Ölkəmiz İstanbul Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olunur

 

İstanbulun "Tüyap" sərgi mərkəzində 30-cu Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi.

 

Nümayəndə heyətinin tərkibində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Faiq Xudanlı, "Mədəniyyət" qəzetinin baş redaktoru İntiqam Hümbətov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, şair Səlim Babullaoğlu, həmçinin xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşovdan ibarət muğam üçlüyü təmsil olunurdu. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Rəsmi açılış mərasimindən sonra iştirakçı ölkələrin və yerli nəşriyyatların hazırladıqları stendlərlə tanışlıq başlanıb. Həcminin böyüklüyünə görə xüsusilə fərqlənən bu sərgidə 10-dan artıq salonda kitab nümayişi həyata keçirilib. Salonların əksəriyyətində yerli nəşriyyatlar öz kitablarını nümayiş etdirib, satışını təşkil edib, müəlliflərlə imza mərasimləri keçirib. Bir böyük salonda isə qonaq ölkələrin stendləri qurulub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə qurulan sahə həcminə və dizaynına, habelə nümayiş olunan kitabların rəngarəngliyinə, keyfiyyətinə görə ilk dəqiqələrdən iştirakçıların ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Stendimizə baxanlar xüsusən son illərdə nəfis tərtibatla çap olunmuş, ölkəmizin zəngin və qədim mədəniyyət nümunələrini, tarixini əks etdirən kitablara, tanınmış şair və yazıçılarımızın əsərlərinə, turizm imkanlarımızı təbliğ edən çap nümunələrinə böyük həvəslə tamaşa edərək maraq yaradan suallara cavab alıblar.

Sonra sərgi çərçivəsində "Kitabi-Dədə Qorqud"dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri" adlı beynəlxalq konfrans keçirilib. Tədbirin aparıcısı, istedadlı qələm sahibi Rəşad Məcid iştirakçıları salamlayaraq poeziya nümunəsi ilə tədbiri açıq elan etdikdən sonra söz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verilib. Nazir müavini ölkəmizin müstəqilliyinin 20-ci ilinin tamam olduğu vaxtda belə mötəbər bir sərgidə iştirakın və Azərbaycan şeirinə həsr olunan xüsusi tədbirin təşkilini yüksək qiymətləndirib. Vaqif Əliyev respublikamızın bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyini bildirərək bu tədbirin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə "Kitab-Dədə Qorqud"dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri" mövzusunda geniş məruzə ilə çıxış edib. Natiq Azərbaycan şerinin müxtəlif dövrləri ilə bağlı dəyərli fikirlər və faktlar, elmi dəlillər əsasında məruzə edərək müasir dövrümüzədək yazıb-yaradan şairlərimizin yaradıcılıq nümunələri, onların üslubu, dili və digər məziyyətləri haqqında ətraflı məlumat verib.

Tanınmış musiqiçilər, xalq artistləri, xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümovkaman ifaçısı Fəxrəddin Dadaşovun ifa etdikləri xalq mahnıları, muğam parçaları tamaşaçıların böyük coşqusu, sevgisi ilə qarşılanıb və dəfələrlə alqışlanıb. Beləliklə, 30-cu Beynəlxalq Kitab Sərgisində keçirilən bu tədbir mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyət daşıdı. Bədii hissənin sonunda Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov çıxış edərək öz təbriklərini çatdırıb. Tədbirdə tanınmış mədəniyyət xadimləri, qonaqlar, Türkiyənin nüfuzlu qəzetlərinin və televiziyalarının nümayəndələri iştirak edib.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 16 noyabr.- S. 7.