Hippokrat andına sədaqət həkim şərəfinin başlıca şərtidir

 

Sivilizasiyanın ən qədim və çox hörmətli peşələrindən olan həkimlik bu gün də cəmiyyətdə öz mövqeyini və nüfuzunu saxlamaqdadır. Hələ antik dövrün müdrik simalarından olan Homer yazırdı ki, "bir mahir həkim neçə fatehə dəyər". Bu peşə sahibində insana məxsus olan canıyananlıq, əziyyət çəkənə yardım etmək, xəstəyə əlac tapmaq tələbatı olur. Qədim hindistanlı müdriklər nahaq demirdilər ki, "atadan, anadan, müəllimdən və dostlardan qorxmaq olar, ancaq həkimin qarşısında qorxu hiss etməməlisən. Çünki o xəstəyə həm ata, həm ana, həm dost, həm də ustaddır". Əgər həkim xəstəyə ananı, atanı əvəz edirsə onu daha kiminlə müqayisə etmək olar. Bu gün haqqında söhbət açacağım Bakı şəhər Ə.H.Kazımov adına 1 saylı poliklinikanın baş həkimi Kübra Cabbarova da məhz belə həkimlərdəndir.

 

Kübra Cabbarova 1968-ci ildə orta məktəbi bitirib, atası Teymur müəllimə həkim olmaq arzusunu bildirəndə, o qızının seçdiyi peşənin məsuliyyətini dərk edib sonra qərar verməsini istədi. Amma müəllim təcrübəsi və valideyn intuisiyası Teymur kişidə çoxdan bu qızının uğurlarına inam oyatmışdı. Çünki, Kübra çox çalışqan, hazırlıqlı, xeyirxah və ən əsası bacarıqlı bir qız idi.

Çox düşünmək lazım gəlmədi. Kübra öz qərarında israrlı idi. Bu xarakter elə ilk addımda ona uğur gətirdi və Kübra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil oldu. İnstitut illərində tələbə Kübra əla qiymətlərlə oxumaqla yanaşı ali məktəbin ictimai həyatında da yüksək fəallıq nümayiş etdirirdi.

1974-cü ildə institutu, 1975-ci ildə internaturanı müvəffəqiyyətlə bitirən Kübra Cabbarova Bakıdakı 21 saylı uşaq sanatoriyasına həkim vəzifəsinə təyinat alır. Hippokrat andı içib diplom aldığı günü bir an belə unutmayan Kübra xanım deyir ki, bu həkim məsuliyyətini ömürlük üzərimə götürdüyümü tam aydınlığı ilə dərk etdiyim gün idi. Atam instituta qəbul olmamışdan bunu mənə deyəndə o qədər fərqinə varmamışdım. Amma işə başlayanda həkim məsuliyyətinin mahiyyətini təhsil aldığım, internaturada olduğum dövrdə tam anlamışdım deyə, bir qədər gərginlik içində yaşadım.

- Baxın, Hippokrat 2500 il əvvəl yazdığı məşhur "And"ında da, digər əsərlərində də gənc həkimlərə örnək olaraq yazırdı ki, həkim xeyirxah, ədalətli, insanpərvər olmalı, xarici görkəmini unutmamalı, geyimi və davranışı sadə olmalıdır. Onun həkimdən tələb etdiyi humanizm isə, mənsub olduğu sosial təbəqədən asılı olmayaraq bütün xəstələrə xidmət edir. Bunlar sadə məsələlər deyilbiz həkimlərin şərəf borcumuz sayılır.

Kübranın taleyinə ölkənin və millətin gələcəyi olan uşaqların sağlamlıqlarını qorumaq missiyası düşmüşdü. O, uşaqların müalicə və müayinəsinin necə çətin, ancaq məsuliyyətli olduğunu yaxşı bilirdi. Ancaq bu onu qorxutmadı və gənc həkim çox cəsarətlə öz missiyasını yerinə yetirməyə başladı.

