Neft Akademiyasında müstəqillik
gününə həsr olunmuş elmi-texniki konfrans öz işinə başladı
Dünən
Azərbaycan Dövlət Neft Akademiyasında ölkəmizin
müstəqilliyinin bərpasının 20 illiyinə həsr
olunmuş tələbələrin 60-cı elmi-texniki
konfransı keçirildi. Tədbirin
açılışına təhsil naziri Misir Mərdanov, Azərbaycan
Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru,
akademik Telman Əliyev ,"Abşeronqazma" şirkətinin
baş direktoru Ramin İsayev qonaq qismində dəvət
edilmişdilər.
Tələbələrin
60-cı elmi-texniki konfransını giriş sözü ilə
ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki,
tədbir Azərbaycanın müstəqilliyinin bərpasının
20 illiyinə təsadüf edir. Rektorun sözlərinə
görə, əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi və iqtisadi
strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi sayəsində və ölkəmizin
sürətli inkişafının nəticəsi olaraq ali təhsil
müəssisələrinin maddi-texniki bazası genişlənmiş,
təhsil ocaqları müasir tədris və elmi avadanlıqlarla
təmin edilmişdir. Hazırda ali təhsilin məzmununun təfəkkür
və düşüncə müstəvisində qurulması,
çevik təlim texnologiyalarının tətbiqi kimi amillər
Azərbaycan tədris ocaqlarının Avropanın qabaqcıl
təhsil sisteminə inteqrasiyasını sürətləndirir.
Akademik Siyavuş Qarayev bildirdi ki, elmi-texniki konfransın keçirilməsində əsas məqsəd bakalavriat və magistratura səviyyələrində təhsil alan gənclərin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini keçirmək, onların arasında informasiya mübadiləsini təşkil etmək və elmi fəaliyyətə maraqlarını daha da artırmaqdır. Konfransın işi doqquz bölmədə davam etdiriləcək, 342 məruzə dinləniləcək, hər bir bölmə üzrə ən maraqlı çıxış edən iştirakçı mükafatlandırılacaqdır. Konfransın işinə "Abşeronqazma" şirkəti, Norveçin "AkerSolutions" şirkətinin Azərbaycandakı nümayəndəliyi, "Weatherford İnternational" şirkətinin Azərbaycandakı filialı, "Embawood" şirkətlər qrupu və ADNA-nın Tələbə Həmkarlar İttifaqı Komitəsi yaxından köməklik göstərmişdir.
Təhsil naziri Misir Mərdanov ölkəmizin ən nüfuzlu ali təhsil ocağı olan ADNA-da dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə böyük bir elmi-texniki konfransın keçirilməsini tələbələrin həyatında mühüm hadisə kimi qiymətləndirdi və tədbirin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi. 20 il bundan əvvəl dövlət müstəqilliyimizin bərpasının böyük tarixi nailiyyət olduğunu qeyd edən nazir dedi ki, müasir gənclik həm bu müstəqilliyin qədrini bilməli, həm də onun qorunub saxlanması üçün var gücü ilə çalışmalıdır. Nazirin sözlərinə görə, Azərbaycan xalqının bir çox nəsilləri ölkənin azadlığa qovuşacağı günü on illərlə gözləyib, ancaq bunu görə bilməyib. Ona görə də elə oxumaq, elə çalışmaq lazımdır ki, bu müstəqilliyə zərrə qədər də olsa, xələl gətirilməsin. Unutmaq olmaz ki, ölkənin xaricində də, daxilində də buna çalışan qüvvələr mövcuddur.
