həmin gün şikayətə gələn bir qrup sakin də yığıncağın keçirildiyi salona buraxıldı və problemlərini söyləmək imkanı qazandı ki, bu da təqdir ediləsi haldır.
Səhiyyə sisteminin yarıtmaz işi də tədbirdə ciddi müzakirə mövzusu oldu. Şəhərdəki 1 saylı xəstəxananın əsaslı şəkildə yenidən qurulmasının vacibliyi bir daha önə çəkildi. Şəhərin enerji və su təchizatı, sərnişindaşıma, mənzil fondunun qorunması, kommunal xidmətlər və sair sahələrin də fəaliyyətinə münasibət bildirildi.
Hesabat içlasında çıxış edən şəhər sakinləri arzu və təkliflərini bildirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıta səfəri zamanı sakinlərlə görüşündə gənclər şəhərinin inkişafına daim diqqət göstəriləcəyini vurğulamışdır: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, vaxt gələcək, biz Sumqayıt haqqında da eyni sözləri deyə biləcəyik". Bu istəyin həyata keçirilməsi üçün Sumqayıtda artıq konkret işlərə başlanıb və şəhərin siması günbəgün dəyişməkdədir. Məqsədə çatmağın yolları isə yurda sevgidən, fədakar əməkdən, əzmkarlıqdan keçir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 13 noyabr.- S. 5.