Kübra xanım keçmişindən, karyerasındakı uğurlarından danışarkən 1975-ci ilin noyabrında baş vermiş bir hadisəni tez-tez xatırlayır. İndiki Sabunçu rayonunda seçicilərin xahişi ilə tikilmiş 11 saylı şəhər poliklinikasının açılışı idi. Gənc mütəxəssis Kübra Cabbarovanı da çıxışa yazmışdılar. Onda Respublika özünün tərəqqi və inkişaf dövrünü yaşayırdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev paytaxtı sözün əsl mənasında tikinti meydançasına çevirmişdi.

Gənc həkim ölkə rəhbərinin də tədbirdə iştirak etdiyini görəndə bir qədər həyəcanlandı. Lakin tribunaya çıxanda bu həyəcanı unudub çox uğurlu çıxış etdi. Onun cəsarətli çıxışı dövlət başçısı Heydər Əliyevin diqqətindən yayınmadı və elə bu açılışdakı nitqində bildirdi ki, "belə gəncləri, bacarıqlı, işgüzar mütəxəssisləri irəli çəkmək lazımdır". Ulu öndərin bu sözləri Kübra xanımın fəaliyyətində, karyerasında sözün əsl mənəsında bir dönüş nöqtəsi oldu.

Çox keçmədi ki, öz işinin, peşəsinin vurğunu olan gənc həkim biri-birinin ardınca indiki Sabunçu rayonunda baş pediator, uşaq sanatoriyasının baş həkimi, daha sonra isə 5 saylı uşaq xəstəxanasının baş həkimi vəzifələrinə təyinat aldı. Çalışdığı elə bir vəzifə olmadı ki, orada kollektivin rəğbətini qazanmasın.

Rusiyanın tanınmış həkimlərindən biri F.Qaaz peşəsinin çətinliklərindən və xüsusiyyətlərindən danışarkən bildirmişdi ki, "xoşbəxtliyə gedən ən doğru yol xoşbəxt olmaq arzusunda yox, başqalarını xoşbəxt etməkdədir". Bunun üçün insanların ehtiyaclarını dərindən öyrənməlisən, onlara qayğı göstərməli, məsləhətlərin, işin və sözünlə kömək etməlisən, onları sevməlisən. Kübra Cabbarova çalışdığı hər bir tibb müəssisəsində həkim kimi xəstələrinə, rəhbər kimi öz kollektivinin hər bir üzvünə məhz bu mövqedən yanaşır.

Peşəsinin incəliklərindən danışan Kübra xanım deyir ki, həkimin sevgisi çox heyrətamizdir. Onun qəlbi xəstə insana canıyananlıq və mərhəmətlə doludur. İnanın ki, həqiqi həkim insanlara xeyirxahlıq etməyə daxili bir ehtiyac duyurbunda şəxsi xoşbəxtliyini tapır.

Şübhə yoxdur ki, Kübra xanım peşəsinə bu sevgi ilə yanaşmasa çalışdığı vəzifələrdə də uğurlara nail ola bilməzdi. Bütün bu keyfiyyətlərlə yanaşı Kübra Cabbarova həm də yüksək təşkilatçılıq bacarığına malik bir insandır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından cəmi bir neçə ay sonra -1993-cü ilin sentyabrında təcrübəli mütəxəsisin məhz bu keyfiyyətlərini nəzərə alıb onu dövlət başçısının razılığı ilə Bakı Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə təyin etdilər. Respublikanın ağır və çətin günlərində, paytaxtın belə bir baş idarəsinə rəhbərlik etmək o qədər də asan məsələ deyildi. Amma Kübra xanım hansı bir məsuliyyətli vəzifəyə təyinat aldığının fərqində idi. Çox çəkmədi ki, bu zərif, ancaq işini çox gözəl bilən, qətiyyətli və prinsipial xanımın tələbkarlığı sayəsində paytaxtın bir çox səhiyyə müəssisələrində işlər qaydaya düşməyə başladı.

