Nizami-870. Nizamidə azərbaycançılığın
təməli
"Dünya
dahilərsiz yaşaya bilməz",- deyirlər.
Çünki dahilər peyğəmbər irsinin
davamçılarıdır. Ulu tanrı yerlərə və
göylərə hökm edir. Allahın izni ilə seçilən
peyğəmbər isə insan cəmiyyətinin nizama
salınmasında hidayət yolunu işıqlandırır.
Peyğəmbərin dünya həyatında cismən
olmadığı zamanlarda insanlar peyğəmbər
çırağını yandıran dahi şəxsiyyətlərdən
ibrət götürürlər, cəmiyyətin nizamında
onların biliyinə, təcrübəsinə,
dünyagörüşünə, bəşəri
ideyalarına istinad edirlər.
Dahilərin
hansı insan cəmiyyətində yaranmasına məhdudiyyət
yoxdur. Fövqəlbəşər şəxsiyyətlər
böyüklüyündən, kiçikliyindən, irsindən,
dilindən, məkanından asılı olmayaraq, bütün
insan cəmiyyətlərində yaranır. Hər bir fövqəlbəşər
şəxsiyyətin özü bəşər cəmiyyətinin
mənəvi sərvəti olmaqla yanaşı, həm də
öz millətinin və xalqının övladıdıdr,
bu millətin və xalqın fəxridir, onun tarixinin və mənəviyyatının
silinməz yaddaşıdır. Tarix boyu dahi şəxsiyyətlərin
yetişdirilməsi Azərbaycan xalqına da nəsib olmuşdur.
Azərbaycan xalqı içərisindən də dünya mədəniyyətini,
dünyanın sosial, siyası mühitini bəşəri
ideyalarla zənginləşdirən dahi şəxsiyyətlər
yetirmişdir. Hər dörd yüz ildən bir yetişən
bu böyük şəxsiyyətlər Nizami Gəncəvi, Məhəmməd
Füzuli və ulu öndərimiz, ümummilli liderimiz Heydər
Əliyevdir. Bu böyük şəxsiyyətlər
ayrı-ayrı dövrlərdə, ayrı-ayrı
sosial-ictimai mühitdə yaşamış olsalar da onları
ictimai təfəkkür tipologiyası birləşdirir. Bu əlaqə
dahi şəxsiyyətlərin təfəkküründə
formalaşmış ideyaların bəşəri xarakterindən
və bu ideyaların biri digərini zənginləşdirən
daxili bağlılığından ibarətdir.
Bu böyük şəxsiyyətlərin
ictimai təfəkküründə bir-biri ilə tipoloji əlaqə
yaradan və biri digərinin
zənginləşməsinə çevrilən bəşəri
ideyalar nədən ibarət olmuşdur? İlk növbədə
azadlıq, müstəqillik, azad, sərbəst
düşüncə mühiti, azad, xöşbəxt cəmiyyət quruculuğu, azadlıq ideyalarının cəmiyyət
həyatına tətbiqi və bir qədər
də müasirləşdirsək, demokratik
quruluş. Bu ideyalar ilk dəfə
Şərqdə baş
qaldırmışdır. Onun Azərbaycan
məkanında ən böyük
carçısı bu xalqın
övladı Nizami Gəncəvidir. Məhəmməd
Füzuli isə dord yüz ildən sonra bu ideyaları Azərbaycan mühitinə gətirmişdir.
Nizami bəşəri ideyaları öz əsərlərində bədii təxəyyülün
məhsuluna çevirib Azərbaycan cəmiyyətində
görmək istəyirdi. Füzuli həmin
ideyaları yaşadığı Azərbaycan mühitinə
tətbiq etməyi arzulayırdı. Çox
doğru olaraq düşünürdü ki,
sadəcə təsvir etməklə, arzulamaqla
həmin ideyalar bəhrə vermir. Bu ideyaları həyata
keçirmək üçün bir liderə ehtiyac olduğunu başa düşürdü. Ancaq
tarix belə bir lideri yetişdirməmişdi. Ona
görə Füzuli deyirdi:
"Ey
Füzulu, nə gözəldir sözü azadəliyin
Hanı
bir sərv ki, bu aləmdə vardır səməri"
Yəni azadlıq gözəldir . Ancaq hanı elə bir lider, elə bir başçı, elə bir hökmdar ki, bu azadlığı həyata tətbiq etsin. Yəni Füzuli doğru olaraq düşünürdü ki, azadlığı, azad cəmiyyət quruculuğunu, cəmiyyət demokratiyasını həyata tətbiq etmək üçün bir başçı, bir lider lazımdır. Nizaminin, Füzulinin cəmiyyəti, belə bir başçının, belə bir liderin yetişməsi üçün bir dörd yüz il də gözləməli oldu. Cəmiyyət XX əsrdə bunun üçün dahi Heydər Əliyevi yetişdirdi. Nizami azadlığı, azad həyatı utopik bir cəmiyyətdə axtarırdısa, Füzuli bunun üçün lider arzulayırdı və zaman bu lideri hazırladı. Heydər Əliyev dahi şəxsiyyətlərin təsəvvüründən xalqın ictimai təfəkkürünə qətrə-qətrə süzülən, zaman-zaman formalaşan azadlıq və azad cəmiyyət ideyalarını öz dövründə öz xalqının həyatına tətbiq etdi. Azərbaycançılıq ideyalarını milli ideologiyaya çevirdi. Tarixin ona bəxş etdiyi liderlik vəzifəsini şərəflə, ləyaqətlə başa çatdırdı.