Misir Mərdanov qeyd etdi ki, müstəqilliyimizin təməli ulu öndər Heydər Əliyev tərəfindən o qədər möhkəm qoyulub ki, onu heç kim sarsıda bilməz. Ümummilli lider bütün xarici səfərlərində Azərbaycanın haqlı və ədalətli mövqeyini təkrar-təkrar diqqətə çatdırmaqdan yorulmurdu. Azərbaycan haqda müsbət fikirlərin formalaşması üçün əzmlə çalışırdı. Prezident İlham Əliyevin apardığı olduqca uğurlu daxili və xarici siyasət isə müstəqilliyimizi daha da möhkəmləndirib, beynəlxalq aləmdə Azərbaycanın mövqelərini bərkidib. İndi nəinki imzalar içində millətimizin imzası var, eyni zamanda, bir çox Avropa dövlətləri kömək üçün Azərbaycana müraciət edir. Bunu elə son günlər bəzi Avropa dövlət başçılarının Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşməsi də sübut edir. Bu yaxınlarda Almaniyada olduğunu bildirən nazir əlavə etdi ki, ona Bakıda keçiriləcək "Eurovizion"da iştirak etmək arzusu ilə onlarla alman müraciət edib. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük uğurlardan biridir. Bu yaxınlarda ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə diplomatiyamızın parlaq qələbəsidir. Misir Mərdanov dedi: "Vaxtilə on dövlət tapa bilmirdik ki, bizim mövqeyimizi müdafiə etsin, bu gün BMT-də artıq 155 ölkə Azərbaycana səs verir".
Nazirin sözlərinə görə, tələbələr bütün bu nailiyyətləri qorumalı və inkişaf etdirməli, müstəqilliyimizin möhkəmlənməsinə öz töhfələrini verməlidirlər. Eyni zamanda, vaxtilə Heydər Əliyev Neft Akademiyasına nə qədər böyük diqqət və qayğı göstəribsə, bu gün Prezident İlham Əliyev də diqqətini əsirgəmir. Akademiyanın 70 və 80 illik yubileylərində ümummilli lider, 90 illik yubileyində isə dövlət başçısı İlham Əliyev şəxsən iştirak edib.
Hazırda Azərbaycandan 10 min tələbənin xarici ölkələrdə dövlət hesabına təhsil aldığını, onlardan 1000 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü deyən nazir bildirdi ki, ADNA tələbələri qarşısında da böyük perspektivlər var. Bilik və bacarığına güvənənlər müsabiqələrdə iştirak edib xaricdə təhsilini davam etdirmək imkanı qazana bilər. Dövlətimiz və Prezident İlham Əliyev bunun üçün hər cür şərait yaradıb. Eyni zamanda, təkcə təhsil sahəsində deyil, bütün digər sahələrdə də ölkədə böyük işlər görülür. Sürətli sosial-iqtisadi inkişaf gedir. Ölkəmiz Avropanın enerji təminatında böyük rol oynayır. Buna görə də cənab Prezident tərəfindən həyata keçirilən daxili və xarici siyasət bütün Azərbaycan vətəndaşlarını qane edir. Tələbələr də ölkəmizin uğurlarının artmasında öz rollarını oynamalı, hər kəs öz bilik və qabiliyyəti ilə iştirak etməlidir.
Tədbirdə çıxış edən AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev də tələbələri müstəqilliyimizin bərpasının 20 illiyi və konfrans münasibətilə təbrik etdi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı tarixi ilə bağlı ətraflı məlumat verdi. Azərbaycan Prezidentinin neft kapitalını insan kapitalına çevirmək barədə tövsiyələrini yada salaraq tələbələrin informasiya-kommunikasiya texnologiyalarına dərindən yiyələnməli və onu daha da inkişaf etdirməli olduqlarını qeyd etdi.
"Abşeronqazma" şirkətinin baş direktoru Ramin İsayev Azərbaycanın neftçıxarma sahəsində bir çox texnologiyaların tətbiqi üzrə dünyada lider dövlət olduğunu bildirdi. Onun sözlərinə görə, bir çox texnologiyalar on doqquzuncu əsrdən başlayaraq dünyada ilk dəfə ölkəmizin neft sənayesində tətbiq olunub. Bu gün dünyanın neft hasil edən elə bir ölkəsi yoxdur ki, orda azərbaycanlı mütəxəssislər işləməmiş olsun. "Abşeronqazma"da çalışanların da əksəriyyəti ADNA-nın məzunlarıdır. Akademiya ilə sıx əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Sonra akademiyanın neft-mexanika fakültəsinin dekanı Sakit Abbasov, Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Kamil Aydazadə, tələbələrdən Şəhriyar Mirzəyev və Səkinə Həsənova çıxış edərək konfransın işinə uğurlar arzuladılar.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 16 noyabr.- S. 6.