Azərbaycanın xarici siyasətinin böyük qələbəsi

 

Son onilliklər ərzində, xüsusən də XXI əsrdə beynəlxalq təşkilatların müasir dünya siyasətində və beynəlxalq münasibətlərdə rolu getdikcə artır. Onlar dövlətlər arasında istər ikitərəfli, istərsə də çoxtərəfli diplomatiyanın həyata keçirilməsində mühüm mexanizmlərdir. Xüsusən iki yüzə yaxın dövləti cəmləşdirən Birləşmiş Millətlər Təşkilatı universal beynəlxalq qurumdur. BMT-nin əsas məramları isə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etməkdir. BMT, həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Təhlükəsizlik Şurası isə BMT-nin bütün dünyada sülhü və təhlükəsizliyi təmin edən məsul qurumudur.

 

Müstəqillik qazandıqdan sonra Azərbaycanın aparıcı beynəlxalq təşkilatlara, ələlxüsus da BMT-yə üzv olması, həmçinin onlarla fəal əməkdaşlıq quraraq, bu qurumların kürsüsünü istifadə etməklə dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini çatdırmağı xarici siyasətin əsas məqsədi kimi müəyyənləşdirildi. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması haqqında qətnamə qəbul edildi. BMT-yə üzvlük Azərbaycana dünya dövlətləri ilə əlaqələr yaratmağa və qarşılıqlı münasibətlər qurmağa real imkanlar açdı. Bu isə Azərbaycan diplomatiyası üçün böyük əhəmiyyət daşıyırdı. Beynəlxalq arenada Azərbaycandakı vəziyyət haqqında obyektiv məlumatların olmadığı şəraitdə, BMT kimi nüfuzlu təşkilatın kürsüsü belə çətin durumdan qurtulmaq, dünya ictimaiyyətinin diqqətinə istər ölkədə, istərsə də enerji resursları getdikcə daha mürəkkəb geosiyasi xarakter alan, bütövlükdə Qafqaz-Xəzər regionunda cərəyan edən hadisələr haqqında daha dolğun məlumat çatdırmaq üçün geniş imkanlar yaratdı.

Azərbaycanın xarici siyasətinin əsas məqsədləri ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsi, pozulmuş ərazi bütövlüyünün və dövlət sərhədlərinin bərpası, həmçinin dünya təcrübəsindən yararlanaraq demokratik vətəndaş cəmiyyətinin qurulmasıdır. Ölkədə bazar iqtisadiyyatının qurulması və inkişafı məqsədilə rəsmi Bakı BMT-nin aparıcı üzv dövlətlərinin təcrübəsindən yararlanır və qabaqcıl bazar iqtisadiyyatı ölkələri ilə hərtərəfli əməkdaşlığı genişləndirir.

Elmi-texniki, mədəni, sosial və humanitar sahələrdə Azərbaycan BMT-nin müxtəlif sahələri əhatə edən xüsusiləşdirilmiş qurumları ilə sıx əməkdaşlıq edir. BMT ilə daha dərin münasibətlərin qurulması üçün Azərbaycanın geniş imkanları mövcuddur. Bu, ölkə üçün, istər dünyanın aparıcı dövlətləri ilə iqtisadi əməkdaşlıq, istərsə də ölkənin nüfuzunun qorunması və təbliğatı baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın BMT-yə üzv olduğu ilk illər ərzində BMT-yə digər üzv dövlətlərlə münasibətlərin qurulması istiqamətində ilk addımlar atılmışdır.