Nizami azadlıq, azad cəmiyyət ideyalarını formalaşdıranda, bu cəmiyyətin reallaşmasını tarixi təcrübəyə çevirmək üçün öz əsərlərində utopik bir cəmiyyət yaratdığı zaman Qərb ölkələri həmin ideyalardan bixəbər idi. Avropada ilk utopistlər Füzuli dövründən sonra yetişməyə başlamışlar. Demək olmaz ki, onlar Nizami əsərlərindən bəhrələnməmişlər. Ancaq Füzulinin arzuladığı lider zərurətinin idrakına çata bilməmişdilər. Nizami utopizmindən isə irəli getməyə nail olmamışdılar. Bəs Nizaminin özü azad insan cəmiyyəti ideyaları üçün hansı mənbəyə istinad etmişdir ?
Bu məsələ, əlbəttə ki, qaranlıq deyildir. Nizami dahi olduğu üçün həm də, peyğəmbər irsinin davamçısıdır. Peyğəmbərə Allah tərəfindən müqəddəs Quran göndərilmişdir. Bu kitab həm bəşəri əxlaq, bəşəri ideyalar, həm də bəşəri kəşflər və bəşəri idarəetmə nümunəsidir. Azadlıq ideyaları Quranda açıq və aşkar dəlillərlə təsbit olunur. " Dəhr", ("İnsan" - 76) surəsinin üçüncü ayəsində deyilir: "Biz ona açıq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir). "Bəqərə" ("İnək" - 2) surəsinin 35-ci ayəsində deyilir : "Ey adəm, sən zövcənlə (Həvva ilə) cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa özünüzə zülm edənlərdən olarsınız".
Buradan görünür ki, Allah insanı sərbəst, azad yaradıb, ona şüur, düşüncə verib. Sonra peyğəmbərləri göndərib ki, insanları düz yola dəvət etsin, dahilər verib ki, peyğəmbər irsini cəmiyyətə tətbiq etsin. Nizami də dahi kimi öz tarixi və mənəvi vəzifəsini yerinə yetirib.
Hər şeydən əvvəl Nizami azərbaycanlı olduğu üçün həmin ideyaların Azərbaycan cəmiyyətində baş tutmasını arzulayıb. Nizami ideal cəmiyyət yaratmaq üçün Azərbaycanda daha çox təriflədiyi Bərdə məkanını seçib. Nüşabənin timsalında ədalətli hökmdar yaradıb. Ona görə də artıq işdir ki, tədqiqatçılar Nizaminin hansı millətə aid olduğu barədə yersiz baş sındırmağa məcbur olublar. Bu böyük şəxsiyyət bütün mənbələrin təsdiq etdiyi kimi, Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə Allahın rəhmətinə gedib. Gəncə elə bir məkan olmayıb ki, burada müxtəlif millətlərin demoqrafik qatışığı baş versin. Gəncə bəlkə də başqa regionlardan fərqli olaraq azərbaycanlı əhalinin məskunlaşdığı ən əlverişli strateji bir ərazıdır. Ona görə də təsadüfi deyil ki, Gəncə daha çox "Azərbaycanlıların mərkəz şəhəri" hesab edilir. Bu gün Gəncədə əhalinin demoqrafik və etnik tərkibi qarışıq deyilsə, XII əsrdə bu qarışıqdan heç söhbət gedə bilməzdi. Sadəcə Nizaminin öz böyük əsərlərini fars dilində yazması ilə bəziləri deməyə əl yeri axtarırlar ki, "bəlkə Nizami başqa bir xalqın nümayəndəsidir". Əslində isə bu boş fikrə heç bir bəraət yoxdur. Həqiqət budur ki, Nizami dahidir, peyğəmbərin mənəvi varisidir. Etnik mənşəyi azərbaycanlılara aiddir, ideyaları isə bəşəridir. O ideyalardan bəhrələnməyə hər kəsin haqqı var. Nizaminin etnik aidiyyətini dəyişməyə, cəhd göstərməyə isə heç kəsin haqqı yoxdur. Əlbəttə ki, hər bir xalq istərdi onun Nizamısi olsun, Füzulisi olsun, Heydər Əliyevi olsun. Ancaq axı mütəal Allah bu dahiləri məhz Azərbaycan xalqına bəxş edib!