Kübra xanım elmi araşdırmalara da böyük maraq göstərirdi. Ancaq ona etibar olunmuş vəzifə məsuliyyəti bu marağı arxa plana çəkmişdi. 4 ilə yaxın bir müddətdə çalışdığı idarə rəisi vəzifəsindəki uğurlar tədricən qısqanclıqla qarşılanmağa başlanır və ona ədalətsiz təzyiqlər göstərilirdi. Bunun bir səbəbi də Kübra xanımın obyektivliyi və vicdanının əksinə gedə bilməməsi idi. Bir gün Bakı Baş Səhiyyə İdarəsinin rəisi Kübra Cabbarova da səhiyyə naziri Əli İnsanovun qəzəbinə tuş gəldi və işdən getmək haqqında ərizə yazdı.

Öz işindən, peşəsindən zövq alan Kübra Cabbarova işsiz qalmasa da, artıq bütün taleyini bağışladığı işdə deyildi.

Atalar yaxşı deyib, "haqq nazilər, üzülməz". Ədalətin zəfər günü çatdı və səhiyyəmizdə 2005-ci ildə köklü islahatlara başlayan nazir Oqtay Şirəliyev öz peşəsinin ustaları olan insanları yenidən səhiyyəyə qaytarmağa başladı. Qayıdanların sırasında Kübra Cabbarovanın adı öndə idi.

2005-ci ilin dekabrında Ə.H.Kazımov adına 1 saylı şəhər poliklinikasına baş həkim təyinatı alan Kübra xanım yeni bir enerji və həvəslə işə başladı. Respublikada həyata keçirilən tərəqqi və inkişaf strategiyası ilə paralel olaraq ölkənin səhiyyə sisteminin də sürətlə dəyişdiyindən, yeni xəstəxana, poliklinikadiaqnostika mərkəzlərinin tikintisindən, onların elmin və texnologiyanın ən son nailiyyətləri əsasında hazırlanan tibbi avadanlıqla təmin olunmasından böyük həvəslə danışan Kübra xanım bütün bunlara rəğmən tibbdə əsas simanın yenə həkim olduğunu bildirərək deyir: - Əgər peşəkar, humanistxeyirxah həkim yoxdursa biz yenə istənilən nəticəni əldə edə bilməyəcəyik. Antik dövrün müdrik simalarından biri olan Avisen həkim şəxsiyyətini obrazlı şəkildə belə ifadə edirdi: "Həkim qartal gözünə, qız əllərinə, ilan müdrikliyinə və şir ürəyinə sahib olmalıdır".

Uzun illərin təcrübəsindən çıxış edən Kübra xanımın səhiyyə ocağının rəhbəri kimi həkimlərə, xüsusilə gənclərə öz tövsiyə və tələbləri var. O, haqlı olaraq qeyd edir ki, nəzakət və davranış həkimin misilsiz silahıdır. Bu münasibətdə onun peşəkarlığının, mənəviyyatının və psixoloji keyfiyyətlərinin bütün incəlikləri birləşib ki, bu da həkimə insanın təbiətini, ona məxsus fərdiliyi dərk etməyə kömək edir.

Şübhəsiz, bunu öz tabeliyində olan həkimlərdən tələb edən Kübra Cabbarova ilk növbədə özü buna əməl edir. Dünən, bu gün yox, bütün həkimlik ömrünü o bu qayə ilə yaşayıb. Və bu gün çox təəssüflə qeyd edir ki, indiki dövrdə ölkəmizin qabaqcıl ölkələr sırasına qoşulduğu bir vaxtda həkimlərimizin əksəriyyəti bunu unudur. Axı həqiqi həkimin peşəkarlığının gücü təkcə erudisiyasının, bilik və bacarığının dərinliyində yox, həm də qəlbinin mərhəmətində, şəxsiyyətinin miqyasındadır.

Kübra xanımla razılaşmamaq olmur. Çünki buna adamı inandıran və bu qiymətli fikirləri qəbul etməyə məcbur edən onun özünün həkim şəxsiyyətinin miqyasıdır. Şəxsiyyətin əsasında isə onun xarakteri dayanır. Mərd, ədalətli, xeyirxah, prinsipial və qətiyyətli Kübra Cabbarovanı bu gün səhiyyə sistemində məhz belə tanıyır, hörmət və ehtiram göstərirlər.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 16 noyabr.- S. 7.