Lakin yalnız 1993-cü ilin ortalarından etibarən BMT ilə məhsuldar əməkdaşlıq dövlət maraqlarının beynəlxalq arenada müdafiəsi və möhkəmləndirilməsi, çoxşaxəli və tarazlaşdırılmış diplomatiya üzərində təşəkkül tapan ümummilli lider Heydər Əliyevin xarici siyasət strategiyası əsasında aparılmışdır. Bu, Azərbaycanın BMT ilə əməkdaşlığını daha hərtərəfli, məqsədyönümlü və məzmunlu etmişdir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi əzəldən beynəlxalq birliyi ölkədəki və ətrafındakı vəziyyət barədə məlumatlandırma sahəsində, həmçinin digər dövlətlərlə qarşılıqlı maraq doğuran münasibətlərin qurulması istiqamətində mühüm iş aparıb. Onun əsas qurumlarında və onlar tərəfindən keçirilən müxtəlif tədbirlər çərçivəsində geniş fəaliyyət göstərilib. Bu isə Azərbaycan barədə obyektiv beynəlxalq ictimai fikrin formalaşmasında mühüm rol oynamışdır.

BMT üzvlüyü rəsmi Bakıya bütün dövlətlərlə dialoq qurmaq üçün daimi şərait yaradıb. BMT-yə üzv dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatın çatdırılması Azərbaycan diplomatiyasının prioritet vəzifəsi olub və indi də qalmaqdadır. Azərbaycan tərəfinin həyata keçirdiyi inadlı diplomatik fəaliyyət nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məsələlər mütəmadi olaraq BMT TŞ-nin müzakirələrinə çıxarılıb. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyir, bu ərazilərdən Ermənistan hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını və qaçqınların daimi yaşayış yerlərinə dönmələrini tələb edir.

Azərbaycan BMT-nin müxtəlif beynəlxalq forumlarında ilbəil fəal iştirak edir. BMT-də daimi nümayəndəliyi olan Azərbaycan yalnız bu təşkilatın əsas qurumları ilə deyil, həmçinin bir çoxlarının Bakıda nümayəndəlikləri olan BMT-nin xüsusiləşdirilmiş qurumları ilə də fəal əməkdaşlıq aparır.

Azərbaycan 1995-1997, 1998-2000-ci illərdə YUNİSEF-in İcraiyyə Şurasının, 2000-2002-ci illərdə Qadınların vəziyyəti haqqında Komissiyanın, 2002-2004-cü illərdə BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının, 2003-2005-ci illərdə isə BMT-nin İqtisadi və Sosial Şurasının üzvü olmuşdur. Məhz BMT-nin müxtəlif qurumlarındakı məhsuldar fəaliyyət, həmçinin ölkənin regional liderə çevrilməsi, bazar iqtisadiyyatının dinamik inkişafı və vətəndaş cəmiyyətinin qurulması Azərbaycanın BMT-dəki nüfuzunun artmasına böyük təsir göstərmişdir. Cari il oktyabrın 24-də keçirilən 2012-2013-cü illər üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərdə Rəsmi Bakının BMT-nin üzvü olan 155 dövlətin dəstəyini qazanması bunun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli xarici siyasi fəaliyyəti, onun dəfələrlə BMT-nin Baş Məclisinin kürsüsündən dərin məzmunlu çıxışları bu məsələdə həlledici rol oynadı. Ümumilikdə, bütün çətinliklərə baxmayaraq, BMT divarları arasında həlledici səsvermə mərhələsində sərt mübarizə şəraitində əldə edilən qələbə Azərbaycan diplomatiyasının böyük uğurudur. Bu, onun yeni inkişaf mərhələsinə qədəm qoymasının əyani təzahürüdür.

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında BMT TŞ-nin üzvü seçilən ilk ölkə olmuşdur. Eyni zamanda, bu da zəruri bir haldır ki, Azərbaycan bu tarixi qələbəni BMT-nin təsis edildiyi gün olan oktyabrın 24-də əldə etmişdir.

Bu əlamətdar hadisə münasibətilə bəyanat verərək xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirib: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. ...Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir".

Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən başlayacaq və 2013-cü il dekabrın 31-dək davam edəcəkdir. Bu iki il ərzində Azərbaycan TŞ-də Şərqi Avropa regionunu təmsil etməklə yanaşı, növbə ilə Şuranın bir ay müddətinə sədri funksiyalarını da yerinə yetirəcəkdir. Azərbaycanın BMT TŞ-nin üzvü kimi bu çərçivədə fəaliyyətinin prioritetləri ümumən bəllidir. Bunlar beynəlxalq sülh və sabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması kimi məsələlərdir.

Əsas məsələlərdən biri də bundan ibarətdir ki, Azərbaycan TŞ-də üzvlükdən istifadə edərək, ilk növbədə, özünün pozulmuş suverenliyini, ərazi bütövlüyü məsələsini BMT-nin gündəliyinə çıxarmaq imkanı qazanıb. Şübhəsiz ki, Azərbaycan iki il müddətində TŞ-nin üzvlüyündən yararlanaraq, beynəlxalq hüququn normalarının bərpasını tələb edəcək.

Xatırlatmaq yerinə düşər ki, BMT Nizamnaməsinin 24-cü maddəsinə görə, təşkilat və onun üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının məsuliyyətini TŞ-nin üzərinə qoyurlar. TŞ bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə və təsir imkanlarına malik orqandır. Yəni, TŞ-yə üzv olan hər bir dövlət dünyada baş verən münaqişələrin və mübahisələrin həllində mühüm rola malik olur və söz sahibinə çevrilir. Nizamnamənin 27-ci maddəsində göstərilir ki, TŞ-nin 9 üzvü səs verdikdə qərar qəbul olunur. Nəticə etibarilə TŞ-yə üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbul olunması və.s.) həlledici ola bilər. Bu isə hər bir üzv ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir. Bundan əlavə, nizamnamənin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tam və ya qismən iqtisadi sanksiyaların tətbiq olunması, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən isə tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiq olunması barədə qərar qəbul edilə bilər. Üstəlik, 45-ci maddəyə əsasən, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-yə məcburetmə imkanları verilir. Beləliklə, ərazilərimizin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq nəticə çıxarmaq olar ki, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanmışdır.

Azərbaycan tarixində BMT-nin ən ali tribunası sayılan TŞ-də ilk dəfədir təmsil olunur. Ona görə də bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq Azərbaycanın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi dəyərləndirilir. Çünki TŞ-yə üzv olmaq hər bir ölkə üçün geniş imkanlar yaradır. TŞ üzvləri qlobal problemlərin həllində yaxından iştirak edir, dünya miqyasında söz sahibinə çevrilirlər.

Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi xarici siyasi dairələrdə də ölkənin artan nüfuzunun göstəricisi kimi qəbul edilir. Məsələn, Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru D.Sammut demişdir ki, bu hadisə Azərbaycanın vacib beynəlxalq oyunçu olduğunu sübut etmişdir. ABŞ Dövlət Departamenti isə bu qələbə münasibətilə Azərbaycanı təbrik etmişdir. Qeyd olunmuşdur ki, Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, şuranın işinin səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir. Təbriklərini Azərbaycan Prezidentinə şəxsən çatdıran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu nailiyyətlərin artaraq davamlı olmasını arzu edib.

Bütövlükdə, Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, üzv ölkələrin əksəriyyətinin səsvermədə respublikamızın bu möhtəbər təşkilata qeyri-daimi üzv qəbul olunmasını dəstəkləməsi müstəqil Azərbaycanın həyatında əlamətdar və tarixi hadisədir. Azərbaycan diplomatiyasının BMT TŞ-yə seçkilərdə mübarizədə qazandığı bu tarixi uğurun çox böyük əhəmiyyəti var və bu, ölkəmizin dünyada artan nüfuzunun real göstəricisidir.

 

 

Kamal ADIGÖZƏLOV,

Bakı Dövlət Universitetinin doktorantı

 

Xalq qəzeti.- 2011.- 16 noyabr.- S. 6.