Nizaminin fars dilində
yazdığına gəlincə, bunu qəbahət
saymaq olmaz. Əvvəla,
ona görə ki, fars dili dövrün
poeziya dili idi. İkincisi, Nizamidən
böyük əsərlər
yaratmağı dövrün
hökmdarları sifariş edirdilər. Üçüncüsü, fars
dili dövlətin dili
idi, onun sabit normaları var idi. O dövrün
normaları indi də sabit
qaldığı üçün Nizami əsərləri qaranlıqda
qalmayıb oxunub və oxunur.
Ancaq demək olmaz ki, Nizami
böyüklükdə dahi öz ana dilinə, Azərbaycan
dilinə biganə olub. "Leyli və Məcnun"un "Kitabın
yazılmasının səbəbi" adlı hissəsində
Axsitanın fars dilində yazmaq
tələbi onu hiddətləndirir. Hökmdardan gələn məktubda deyilir:
Türk dili yaraşmaz şah nəslimizə
Əksiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz
Yüksək yaranmışdır bizim nəslimiz.
Bunun qarşısında Nizami öz hiddətini belə bildirir:
Qulluq halqasına düşdü qulağım
Qan vurdu beynimə, əsdi dodağım.
Nə cürətim vardır əmrdən qaçam
Nə də gözüm
vardı xəzinə açam.
Buradan belə başa düşülür ki, Nizami "Leyli və Məcnun"dan əvvəl öz doğma Azərbaycan dilində sənət əsərləri yaratmışdır. Çox təəssüf ki, bunlar bizə çatmamışdır. Əldə olsaydı o zamankı dilimiz, mədəniyyətimiz, məişətimiz və ictimai təfəkkürümüz barədə çox qiymətli informasiyalar alınardı. Onu da qeyd etmək yerinə düşər ki, fars şovinizmi Azərbaycan haqqında, Azərbaycan dili haqqında "türki" ifadəsini işlədir. "Türki" yəni "türkə oxşayan" deməkdir. Olsun ki, Nizami buna görə də hiddətlənmişdir. Çünki Nizaminin özü öz əsərlərində "Azərbaycan" adını işlədir. Azərbaycana məxsus yer adlarını xatırladır. Gəncə, Bərdə, Şirvan haqqında məhəbbətlə söhbət açır. Eyni zamanda, iranlılarla mübarizə aparan Turan (türk) hökmdarı və sərkərdəsi Əfrasiyabı (Ər Tonqanı) rəğbətlə yada salır.
Nizaminin əsərlərində Azərbaycan məkanı ilə bağlı məqamlar çoxdur. Nizaminin dilinə gəlincə onun dilində çoxlu Azərbaycan sözləri və Azərbaycan dili ilə bağlı farsca tərcümə edib işlətdiyi aforizmlərə təsadüf olunur.
Nə Nizamidən əvvəlki və nə də Nizamidən sonrakı İran şairlərində Nizaminin işlətdiyi Azərbaycan sözləri yoxdur. Çünki bunlar, bilavasitə Azərbaycan həyatı və məişəti, xüsusən də Gəncə mühiti ilə bağlı sözlərdən ibarətdir. Bəzi sözləri isə Nizami fars sözlərinin müqabilində özü yaratmışdır. Məsələn, mənşəcə fars dilinə məxsus olan "pərdə" sözü dilimizdə indi də işlənir. Nizami isə bu sözün əvəzinə "tutuq" (pəncərənin qarşısını tutan) sözü düzəldib işlədir. Nizaminin dilində, həmçinin, məişətlə bağlı balınc, boşqab, qaşıq, qab, qazan, corab, çarıq, qayçı, döşək, düymə, ələk, qışlaq, yaylaq, qıfıl, tağar (ölçü), tuman, taba; yeməklə bağlı aş, dolma, qıyma, qaymaq, qatıq, kişmiş, fındıq, qurut, gilas, tutmac, armud; ordu ilə bağlı ordu, qoşun, süvari, çavuş, bölük, minbaşı, yüzbaşı, yaraq-yasaq, çadır, tüfəng, çaxmaq və s. çoxlu sözlər işlədilmişdir. Hərçənd bu sözlərin fars dilində qarşılıqları vardır.
Bütün bunlar Nizamidə azərbaycançılığın təməlini təşkil edir.
Deyirlər, peyğəmbərlər ölmürlər. Onları ilahi ruh yaşadır. Dahilər də ölmür. Onları özlərinin cəmiyyət həyatındakı xeyirxah əməlləri yaşadır. Bu mənada Nizami də, Füzuli də, Heydər Əliyev də daim canlıdır və canlı olaraq da qalacaqlar. Onların əməlləri isə bir nəsildən digər nəslə örnək kimi yaşayacaqdır.
Mübariz YUSİFOV,
professor
Xalq qəzeti.- 2011.-13 noyabr.- S. 6.